adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ZiYARƏTi YOXDUR, SIRF TiCARƏTDiR

OQTAY SALAMOV
21173 | 2011-09-17 10:22
Təhsil Nazirliyində müavin istefaları son günlərin ən çox müzakirə olunan mövzusudur. Və bu çox təbiidir. Axı hər kəsin evində ya orta məktəbdə, ya texnikum və universitetlərdə oxuyan adamları var, bir çox ailələrin üzvləri bu sahənin işçiləridir.
   
   Respublikanın televiziya kanallarından birində az qala nekroloqa bənzəyən bir məlumat getdi. Bir hissəsini sitat kimi gətirirəm: "Tədris mövsümünün başlamasına 1 gün qalmış təhsil nazirinin 3 müavininin işdən azad olunması təhsil sahəsində şok effekti yaradıb. Cəmiyyətin ən vacib sosial sahələrindən biri sayılan təhsildə uzun müddətdir ki, islahatların qaçılmaz olduğu haqda dəfələrlə ən müxtəlif səviyyələrdə açıqlama və təkliflər olub. Hər şey isə təhsilin keyfiyyətinin göstəricisi sayılan buraxılış və qəbul imtahanlarının nəticələrinin səviyyəsinin ilbəil aşağı düşməsindən başlayıb. İş o yerə çatıb ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası humanitar ixtisaslar üzrə keçirilən qəbul imtahanında balları ciddi şəkildə aşağı salmağa məcbur olub".
   
   Göründüyü kimi təhsil məsələləri həm adında Təhsil olan nazirliyin, həm də orta məktəblərdə, həm ali və orta ixtisas müəssisələrinə qəbul keçirən Dövlət Komissiyasının, içtimaiyyətin və televeziyaların da maraq dairəsindədir. Belə çıxır ki, onların hər biri də təhsilimizin keyfiyyətinin yaxşılaşdırılması üçün külünük çalır. Məsələn, məlumat verilir ki, "Təhsil Nazirliyinin "Qaynar xətt"inə 2 ay ərzində 6632 müraciət edilib", təhsil naziri və nazirlik aparatı mutəmadi olaraq hökumətə, vətəndaşlara hesabat verirlər, televiziyalar təhsillə bağlı verilişlər hazırlayırlar, TQDK sədri və işçiləri çıxışlar edirlər, məlumatlar verirlər.
   
   Buna baxmayaraq, ekspertlərin hesablamalarına görə, hazırda həm dövlət, həm də özəl ali təhsil müəssisələrində oxuyan tələbələrin 50 faizdən çoxu hətta 10-11-ci sinif şagirdinin biliklərinə belə tam bələd deyil. TQDK sədri Məleykə Abbaszadə orta məktəblərdəki bilik səviyyəsini acınacaqlı adlandırır.
   
   Nəticə göz qabağındadır. İş o yerə çatıb ki, humanitar sahələrə qəbul olunmaq üçün 250 bal kifayət edir. Ammag Amma iş orasındadır ki, bu boyda girişdən sonra gəlirəm məqsəd üstünə ki, ali təhsil diplomu almaq üçün oxumaq heç də vacib deyil. Özü də bunu Təhsil nazirliyi də, TQDK da, televiziyalar da, ictimaiyyət də çox gözəl bilir. İndi soruşuram, əgər belədirsə, oxumaq, özünə əziyyət verib təhsil almaq nəyə lazımdır? Buyurun. Məleykə xanımın müsahibəsindən sitat: "ali məktəblərə qəbul ola bilməyən və hazırda əmək bazarına ixtisassız daxil olan insanlar özlərinə iş yeri tapırlarsa, bu o deməkdir ki, ictimaiyyət buna qane olur".
   
   Cəmiyyət qane olmur, əlacı yoxdur, imkanı yoxdur. Hamımız görürük ki, təhsilimizin gələcəyinə çalışanların gözü qarşısında televiziya və radiolarımızda, şəhərlərimizin reklam lövhələrində, internet səhifələrində gecə-gündüz Şimali Kipr Respublikasının Universitetinin reklamı gedir. Açıq-açığına deyilir ki, hər il 4446 avro ödəməklə heç bir imtahan verməməklə, qeydiyyat və gündə üç dəfə yemək və yaşayışla təmin olunursunuz. Özü də demək olar ki, istənilən ixtisasa sahib olursunuz, diplomunuz da dünyanın harasında istəyirsiniz tanınır. Hələ onu da deyirlər ki, həm istirahət edirsiniz, həm də təhsil alırsınız. İndi deyin görüm burada sənəd ver, imtahan ver, balın kifayət edərsə qrupun ixtisaslarıdan (adətən ödənişli hesabla, özü də çox vaxt istəmədiyin) birinə ya girəcəksən, ya da yox, oxuyan vaxt bir ətək (siz birlərsiniz, indi pulun miqdarını diplomatla ölçürlər, yoxsa dədə-nənə qaydası ilə, ətəklə?) pul da verməlisən- bir hissəsini sənədlə, digərini sənədsiz, yoxsa ildə 4446 avro ödəyib istədiyin ixtisasa qəbul olunursan, adın xaricdə oxumuş siyahısında olur, özün də il boyu istirahətdə olursan- hansı yaxşıdır?
   
   Bircə qalır bu 4446 avronu hər il tapıb balana (Allah eləməsin ki, "lar" şəkilçisi də ola, özün şəkilsiz qalarsan) verə biləsən. İndi hesablayın, ayda ən yaxşı halda 400 manat alan ailə başçısının hansı öz balasını Kiprdə oxuda bilər? Lap oxuda bilsə də bu mütəxəssis neçə il borc ödəməklə yaşamalıdır?
   
   Bir müddət bundan qabaq Ukraynada da "oxumaq" üçün pul, bağışlayın, "sənəd" yığırdılar. Ukraynanın yerini xəritədə göstərə bilməyən "mütəxəssis"lər ciblərindən (yenə bağışlayın, pul verdikləri diplomatdan) mal dili kimi diplomlar çıxarıb şəstlə təqdim edirdilər. İş də tapırdılar, bizə ağıl da öyrədirdilər. Elə təhsilimizlə məşğul olmalı müəssisələrdə vəzifələr də tuturlar.
   
   Necə bilirsiniz, bu elanları verənlər, sənədləri, pulları qəbul edənlər, aeroportda dəbdəbəli yolasalma və qarşılama tədbirləri keçirənləri təhsil nazirliyi, iqdisadi inkişafla məşğul olanlar, hüquq-mühafizə orqanları, bir sözlə, dəxli olan adamlar görmürlər?
   
   Yəni deyirsiniz ekranda siqaret və içkini qadağan edən dövlət məmurları imtahansız təhsil almaqla birbaşa gəncliyimizə və gələcəyimizə zərərli, zərbə vuranları görmür? Deməli, vətəndaşlarının həm təhsili, eyni zamanda istirahətini düşünənlər öz ticarətlərini də təşkil edənlərdir. Biri reklamı yerləşdirməklə pul qazanır, digərləri də açıq-açığına oxumağın, təhsilin lazımsız olmasını təbliq etməklə pul qazanır. Sadəcə olaraq bu ikisi Əli və Vəli olsaydı, onlarla mübarizə etməyə nə vardı ki, bu ikisi böyük çinovniklər ordusunun demək olar ki, hamısıdır.
   
   Bəxtimiz gətirib ki, Kiprdə müqəddəs ziyarətgahlar yoxdur, oxumağa-istirahətə gedənlər bir titul da alıb gələrdilər.
   
   
   
   P.S. Bu yazını işləyərkən televizorda Kiprdə imtahansız, istənilən ixtisas üzrə ildə 4446 avro ödəmək istəyənlərin reklamı 4 dəfə verildi. Bir xəbər də sevimli portalımızın səhifəsində çox mühüm xəbər kimi yeniləşdi(günahımızdan keçin, onlar kimi böyük şriftlərlə verə bilmədim,səhifədə yer qalmazdı):
   
   Müğənni Nura Suri Kubanın Azərbaycandakı səfiri ilə rəqs etdi.
   
   Milli.Az xəbər portalı xəbər verir ki, Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres, xanım müğənnimizi rəqsə dəvət etdi. Nura da səfirin dəvətini qəbul edərək, onunla oynadı. Bu maraqlı hadisə Emin Musəvinin "22-ci saat"ında baş verib.
   
   Sən demə, rəqs etmək, cənab səfirin xobbilərindən ən sevimlisi imiş. Kubalı səfir və duet ortağı Nura Suri maraqlı rəqs nümayiş etdirdilər və tamaşaçılar tərəfindən alqışlandılar. Rəqsi bitirdikdən sonra isə ölkəmizdə fəaliyyət göstərən kubalı səfir, xanım müğənninin əlindən öpərək centlmen jesti nümayiş etdirdi.
   
   Heç nə, deyəsən ziyarətdən, ticarətdən, təhsildən danışırdım axı...

TƏQVİM / ARXİV