adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

üçüNCü SENTYABR

VƏSİLƏ USUBOVA
29104 | 2011-09-17 10:22
Ömrümüzün açılan sabahların, qaralan axşamların qovuşub ayrılmasından başqa bir şey olmadığını düşünmək elə də ürəkaçan deyil. Bunların hansında işıqlı dünyaya qədəm basdığımız da həmin anda ağrılardan qovrulan analarımızdan başqa kimsənin yadında qalmır çox zaman. (Ağrılar yaddaşda daha dərin iz salır). Elə sabahlar var ki, ömürdə bir dəfə açılır. Ömrün bir parçası bitir, digər parçasına ayaq qoyulur. Və həmin sabahda havanın necəliyindən- günəşli, buludlu, yağışlı olmasından asılı olmayaraq hər yan işıqla dolu görünür...
   
   Arxada qalan uzun gecədə göylərdən ulduz-ulduz hərflər tökülür sənin və yaşıdlarının yuxularına. Yastığınızda gül əvəzinə hərflər, rəqəmlər bitir, sözlər, cümlələr göyərir...
   
   
   
   ***
   
   
   
   Əməlli-başlı fikir çəkirdim. "Görəsən, məktəbə alışacaqmı? Yoxsa, bir ay-iki ay ağlayacaq, darıxacaq, heç kəsə qovuşmayacaq?" Hələ ondan qorxurdum ki, ümumiyyətlə, heç məktəbə alışmaya da bilərsən. Allaha şükür ki, hər şey mən düşündüyümdən rahat oldu. Bir gün eşitdim ki, tanışlıq məqsədilə artıq məktəbə yığılrlar sizi. Həm də məktəb xoşuna gəlib...Özündən kiçik bacın Zəhra da hər gün qalxıb ev paltarındaca sənə qoşulur. Deyir ki, mənə də paltar, çanta, dəftər-qələm alın. Mən də dərsə getmək istəyirəm. Ancaq onu götürmədilər. Hələ beş yaş yarımlıqdı. Səndən daha həvəslidi, deyilənə görə. Yaman məyus olub. Əməlli-başlı fikir çəkir indi... Sənsə sevinirsən. Axı, deyirdin, onunla bir sinifdə oxumaq istəmirsən. Arzuna çatdın. Ağlın kəssəydi, sevinməzdin...
   
    Məktəb yolunuzu da mənə elə Zəhra göstərdi. Körpə qardaşın da qucağımda məktəbinizə qədər getdim
   
   ... Çox romantik bir məktəb yolunuz var. Bunun əhəmiyyəti danılmazdı. Deyirlər, insanın bilik və savadına, şəxsiyyətinin formalaşmasına, xarakterinə təbiətin təsiri böyükdü. (Tanrı ömür versə, bunu da yoxlayarıq!) Evinizin arxasından keçən yolu iki həyət adlayandan sonra sola dönüb arxın qırağıynan getdik. Yolun hər iki tərəfində böyürtkən kollarının qara-qırmızı meyvələri yayın son ayında bir az solub-saralan günəş işığında şeh kimi parıldayır. Qonşu həyətlərin çəpərlərindən nar, heyva, xurma ağacları budaq qollarını uzadıb sanki ev yiyələrindən xəlvət gedib-gələnlərə pay vermək istəyirlər. Bir az narahatlıq doğuran su arxıdı. Əslində gözəldi. Dolu axır. Qırağında çayır, gəndəlaş bitib. Üstünə təxminən darvaza boyda dəmir atıblar. O da neçə yerdən çürüyərək deşilib. Uşaqların ayağı yırtıqdan düşə bilər. "Korpü"nün yanları tutulmayıb. Əllə tutmağa heç nə yoxdu. Yağışda, palçıqda uşaqlar mütləq burada sürüşməmiş olmazlar. Ətrafa boylanıram. Arxın hər iki tərəfi evlər, həyətlərdi. Yəqin ki, hamısından da bu məktəbə uşaqlar gedir. Bir millət olaraq laqeydliyimiz, ətalətimiz burada da özünü göstərir. Eni heç metr yarım olmayan arxın üstündən rahatca körpü salmaq heç kəsi düşündürmür. Elə yerli icra və bələdiyyə orqanlarını da...
   
   Məktəbin həyətini uzaqdan da olsa, görürəm. Təmizdi, səliqəlidi...
   
   Yol sarıdan bir qədər arxayınlaşıb geri dönürəm. Zəhraya qalsa, məni güclə məktəbə aparar. Günün bu saatında orada heç kim yoxdu. Hələ bilmir ki, boş sinif otaqları necə kədərli olur...
   
   Hələ çox şeyləri bilmir. Biz böyüklər niyə darıxırıq ki, uşaqlar hər şeyi vaxtından əvvəl bilsinlər?! Unuduruq ki, heç bir şey bizim istəyimizdən, tələsməyimizdən asılı deyil. Onlar bilməli olduqlarını ancaq vaxtı çatanda biləcəklər...
   
   
   
   ***
   
   Səndən ötrü yazıram bunları, mənim balam. Sənə danışıram hər şeyi. Bu, mənim ömrümdə üçüncü sentyabr olacaq. Dördüncünü görməkdən ötrü yəqin ki, daha bir otuz il gərəkəcək. Buna isə ümidim yoxdu. Yaddaşsız bir ömür istəmərəm mən. Lap çox uzun olsa da. Çünki yaddaşımda gözlərimi işıqlı dünyaya son qapayacağımda da görmək istədiyim şeylər var. Onlarsız bir heçəm mən...
   
   Ən işıqlı sabahları sinif otaqlarında görmüşəm... Dərs otaqlarına düşən işıq başqa otaqlara düşən işığa bənzəməz... İlk ürək çırpıntılarım, qorxum, həyəcanım, arzu-diləklərim, ümidlərim... hamısı məktəblə bağlıdı. Qıçlarımı titrədən ilk xoş baxışı, qulaqlarımı yandıran ən şirin sözü o illərdə görmüş, eşitmişəm. İlk sevgi məktubunu da kitabların arasından tapmışam...
   
   Bir rəvayətdə deyilir ki, hansı ölkədəsə dünyasını dəyişənlərin başdaşına onların ancaq xoşbəxt olduğu illəri yazırlar. Hərdən mənə elə gəlir ki, hamımızın ömrü elə cəmi on ildən ibarətdi. Hələ heç nə anlamadığımız, hər şeyə heyrətlə baxdığımız, heyran olduğumuz, sabahlarımızdan xəbərsiz günlər yaşadığımız on ildən... Sonrakı yaşantılarımız, öyrəndiklərimiz məktəb illərinin bir az dadı-duzu qaçmış, bir az ağıllanmış, ilkinliyini, bənzərsizliyini itirmiş təkrarından başqa bir şey deyil...
   
   Həmişə saf qalmaq da qorxuludu...
   
   
   
   ***
   
   Çox nadir hallarda yazılarımı birbaşa kompüterə işləyirəm. Əlyazma eləmək daha rahatdı mənimçin. Həm də kompüterin qarşısında çox oturmaq istəmirəm. Yanımda gəzdirmək rahat olsun deyə qeydlərimi şagird dəftərində aparıram. Bu yazını işləyəndə siyirmədəki dəftərlərin birinin arasından nə vaxtsa qoyduğum iki şəklimi tapdım. Şəklin birində boynumu büküb harasa baxıram. Gözlərimdən heç nə oxumaq olmur. Baxışlarım o qədər lal-matdı ki, adam şəklin çiyinlərindən tutub silkələmək istəyir: "Xəbərin var, ay qız, nəvən dərsə gedir ey?!..."
   
   İkinci şəkildə qızım qucağımdadı. İş vaxtının axırında bağçadan gətirirəm. Qəfildən fotomüxbirimiz böyürdən çıxır: "Dayanın, şəklinizi çəkim..." Makinaçıynan korrektor da özlərini yetirib, sağımda-solumda durublar. İkisi də gülümsəyir... Mənsə...
   
   Şəkilləri tərpətmək, güldürmək olmur. Onlar daha təbiidilər. Ömrün bir anında həmişəlik donublar. İçində olduqları ana sədaqətlə...
   
   
   
   ***
   
   
   
   Mənim balam, bu gündən başqa bir aləmə qədəm basırsan. Bundan belə nə etsən, deyəcəklər ki, daha uşaq deyilsən, artıq məktəblisən. Uşaqlığını gücnən əlindən almağa çalışacaqlar. Bu hələ başlanğıcdı. Həmişə sənə verdiklərindən daha çox şeylər almaq istəyəcəklər səndən... Mənim qeyri-adi ana nənəm vardı... Bənzərinə hələ rastlamadığım bir qadın, təpədən-dırnağa ləyaqət simvolu... Mənim ilk universitetim... Ona bənzər nənə olmaq istərdim sənə. Nənələr heç zaman qabağa keçmirlər. Mən də sənin ardınca gəlmək istəyirəm. Görüm, harayacan gedəcəksən. Hələ bərkiməmiş balaca ayaqlarını məktəb yolları bərkidəcək. Nə qədər gücün var irəli get!
   
   Amma istəyirəm arada dönüb geri baxanda məni də görəsən...
   
   
   
   ***
   
   Bu yazını sənə oxuyacağam. Nə zamansa özün də təkrar-təkrar oxuyarsan. İstəyirəm biləsən ki, mən bilikli, savadlı adamları mələklərdən də ucalarda görürəm. Yer kürəsi ona görə belə ləngərli, nizamlıdı ki, onun üstündə cild-cild kitablar var. Bir də,,, ağlım kəsəndən ağıllı adamların həsrətindəyəm. Elə adamların ki, onların yanında özüm oluram. Zəifliklərimi, qorxularımı etiraf edə bilirəm...
   
   Belələrindən ola biləcəksənmi?!...
   
   Olsaydın...
   
   Heyf ki, mənimlə dost olmağa sənin yaşın çatmır...
   
   Mənim də ömrüm çatmayacaq...

TƏQVİM / ARXİV