BiR AZ TAHiR RZA iLƏ, BiR AZ DA ÖZüMLƏ SÖHBƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
29678 | 2011-09-10 07:41
Mənim düşüncəmə görə, içində iynə ucu boyda söz sevgisi, sözə münasibət, ehtiram, sədaqət və sözlə yaşamaq həvəsi olan heç bir Allah bəndəsinin daxilində namərdliyə, xəyanətə, kin-küdurətə yer olmur. Yəni, o daxildəki söz işığı, həcmindən asılı olmayaraq, insanın özəl dünyasını o qədər nura qərq edib ki, o nur bütün qaranlıqları əridir. Bax, bu mənada sözlə yaşayan, sözlə baş-başa qalan və böyük sözün böyüklüyünü dərk edə-edə onun pilləsində duran qələm adamları daha çox özlərini sevgiyə, sevinci həsr edirlər. Xalqı, torpağı və bu torpağın üstündəki daşı, ağacı, otu, qarışqanı, bir sözlə bütün varlıqları və bütün kainatı düşünürlər. Onların sevinci ilə sevinir, onların kədəri ilə kədərlənirlər. Çünki Tanrı bu insanları sözün həm qulu, həm də ağası yaradıb. Onlar da lazım gələndə sözün əzabını çəkir, yükünü daşıyır, acısını canına hopdururg lazım gələndə də sözün ucalığında qalxıb dayana bilirlər.
   
   Mən bütün bu düşüncələrimi çox dəyərli bir ziyalı, sözlə yaşayan, doğulduğu el-obayla nəfəs alan, üzərində böyüdüyü torpağın kədərini, sevincini özününküləşdirməklə yanaşı, həm də özəlləşdirməyi bacaran Tahir Rzanın "Xarıbülbüllə söhbət" kitabını oxuya-oxuya yenidən içimdən keçirtdim və vərəqləri çevirdikcə gördüm ki, hər misrada, hər bənddə mənim gəldiyim qənaət bir az möhkəmlənir, bir az da dəqiqləşir. Çünki Tahir Rzanın misraları həmin o işıqdan, o nurdan bəhrələnir. O işıqın, o nurun ifadəçisinə, təqdimatçısına çevrilib. Çox nəfis şəkildə tərtib edilmiş bu kitab müəllifin oxucularına beş-on cümləlik müraciəti ilə başlayır və bu müraciət də əslində kitabın təkcə çəkisini artırmır, həm də onun dünyaya gəlişini böyük bir maraqla, böyük bir zövqlə, böyük bir istəklə gözləyən müəllifin oxucularla təmasına körpü salır və sən də bu körpüdən keçə-keçə Tahir Rzanın söz dünyasını göz yaddaşına, oradan da könül dünyana müsafir edirsən.
   
   Mən Tahir Rzanı lap çoxdan oxuyuram. Şəxsən tanıdığım bu sadə və səmimi insanın misraları bütünlüklə onun özünə bənzəyir. Bu misralarda nə hay-haray var, nə təm-təraq var, nə çığır-bağır var, nə də süni pafos. Şair özü necədisə, hansı əxlaqi keyfiyyətdədirsə, hansı insani dəyərdədisə, şeirlərində də o cürdür. Hərdən mənə elə gəlir ki, Tahir Rzanın şeirləri onun bütöv varlığının yarı hissəsidir. Bu şeirlərlə Tahir Rza bir yerdə olanda, onları oxucu bir yerdə dərk edib, özününküləşdirəndə bu bütövlüyün rahatca şahidi ola bilir. Axı Tahir Rza bu dünyanın adamı olmaqla yanaşı, həm də dünəndən sabaha ruh körpüsü salan söz adamıdı. Bu şair dünyada baş verənlərdə o qədər mənalar, o qədər çalarlar görür ki, onun hər biri ayrı-ayrılıqda sonda şeirə çevrilir və şair yazır:
   
   
   
   Hakimlər güvənmir hakimliyinə
   
   Həkimlər xor baxır həkimliyinə
   
   Dinsizlər gəlməyir imana, dinə
   
   Tor çəkib gözlərə haram dövlət, var -
   
   Dünya günahkarmı, insan günahkar?
   
   
   
   Və yaxud:
   
   
   
   Dünənə, bu günə, sabahına bax,
   
   Tökülən qanlara, günahına bax.
   
   Ey bəşər övladı, Allahına bax!
   
   Düşün bir dərindən, sonra ver qərar
   
   Dünya günahkarmı, insan günahkar?
   
   
   
   Təbii ki, bu günün şairi könül verdiyi ilhamın qoynunda təkcə günahkarın, günah sahiblərinin, nə də günahın özünü axtarmaqla kifayətlənmir. Onun səbəblərinin dərinliklərinə varır və bu səbəblər onu ucalardan uca olan Tanrıya əl açmağa vadar edir. Tahir Rza üzünü Allaha tutub, günahı və günahkarı bağışlamağı və bunun içərisində də həm də özünün bağışlanmağını rica edir:
   
   
   
   Susayır qana insan
   
   Qənim insana insan.
   
   Gəlmir imana insan
   
   Allah, bizi bağışla.
   
   
   
   Və yaxud:
   
   
   
   Yerdə qalmaz zülüm, qan,
   
   Çox getməz belə dövran
   
   Bəndənin halına yan
   
   Allah, bizi bağışla.
   
   
   
   Təbii ki, söz adamı ucaların ucası olan Allahla danışdığı kimi, yerdə də özünə həmkar, həmfikir, güvənc yeri, ümid yeri, səsinə səs verən sorağındadı. O bilir ki, təkcə Tanrının köməyi ilə, bağışlaması ilə bütün günahlar yuyula bilməz, bütün günahkarlar cəzalandırıla bilməz. Ona görə insanın özündə də bir təpər, bir hərəkət olmalıdı və bu təpərlilik insanları, yəni ümid yeri olan insanları arayıb, onlara üz tutub deyir:
   
   
   
   Əgər dönük çıxsa haqqına bəndə,
   
   Çökəcək bu dünya, səma, günəş, yer.
   
   Haqqın qarşısında səcdə edəndə
   
   Ey Allah bəndəsi, səsimə səs ver.
   
   
   
   Şair Tahir Rzaya görə, (əslində bütün söz adamları, bu düşüncəni, bu istəyi içərisindən keçirir - Ə.M) dünyada baş verənlərin, bütün olanların qarşısını almaq mümkündür. Yəni, mümkün olmayan, qarşısı alınmayan heç nə yoxdur. Ancaq bir şərtlə. O da insanların birliyi, bizim biz olmağımızdı. Yəni biz biz olsaq onda şərə də, kədərə də, faciələrə də, hətta müharibələrə də qarşı çıxa bilərik, onları susdura bilərik, onları dayandırarıq. Təəssüf ki, içimizdəki qara əllər, qara kölgələr, qara xislətlər imkan vermir, biz biz olaq və son nəticədə də biz təklənirik. Dərd-kədər, fitnə-fəsad bu təkliyimizdən yararlanıb, bizə güc gəlir, bizə meydan oxuyur. Bu da Tahir Rzanı narahat edir və haqlı olaraq onun etiraz dolu misraları oxucunun qapısını döyür:
   
   Biz biz olsaq dünya belə qarışmaz,
   
   Düz əyri ilə, mərd namərdlə barışmaz
   
   Aqil susmaz, öz həddini şər aşmaz
   
   İnsan girir ürəyinə dünyanın
   
   Dönük çıxır çörəyinə dünyanın
   
   Qılınc çalır kürəyinə dünyanın!
   
   
   
   Bütün varlıqların özəl həyatı, özəl həyat yolu var. Amma bu yol təkcə ölçüsünə görə, dəyərli deyil. Bu ömür yolu özündə əks etdirdiyi böyük mənalarla, xidmətlərlə, dəyərlərlə qiymətlidir. Yəni kəpənək ömrünü elə şərəfli yaşamaq olar ki, min illərin yaddaşında qalar. Qartal ömrünü elə çıxılmaz, anlaşılmaz, mənasız, şərəfsiz ömürə çevirmək olar ki, həmişə ikrah doğurar, nifrət yaradar. Mən bu müqayisəni heç də özümdən ortaya qoymuram. Bu müqayisə Tahir Rzanın şeirlərində öz əksini tapır. Məsələn:
   
   
   
   Duyub ölüm anını
   
   O son dəfə güc tapıb
   
   açdı qanadlarını
   
   Buludların qoynunda
   
   Şimşək tək çaxdı, getdi
   
   Ölümün gözlərinə
   
   İgid tək baxdı, getdi.
   
   
   
   Mənasız yaşamağı
   
   Boş, faciə sandı o.
   
   Ölümüylə əbədi
   
   Bir ömür qazandı o.
   
   
   
   Və bunun ardınca da, yəni qartalın öz həyatını qiymətləndirməyi, onu uca tutmağı üzərində qurulmuş bu məna yükünün davamı olaraq kəpənəyin o qısa ömründəki xoşbəxtliyi də əks etdirmək şair dostum üçün bir könül rahatlığıdı.
   
   
   
   Azdır, çoxdur həyat ona şirindi
   
   Necə varsa, eləcə də göründü
   
   Bahar vaxtı gözəlliyə büründü
   
   Bu kəpənək nə xoşbəxtdir, ay Allah!
   
   
   
   Tahir Rzanın bu millətin, bu torpağın dərdləri ilə nəfəs-nəfəsə, can bir qəlbdə yaşaması çox normal və təbii bir haldır. Öncə ona görə ki, Tahir Rza cəbhə xəttinin beş addımlığında yaşayır. O işğal olunmuş torpaqların çəpərinin bəri üzündən dayanıb həsrətlə Qarabağa, Ağdama, Şuşaya, Xocavəndə, Füzuliyə tərəf boylanır. Hər səhər üzünü dağlara tutub onlardan gələn o mehi bir acı, bir ağrı kimi ciyərlərinə çəkir. Çünki o dağlara ancaq baxa bilir, onları ziyarət etmək indiki anda onun gücündən kənardadı. Ona görə də Qarabağ həsrəti, yurd nisgili Tahir Rzanın şair dincliyini, vətəndaş rahatlığını əlindən alır. O özünü yalnız həmin o dərdi ifadə edən misralarının içərisində bir azca rahat nəfəs almaq, yaşamaq dözümü ilə ovudur. Bu ovunma onun hər misrasında dözümünün nə qədər böyük və həm də tükənməkdə olduğundan xəbər verir. Axı bütün dözümlərin sonu var və biz Qarabağsız illərin gec-tez sonuna gedib çıxmalıyıq. Elə ona görə də Tahir Rza çox qətiyyətli şəkildə "Qalmaz yad əllərdə, qalmaz Qarabağ!" - deyir:
   
   
   
   Baharına qurban, qışına qurban
   
   Əsir torpağına, daşına qurban
   
   Həsrətli gözünün yaşına qurban
   
   Tabla ayrılığa bir az, Qarabağ!
   
   Qalmaz yad əllərdə, qalmaz Qarabağ!
   
   
   
   Mən Tahir Rzanın "Xarıbülbüllə söhbət" kitabının öz qoynuna aldığı bütün şeirləri, qəzəlləri birnəfəsə oxudum, amma onun bu kitabdakı "Xarıbülbüllə söhbət" poemasını öncə "525-ci qəzet"də oxuyub, fikirlərimi yazdığımdan, bu dəfə eləcə gözdən keçirmək istədim, amma bacarmadım. Çünki şairin Xarıbülbülə üz tutub, onunla canlı bir varlıq kimi həmsöhbət olması, ona sorğular ünvanlanması, ondan cavab umması məni təkrar bu poemanı oxumağa və bu sorğu-sualın içərisində öz suallarıma cavablar tapmağa vad etdi. Yenidən oxudum və gördüm ki, Qarabağ haqqında, işğal olunmuş torpaqlarımızın ağrı-acısı barədə son illərdə yazılmış poetik nümunələrdən biri ilə qarşı-qarşıya dayanmışam və açığı bundan çox sevindim. Çünki Qarabağ bəlkə də mənim üçün həyatın mənası, bütün varlığımın ifadə edildiyi bir ünvandı. Bu ünvanla bağlı deyilən hər fikri mübaliğəsiz və icazəsiz özümə aid edirəm. Buna haqqım olsa da, olmasa da. Məhz bu səbəbdən də Tahir Rzanın "Xarıbülbüllə söhbət" poeması zənnimcə həm də mənə ünvanlanıbdı. Poemanın ilk misraları belədi:
   
   
   
   Xarıbülbül, bu nə gündü, zamandı?
   
   Sağın həsrət, solun ahdı, amandı
   
   Mənim dərdim səninkindən yamandı
   
   Yağı düşmən dağ çəkibdi bağrıma
   
   Yerlər, göylər dözə bilmir ağrıma.
   
   
   
   Və poemanın sonuncu bəndini də diqqətinizə çatdırıram:
   
   
   
   Xarıbülbül, sabaha tut üzünü
   
   Vüqarlı ol, qürurlu bil özünü.
   
   Gələcəyik, yollara dik gözünü
   
   Vətən oğlu od-ocaqsız yaşamaz
   
   Azərbaycan Qarabağsız yaşamaz!
   
   
   
   Son olaraq gsöhbətimin bu yerində, xatırlatmaq istəyirəm ki, Tahir Rzanın poeziyasında mən böyük şairimiz Şəhriyarın ruhunu da, məktəbinin ənənələrini də gördüm və bu söhbəti özüm-özümlə etdiyimdən, Tahır müəllimin cavablarını, fikirlərini nə vaxtsa eşidəcəyimə ümidlə onun kitabını stolumun üstündə, gözümün qabağında olan bir yerə qoyuram. İçimdə belə bir əminlik var ki, mən o kitabla tez-tez təmasda olacam.

TƏQVİM / ARXİV