adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QƏRB VƏ iSLAM - 1

SEYFƏDDİN ALTAYLI
46540 | 2011-08-27 01:33
"Əlində qüdrət olan hər xıristiyan, bütün güc və qüdrətiylə bizim haqlı mirasımız olan Qüdsü zəbt etməyə, bütün imansızları buradan qovmağa çalışmalıdır; çünkü bizə dədəmiz Xristosun adından ötrü xristian deyilir. Əgər biz onun həqiqi oğullarıyıqsa, dədəmizin bizə qoyub getdiyi miras üçün döyüşməli, onu kafirlərin (müsəlmanlar) əlindən xilas etməliyik.
   
   Jean De Bourgogne
   
   Oğuz boylarına mənsub Türklərin, Anasıoğlu və Buğanın komandirliyi altında Azərbaycan üstündən on min nəfərlik bir qrupla keçib Qars bölgəsindən Anadoluya daxil olması və onları təqib edənlərin də bunların ardınca gələrək Anadolu və Azərbaycanda məskunlaşması, bu torpaqlardakı yerli Türklərlə qaynayıb-qarışması, daha sonra onlara daxil olan Kuman-Qıpçaq və Karlukların yaratdığı, İslam dinini qəbul etmiş homogen Türk birliyi, xristian dinini öz mənafeləri üçün adi bir vasitəyə çevirən qərbli imperialistlərin önünə aşılmaz bir əngəl kimi çıxmışdı. Çünkü İslam dini həm ulu və səmavi bir din, həm də ona könüldən inanan ərləri basılmaz, diz çökməz və yolundan dönməz qranitdən bir varlığa döndərirdi.
   
   İslama qarşı ilk qərbli təcavüz I Səlib Yürüşü ilə başlayırdı. 1095-ci ildə Fransanın Çlermont şəhərində yığışan kilsə şurasında Papa II Urbanus və fanat bir keşiş olan Pierre L"Ermit, Birinci Xaçlı Yürüşünü təşviq etmişdi. İmperialist Fransa hələ on birinci əsrdə təcavüzkar siyasətinin iyrənc surətini göstərirdi. Papanın xaçlı səfəri barəsində yeritdiyi təbliğat İtaliya, Almaniya və İngiltərə başda getməklə Avropa səthində əks-səda tapır və xüsusilə yoxsul kəndlilər, digərlərinə nisbətlə kasıb, ya da həddən artıq borca düşmüş baronlar, duklar, əsilzadələr, macərapərəstlər bu səfərdə iştirak edirdi. Birinci Səlib Yürüşünün əsl məqsədi qarətçilik, talan və soyğun olsa da onlar bunu, "Qüdsü və müqəddəs torpaqları xilas etmə" adıyla reallaşdırır, yəni dindən adi bir vasitə kimi istifadə edirdilər. Qüdsə çatan bu vəhşilər dəstəsi şəhərdə olan bütün müsəlmanları və yəhudiləri bir şəxs belə salamat buraxmamaq şərtilə qılıncdan keçirmişdi.
   
   İndilik müsəlmanları bir kənara qoyub son vaxtlarda bizə qənim kəsilən yəhudilər barədə bir neçə söz demək istəyirəm. Birinci Səlib Yürüşü əsnasında xaçlı zehniyyətinin yəhudilərə vurduğu bu zərbə sadəcə olaraq Qüdsdəki o qırğınla məhdudlaşmadı. İngilislərin qarşısına 1490-cı illərdə dənizçilikdə bir rəqib kimi çıxan İspanyollar, yəhudiləri, xüsusilə inqvizisiya məhkəmələrinin qondarma qərarı ilə kütləvi şəkildə qırarkən və etnik təmizliklə ölkədən çıxardarkən onların dadına Osmanlı Dövləti çatmış və hamısını gəmilərə doldurub gətirərək xüsusilə İstanbulda məskunlaşdırmışdı. Daha sonra yenə xristian Almaniyanın faşist lideri Hitler yəhudiləri qaz otaqlarında və kürələrdə məhv edərək əsrin genosidini yaradarkən onların dadına yenə türklər çatmış və şərtlərin və güclərinin imkanı nisbətində qurtara bildiklərini xilas etmişdilər. Həmin yəhudilər, kütləvi şəkildə özlərini xilas etməmizin əvəzi kimi (!), ölkəmizi işğal məqsədilə gələn ingilis və fransızların səfində dayanaraq Çanaqqala döyüşlərində bizə qarşı vuruşmuşdular. Birinci Dünya Müharibəsi əsnasında Ərəbistanın, İngilis və Fransız işğalına məruz qalması üçün bölgədə yaşayan yəhudilərin tamamı bu iki işğalçı dövlətə könüllü casusluq etməyi boynuna götürmüş və İngilis dövlət xadimlərinin də dilə gətirdiyi kimi bütün yəhudilər onlara məlumat ötürərək casusluq etmişdilər. Yaşadığımız bu dövrdə isə yəhudi-xristian müttəfiqliyi zirvəyə çatmışdır; çünkü dünyanın super imperialist və işğalçı dövləti ABŞ-ın iqtisadiyyat cilovu ilə dünyanın pul döngüsü yəhudilərin əlindədir və onlar indilik ABŞ-ın xilaskarlıq çətri altında necə deyərlər dünyaya meydan oxuyur, özlərinə tanrı tərəfindən vəd edildiyi ütopiyasının quyruğuna ilişib Nildən Fərat çayına kimi olan bütün torpaqları caynaqlarına keçirmək xülyasındadırlar. Dünyada indilik mövcud olan qaniçən və insan həyatına qarşı maddiyatı üstün tutan, onun uğrunda insan hüquqlarını, əxlaqı, haqqı-hüququ heçə sayan nizamın belə davam etməyəcəyi də qətidir... İnşallah bu imansız nizam dağıldığı vaxt yəhudilərə vəfasızlıqlarını onların başa düşəcəyi dildə qandıracaq və onları utandıracayıq. İnşallah ulu tanrı bunu bizə qismət edəcəkdir.
   
   Yaxşı, imperialist xristianlar İslam dininə qarşı niyə bu boyda kinlə yanaşır?! Bunun səbəbi doğrudan da İslam dinidir, yoxsa Türk və Türklərin islama könüldən bağlı olmalarının fərqinə vararaq onların yanında yer tutması halında yaranmasından qorxduqları Türk və İslam Birliyinin gücüdürmü?
   
   Bu sualın cavabını sərrast vermək üçün yenə tarixə yönəlmək və orda yaranmış hadisələrdən ilkin hansılar qarşıya çıxarsa onlara nəzər salmaq və başlıcası tarixi düzgün oxumaq labüd hala gəlir.
   
   1587-ci ildə İngiltərə səfiri Osmanlı padşahı III Murada xitabən yazdığı ərizəsində deyir:
   
   "Papa ilə bütün bütpərəstlərin dəstəyini götürərək İngiltərə kraliçasını məğlub etdikdən sonra özünü bütün dünyanın yeganə kralı eləmək üçün var qüvvəsilə siz ulu padşahı da məhv etmək üçün yürüş edəcək bütpərəst İspanyol kralına qarşı yeritdiyimiz mübarizə üçün heç olmasa 60-70 hərbi gəmi yollamağınızı xüsusilə xahiş edirik".
   
   O vaxtlar Osmanlıdan yardım, kömək dilənən İngiltərə, Berlində Almanya şahzadası Bismarkın rəhbərliyində keçirilən konfransda, gücü-taqəti qalmamış Osmanlı dövlətinin ölüm fərmanını Rusiya, Almaniya, Fransa, İtaliya və Avstriya-Macarıstanla birgə imzalayırdı. Bu vəziyyət də imperialist dövlətlərin nə cür riyakar bir xarakterə malik olduqlarını, öz maraqları üçün nələri edə biləcəklərini diktə etdirirdi. Rusiya, boğazlardan keçərək isti dənizlərə çatmaq üçün Osmanlı dövlətinin ləğvini arzulayan və istəyən çarları Dəli Piyotrun vəsiyyətini yerinə yetirməyə çalışır, İngiltərə də Hindistan yolunun ruslar tərəfindən təhlükə ilə üzləşdiriləcəyindən Osmanlı torpaqlarının özləri üçün strateji dəyərə malik bölgələrini caynaqlarına keçirmək üçün var qüvvələrilə cəhd göstərirdi. 1875-ci ildə Süveyş kanalının açılmasıyla birlikdə İngiltərə üzünü neft ehtiyatları yönündən zəngin olan Osmanlı torpaqlarına, yəni Orta Şərqə çevirirdi. Daha Orta Şərqdə və Yaxın Şərqdə İngiltərə, Rusiya, Fransa, İtaliya və Almaniyanın da iştirakıyla imperialist kaftarların yağlı quyruq qapmaq uğrundakı mübarizəsi başlayırdı.
   
   Onlar bu mübarizəni, bölgə xalqları daxilində, "sizə azadlıq qazandıracayıq, demokratiya gətirəcəyik, təlim-təhsilinizi müasir səviyyəyə çatdıracayıq, sizi firavan həyata qovuşduracayıq, türklər sizin düşməninizdir, onlar İslam dinindən sizi sümürmək üçün istifadə edirlər" şəklində təbliğat apararaq həyata keçirirdi. Bu dövlətlərin ayağının dəydiyi yerdə isə fitnə toxumları cücərir və bölgədəki insanlar, ancaq əllərindəki sərvətlərin qarət edilməsindən və azadlıqların zor gücüylə alınmasından sonra nə cür bir tələyə düşdüklərini başa düşürdü.
   
   Bugün müsəlman Somalidə hər saat başı onlarla uşağın acından və yoluxucu xəstəliklərdən həlak olmasının əsl günahkarı başda İngiltərə ilə İtaliyadır, Avropa Birliyidir. Afrikada ən uzun sahilə, məhsuldar torpaqlara malik ölkə Somalidir; ancaq bura İngiltərə Somalisi və İtaliya Somalisi deyə iki yerə bölünmüş, bu kifayət etmirmiş kimi ölkənin torpaqlarının bir hissəsi də xristian Efiopiyaya peşkəş çəkilmiş, müsəlman və xristian xalqlar kəskin xətlərlə bir-birindən ayrılmış, beləliklə Somalinin dinləri ayrı olan; ancaq etnik soy cəhətdən bir olan xalqı arasında, digər tərəfdən də xristian Efiopiya ilə aralarında fitnə toxumu əkilmişdir. O biri tərəfdən də "iqtisadiyyatınızı yaxşılaşdıracayıq" deyə kənd təsərrüfatı tamamilə məhv edilmiş və bugün acından qırılan bir Somali yaradılmışdır. Qərbin imperialistlərinin insan hüquqları və haqq-hüquq anlayışı ancaq öz ciblərini doldurmağa xidmət edir.
   
   Qərb aləmi İslam dininə həmişə çəp gözlə və hədsiz kin-küdurətlə baxıb, baxır; çünkü İslam hər cürə qarətçiliyə, zorbalığa, hüquqsuzluğa düşməndir; müsavatçıdır və ayrı-seçkiliyi qəbul etmir. İslam dini, dinindən, milliyyətindən və dilindən asılı olmayaraq hər bir insanı, tanrı tərəfindən yaradılan şərəfli bir varlıq gözündə görür.
   
   İslam dini, qərblilər üçün öz maraqlarına xidmət edirsə böyük və ulu bir dindir, yox əgər buna xidmət etmirsə ən iyrənc şeylərin mənbəyi, bəşəriyyətin düşməni, qatillər yığnağıdır?!
   
   İkinci Dünya Müharibəsindən sonra yaranan iki qütblü dünyada ikinci güc mənbəyi olan Sovetlər Birliyini əhatə edən və öz daxilində olan müsəlman xalqlar məşhur strateg Zbigniev Kazimierz Brezezinskinin ixtirası (!) olan yaşıl qurşaq nəzəriyyəsi daxilində yüksək qiymətləndirilirdi. Bin Ladenlər, bugün terrorisd kimi qələmə verilən Taliban, Müsəlman Qardaşlar kimi şəxs və təşkilatların toxumunu əkib onu etina ilə böyüdüb yetişdirənlər və hər cürə silah sursatı, maddi vəsaiti onlara ötürənlər başda ABŞ olmaqla qərblilərdi. Sovetlər Birliyinin dağılmasıyla birlikdə yaranan bir qütblü dünyada islamla bağlı fikirlərinin qarşısındakı pərdəni endirərək əsl surətlərini "islamafobiya, radikal İslam, İslami terror, mülayim İslam" kimi terminləri yaradanlar, İslam dinini öz yolundan yayındırmaq üçün dəridən-qabıqdan çıxanlar, əslində bir-birilə əsla düz gəlməyən İslam ilə terroru tərəzinin bir tayına qoyub çəkənlər və Ulu Peyğəmbərimizi təhqir edənlər də həmin qərblilər deyil?

TƏQVİM / ARXİV