SÖNMƏYƏN iŞIQ...

FAİQ QİSMƏTOĞLU
30560 | 2011-09-10 06:59
...Elə insanlar, elə ziyalılar və elə kişilər var ki, onlar öz adlarını minlərlə insanın qəlbinə yazırlar. Yəni bu cür ziyalı, bu cür istedadlı və bu cür savadlı adamlar uzun zaman kəsiyi keçsə belə, çoxlarının yadından heç vaxt çıxmır, unudulmur. Çox qəribədir, nəsə dünyada yaxşı insanlar çox azdı və onlar uzun ömürlü olmurlar. Amma görürsən ki, başqalarına pislik eləyən, badalaq atan, ev yıxan və ən nəhayət, əlindən yaman işlər gələn adamlar çox yaşayırlar. Heç belə baxanda onların çox yaşamasının da elə bir mənası yoxdur. Bu cür insanlar elə diri ikən ölüdülər və el-oba arasında yada düşmürlər. Bircə öləndə bilinir ki, filankəs rəhmətə getdi. Əgər ona rəhmət düşürsə...
   
   Amma dünyada elə insanlar var ki, bayaq dediyimiz kimi, onun işığı, nuru öz ailəsinə, öz evinə, öz elinə deyil, bütün məmləkətə işıq salır. Bu insanlar həmişə yaşayırlar, həmişə yada düşürlər və həmişə də xatırlanırlar. Ona görə xatırlanırlar ki, onlar əməli-saleh adam olublar, yıxılana arxa durublar, kimsəsizlərə kömək olublar. Bax, belə insanlar həmişə sevilir və tez-tez xatırlanır...
   
   Bakı Dövlət Universitetinin (Azərbaycan Dövlət Universiteti) ziyalı müəllimləri haqqında iki yazı qələmə almışam. Onlar müəllim deyildi, böyük və işıqlı insanlar idi. Fikirləşdim ki, bizim universitetdə bu cür böyük və işıqlı insanlar az deyil və onların çoxu rəhmətə gedib. Amma rəhmətə getsələr də, onlar minlərlə tələbələrinin qəlbində əbədi bir işıq yandırıb və bu işıq zaman-zaman başqa insanlara da ötürülür. Universitetin jurnalistika fakültəsinin müəllimləri ən təmiz, ən vicdanlı və ən obyektiv ziyalılardan sayıla bilər. Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Nurəddin Babayev, Əliş Nəbili, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Akif Rüstəmov, Mahmud Mahmudov, Cahangir Məmmədov... Bu adlar bizim ürəyimizin və yaddaşımızın sahilinə yazılıb. Necə illər keçsə də, müəyyən zaman ötsə də, həmin müəllimlərin böyüklüyünü, ziyalılığını heç vaxt unuda bilmirik. Jurnalistika fakültəsi yeganə fakültədi ki, orda heç vaxt tələbədən bir şey ummayıblar. Bir dəfə sevimli müəllimimiz Cahangir Məmmədovla görüşəndə dedi ki, o fakültəni necə qoyub gəlmisinizsə, eləcə də şərəfli adını qoruyur. Heç bir tələbə, heç bir valideyn deyə bilməz ki, jurnalistika fakültəsinin müəllimləri kimdənsə nəsə umub...
   
   Bu həqiqətən də belədir. Bizim fakültənin müəllimləri köhnə kostyumlarını, köhnə ayaqqabılarını, köhnə köynəklərini geyiblər və ehtiyac onları hər tərəfdən sıxıb, ancaq onlar şərəflərini, mənliklərini, vicdanlarını və əxlaqlarını qoruyaraq heç kimin qarşısında əyilməyiblər və heç kimin yanında gözükölgəli olmayıblar. Mən bir tələbə kimi Qurana əl basaram ki, nə Şirməmməd Hüseynov, nə Nəriman Zeynalov, nə də Tofiq Rüstəmov kimdənsə bir şey umub. Sadəcə olaraq, onların tələbədən istədiyi o olub ki, yaxşı oxusunlar, öyrənsinlər və gələcəkdə qələmləri, yazıları ilə millətə, xalqa xidmət eləsinlər.
   
   Nəriman Zeynalov da bizim fakültənin ən gözəl, vicdanlı və namuslu müəllimlərindən olub. Nəriman müəllim o qədər sadə, o qədər təvazökar bir insan idi ki, biz ona həmişə qibtə edərdik. Tanınmış ziyalı olasan, alim olasan və bu dərəcədə də sadə olasan. Nəriman müəllim auditoriyaya girəndə çox sakit və çox da asta danışardı. Bəzən elə bilirdik ki, bu insanın heç ucadan səsi çıxmaz. Bu da onun son dərəcə yüksək mədəniyyətindən və daxili zənginliyindən xəbər verirdi.
   
   ...1-ci kursun ilk dərsində bizi Nəriman Zeynalov Fəxri Xiyabana, Azərbaycan mətbuatının bünövrəsini, əsasını qoymuş Həsən bəy Zərdabinin məzarı üstünə apardı. Orda Nəriman müəllim, Cahangir müəllim, Akif müəllim, Tofiq müəllim böyük Həsən bəy Zərdabinin maarifçilik ideyalarından və milli mətbuatın yaranması yolunda çəkdiyi əzab-əziyyətdən danışdı. Elə bizim ilk dərsimiz böyük Həsən bəy Zərdabidən başlanğıc götürdü. Ziyarətdən sonra auditoriyaya qayıtdıq və Nəriman müəllim bu böyük şəxsiyyət haqqında, onun jurnalistik fəaliyyəti barəsində daha ətraflı məlumatlar verdi. Özü də bu məlumatları və bilgiləri o qədər şirin, o qədər incə və o qədər ahənglə deyirdi ki, hər şey bizim yaddaşımıza hopurdu.
   
   Nəriman Zeynalov yaxşı müəllim idi, yaxşı jurnalist idi, yaxşı da alim idi və sözün həqiqi mənasında Nəriman Zeynalov böyük insan idi. Biz bu böyük insandan həmişə müsbət enerji alar, onun mühazirələrini həvəslə dinləyərdik. Sevimli müəllimimiz bizə rus jurnalistikasından dərs deyirdi və onu da deyirdi ki, rus jurnalistikası dünyanın ən güclü jurnalistikası sayılır. İllər ötdü, həqiqətən də gördük ki, Nəriman müəllimin dedikləri çox düzdür və rus jurnalistikası zamanından və məkanından asılı olmayaraq həmişə başqalarına böyük məktəb sayılıb. Başqa xalqların ziyalıları da, jurnalistləri də jurnalistikanı rus jurnalistikasından öyrəniblər.
   
   İmtahan zamanı isə adətən bizim fakültədə qıraqdan gəlib dərs deyənlər daha əzazil idilər. Onlar sanki tələbəni imtahanda "kəsməyə" bəhanə axtarırdılar. Amma bizim fakültənin müəllimləri isə mühazirədə olduğu kimi, imtahanda da çox sadə və səmimi idilər. Çünki onlar çox yaxşı bilirdilər ki, bu fakültəyə daxil olanlar öz ixtisaslarını öyrənməyə məcburdular. Nəriman müəllim bizdən imtahan götürəndə tələbələrin yarısına "5", yarısına da "4" yazmışdı. O, imtahandan sonra dedi ki, zəif bilən tələbəyə də yüksək qiymət yazdım ki, bundan nəticə çıxarsınlar. Bizim fakültənin müəllimlərinə heç vaxt özünü tapşırtmağa və "dayı" tapmağa ehtiyac yox idi. Çünki onlar bizim atamız, dayımız, əmimiz idi və onlar bizi heç vaxt incitməzdi. Dəfələrlə görmüşdüm ki, Nəriman müəllim də, Tofiq müəllim də, Cahangir müəllim də kimsəsiz tələbənin xahişini başqa müəllimlərdən eləyirlər. Hansı ki, bu müəllimlər tələbədən heç vaxt heç nə ummayıblar. Sadəcə olaraq, özləri təmiz və vicdanlı adam olduqları üçün arxası olmayan, çətinliyə düşən və bəzən də bir tikə çörəyə möhtac olan tələbələrə arxa dururdular. Elə ona görə də onlar bu gün bizim yadımızdan çıxmır.
   
   Nəriman Zeynalovu ötən əsrin 70-ci illərinin axırlarında Mərkəzi Komitənin orqanı olan "Sovet kəndi" qəzetinə redaktor təyin etdilər. Nəriman müəllim də redaktor keçən kimi öz tələbələrini həmin qəzetə apardı. Hansı ki, həmin dövrdə iş tapmaq, qəzetdə işləmək çox çətin idi. Mərkəzi qəzetlərdə korrektor işləyənə çoxları qibtə ilə baxırdı. Ancaq Nəriman Zeynalov tələbələri Vaqif Bəhmənlini, Firuz Həşimovu şöbə müdiri təyin eləmişdi. Bu gənc, istedadlı adamların Mərkəzi Komitənin orqanı olan qəzetdə şöbə müdiri işləməsi çoxlarını qıcıqlandırırdı. Amma bunların heç birinə Nəriman Zeynalov məhəl qoymazdı. Sonradan Müştəba Əliyev, Loğman Rəşidzadə və başqa tələbə dostlarımız bu qəzetə məsul vəzifəyə aparıldılar.
   
   Az müddətdə "Sovet kəndi" qəzetinin forma və məzmunu da dəyişdi. Qəzet daha oxunaqlı və daha maraqlı çıxdı. Təsəvvür edin, çoxları "Sovet kəndi" qəzetini kənd həyatından yazan mətbuat orqanı kimi tanıyırdı. Nəriman Zeynalovun gəlişi ilə bu qəzet o qədər rəngarəng və o qədər orijinal bir formada çıxdı ki, digər mətbu orqanları üstələdi. Çünki Nəriman Zeynalovun içi işıqla, nurla dolu idi. Özü kimi adamları da ətrafına toplayıb milləti maarifləndirən, millətin mənəviyyatını zənginləşdirən qəzet buraxdı və sübut elədi ki, "Sovet kəndi"ni də oxunaqlı eləmək olar.
   
   Fakültəni təzə bitirmişdim və iş də tapa bilmirdim. Bir gün getdim Nəriman Zeynalovun yanına. O da məni çox səmimi qarşıladı və dedi ki, Mərkəzi Komitə ilə danışıb səni başqa bir qəzetdə işə düzəldərəm. Nəriman müəllim də Mərkəzi Komitənin bölmə müdiri ilə danışdı. O da bildirdi ki, mərkəzi qəzetlərdə nəinki müxbir, heç korrektor yeri belə yoxdu. Gördüm bu sözdən sonra Nəriman Zeynalovun sifəti qaraldı, ancaq mənə dedi ki, darıxma, tezliklə sənə iş tapacağam. Və mənə tezliklə iş tapıldı, mən işlədim...
   
   Bir dəfə Nəriman Zeynalovun "Kirpi" jurnalında "Lalənin bağrı qandı" yazısını oxudum. Yazı o qədər qeyri-adi və o qədər orijinal bir formada yazılmışdı ki, mənim iç dünyamı tərpətdi. Bu yazını yazanda Nəriman müəllim artıq jurnalistika fakültəsinə qayıtmışdı və orda dekan işləyirdi. Bir onu bilirəm ki, heç vaxt yaxşı və xeyirxah əməllər yaddan çıxmır. Nəriman Zeynalov həm böyük jurnalist idi, həm böyük alim idi, həm də böyük redaktor idi. Onun yaratdığı məktəbdən indi onlarla redaktor, yazıçı və tanınmış jurnalist çıxıb. Bütün bunlar onu göstərir ki, Nəriman Zeynalov kimi insanlar bayaq dediyimiz kimi, tək ailələri üçün deyil, bu xalq, bu millət, bu vətən üçün yaşayıblar. Onlar haqq dünyasına qovuşsa da, Allahın dərgahında olsa da, bu gün də bizim qəlbimizdə və iç dünyamızdadı. Və bu cür ziyalılar əsrlər keçsə də həmişə yaşayacaq, onların əməlləri gün işığı kimi insanları isindirəcək və onlara əbədi bir ömür bəxş edəcək...

TƏQVİM / ARXİV