adalet.az header logo
  • Bakı 17°C

"Dünyaya gəlməsəydim daha gözəl olardı"

ETİBAR CƏBRAYILOĞLU
46623 | 2011-09-10 06:59
Sentyabr ayı başlayandan məmləkətin tanınmış qələm adamları oxucularını Tofiq Abdinin 70 yaşı olduğunu inandırmaqla məşğuldurlar. Müdriklərdən biri demişkən, realist olmaya bilərsən, amma reallıqdan qaça bilməzsən. Real olan odur ki, Tofiq Abdin 70 yaşı tamam qeyd edir.
   
   Ən əsası, Tofiq abi 70-i də işinin başında, dost-tanış məclislərində, xanımının, övladlarının, nəvələrinin əhatəsində qarşılayır. İllər öncəsi olduğu kimi yenə qələmə, pardon, bilgisayara sarılıb yazır.
   
   Qos-qoca Tərcümə Mərkəzindəki iş otağında təqribən özündən 10-15 yaş cavan bilgisayarın qarşısında oturub "Ədalət"in suallarını cavablandırır. Yubilyarın ovqatını öyrənmək üçün normal mənzərədi. Otağı təsvir eləmək üçün daha bir detal- Tərcümə Mərkəzinin rəhbəri, sanballı yazıçımız Afaq xanım Məsudun hədiyyə etdiyi gül dəstəsi yubilyarın masası ilə üzbəüzdü.
   
   - Tofiq abi, yubileylə bağlı haqqınızda bir-birindən maraqlı yazılar yazan qələm dostlarınızı əməllicə çətinə salmısız. Nə qədər yazırlar, yenə heç kim sizə 70 yaş vermək istəmir. Oxucuları necə inandıraq ki, həqiqətən də 70 yaşınız tamam oldu?
   
   - Həqiqətən inanmalı deyil. Mənim hərəkətlərimə, özümü aparmağıma, geyim tərzimə baxanlar təbii ki, inanmırlar. Görürəm ki, sən 70 yaşımla bağlı hələ çox sual verəcəksən. Sənə maraqlı bir fikir deyim. Türkiyənin keçmiş prezidenti Kenan Evren bir zamanlar deyib niyə Allahın yadına salım ki, hələ də sağam.
   
   Belə-belə işlər Etibarım, yaşa dolduqca hamımızda bir Səməd Vurğun xofu yaranır. Çünki insanlar 50 yaşlı Səməd Vurğunu 70-80 yaşlı qoca kimi görüblər.
   
   Bu yaşda belə görünməyimi qəhrəmanlıq-filan da hesab eləmirəm. Bu gün əgər İsa İsmayılzadə sağ olsaydı, o da heç 70 yaşlı adam kimi görünməzdi. Son vaxtlar kəşf eləmişəm ki, mən boyda, nəm-nişanda olanların çoxu elə yaşından cavan təsiri bağışlayır. Məmməd Əlilini, Qılman İlkini, Gülhüseyn Hüseynoğlunu göz önünə gətir və özün nəticə çıxar. Sənə səmimi deyim ki, nə qədər əlləşirəm, yenə yaşlı görünə bilmirəm. İçimdə qəribə bir uşaqlıq, gənclik havası var. Həmin hava məni qoymur ki, özümü ailədə, işdə, cəmiyyət içində 70 yaşlı adam kimi hiss edim. Amma onu da başa düşürəm ki, 70 yaş qəribə bir mərhələdi. Ondan bir də olmayacaq...
   
   - Dostumuz Məzahir Əhmədoğlu "Ədalət"də haqqınızda "Uzun, incə bir yoldasın..." adlı gözəl bir yazı yazmışdı. Böyük əks-səda doğuran o yazıdan belə başa düşdüm ki, bir zamanlar sizinlə görüşüb kəlmə kəsməyi gənclər özləri üçün böyük xoşbəxtlik sayırmışlar. "Nerde indi o əski günlər"-deyib populyar olduğunuz dövrün xiffətini çəkirsizmi?
   
   - Daha çox o dövrün insanları üçün darıxıram. Bəzən evdə uzanıb gözümü tavana zilləyirəm. O dövrü mənimlə yanaşı addımlayan, bu gün isə yanımda olmayan İsa İsmayılzadə, Şahmar kino lenti kimi gəlib gözlərim önündən keçirlər.
   
   Populyarlığa gəlincə, Məzahir bəy düz yazıb, belə bir işlər olub. Rəhmətlik Vidadi Məmmədov həmişə xatırlayırdı ki, ilk dəfə Tofiq Abdinə yaxınlaşıb dedim hekayələr yazıram, istəyirəm sizinlə tanış olum. Tofiq də şappadan üzümə dedi ki, gözüm aydın hekayə yazırsan. Rəhmətlik Adil Qaçayoğlu da həmin dövr barədə maraqlı bir yazı çap etdirmişdi. Sonra mən "Nə xoşbəxt imişəm bir zaman Allah" adlı cavab yazdım. O gün ustad jurnalistimiz Şakir Yaqubov mənə bir yazı həsr edib, o dövrdəki yazılarımdan, şeirlərimdən sitat gətirib. Sən də yaxşı bilirsən ki, Şakir müəllimə yazı bəyəndirmək zor bir işdi. Adını çəkdiyimiz və çəkmədiyimiz dostlar həmin illər barədə yazırlar, görüşəndə, yeyib-içəndə deyirlər. Amma mən özüm o dövrü xatırlamıram. Çünki mən o zamanlar başqa bir aurada olmuşam. Təsəvvür elə ki, nə Yazıçılar İttifaqının, nə də Jurnalistlər İttifaqının heç bir məruzəsində-filanında Tofiq Abdinin adına rast gəlinmirdi. Lakin mən belə məsələlərə heç bir fikir vermədən, özümə bunu dərd etmədən bir dünya yaratmışdım. Həmin dünyada lovğa-lovğa gəzirdim, yeyib-içib şeir və yazılar yazırdım.
   
   - Müsahibələrinizin birində demişdiz ki, 50 illik yubileyimdə dostlarımın pul yazdırdığı dəftəri hələ də saxlayıram. Arxivi zənginləşdirmək üçün yaxşı fürsət yaranıb. 70 illik yubileylə bağlı banketdə təzə dəftər tutmaq olar...
   
   - Təzə dəftərə-filana ehtiyac olmayacaq.
   
   - Niyə?
   
   - Çünki sənin könlündən keçən dəbdəbəli banket təşkil etmək fikrində deyiləm. Üç-üç, beş-beş dostları bir yerə yığıb yubileyi qeyd edirəm. Bir vaxtlar şair və yazıçılarımızın yubileyləri Heydər Əliyev sarayı adlanan yerdə təntənəli şəkildə qeyd olunardı. Özün də görürsən ki, indi belə mərasimlər təşkil olunmur. Bunun özü kapitalizmin bəlkə də yaxşı tərəflərindən biridi. Bu yaxınlarda mənim pərəstiş etdiyim şairlərdən birinin 100 yaşı tamam oldu. Şairin oğlu çox ağıllı hərəkət etdi, başa düşdü ki, indi əski zamanlar deyil, ona görə də bayaq dediyimiz kimi təntənəli mərasim keçirilməsinə çalışmadı. Yubilyarın əsərləri çap olundu və s. Dövlət dövlətliyində qaldı, şair də öz nəhəngliyində. Markes kimi nəhəng yazıçının yubileyini məgər Latın Amerikasında dövlət səviyyəsində qeyd edirlər?
   
   - Abi, Markesi narahat etməyək, bəlkə özümüzdən danışaq?
   
   - Nə danışım? Məni Mədəniyyət və Turizm Nazirliyinə çağırdılar. Nazir müavini Ədalət Vəliyevin tapşırığı ilə Vaqif Bəhmənli rəhbərlik etdiyi şöbənin əməkdaşlarını topladı və onların əhatəsində çox gözəl bir tədbir keçirdi. Vaqif özü, Çingiz Əlioğlu, Şərif Ağayar çıxış edib yaradıcılığım haqqında fikirlərini bildirdilər. Sonra da hörmətli nazir Əbülfəs Qarayevin imzaladığı təbrik məktubunu təqdim etdilər. Üstəlik içində pul olan bir zərf də verdilər.
   
   - Bu pulu da yazın dəftərin bir küncünə...
   
   - Dəftər söhbətin qapat getsin. Nazirlikdə 500 manat vermişdilər, onun da 85 manatını vergiyə tutdular. Evə çatan kimi mükafatın 100 manatını xanımım tutub əlimdən aldı, 15 manatını 3 nəvəmin arasında böldüm. Qalan 300 manatı evdə qoymuşam kitablardan birinin arasına. Sənin kimi dostlarla yeyib-içəndə lazım olacaq. Bayaq dediyim kimi, hər həftəsonu bir-iki dostumu başıma yığıram, yeyib-içib yubileyi qeyd edirik.
   
   - Olmadı abi, malı-mala qatırsız. Sizin onsuz da az qala hər həftə belə məclisləriniz olur, bunun yubileyə nə dəxli?
   
   - Yox, niyə ki? Tostlar ki, dəyişir.
   
   - Tostların dəyişdiyini bildim, bəs dostlar? Dostlar dəyişir?
   
   - Yola saldığım illər ərzində dostlarımın 80 faizini itirmişəm. Onların bəzisi dünyalarını dəyişiblər. Elələri də var ki, bu dünyadadılar, lakin özləri dəyişiblər. Bayaqdan yubiley ovqatından danışırıq. Mənim oğlum, sənin də dostun Mətin bilirsən ki, Türkiyədə təhsil alıb, gözəl də mütəxəssisdi. İndi onu çalışdığı yerdə ixtisara salırlar. Bir vaxtlar istər Bakıdakı, istərsə də İstanbuldakı evimdə gecələyən, masamın ətrafından əskik olmayan, bu gün isə vəzifə, ictimai mövqe qazanan dostlarıma zəng edirəm. Biri deyir Norveçdəyəm, biri deyir Afrikadayam, qayıdıb gələn kimi bir şey fikirləşərik. Adam qayıdıb gəlir, sonra yenə harasa uçur. Birinə zəng etmişəm, hiss edirəm ki, təzə dostlarıyla kabab yeyir, mənə deyir ki, çəkilişdəyəm, sonra zəngləşək. Al, bu da sənə yubiley hədiyyəsi... Belə münasibət adama ağır gəlir. Özü də bu tək mənim başıma gəlmir ki... İşsiz qaldığın günlərdə hansı dostun sənə zəng edib?
   
   - Nə zaman məndən müsahibə alsanız həmin dostumun adını deyərəm.
   
   - Tamam...
   
   - Yubiley yazılarından danışdıq, bəs kimin telefon zəngi sizi heyrətləndirdi?
   
   - Bilirsən ki, mən bir müddət "Mədəniyyət" qəzetində baş redaktorun müavini olaraq çalışmışam. Kollektivdən bircə bilgisayarçı Səbinə xanım zəng edib təbriklərini çatdırdı. Rəşad Məcidin atası Müseyib kişi telefon açıb ürək sözlərini çatdırdı. Yazıçılar Birliyi kimi böyük bir təşkilatdan katib Arif Əmrahoğludan başqa bir adam telefon açmadı... Hələ mən dəyərli Aqil Abbası demirəm. Etibarım, təqvimdə görürsən də ayın neçəsidi, Aqil bəy hələ də zəng edib qəzetinin yazarını yubileyi münasibəti ilə təbrik etməyib...
   
   Yaxşı bilirsən ki, mən gileylənməyi sevmirəm. Mənim fikrimcə, 70 yaşlı yaradıcı bir insanın kimdənsə gileylənməsi alçaq bir işdir.
   
   Sənə bir məsələ deyim, istəyirsən yaz, istəmirsən yazma. "Ədalət" qəzetində Pərviz Əliyev adlı maraqlı bir jurnalist var idi. Neçə ildir dünyasını dəyişib. Niyə biz elə redaksiyada yığışıb onun xatirəsini anmırıq? Niyə belə unutqan olmuşuq?
   
   Nə isə, qayıdaq heyrətlənmək məsələsinə. Mətbuat Şurasının yubiley ərəfəsində mənə göstərdiyi münasibətdən heyrətə gəldim. Bu yaşıma qədər Mətbuat Şurası ilə heç bir ilişkim olmayıb, amma qurumun sədri Əflatun Amaşov haqqımda gözəl bir yazı yazdı, qurumun adından yubileyimi təbrik etdi. Düzdü, bu məsələdə dəyərli Rəşad Məcidin dəsti-xətti görünür. Hər halda, belə bir münasibət görmək mənim üçün xoş oldu.
   
   - Yola saldığınız 70 ildə ömrünüzün 7 ən vacib məqamı hansılardı?
   
   - İndi bunları saymaq mənim üçün çox çətindi. Çünki itkilərim, ağrı-acılarım çox olub. İsa İsmayılzadə demişkən, biz böyük sevinclərə alışmamışıq. Hərdən fikirləşirəm ki, dünyaya gəlməsəydim daha gözəl olardı.

TƏQVİM / ARXİV