BiR SEVGi DRAMI

ƏBÜLFƏT MƏDƏTOĞLU
39649 | 2011-08-27 01:33
Bu yazını yazmaq fikrim yox idi. Ümumiyyətlə, bu şənbə dincəlmək, yorulub əldən düşmüş, az qala arabaya qoşulmuş kəl kimi dizləri yerə gəlmək üzrə olan ruhumu dincə qoymaq fikrində idim. İstəyirdim ki, dəftər-kağızı qatlayım və çəkilim Biləcərinin, Xırdalanın, Sulutəpənin, daha nə bilim imkanımın apara biləcəyi yerlərin birində sakitliyə qovuşum. Çünki son yazılar mənim içimi və mənimlə bərabər mənə məktub yazan, zəng çalan, telefonla ismarıc göndərən oxucularımın düşüncələrini o qədər bir- birinə qatıb-qarışdırmışdı ki, az qala nəfəs də ala bilmirdim. Sanki təngnəfəs olmuşam, özümə yer tapa bilmirəm. Amma eşitdiyim bir hadisə, canımdan da artıq olan birisinin mənə etdiyi söhbət, onun başına gələn hadisənin üzüntüsü məni yenidən yazı stolunun arxasına gəlməyə məcbur etdi. Çox fikirləşdim, çox götür-qoy etdim, nəyi necə yazacağımı, ilk sözümün nə olacağını müəyyənləşdirə bilmədim. Bu çıxılmazlıq, bu qaranlıq dünya məni bir az da səbirsiz etdi, bir az da damarlarımı sıxdı, nəfəs yollarımın qarşısında əlavə səddlər çəkdi. Elə bil gücsüzlüyümü, sözün qarşısında əliyalın olduğumu mənə göstərmək istəyirdi. Nə qədər edirdimsə, ipucu tapa bilmirdim. Əslində ip var idi, onun ucundan tutub rahatca özümü asa bilərdim. Amma bu intiharın nəyi dəyişəcəyini, nəyi qaytarıb öz yerinə qoyacağını qaranlıq olduğuna görə düşünməli oluram. Elə hey çabalayıram, elə hey var-gəl edirəm, elə hey həmin o ipucuna baxıb qulaqlarımda səslənən söhbətin dərinliklərinə gedirəm. Elə bir dərinliyə ki, oraya işıq salmaq yalnız məşəl kimi yandırıb əlimə götürdüyüm ürəyin gücü daxilindədi. Ürəksiz o qaranlığı işıqlandırmaq, inanmıram ki, kiməsə qismət olsun, kiminsə gücü çatsın. Ümumiyyətlə, istənilən heç bir iş öz nəticəsini vermir, o şərtlə ki, ürək sənin özünə aid olsun, sənin ixtiyarında olmasın.
   
   İş gününün sonu idi. Günortadan pozulmuş əhvalım heç rahatlıq tapmırdı. Bu da məni həm əsəbləşdirir, həm də niyə belə olduğumun səbəbini tapa bilmədiyimdən həm də kobudlaşdırırdı. Çünki özüm özümün ixtiyarından çıxmışdım. İş yerindəki normal mühit, insanlarla səmimi münasibət, hətta bir-birimizin qayğısına qalmaq, bir-birimizin sevincində iştirak etmək, ən doğma adamlar kimi bir-birimizi öpüb təbrik etmək g bir ənənə halını almışdı. Bax, belə bir şəraitdə kənardan nəyinsə fərqli görünməsi, nəyə isə irad tutulması açığı məni aciz duruma salmışdı. Mən adi olan bir gerçəkliyi izah etmək, başa salmaq zorunda qalmışdım. Lakin bu istəməyənlərin, işi-gücü kimlərəsə yarınmaq olanların ürəyincə deyildi və mən də buna əsəbləşirdim. Elə bu əsəbin içərisində çapaladığım anda iş telefonuma zəng gəldi. Çox doğma bir dost, əziz bir insan idi.
   
   Özünəməxsus olmayan bir səslə salamlaşdı, görüşə bilməyəcəyini deyib, "söhbətimiz sabaha qalsın" söylədi. Təbii ki, mən ona heç nə deyə bilmədim. Çünki son vaxtlar bəzi dostlar, hətta ailənin bəzi üzvləri özləri hansısa bir məsələdə qərarı da özü verir, icranı da özü gerçəkləşdirir. Mənə isə müşahidə etmək qalır. Bax, bu zəngdən sonra bir az da əhvalım pozuldu. Çünki mən bu dostumla dərdləşib bir az yüngülləşmək, bir az necə deyərlər, özümə qayıtmaq istəyirdim, amma alınmadı. Əksinə, əsəb də, gərginlik də bir qədər də artdı...
   
   ... Gözlərimin içinə baxa-baxa danışırdı. O danışır, mən dinləyirəm. Əslində kimsə kənardan məni müşahidə etsə görər ki, mən onu dinləmirəm... mən onun dedikləri hadisənin içərisinə daxil oluram...onun dediklərini yaşayıram, iştirakçıya çevrilirəm... o danışır, mən isə...
   
   Telefonuma mesaj gəldi. Tanımadığım bir nömrədən idi. Açıb oxudum. Yazılanlar məndə həm maraq, həm təşəkkür, həm də anlaya bilmədiyim bir hiss yaratdı. Elə bil ki, bu sözlər mənim ən yaxın adamımdan eşitdiyim, umduğum sözlər idi. İçimdə oyanmış həmin hiss mənə çox ecazkar bir səhnənin, romantik bir mənzərənin elementlərini xatırladırdı. Ona görə də öncə tanımadığım bu nömrəyə cavab olaraq təşəkkürümü çatdırıram. Və beləcə bir neçə saatın içərisində dalbadal mesajlar gəldi. Artıq ikinci mesajdan nömrəni tanımışdım, yaddaşım köməyimə çatmışdı. Tam səmimiyyətim və əminliyimlə bilmişdim ki, mənə ismarıclar göndərən xanım mənim canımdan artıq sevdiyim, güvəndiyim, varlığına və ürəyinə and yeri kimi baxdığım, özümə pir saydığım həmin o xilaskar mələk idi. Bütün yazışmalar onun təşəbbüsü ilə başlasa da, mənə məndən əziz olan sonda məni sevgiyə, yəni ona xəyanət etməkdə günahlandırdı. Bu günah damğası bir yalançı, bir riyakar, bir fürsət oğrusu kimi ürəyimə sancıldı. Anlaya bilmədim ki, qarşılıqlı bir sevginin gücü, dözümü bu qədər imiş?!. Yəni iki sevənin bir-biri ilə yazışması üçüncü şəxs olmadan günah səviyyəsinə, xəyanət səviyyəsinə yüksəlib...
   
   O danışır, telefonundakı mesajları bir-bir oxuyur və hər cümlədən sonra da titrəyən səsi, titrəyən əlləri qan hopmuş gözləri məni həm vahimələndirir, həm düşündürür, həm də elə onun özü qədər də sarsıdırdı. Tanıdığım bu insanların çox kiçik bir zarafatının sonda ayrılmaq mərtəbəsinə gəlib çatması gülünc olduğu qədər də ağlasığmaz və dözülməz idi. İnana bilmirdim ki, bir-birlərini özləri qədər tanıyan, bir-birlərinə ümid, inam, can, könül dostu olan insanlar nədən bir telefon mesajının qurbanlarına çevrilirlər. Özü də üzbəüz durmadan, danışmadan, baş verənləri çözmədən yenə elə həmin o namərd telefonla mesajlar göndərməklə...
   
   O danışır, mən baş verənlərin içərisində çabalaya-çabalaya düşünürəm. Artıq düşünməkdən yorulan, ağrıyan başım, ürəyim partlamaq məqamına gəlib çatanda içimdən misralar gəlib keçir. Doğrudu, bu misralar nə onu, nə də məni xilas etmir. Amma yazıram:
   
   
   
   ətrafda
   
   baş verənlər
   
   və onun da
   
   içində
   
   başımıza gələnlər
   
   bəlkə də
   
   alın yazım
   
   bəlkə də
   
   təsadüfdü...
   
   amma
   
   bütün bunları
   
   dərk etmək
   
   damla-damla
   
   ürəyinə köçürüb
   
   varlığından keçirmək
   
   sənə özüntək
   
   doğma
   
   sənə zaman tək
   
   uzaq
   
   dözümlü
   
   lakin inad
   
   və çılğın
   
   bir adamla
   
   ikilikdə
   
   üzbəüz
   
   çözmək
   
   görən mümkündü?..
   
   yoxsa...
   
   baş verənləri
   
   axarına buraxmaq
   
   bu axarın içində
   
   ilahi sevgin olan
   
   bir damlanı axtarmaq
   
   vuruşub öz-özünlə
   
   tapdalanan gerçəyi
   
   canının acısına
   
   qanının bahasına
   
   başın üstə qaldırıb
   
   ortalığa çıxarmaq...
   
   sadəcə
   
   göstərmək ki,
   
   bu sevgidə
   
   kim kimdi?
   
   və
   
   kim
   
   sevginin özü
   
   və
   
   kim
   
   ona hakimdi
   
   kim sevginin
   
   məkumu
   
   kim sevməyə
   
   məhkumdu?..
   
   
   
   ***
   
   Ürək dostum yaşadıqlarını mənə danışır, nə edəcəyini, sonunun nə olacağını müəyyənləşdirə bilmədiyini dilə gətirir və sonra da pərişan-pərişan bildirir ki, sənə də etibarım yoxdu, danışdıqlarımı götürüb yazacaqsan. Onsuz da sevgidən yazmaq üçün əldən-ayaqdan çıxırsan. Bu da sevgi! Yaz, amma kişi kimi düzünü yaz. Nə məni qaldır göylərə, nə də onu... nə mənə toxun, nə də ona. Yaşadığım sevgini, məni yaşadan sevgini, bizi qovuşduran və bizi hamıdan gizlənməyə məcbur edən sevgidən yaz!..
   
   Bəli, onun səsi də, hökm şəklində dediyi sözlər də mənə çox doğmadı. Bir vaxtlar mən də acıların, tərəddüdlərin içərisində çabalayanda az qala Tanrıya da, mənim üçün sevgi adlanan o gözlə görünməyən, əllə toxunmağın mümkün olmadığı varlığın Allahı saydığım Füzuliyə də, elə Məcnuna da, Leyliyə də etiraz etmişəm, asi olmuşam. Lakin sonda sevgim özündə güc tapıb, gerçəkliyin onun tərəfində olduğunu dərk edib və ayağını yerdən üzməyib, yaşadığı kimi məni də yaşadıbdı. Yəqin ki, bütün sevənlərin arasında bir iynə ucu boyda olsa da nə vaxtsa kiçik bir inciklik olubdu. Bax, mən də onları keçmişəm. Amma dostumun yaşadığı sevgi məndə tamam fərqli duyğular yaratdı, fikirlər oyatdı. İnanın ki, özümü onun yerində hiss etdim. Onun nə çəkdiyini, hansı acını ürəyinə yüklədiyini öz varlığımda duydum. Hətta özümdən asılı olmadan əlimlə ürəyimi sıxmağa çalışdım, lakin bacarmadım. Çünki ürək özümdə deyildi axı. Özündə olmayan ürəyin ağrısını necə ovuda bilərdim ki?
   
   Yadıma bir qəribə məqam düşdü. Onun da elə özü kimi qəribə tarixi var. Bir dəfə öz-özümə qərar verdim ki, bu şəhərdən, bu adamlardan bircə addım da olsa uzağa gedəcəm. Elə bir uzaqlığa ki, orda duyğularımdan, sevgimdən başqa bir kimsə olmasın. Şalvarımın balağını dizimə qədər çırmayıb dənizin qumlu sahili ilə əlindən tutub gəzdirəcəm həmin sevgimi. Bənövşə dərməyə, bulaq suyu içməyə, şəlaləni seyr etməyə aparacam o sevgini yaşadan ürəyi...həmin düşüncələrlə də günləri, ayları yola verə-verə ömrü baltalamışam. Bir də görmüşəm ki, dilə tutub razılığını aldığım sevgi mənim bu ümidimin, bu istəyimin gerçəkləşməsi üçün qərar verə bilmir, ləpələr kimi sahilə toxunub geriyə qayıdır. Mən isə bütün ətrafda baş verənləri öz ünvanıma qarğış kimi, irad kimi, güllə yağışı kimi qəbul edirəm. Elə o iradların, o qarğışların qoynunda da əriyib tükənirəm və yazıram:
   
   
   
   canımda
   
   qarğış gəzdirirəm
   
   ətrafımda
   
   qar, qış...
   
   deyirsən mən
   
   bir sevgi
   
   qatiliyəm
   
   mənə
   
   bir damla
   
   olsa belə
   
   alqış düşmür-
   
   alqış...
   
   boylanıb
   
   yollara
   
   diqqət ayırıb
   
   telefonlara
   
   heç bir
   
   səsdə
   
   hətta
   
   quru nəfəsdə
   
   gəzmə
   
   gözləmə
   
   üzdən tanıdığın
   
   qatili-
   
   sən öldürülən
   
   sevgini
   
   ruhsuz cismi!..
   
   mən isə
   
   qazandığım
   
   qatil ismini
   
   ömrü boyu
   
   daşıyacaq
   
   günahsız biri...
   
   necə ağlayacaqsan
   
   ortada qalan
   
   bu cinayəti
   
   və qatili!..
   
   
   
   ***
   
   Hə, mən əslində nələr yazdığımın fərqində deyiləm. Ona görə ki, bu yazdıqlarım məni ovqatına kökləmiş dostumun yaşadığı sevgi dramının müxtəlif anlarıdı. Yəni bu bir gerçək hadisənin, faktın tələm-tələsik, adda-budda qəzet səhifəsində görünməsidi. Deməli, bütün yazılanların fonunda dostumun özü qədər mən də varam. Ən azı ona görə ki, onun sevgi dramı bir gerçəklik kimi məni bütünlüklə qoynuna alıb, mən o dramın iştirakçısına çevrilmişəm. Bilmirəm, bundan necə baş çıxaracam, ümumiyyətlə, bu yaşananlarda kimin hara qədər günahsız olduğunu, kimin hansı miqdarda, hansı ölçüdə günah daşıdığını sübut edə biləcəyəm?..
   
   Hə, bir də mən bütün bunların içərisində həyatı da görürəm. O həyatı ki, o mənə sevgimlə, ürəyimlə bağlı və bir də bu yazıya qədər yazdıqlarımla can bir qəlbdə nəyim varsa, hamısını qarşıma çıxarıb, mənimlə üzbəüz əyləşdirib. Elə bil ki, həyatımı görürəm, ona bir kino kimi baxıram, onu bir tamaşa kimi izləyirəm. Təəssüf ki, bu həyatı, bu kinonu dəyişmək mümkün deyil, o bir dəfə yazılıb, bir dəfə çəkilibdi. Yeni çəkilişlər yamaq olacaq. Həyatımın yamaqlı olmasını heç vaxt arzulamamışam, elə sevgimin də. Düşünürəm ki, yazdığım son yazılarımın oxucuları məni anlayacaq, nə demək istədiyimi göydə tutacaq və biləcək ki, sevgi özü boyda sevinc və kədər olmaqla bərabər həm də sınaqdı. Buradan dözümlülər, həqiqi sevənlər qalib çıxırlar. Hətta bunu etiraf etməsələr də, o qaliblər öz dünyalarının mütləq hakimi olurlar. Çünki ürək sevgi ilə döyünür, sevəni üçün, sevdiyi üçün yaşayır, çırpınır. O bütün dramlarda haqlıdısa, sınmır, çat vermir. Təəssüf ki, həmişə belə olmur. Bəzən dözümsüzlük böyük sevgini sual qarşısında qoyur. Dostumu sual qarşısında qoyduğu kimi. Mən isə həm ona, həm də bütün sevənlərə üzümü tutub yazıram:
   
   
   
   ürəyim yenə çəngəldə
   
   canım od-ocaqdı, gülüm
   
   başıma indi gələn də-
   
   yəqin olacaqdı, gülüm...
   
   
   
   heyrətin atı yüyrəkdi
   
   sevginin canı kövrəkdi
   
   sənin qırdığın ürəkdi-
   
   susub solacaqdı, gülüm...
   
   
   
   yağan suallar içində
   
   yer var cavablar üçün də
   
   nə qədər sıxsan- üçümdə
   
   gözün dolacaqdı, gülüm...
   
   
   
   Özünüz düşünün, bu dramın günahkarını özünüz mühakimə edin. Mən özüm öz dramımı onsuz da yaşayıram.

TƏQVİM / ARXİV