adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 May 2015 21:45
1739
MƏMLƏKƏT
A- A+

Evlənənlər bu müəssisələrdə tibbi müayinədən keçəcəklər

Bu gün Azərbaycan dövlət Həkimləri Təkmilləşmə İnstitutunda Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib. 


Adalet.az xəbər verir ki, iclasda Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov nikaha daxil olmaq istəyən şəxslərin Talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməli olduğu haqda danışıb. 

Şöbə müdiri vurğulayıb ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Ona görə də tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir:

"Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin bilavasitə rəhbəri tərəfindən həyata keçirilməlidir.

Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur”.

Qeyd olunub ki, arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir. Tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra iki həftədən gec olmayaraq verilməlidir və veriləcək tibbi arayışın etibarlılıq müddəti bir aydır.

Bu tədbirləri Azərbaycan Respublikasının regionlarında Mərkəzi Rayon Xəstəxanaların və ya Şəhər Xəstəxanalarının, Şəhər Səhiyyə Şöbələrinin əvvəlcədən müəyyən edilmiş tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayonda təyin olunmuş poliklinikalar, Hematologiya və Transfuziologiya İnstitutu, Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcəklər.

Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələri yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunublar. Götürülmüş qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün Xüsusi Qan Xidməti avtomobilləri ayrılmış və marşrutları müəyyən edilib.