adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BiR NÖMRƏLi DüŞMƏN ZƏRURƏTi

BABƏK YUSİFOĞLU
43084 | 2011-09-10 13:57
Başqa ölkə xalqları üçün 11 Sentyabrın hansı mənanı kəsb etdiyini söyləyə bilməsəm də amerikalılardan ötrü həmin tarixin nə demək olduğunu yaxşı bilirəm və hər kəs ondan xəbərdardır. 11 sentyabrda Nyu-Yorkdakı əkiz göydələnin partladılmasından və bu zaman minlərlə günahsız insanın həlak olmasından on il ötdü. Və faciənin "yubileyi"nin böyük masştabda qeyd olunacağı gözlənilir. Olsun, milliyyətindən, irqindən, dinindən asılı olmayaraq insanlıq faciələri unudulmamalı, xatırlanmalıdır. Ən əsası isə ondan lazımı ibrət götürülməlidir. Amma bu faciə, teraktla bağlı bu günə kimi saysız-hesabsız versiyalar, mülahizələr yaranıb ki, onların da hər birini özü-özlüyündə doğru hesab etmək mümkündü.
   
   Bu mülahizələr və versiyalardan başqa çoxlu sayda məntiqi suallar da mövcuddur ki, onlar haqqında düşünəndə Birləşmiş Ştatların necə yalan, necə şantaj, necə minüzlü siyasət yürütdüyünün şahidi olursan. 11 sentyabrla bağlı fikirlərə keçməmişdən öncə bir tarixi xatırlatmaya ehtiyac duyuram. Belə ki, ABŞ-ın müasir tarixində belə böyük tələfatla nəticələnən yalnız bir terror hadisəsinin baş verdiyini deyə bilərik. Və Vaşinqton on ildir bunu az qala dünyanın "Qara gün"ü kimi təqdim edir. Məgər insanlara müsibətlər bəxş edən faciələrin qurbanlarının da milliyyəti, dini olur?! Kim deyə bilər ki, belə halda "böyük dövlətin vətəndaşı, kiçik dövlətin vətəndaşı" ayrı-seçkiliyinin aparılması doğru işdir?! Əgər belə bir ayırım yoxdursa, bəs nə üçün son 20 ildə təqvimin ən azı hər həftəsində bir insanlıq faciəsi yaşamış, bir "11 sentyabr" dəhşəti görmüş Azərbaycan kəndlərinin, şəhərlərinin, rayon mərkəzlərinin əhalisinin qırılması amerikalılar üçün faciə hesab edilimir?!
   
   Əksinə, niyə bu terror aktlarını, soyqırımlarını törədən erməni quldurlarına, separatçılara mütəmadi olaraq maliyyə yardımları, siyasi dəstəklər verilir?! Məgər yalnız Amerikanın göydələnlərində ölənlər insandı?! Bəlkə də "əkiz göydələnləri" partladanlar (amerikalılar belə qələmə verir) orada kimlərin, nə qədər insanın olduğundan xəbərsiz imişlər. Amma tarixi faktlar var ki, erməni quldurları Xocalıda azərbaycanlı olan hər kəsi öldürüb, körpələri, qadınları, qocaları öz əlləri ilə süngüyə keçiriblər. Və indi cənab amerikalılar da məhz həmin terrorçulara rəsmən yardımlar göstərir. Onlar kişi kimi bunun adını qoya bilərlərmi?
   
   İndi Vaşinqton bu "Qara onillik" ərəfəsində terrorçuların dəhşətli aktlar törədəcəyindən əndişələnirlər. Əgər biz CNN-ə inansaq Üsamə ben Ladenin məhvedilmə əməliyyatından sonra xüsusi xidmət orqanları onun evindən 10 hard-disk, 5 kompüter və 100 müxtəlif informasiyalar yerləşdirilmiş fləş götürüblər. Və bu qədər məlumata bu müddət ərzində baxmaq qeyri-mümkündür. 11 Sentyabra isə lap az, cəmi bir gün qalıb. Həmin məlumatlarda nələrin planlaşdırıldığı hələ ki bilinmir. Mütəxəssislərsə belə hesab edirlər ki, həmin gün Amerika üçün qlobal terror hadisəsi yaşana bilər.
   
   Burada maraqlı bir nüansa diqqət etmək çox yerinə düşür. Heç kim üçün sirr deyil ki, Üsamə ben Laden məhz Birləşmiş Ştatların öz yetirməsidir. Məhz Vaşinqtonun sıx dəstəyi ilə o, sovetə qarşı hazırlanmışdı. Və sonra Amerikaya belə lazım oldu ki, ondan 1 nömrəli terrorçu düzəltsin, sonra ona qarşı əməliyyat pərdəsi altında dünyanın fərqli yerlərində öz maraqlarına xidmət edən müxtəlif əməliyyatlar keçirsin. Ben Laden öz missiyasını bitirəndən sonra isə o, Vaşinqtona daha lazım olmadı və öldürüldü. (Əgər öldürüldüsə...) Lakin Amerikaya yeni bir 1 nömrəli terrorçu lazım oldu və hazırda onun hazırlığı gedir.
   
   Xatırlayırsınızsa, Liviyada hadisələr təzə başlayanda Liviya lideri Müəmmər Qəddafi yaxasını cırırdı ki, ona qarşı döyüşən, ölkədə xaotik vəziyyət yaradan "Əl-Kaidə" silahlılarıdır. Dünya əgər bu terror təşkilatının zəiflədilməsini, məhv olunmasını istəyirsə Liviyanın qanuni hökumət qüvvələrinə qarşı əməliyyatları dayandırsın. Amma Qəddafi bilmirdi ki, Vaşinqton ben Ladendən sonra təşkilatın başına keçən Ayman əl-Zəvahirini həmin "status"a yüksəltməlidir və bunun üçün hər şey edilir. Həm də strateji məqsədlərdən biri olan - müsəlmanların elə özləri tərəfindən qırılması prosesi aparılır, bununla yanaşı neft mənbələri, Liviyanın digər zəngin təbii sərvətləri nəzarət altına keçir.
   
   Ağ Evin təbliğat maşını 11 Sentyabrın davamı kimi yeni terror aktlarının təhlükəsini dövriyyəyə buraxıb. Axı, amerikalılar belə dəhşətli terror qruplarına qarşı "mübarizə aparan" hakimiyyətdən razı qalmalıdırlar. Amerikanın aqressiv "PanAmerikanizm" siyasətini dəstəkləməlidirlər, hətta amerikalı əsgərlərin müxtəlif yerlərdə həlak olmasını belə doğru hesab etməlidirlər. Eynən bir zamanlar insanları kommunizm təhlükəsi ilə qorxutduqları kimi. Onda da Amerika özündən bir qəhrəman obrazı qayırmışdı. Ağ Ev çox gözəl bilir ki, amerika cəmiyyətini 1 nömrəli düşmənsiz, 1 nömrəli təhlükəsiz yaşatmaq olmaz. O(nlar) nə və ya kim olursa olsun.
   
   Terror təhlükəsinin ideoloji prinsiplərinə isə zaman-zaman korrektələr edilir. 11 Sentyabr ərəfəsində ABŞ-ın daxili təhlükəsizlik Departamentinin terror əleyhinə məsələləri üzrə şefi Rik Nelson Konqres qarşısında məruzə ilə çıxış edəcək. Və əldə olan məlumatlara görə, onun hazırladığı məruzə "Əl-Kaidə"nin gələcəyi" adlanır. Bu simvolik təsir bağışlasa da əslində məruzə bəzi məsələlərə diqqət yönəltmək, bir sıra proqramları dəqiqləşdirmək məqsədi güdür. Dünya şahiddir, onların anti-terror əməliyyatları zamanı müsəlman ökələrində milyonlarla dinc insan məhv edilib, bir o qədər də şikəst hala salınıb. Terrorun qarşısı belə alınarmı?! Absurd...
   
   Əslində dünyanın digər ölkələri, xüsusilə müsəlman dövlətləri indi siyasətlərini elə qurmalıdırlar ki, onların ərazilərində bu şəkildə at oynadılmasın, sərvətləri su qiymətinə daşınıb aparılmasın, diqtə ilə ölkələri idarə edilməsin, hər bir işlərinə burun soxulmasına imkan verilməsin, on(lar)dan qorxulmasın... Həmin siyasətin qarşısı məhz belə alına bilər. Yoxsa bu 1 nömrəli jandarma 1 nömrəli düşməni istədiyi ölkədə "yaradıb" oralarda istədiyi özbaşınalığı edəcək... Lazım gəlsə "səhnəyə" başqa bir 11 sentyabr da çıxaracaq...

TƏQVİM / ARXİV