YAŞAMAQ iSTƏYiRƏM...

FAİQ QİSMƏTOĞLU
21328 | 2011-08-27 01:33
...Həyat çox şirindi. O qədər şirindi ki, insan nə qədər yaşasa da, yenə onun gözəlliyindən, əsrarəngliyindən və şirinliyindən doymaq bilmir. Bəzən deyirlər ki, filankəsin 100 yaşı var, dünya ondan bezib, hələ o dünyadan doymayıb. İnanmıram ki, hər hansı insanın 100 yaşı, 120 yaşı, 150 yaşı olsa belə o, bu dünyanın gözəlliyindən doya bilsin...
   
   Elə insanlar var ki, onlar 50 il də yaşasa, 70 il də yaşasa, lap 100 il də yaşasa bu dünyada böyük izlər qoyub gedirlər. Yəni bu insanlar dünyasını dəyişsələr də, onlar zamanından və məkanından asılı olmayaraq, həmişə sağdılar, dostlarının, qohumlarının aralarındadılar. Əgər rəhmətə gedən adamı kimlərsə əməlinə görə tez-tez xatırlayırsa, xeyridə, şərdə və ən nəhayət, hər an yaddan çıxmırsa, bu insanlar ölməz adamlardı...
   
   Çox qəribədi ki, məni bu yazını qələmə almağa vadar edən unudulmaz müəllimim, gözəl ziyalı, yazıçı və filologiya elmləri doktoru, professor Qulu Xəlilovla bağlı televiziya kanallarının birində hazırlanmış bir veriliş oldu. Sən demə, bu yaxınlarda rəhmətlik Qulu Xəlilovun doğum günü imiş. Qulu müəllim heç kimə bənzəməyən, heç kimə oxşamayan dağdan ağır və ağayana bir kişi olub. Qulu Xəlilov deyəndə bizim gözümüzün qabağına Azərbaycanın başı qarlı uca dağları gəlir, sal qayalar yadımıza düşür, çağlayan çayları xatırlayırıq. Çünki Qulu müəllimin sözündə, söhbətində, danışığında həmişə uca dağların əzəmətini, çağlayan çayların şırıltısını, yaylaqlardakı çiçəklərin, gülün ətrini hiss eləmişik. O kişi danışanda sözündən bal damırdı və danışığından heç vaxt doymaq olmurdu...
   
   Biz tələbə olanda Qulu Xəlilovun mühazirələrini səbirsizliklə gözləyirdik. Professor böyük Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşfiqi... bizə elə sevdirmişdi ki, elə izah eləmişdi ki, heç yerdə bu böyük şəxsiyyətlər haqqında eşitmədiklərimizi və bilmədiklərimizi ondan eşidirdik. Bəzən saatlarla Hüseyn Cavidin dramaturgiyasından, fəlsəfi dünyasından söhbət açar, elə açıqlamalar verərdi ki, diqqətimiz bir dəqiqə Qulu müəllimdən uzaq düşməzdi.
   
   Auditoriyaya girərdi və sonra da özünəməxsus bir görkəm alıb qaşları çatılardı. Sonra da deyərdi ki, əgər mən sizi "kəsmək" istəsəm bu su içim kimi bir şeydi. Deyərəm ki, gedin "Şamo"nu başdan-ayağa oxuyun. Amma sizə deyirəm ki, Hüseyn Cavidi oxumasanız, Əhməd Cavadı tanımasanız, Mikayıl Müşfiqi öyrənməsəniz, Süleyman Rəhimovu bilməsəniz gələcəkdə axsayacaqsınız. Yazı-pozu adamı əlinə qələm götürüb nə isə yazmaq istəyən bütün gənc ədibləri, o cümlədən adını sadaladığım yazarları tanımalıdı. Bunları oxumayan, bunları öyrənməyən tələbəyə barmağımı kəssələr də qiymət yazan deyiləm.
   
   Biz Qulu müəllimin səmimiyyətinə və bütövlüyünə inanırdıq. İnanırdıq ki, Qulu müəllim sözünün yiyəsidi və universitetdə sayılıb-sevilən beş-on tanınmış ziyalıdan, professordan biridi. Biz tələbə olanda Qulu müəllim həmin yazıçıların hamısının əsərlərini bizə oxutdurdu. İmtahan da götürəndə dedi ki, bax, indi sizdən xoşum gəlir, dediyim yazıçıların, şairlərin əsərlərini oxumusunuz. İndi məni söysəniz də, gələcəkdə özünüz də söz adamı olanda görəcəksiniz ki, o oxuduqlarınız sizin köməyinizə çatır və dadınıza yetir. Bax, onda mənim ölənlərimə rəhmət oxuyacaqsınız. Bu gün biz - Qulu müəllimin tələbələri həm onun ölənlərinə və həm də özünə rəhmət oxuyuruq. Rəhmət oxuyuruq ki, nə yaxşı biz tələbə olanda Qulu Xəlilov bizi sıxdı, məcbur etdi ki, o yazarların hamısının kitablarını oxuyaq. Bu gün az-çox nə qazanmışıqsa və bir balaca yazıb-poza biliriksə, Qulu müəllim kimi insanların köməyi nəticəsində nəyə isə nail olmuşuq. Buna görə bir daha müəllimimizin ruhu qarşısında baş əyirik...
   
   Qulu müəllimi ilk dəfə qəbul imtahanı zamanı görmüşdüm. Heç onda tanımırdım ki, o, "Yaşamaq istəyirəm" povestinin müəllifi Qulu Xəlilovdur. Azərbaycan Dövlət Universitetinə qəbul imtahanı verəndə Azərbaycan dili və ədəbiyyatdan inşa yazarkən imtahanı Qulu müəllim götürürdü. Mən də fikirləşdim ki, yazıya başlamamışdan öncə pozanı, lezvanı hazır vəziyyətdə qoyum ki, səhv eləyəndə onlardan istifadə edim. Artıq ağlama və qaralama vərəqlər bizə paylanmışdı. Mən də elə oldu ki, lezvanı çıxaranda əlimi kəsdim və qan ağ vərəqlərin üstünə töküldü. Bunu görən Qulu müəllim təcili həkim çağırdı. Həkimlər məni auditoriyadan çıxarıb qonşu otaqda yaralı barmağıma yod vuraraq sarıdılar və sonra da auditoriyaya qayıtdım. Artıq abituriyentlərin çoxu inşanı yazmağa başlamışdı. Qulu Xəlilov diqqətlə mənə baxdı və dedi ki, ay oğul, əlini kəsmisən, barmağını da sarıyıblar, başla yazmağa da, nəyi gözləyirsən? Bəlkə sənin əvəzinə inşanı mən yazacam? Təbii ki, mən bir qədər sıxıldım və sonra hər şey bərpa olundu. "Nizami Gəncəvinin əsərlərində əməkçi insan surətləri" mövzusunda olan inşanın ilk cümlələrini yazdım. O, asta addımlarla gəlib yanımdan keçdi. Gördu ki, yazmağa başlamışam və çöhrəsində bir təbəssüm yarandı. Sonra da mənim yanımdan keçib digər abituriyentlərə göz qoydu. Göz qoyurdu ki, kim köçürür, kim köçürmür. 40 dəqiqədən sonra mövzunun həm ağlamasını, həm də qaralamasını başa çatdırıb yazını Qulu Xəlilova təqdim etdim. Elə bildi ki, yarımçıq qoyub gedirəm, amma görəndə ki, inşanı yazmışam və hamıdan tez başa çatdırmışam, onda Qulu Xəlilovun çöhrəsindəki təbəssüm bir qədər də artdı. Dedi ki, sən bu kəsili barmaqla inşanı hamıdan tez yazmısan, elə buna görə də sənə hər şey halaldı. İnşadan "4" aldım və sonra da o biri imtahanlardan "5" alıb jurnalistika fakültəsinə qəbul oldum.
   
   Həmin hadisə Qulu müəllimin də yadından çıxmamışdı. Həmişə mühazirədə tez-tez yada salırdı ki, mənim bu tələbəm qan içində inşanı hamıdan tez yazdı. Elə ondan sonra da Qulu müəllimlə dostlaşdıq. Qulu müəllim tək mənim dostum deyildi. Qulu müəllim bütün yaxşı oxuyan tələbələrin dostuydu, atasıydı, qardaşıydı və ən nəhayət arxasıydı. O heç vaxt başqa müəllimlər kimi tələbəni incitməzdi və tələbəyə öz balası kimi yanaşardı. Deyərdi ki, mən də çox çətinlik görmüşəm, əziyyət çəkmişəm. Əziyyət çəkən və kitab oxuyan uşaqları çox istəyirəm, onlara ürəyimi də verərəm...
   
   Qulu müəllim bizə sovet ədəbiyyatından dərs deyirdi. Yəni Mikayıl Müşfiqdən, Əhməd Cavaddan, Hüseyn Caviddən mühazirə oxuyurdu. Heç vaxt onun mühazirəsindən doymazdıq. Çünki bayaq dediyim kimi, o qədər məlahətli, o qədər şirin və o qədər gözəl danışırdı ki, danışığından bal damırdı. O baldan heç vaxt doymaq olmurdu. O balın dadı bu gün də "damağımızdan" getmir. Adam inana bilmir ki, Qulu Xəlilov kimi böyük bir alim, yazıçı bu gün aramızda yoxdu. "Nəsimi" kinosunda belə bir epizod var: Nəimini edam edirlər, şagirdləri baxıb ağlayır. Nəimi isə deyir ki, mənim beynim, ruhum sizinlədi, gedən cismimdi. Qulu Xəlilov da öz beynindəki bütün işığı, nuru tələbələrinə ötürmüşdü. Və o işıq, nur bu gün də tələbələrinin beynində, ürəyindədi...
   
   Ümumiyyətlə, universitetdə biz tanıdığımız dövrdə barmaqla sayılası dörd-beş qeyri-adi mühazirə aparan professor olub. Onlardan yadımızda qalan Bəxtiyar Vahabzadə, Şamil Qurbanov, Qulu Xəlilov, Pənah Xəlilov, vallah bir də bilmirəm kim idi. Bu professorların mühazirələrində onların tələbələrindən çox kənardan gəlib bu mühazirələrə qulaq asmaq istəyənlər daha çox idi. Bu da onunla bağlı idi ki, onlar tək mühazirə demirdilər, həm də insanlara həyatın yolunu göstərirdilər, yaşamağın yerini deyirdilər, mübarizə aparmağın formalarını bildirirdilər. Ona görə də bu böyük insanların mühazirələrindən heç vaxt doymaq olmurdu. Necə doymaq olardı?! Bəxtiyar müəllimin şirin danışığı, Qulu müəllimin əzəmətli dağ vüqarı, Şamil müəllimin qeyri-adi fikirləri, Pənah müəllimin ədəbiyyatla bağlı fəlsəfi düşüncələri bizi qeyri-adi bir auraya salırdı. Onların mühazirəsinə qulaq asandan sonra içimizə işıq gəlirdi və dünyanı tamamilə başqa bir rəngdə görürdük.
   
   Qulu Xəlilov onlarla elmi kitabın, yüzlərlə məqalənin və bir neçə povestin müəllifidi. Biz tələbə olmamışdan Qulu Xəlilovun "Yaşamaq istəyirəm" povestini sətir-sətir oxumuşduq. Onda məəttəl qalmışdıq ki, insan nə qədər dözümlü və iradəli olmalıdır ki, altı dəfə ağır cərrahiyyə əməliyyatına tab gətirsin. Qulu müəllimin özü də danışırdı ki, bu ağır cərrahiyyə əməliyyatları zamanı mələklər də insanın başının üstünü kəsdirirsə, adam hər şeyi unudur və ölümlə-qalım arasında vuruşur. Qulu müəllim çox mübariz, iradəli və eyni zamanda, ədalətli adam idi. O heç kimin haqqını tapdalamaz və heç kimin toyuğuna kiş deməzdi.
   
   Onun "Ədəbiyyat və incəsənət" qəzetində "Dekan dekan olsa..." sərlövhəli yazısı dərc edilmişdi. İnanın, yazı o vaxt böyük əks-sədaya səbəb olmuşdu. Qulu müəllim həmin yazıda tələbə-müəllim münasibətindən danışırdı. O, tələbəni müdafiə edirdi, yaxşı oxuyanın haqqını özünə qaytarmaq istəyirdi və tələbəni incidən müəllimlərə üsyan edirdi. O vaxt hər kişinin işi deyildi ki, müəllimi qoyub tələbəni müdafiə etsin. Amma Qulu müəllim əzazil, tələbəni incidən müəllimləri mühakimə edir, onları haqqın yoluna qaytarmaq istəyirdi. Qulu müəllim harda olubsa, harda işləyibsə, orda həmişə halallıq, haqq-ədalət olub və işə vicdani münasibət bəsləyib.
   
   O, bizə 70-ci illərdə böyük dərs verdi. O, bizə oxumağı, yazmağı, böyük yazıçıları tanımağı öyrətdi. Və ən nəhayət, Qulu Xəlilov bizim beynimizə və ürəyimizə millət sevgisi toxumunu səpdi. O sevgi zaman-zaman cücərdi, yaşıllaşdı və günlərin birində günəş kimi parladı. Heç kimin deyə bilmədiyi və heç kimin cəsarət eləmədiyi fikirləri biz tələb olanda Qulu Xəlilov bizə dedi...
   
   Qulu müəllim tək öz qohum-əqrəbasının, elinin-obasının və ailəsinin kisəsindən getməyib. Qulu Xəlilov Azərbaycan xalqının kisəsindən gedən ziyalı, alim, professor və yazıçıdı. Oğlu televiziyada hazırlanan verilişdə dedi ki, atam bizdən xahiş etmişdi ki, onu öz atasının yanında - qayaların arasında dəfn edək. Düzdü, Qulu müəllim qayaları, dağları, dənizi, çayı sevən adam idi. Hansı ki, tanınmış ziyalı olduğuna görə, Qulu Xəlilovu ikinci Fəxri Xiyabanda dəfn elmək istəyirdilər. Amma rəhmətlik Qulu Xəlilovun vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb onu öz atasının yanında - Xəzər rayonunun Şağan qəsəbəsindəki qəbiristanlıqda dəfn etdilər...
   
   Beləcə, dağlardan, qayalardan və yarğanlardan danışmaqdan doymayan insan son mənzilə də elə o qayaların arasında yola salınıb. Çünki Qulu müəllim özü də dağ kimi vüqarlı, qaya kimi əzəmətli olub. Sal qaya kimi o həmişə belə əzəmətli olacaq və ordan dünyanı təmiz baxışları ilə seyr edəcəkdi. Bu baxışlar isə heç kimin yadından çıxmayacaq. O baxışlarınsa nə dediyini onu tanıyanlar, onu duyanlar və onun tələbələri daha yaxşı bilirlər...

TƏQVİM / ARXİV