adalet.az header logo
  • Bakı 21°C
29 May 2015 17:19
3939
ƏDƏBİYYAT
A- A+

Mərakeş Krallığının səfiri Tərcümə Mərkəzində olub

Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Tərcümə Mərkəzindən Adalet.az-a bildirilib ki, mərkəzin direktoru Afaq Məsud qonaqlara qurumun fəaliyyəti, qısa müddət ərzində gördüyü işlər, beynəlxalq əlaqələri barədə qısa məlumat verərək, burada ərəb ədəbiyyatına və mədəniyyətinə böyük maraq göstərildiyini də diqqətə çatdırıb. 

Bildirib ki, son aylar Tərcümə Mərkəzinin nümayəndə heyəti Londonda, Budapeştdə, Çexiya Mədəniyyət Nazirliyinin rəsmi dəvəti ilə Praqada, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun dəvəti ilə Turində keçirilən beynəlxalq kitab sərgilərində iştirak edib. Bu ölkələrdə Azərbaycan həqiqətlərinə, həmçinin respublikada gedən sürətli inkişaf proseslərinə dair kitab, buklet və məcmuələrin təqdim edilməsi ilə yanaşı, qarşılıqlı ədəbiyyatların tərcüməsi və nəşri, dilimizin tədrisinin təşkili, ölkəmizin qədim əraziləri, əlifbası və mədəniyyəti ilə bağlı kitabxanalarda saxlanılan sənəd və materialların, xəritə və atlasların surətinin əldə olunmasına dair danışıqlar aparılıb, müqavilələr bağlanılıb.

A.Məsud rəhbərlik etdiyi qurumun müvafiq istiqamətdə ərəb ölkələri ilə də sıx əməkdaşlıq qurmaq niyyətində olduğunu vurğulayıb. O deyib: "Ərəb dünyası bizim üçün, ilk növbədə, Məhəmməd peyğəmbərin dünyası, ərəb dili isə müqəddəs Qurani-Kərimin dilidir. Müasir ərəb yazıçı və şairlərinin əsərlərini Azərbaycan dilinə, həmçinin bizim ədəbiyyat nümunələrimizi bu dilə tərcümə edərək ərəb dünyasına tanıtmaq Tərcümə Mərkəzinin həyata keçirməyi nəzərdə tutduğu əhəmiyyətli layihələr sırasındadır. Bununla bağlı biz ölkəmizdə fəaliyyət göstərən səfirlərlə görüşür, müxtəlif formatlı layihələri müzakirə edirik. Sizinlə isə həm də bir yazıçı kimi, xüsusən Azərbaycan və azərbaycanlılar barədə yazıb-yaradan ədib kimi görüşməyi vacib hesab etdik”.

Səfir Həsən Hami qeyd edib ki, xalqları bir-birinə tanıdıb yaxınlaşdıran, dost və qardaşlıq münasibətlərini bərqərar edən əlaqələrdən ən önəmlisi ədəbiyyatdır. Azərbaycanı və azərbaycanlıları çox sevdiyini dilə gətirən səfir ölkəmizdə işlədiyi müddətdə diplomatik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olduğunu söyləyib. H.Hami Bakı, İçərişəhər, habelə Azərbaycan qadınları barədə ingilis, fransız və ərəb dilində yazdığı əsərlərin dünyanın bir çox ölkələrində nəşr olunduğunu deyib. Bildirib ki, Azərbaycan xalqının malik olduğu gözəl adət-ənənə onu daha yaxından tanımağa imkan yaradır. Ədəbiyyat da belədir. Xalqlar bir-birini yalnız ədəbiyyat vasitəsilə dərk edə və sevə bilər. Azərbaycan ədəbiyyatının ərəb dünyasına tanıdılmasını vacib addım hesab edən qonaq bu işdə səfirliyin köməyini əsirgəməyəcəyini deyib.

Sonda səfir Tərcümə Mərkəzini bu ilin oktyabr ayında Mərakeşdə keçiriləcək Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət edib.