adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

iTMƏKDƏ OLAN VAXT VƏ...

BABƏK YUSİFOĞLU
36279 | 2011-09-07 12:47
Bu son 20 ildə biz çox yollardan keçdik. Həmin dövr bizə çox şeylər yaşatdı. Əvvəla, torpaqlarımızın işğal reallığı ilə yaşadıq. Çevrilişlər, qarşıdurmalar, atəşkəs rejimi, iqtisadi böhran, seçkilər, həyəcanlı və yeknəsək dövrlərin içərisindən keçdik. Bir də yağı düşmənə yeni qanların tökülməsinin yaxşı nəticələr verməyəcəyini başa salmaq üçün Ermənistan hakimiyyəti ilə sülh danışıqlarını apardıq. Əslində ötən bu dövrlərdəki keçdiyimiz bütün prosesləri bir qəzet məqaləsində sadalayıb qurtarmaq mümkün olmadığı üçün bununla bağlı detallara varmağı mən də lazım görmədim. Və bütün bunlar haqqında söz açarkən məqsədim bəzi nüanslara diqqət çəkməkdir. Yəni, ötən bu illər ərzində bizim qazandıqlarımız da, heç şübhəsiz itirdiklərimiz də az olmayıb.
   
   Qazanmışıq: Müstəqillik əldə etmişik, ölkə inkişaf yoluna qədəm qoyub, həyatın ən müxtəlif sahələrində nailiyyətlər qazanılıb, bir sıra nəhəng beynəlxalq layihələr gerçəkləşdirilib, ordu quruculuğumuz inkişaf edib və s. İtirmişik: burada da çox şeylərin adını sıralamaq mümkündü. Amma düşünürəm ki, nələrisə sadalamağa heç ehtiyac yoxdur, çünki elə torpaqlarımızın işğal olunması itirdiyimizin ölçüyəgəlməz səviyyəsinə dəlalət edir. Amma mən çox zaman itirdiklərimizin "siyahısında" barmaqarası baxdığımız bir məsələni vurğulamaq istəyirəm. Bu da Ermənistanla aparılan sülh danışıqlarında itirilən vaxt və enerjidir.
   
   Əslində indi Qərbin inadla danışıqların davam etdirilməsi üçün göstərdiyi çabaların məqsədi aydındır. Qərb sülh prosesi imitasiyası ilə məşğuldur. Cürbəcür sənədlər hazırlayırlar, müxtəlif kitablardakı qanunlardan sitatlar gətirirlər, görüşlər təşkil edirlər, hansısa maddələr üzrə işlərin aparıldığını nümayiş etdirirlər... Və utanmadan, çəkinmədən 20 ildir bu məzhəkəni sürdürürlər. Guya hansısa ədalətli işlə məşğuldurlar... Hətta ona da göz yumurlar ki, ermənilər onların çıxardıqları qətnamələri belə filan yerlərinə də almayıb zibil yeşiyinə tullayıblar.
   
   Çox maraqlıdır ki, son dövrlər Yerevan BMT-nin məlum dörd qətnaməsini məzhəkə yerinə qoyublar. Və çəkinmədən də erməni informasiya mənbələri ağzına gələni yaymaqdadır. PanArmanian.net yazır ki, bir neçə gün öncə Azərbaycanın Milli Məclisinin deputatı, politoloq Mübariz Qurbanlı verdiyi açıqlamalarda bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan tərəfinin destruktiv mövqeyi nəticəsində dalana dirənib və bu Azərbaycan tərəfini digər diplomatik təzyiq vasitələrinə əl atmaq məcburiyyətində qoyur. Mübariz Qurbanlının sözlərinə görə, belə diplomatik təzyiqlərdən biri də BMT-nin qəbul etdiyi qərarlarının yerinə yetirilməsi tələbi ilə Təhlükəsizlik Şurasına müraciət olacaq.
   
   Bu cür davranışları od üzərinə yağ tökülməsi kimi dəyərləndirən ermənilər həyasızlığın ən şedevr nümunəsini yaradaraq BMT-nin Dağlıq Qarabağla əlaqədar çıxardığı qətnamələrinin mahiyyətini təhrif edərək dünya ictimaiyyətinə bildirmək istəyir ki, həmin sənədlərin heç birində erməni qoşunlarının işğal edilmiş torpaqlardan çıxarılması tələbi yoxdur. Əksinə erməni politoloqlarının dediklərindən elə çıxır ki, qətnamələr yeni torpaqların işğal edilməsinə son qoyulması üçün qəbul olunub və erməni qoşunları da buna əməl edib. Guya həmin qətnamələr olmasaymış ermənilər daha geniş ərazilərimizi tutacaqlarmış. Onların iddialarına görə, biz bundan ötrü BMT-yə minnətdar olmalıyıq.
   
   Əlimizdə olan ən mötəbər sənədləri bu şəkildə qəbul edən tərəflə danışıqlara vaxt itirməyin heç bir işə yaramayacağı artıq göz önündədir. Maraqlıdır, əgər BMT-nin Təhlükəsizlik Şurasına müraciət edəcəyiksə, yaxud etməliyiksə bundan ötrü nəyi və kimi gözləyirik? İyirmi il bir zaman gözləmək missiyası üçün kifayət deyilmi? Bundan ötrü də maneələrimiz vardırmı? Bu sualları məncə hər kəs cavablandıra bilər, lakin bir acı həqiqəti görməyimiz vacibdir. Artıq onlar bizim əməli işə keçmək əvəzinə bəyanatlar, açıqlamalar verməyimizə də istehza ilə yanaşırlar. Eləcə də Təhlükəsizlik Şurasına müraciət edəcəyimizlə bağlı dediklərimizi yalnız söz olaraq dəyərləndirirlər. Və əgər belə davam edərsə bizim son dövrlər qazandığımız psixoloji, ideoloji, iqtisadi, hərbi üstünlüyümüz öz effektini saxlaya bilməyəcək. Bunu heç mən yox, məntiq belə diqtə edir.
   
   Ermənistan əzəli Azərbaycan torpağı Dağlıq Qarabağı işğal edib, özü üçün orada bir girdirmə dövlət yaradıb və o girdirmə dövlətin təhlükəsizliyindən ötrü əlavə rayonlarımızı da zəbt edib ki, oranı da "bufer zonası" adlandırır. Qərb də bizim başımıza corab hörür ki, razılaşmanın detalları üzərində iş aparıram. Bütün bunlardan sonra problemin həlli üçün militarist Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirmək vaxt və enerji itkisi deyil, bəs nədir? Biz ermənilərin belə hoqqalarına niyə son qoymaq üçün hərəkətə keçmirik? Bundan ötrü yenə gözləməliyikmi? BMT-nin Təhlükəsizlik Şurasından ehtiyat etdiyimizmi var?..

TƏQVİM / ARXİV