adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QƏZET KÖŞKLƏRi

MƏZAHİR ƏHMƏDZADƏ
46300 | 2011-09-10 06:59
Mətbuatda narahatlıqla gündəmə gətirilir ki, bir zamanlar özünəməxsus görkəmi ilə diqqəti cəlb edən qəzet köşkləri azalmaqdadır. Baxmayaraq, əvvəllərə nisbətən ölkədə nəşr edilən qəzetlərin sayı on dəfələrlə artıb. Nə olsun ki? Kitab nəşri də əndazəni aşıb. Şeirlər, hekayələr, povestlər, janrı məlum olmayan digər cızmaqaralar kitablara çevrilərək hər tərəfi bürüyür.
   
   Doğrudur, əsl ədəbiyyat adına oxucunu cəlb edən, soruşulan, axtarılan kitablar da az deyil. Uzun müddət davam edən köhnə-yeni davalar, müəyyən səbəblərdən yaranan durğunluqlar son illərin adaptasiyasından boy göstərdi, ciddi ədəbiyyat anlayışı şüurlardakı boşluq və nostalji nöqtələrini düşüncə və müasir yanaşma baxımından hərəkətləndirdi.
   
   Kafelərə, barlara, içki mağazalarına, çayxanalarag çevrilən kitab mağazalarımızı qaytardılarmı? 3 milyonluq şəhərdə heç olmasa 30 kitab mağazası qalıbmı? Bəlkə də 3 mağaza tapmaq olar. Milyon nəfərə 1 mağaza?!
   
   Mövzumuz başqadır. Məlum bir dövrün kakofoniyası uzun müddət məhz bir-birinə daha çox yaxın olan mətbuatın və ədəbiyyatın üzərinə gəldiyindən, daha çox onların estetikasını pozduğundan belə bir ricət yarandı.
   
   g Qəzetlərin, gündəlik mətbuatın yaradıcılıq, istedad tələb və oxşarlıqlarını bir tərəfə qoysaq ədəbiyyatla müqayisədə onun dərdi, ağrısı başqadır. Qəzet köşklərinin yarıbayarı azalmasının siyasi məqam kimi vurğulanması, ən azından sadəlövh yanaşmadır. Maraqlıdır ki, belə bir "seyrəlmənin" aşkarlanmasından mətbuata bir elə dəxli olmayan qəzetkimilər deyil, əksinə, populyar və tirajlı qəzetlər narahatdırlar. Müəyyən mənada təbii narahatlıqdır. Ancaq oxucunun zövqü pozulmasa o, öz qəzetini axtaracaq və tapacaq. Səyyar qəzet satanlar və ticarət obyektlərindəki xüsusi guşələr də az deyil.
   
   Qəzet satışının azalmasında bir neçə ciddi fakt özünü göstərir və qarşısı alınmasa vəziyyət daha da mürəkkəbləşəcəkdir. Bunun ən birinci səbəbi elə qəzetlərin özündən asılıdır. Sırf anatomik bir səbəbdir. Nə qədər acı olsa da deməliyik ki, Azərbaycan oxucusu sensasiyaya meyllidir, bu da var. Oxucunun "bu damarından" tutub uzun müddət getmək də mümkündür. Ancaq oxucu bir gün görəndə ki, yazıların 80-90 faizi eləcə "şirinquşdu", uşaq olmadığını anlayaraq şirəli çöpü atmağa yer axtaracaq. Yazılardakı "dadlı yalanlar" və primitivlik bəzən böyük bir auditoriyanın itirilməsinə də səbəb olur. Bu tip təhlükəli tendensiyalardan uzaqlaşmaq daha faydalıdır, nəinki müvəqqəti parıltıların naməlum liderlik iddialılığı.
   
   İkinci səbəb bizdən asılı deyil, mövcud köşklərdə çalışan bəzi satıcıların insafındandır. Daha doğrusu, onların qəzetə (qəzetlərə) münasibətindən asılıdır. Əvvəllər qəzet köşklərində lap uzaqdan bu köşkün açıq və ya bağlı olması bilinərdi. Çünki açıqdırsa hər tərəfdən qəzet-jurnallar görünürdü. Köşkdə çalışanlar qəzetləri vərəqləyib maraqlı materialları da yadda saxlayırdılar. Onlar qəzet alanlara bəzən istiqamət də verirdilər. Hətta bəzi qəzetlər "altdan" da satılırdı. Satıcılar bir növ qəzet təbliğatçıları rolunu da oynayırdılar. Çünkig köşklərdə yalnız qəzet və jurnal, bir də təmsil olunduqları təşkilatın vasitəsilə yayılan aylıq lotereya biletləri satılırdı. İndiki köşklərdə nələr satılmır, ilahi! Gündəlik mətbuat qalır ortalıqda, satıcı saqqız, siqaret, limon, ucuz uşaq geyimləri, kitayski xırdavatlar, dinimizin müqəddəs simalarının fotoları, falçı ünvanları, günəbaxan tumu, alabəzək şarlar, daha nələr göstərir, təklif edir köşkə yaxınlaşanlara. Təkcə 9-cu mikrorayon ərazisində beş-altı belə "qəzet köşkü" aşkarlamışam. Mən pulumu verib qəzet gözləyirəm, satıcı dənə-dənə siqaret ayırır...
   
   Bəzən onları qınamaq da olmur...
   
   Bu hələ Bakıdır, paytaxtdır. Rayonlarda da qəzet köşklərinin sayı azalıb. Daha qəzetlərin yazdığı kimi iki dəfədən də çox olmasa da, məsələn, on qəzet köşkünün əvəzinə 7-si qalır. Nə olsun? Bu köşklərdə də qəzetlərin satışı normal səviyyədə deyil. Yuxarıda göstərdiyim səbəblər özünü hər yerdə biruzə verir.
   
   Bəs bu satılan qəzetləri kimlər alır? Əslində nəşr olunan qəzetlərin hamısı satışa göndərilmir. Ölkədə bir abunə sistemi də fəaliyyətdədir və hətta rəqabətli şəkildə. Satılan qəzetlərin də alıcıları və oxucuları hər halda az deyil, yoxsa tirajı yüksək olan qəzetlər ciddi böhranla üzləşərdilər. Ancaq mövcud çətinliklər nələrisə diqtə etməkdədir. Baxmayaraq, dövlətimiz mətbuata fərq qoymadan və seçimsiz bir qayğı da göstərir - qanun çərçivəsində hamı bəhrələnir. Bunları xatırlamamaq insafsızlıq olar.
   
   Qaldı qəzet köşklərinin azalması, sıxışdırılması məsələsinə, bu, başqa yanaşma tələb edir. Birinci növbədə qəzetlərimiz öz işlərini ciddi və peşəkarcasına qurmalıdırlar. Jurnalistikaya sevgi elə oxucuya olan sevgini tamamlayan niyyətdir. Peşəkarlar jurnalistikanın saflığını qorumaq üçün həmişə xeyirxah bir əzab içində yaşamalıdırlar.
   
   Qəzet köşklərinin azalması o qədər də qorxulu hal deyil. Əsas odur ki, qəzet köşkləri fəaliyyətləri ilə yalnız öz adlarını daşımağa xidmət etsinlər. Baxanda görək ki, bu, əsl qəzet köşküdür.

TƏQVİM / ARXİV