adalet.az header logo
  • Bakı 18°C

QƏRBiN iDBAR YALANçILARI

BABƏK YUSİFOĞLU
42739 | 2011-09-08 00:42
Ötən yazılarımın birində Afrikanın Svazilend ölkəsində son vaxtlar baş verən hadisələr haqqında yazmışdım. Oralarda da camaat özündən çıxaraq demokratiya üçün küçələrə axışmışdı, xəbərdarlıq eləmişdilər ki, onların tələbləri yerinə yetirilməsə istefa çağırışları ilə çıxış edəcəklər. Kral III Msvati də əvvəl etirazçıları polislərlə döydürmək istəmiş, sonra isə nə fikirləşmişdısə bu qərarından vaz keçmişdi. Və xalq qarşısında söz vermişdi ki, demokratik islahatlara başlayıram: "İlk addım kimi arvadlarımdan ikisini boşayır, bununla da kral ailəsinin xərclərini azaldıram, Qamış bayramını da təxirə salıram". Camaat da kralın verdiyi sözlərə inanıb dağılışıb getmişdi evlərinə. Düzü, onda mən düşündüm ki, nə söz-möz, vallah, kral III Msvati əhalini bu cür aldadıb vaxt qazanmaq istəyir və imkan düşən kimi insanların başına oyun açacaq, hər kəsin demokratiya deyən dilini kəsəcək.
   
   Amma sən demə, səhv etmişəm. Son günlər öyrənmişəm ki, kral III Msvati yalan danışmırmış, o, kişi kimi camaata verdiyi sözə əməl edib. Özünün 14 arvadından ikisini boşayıb, həmin arvadlardan olan uşaqlarının aliment məsələsini də yüksək səviyyədə həll eləyib. Ölkədə qamış bayramı da keçirmir ki, orada özünə təzə arvadlar seçmək qaydalarını pozmaq məcburiyyətində qalmasın. Buyurun, bu da sizə Afrikanın Svazilend ölkəsinin başçısı Msvati. O, razı olmadı ki, sözləri yalana çıxsın. Özü də dövlət başçılığı bir yana dursun, kişi gərək yalan danışmasın.
   
   Deyirəm ki, öz aramızdı, bu Qərb ölkə başçıları bəyənmədikləri afrikalı dövlət başçısı qədər də olmadılar. Yalan, yalan dalısınca. Fırıldaq, fırıldaq dalısınca. Dövlət başçısı olub insan nə qədər başqa ölkələrə atar. Nə qədər kasıb ölkələrin başını aldadıb onların var-dövlətini, nöyütünü, qazını əllərindən alarlar axı? Xüsusilə də dünyaya jandarmalıq eləyən ABŞ. Bu ABŞ xəcalətindən ölüb yerə girmir. Vallah, dövlətdə gərək necə üz ola ki, yalan danışmağı özünün siyasətinə çevirə. Və kim məni qınamaq fikrinə düşsə zəhmət çəkib dünyaca məşhur olan şəxsin dedikləri ilə tanış olsun.
   
   Portuqaliyanın çox məşhur yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatçısı, Milli mədəniyyəti müdafiə cəbhəsinin yaradıcısı, ictimai xadim Joze de Soza Saramaqonun bununla bağlı yazdıqlarını oxumaq məncə kifayətdir. Saramaqonun ABŞ-ın eks prezidenti Corc Buş haqqında yazdıqları xüsusilə diqqətəlayiqdir. Corc Buş kimdir? Nobel mükafatçısı Joze Saramaqona görə Buş orta səviyyəli ağıl göstəricilərinə malik, amma dəhşətli dərəcədə savadsız birisidir. O daim absurd fikirlər söyləməyə meyillidir. Buş həm də özünü bəşəriyyətə komik bir kovboy (naxırçı) görnüşündə təqdim edib. Sanki dünya ona dədəsindən qalıb və o da dünyanı səhvən beş-on baş mal-qara bilir.
   
   Öz aramızdı, biz də əvvələr baş sındırırdıq ki, görəsən bu Amerika İraqda, Əfqanıstanda, Liviyada... niyə dinc insanları qırır, şəhərləri xarabaya çevirir? Yazıçının bu ağıllı sözlərindən aydın olur ki, adlarını sadaladığımız və sadalamadığımız müsəlman ölkələrində onun əmri ilə insanlar qırıldıqca sən demə, Buş elə bilirmiş ki, oralarda insanlar deyil, qoyun-quzu öldürülürmüş. Yaxud, Azərbaycanın ərazi bütövlüyünü hər addımbaşı söyləyir. Amma hər il Dağlıq Qarabağdakı erməni separatçılara milyonlarla dollar yardım göndərir. Dövlətdə bu ikiüzlülüyə görə bir xəcalət hissi olmaz bəyəm?
   
   Buş haqqında yazıçı daha sonra yazır: "Biz bilmirik ki, bu adam əsl həqiqətdə nə düşünür və ümumiyyətlə, nə haqdasa düşünürmü?.. Bəlkə də o pis proqramlaşdırılmış və daim içindəki proqramın mesajlarını qarışdırıb insanlar qarşısında səsləndirən bir robotdur. Amma bir cəhətinə görə ona tərif düşür: robot Buşun içindəki proqramlardan biri qüsursuz işləyir - yalan danışmaq proqramı!" Vallah, ayıb olsun Buşa. Sən demə, o boyda prezidentin içindəki proqramlardan yalnız biri doğru işləyirmiş.
   
   Amma məşhur yazıçının rəyləri təkcə böyük jandarma haqqında deyil. Saramaqo Qərbin yekə-yekə əllaməçilərinin də təsvirlərini verib. Fransanın maygülü prezidenti Nikola Sarkozi haqqında deyib: "Mən bu cənab haqda elə çox düşünməmişəm, yəqin bundan sonra daha az düşünəcəm... Sarkozinin siyasi riyakarlığı dərhal diqqəti cəlb edir. O, Həması İsrail ərazilərinə raket atmaqda ittiham edir, halbuki o gərək İsrail ordusunun və hava qüvvələrinin Qəzza zolağındakı dinc əhaliyə qarşı təsəvvür edilməyəcək miqyasda reydlər keçirməsini də pisləsin". Joze Saramaqonun Roma papası 16-cı Benedikt, İtaliyanın baş naziri Berluskonin və digərlərinin də haqqında "ləzətli" təhlilləri var. Və imkan yarananda hörmətli oxucuları onlarla da tanış edəcəyəm. Sağlıq olsun.
   
   Sonda isə Qərbin sinəsinə döyən bu cür maygülü rəhbərlərinə bir məsləhətim var: başqa məsələlərə kişilikləri çatmırsa heç olmasa kral III Msvati kimi etdiklərinin adını qoysunlar. Demokratiya sözünün ardında gizlənməsinlər. Çünki onlar heç demokrat da deyillər...

TƏQVİM / ARXİV