adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

BÖYüK OYUNUN KÖHNƏ MüƏLLiFLƏRi

BABƏK YUSİFOĞLU
39975 | 2011-09-14 07:39
Dünya ciddi böhran içərisindədir. Və bu heç də yalnız dərinləşməkdə olan iqtisadi problemlərdən ibarət deyil. Artıq həmin "fırtına" həm də ictimai-siyasi krizlərlə də, hətta hərbi toqquşmalarla da müşahidə edilməkdədir. Bir sıra Qərb ekspertləri bütün bunları cəmiyyətin inkişaf qanunauyğunluqları kimi dəyərləndirsələr də, hər şeyin şişirdilməsinə ehtiyac görməsələr də gedən proseslər böyük təhlükədən, ən azı qlobal dəyişiklikdən xəbər verir. Bütün dünyada, xüsusilə bu proseslərin Şərqdə, Cənub yarımkürəsində artıq başladığını görməmək mümkün deyil.
   
   Əslində proseslər Birləşmiş Ştatların İraqı işğal etməsi ilə start götürdü. Əfqanıstanda qarşıdurmalar yeni fazaya qədəm qoydu, PKK fəallaşdırıldı, İran-ABŞ gərginliyi yüksək həddə çatdı, koreyalılar arasında müharibə səviyyəsinə çatan ziddiyyət başladı, "ərəb inqilabları"na rəvac verildi, Gürcüstan-Rusiya müharibəsi alovlandı, Qərbin özündə iqtisadi böhrandan çox böyük ictimai-siyasi qaşıdurmalar yarandı... Əlbəttə, belə bir versiya var ki, bütün bu qlobal prosesləri super güclər başladıb ki, dünyanın bir daha düzəni məhz onların arzuladıqları kimi qurulsun. Bəli, bu versiyanı ən düzgün yanaşma hesab etmək olar. Amma bəziləri belə düşünmürlər. Onlara görə əgər bu cür olsaydı onların özləri də böhranın içərisinə düşməzdilər. Amma unutmaq lazım deyil ki, bütün bu oyunları başladanlar prosesləri nəzarət altında saxlayacaqlarına əmin idilər, lakin həyat göstərdi ki, bu sonradan mümkün olmadı və proseslər nəzarətdən çıxdı.
   
   İndi maliyyə böhranı içərisində çabalayan ABŞ İraqdakı, Əfqanıstandakı, Liviyadakı... bataqlıqdan çıxmaq üçün yollar arayır, amma tapa bilmir. Liviyanın ilk vaxtlar bombalanma hadisələri də göstərdi ki, super güc - ABŞ öz beynəlxalq imicinə zərbə vurmamaq üçün Liviyaya hücumdan geri çəkilə bilmir, amma çıxış yolunu oraya çox ucuz bombalar atmaqda görür. İpin ucunu itirməsinə görədir ki, artıq İran Buşer AES-i istifadəyə verib, uranın zənginləşdirilməsi məsələsi üçün Qərblə şərtlərlə danışmağa başlayıb. Məhz bu üzdəndi ki, daha Qərb İran böhranının içərisinə barmaq soxmağa cəsarət etmir.
   
   Elə Türkiyə-İsrail münasibətlərinin son dövrlər kəskinləşməsi də bölgədə gedən proseslərin nəzarətdən çıxmasından xəbər verir. Yoxsa iqtidarda olan AKP hakimiyyəti Vaşinqtonun sıx himayəsi altında olan Təl-Əvivlə bu şəkildə qarşıdurmaya getməyə heç cürət etməzdi. Yaxud, bölgədəki hadisələrə bu şəkildə təmas etməyə qərarlı olmazdı. Biz bunu İraq müharibəsi zamanı görmüşük. Açığı Ankaranın siyasi manevrləri bizim üçün də böyük önəm daşıdığından Bakı baş verənləri yaxından izləməkdədir. Bizim strateji tərəfdaşımız kimi Türkiyənin həm də NATO üzvü olması heç şübhəsiz ki, ona region üçün vacib oyunçu statusu verir. Və çox yaxşı ki, gec də olsa Ankara ətrafında cərəyan edən hadisələrə seyirçi mövqeyindən uzaqlaşdı, indi öz beynəlxlaq nüfuzunu gücləndirmək haqda düşünür.
   
   Bir sıra ekspertlər belə hesab edir ki, buna heç də uğurlu start verilməyib. Bunu İsraillə qarşıdurmaya getməmiş də etmək olardı. Əslində bunu gediş kimi qiymətləndirənlər də var. Belə ki, hesab edilir ki, Türkiyə ilkin olaraq müsəlman dünyasında liderliyi ələ alaraq bundan sonra özünün önəmini daha yüksək səviyyəyə qaldırmağı düşündüyündən islam dövlətləri arasında mürəkkəb düyünə çevrilən İsraili hədəf almağı göz altına alıb. Və artıq müəyyən etap qət edilib, davamı da gəlir. Şimali Afrikanın iri müsəlman ölkələrinə səfərə çıxan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misirdə görüşlər keçirməkdədir. O, Qahirədə Silahlı Qüvvələr Şurasının rəhbəri Məhəmməd Tantavi və baş nazir İsam Şəriflə danışıqlar aparacaq. Habelə, onun Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbi və Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla görüşü gözlənilir.
   
   Baş nazir bunun ardınca - sentyabrın 14-də Tunisə səfərində ölkənin vitse-prezidenti Fuad əl-Mebaz və baş nazir Baci Kaid əl-Səbsi ilə görüşəcək. Orada Ərdoğanın bütövlükdə regiona aid bir sıra zəruri məsələlərin müzakirəsini aparacaq. Liviyanı gözdən kənar saxlamaq naminə bu ölkəyə səfər edəcək, Milli Keçid Şurasının rəhbəri Mustafa Əbdülcəlillə də görüşəcək. Situasiyanı dəyərləndirən Qərb siyasiləri indidən həyəcan təbili çalmağa başlayıblar. Belə ki, Ərdoğanın bu siyasi turnesi indi Osmanlı siyasətinin dirçəlməsi kimi dəyərləndirilir. Avropa, eləcə də İsrail bu ideyanın yenidən Türkiyə dövlətinin prinsiplərinə çevirilməsindən hədsiz əndişə keçirirlər. Təl-Əvivin bir sıra hədə-qorxularından - qondarma "erməni soyqırımı"nın ABŞ da və İsrail parlamentində qəbul edilməsi, PKK-nın silahlandırılması... mesajlarından sonra gözlənilirdi ki, Ankara daha yumşaq jestlər sərgiləyəcək. Amma gözlənilən olmadı. Əksinə, bəyan edilib ki, Qəzzəyə humanitar yadım gəmilərinin göndərilməsi gündəmdədir və onların təhlükəsizliyini bu dəfə Türkiyə Hərbi Dəniz Qüvvələri təmin edəcək. Əlbəttə, bu qarşı tərəfə yetərincə ciddi bir xəbərdarlıqdır. Yəni, Ankara deyilən təhdidlərdən əsla çəkinmir.
   
   Bir sıra qərb şərhçiləri İsrail düşmənçiliyinin Türkiyəyə baha başa gələcəyini yazsalar da əslində vəziyyət belə deyil. Yəhudi hakimiyyəti anlamamış deyil ki, nə PKK-nın, nə yalançı "erməni soyqırımı"nı tanımağın, nə də başqa təhdidlərin heç biri sonucda Türkiyə kimi hərbi qüdrəti olan bir dövlət üçün ciddi təhlükə yarada bilməz. Amma münaqişə dərinləşsə İsrail əhatəsində olduğu böyük bir islam aləminin heç biri ilə yaxşı münasibətlərdə buluna bilməz. Necə ki, onların normal münasibətlərdə olduğu Misirlə gərginlik artiq yüksək həddə çatıb. Hələ üstəlik burada qardaş Azərbaycan faktorunu da unutmamaq lazımdır. Və davam edən siyasi proseslərdə Ankara ilə Bakının birgə mövqedən çıxış edərək situasiyadan öz maraqları naminə istifadə edə bilərlər.
   
   Həm PKK-nı, həm də erməni separatizmini sarsıtmaq istiqamətində daha çevik, daha etibarlı addımları gerçəkləşdirmək şanslarını əldən qaçırmazlar. Çünki hər iki amil türk dünyasını zəiflətmək, gücdən salmaq, parçalamaq... üçün qurulmuş ssenaridir və uzun zamandır məhz Qərbin rejissorluğu ilə də sürdürülür. Onlar bilir ki, hər iki qardaş ölkə bu baş ağrısına sərf etdikləri maliyyəni öz inkişaflarına sərf etsələr hansı səviyyəyə çata bilərlər. Və bu da onlara sərf etmir. Hər halda proses başlayıb, yəqin ki, davamı da gələcək...

TƏQVİM / ARXİV