adalet.az header logo
  • Bakı 20°C
29 May 2015 16:07
2764
MƏMLƏKƏT
A- A+

Avstraliyada 28 May-Respublika Günü qeyd edilib

28 may 2015-ci il tarixində Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 97 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyi tərəfindən Kanberra şəhərində "Hellenic Club” da təntənəli ziyafət təşkil edilmişdir. Tədbirdə əsas qonaq qismində Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Protokol xidmətinin rəisi cənab Kris Kannan (Chris Cannan) həmçinin, Avstraliya Federal Parlamentinin üzvləri Alan Qriffin, Toni Zappia, Luk Simpkins, Bryus Skott , Rik Vilson, Maykl Makkormak, Qland Lazares, Avstraliya Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, Avstraliyanın aparıcı dövlət və özəl şirkətlərinin, tədqiqat mərkəzləri və universitetlərin nümayəndələri, Avstraliyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Avstraliya kütləvi informasiya vasitələrinin nümayəndələri, Avstraliyada yaşayan və təhsil alan azərbaycanlılar da daxil olmaqla ümumilikdə 250 nəfərə yaxın qonaq iştirak etmişdir. Tədbir Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Əsas qonaq Avstraliya hökuməti adından Azərbaycan xalqını və Prezidentini Respublika günü münasibəti ilə təbrik etmişdir. Tədbiri giriş sözü ilə Fövqəladə və Səlahiyyətli Səfir R.Cəmşidov açmışdır. R.Cəmşidov çıxışında ADR-in yaranma tarixi haqqında danışmış, onun qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Azərbaycanın dövlət quruculuğunda oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat vermişdir. 70 illik fasilədən sonra Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən Səfir, müstəqilliyin ilk illərində böyük çətinliklərə baxmayaraq, xalqımızın bu çətinlikləri uğurla aradan qaldıra bilməsindən bəhs etmiş, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, iqtisadi artım göstəriciləri haqda qonaqlara məlumat vermişdir. R.Cəmşidov iqtisadi nailiyyətlərlə bərabər Azərbaycan Respublikasının digər sahələrdəki uğurlarını da mərasim iştirakçılarının diqqətinə çatdıraraq cari ilin iyun ayında ilk Avropa oyunlarının Bakı şəhərində keçiriləcəyini qeyd etmişdir. Çıxışının sonunda Səfir Azərbaycan və Avstraliya arasındakı ikitərəfli əlaqələrdən bəhs edərək, ölkəmizin Avstraliya ilə müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulamışdır. Eyni zamanda o, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə toxunaraq, bunun Azərbaycanın, eləcə də bütün regionun hərtərəfli inkişafına ciddi şəkildə mənfi təsir göstərdiyini təəssüflə qeyd etmişdir. R.Cəmşidov Azərbaycanın dünya ölkələrindən problemin həllində qəti, ədalətli mövqe gözlədiyini vurğulamış və təcavüzkar ölkənin təcavüzə məruz qalmış ölkədən fərqləndirilməsinin zəruri olduğunu bildirmişdir. Daha sonra fəxri qonağın və diplomatik korpus rəhbərlərinin iştirakı ilə Respublika günü münasibətilə hazırlanmış bayram tortu kəsilmiş və tədbir iştirakçıları ziyafət şamına dəvət edilmişlər. Ziyafətdə qonaqlara müxtəlif yeməklərlə yanaşı, Azərbaycan mətbəxinin nümunələri də təqdim edilmişdir. Tədbirdə Brizben şəhərində fəaliyyət göstərən Azərbaycan diasporasının üzvü Emin Tağıyevin rəhbərlik etdiyi "Tagiev music scholl”un üzvlərindən ibarət kvartet Ü.Hacıbəyov, Q.Qarayev, T.Quliyev, A.Zeynallı və s. bəstəkarların əsərlərindən ibarət proqram ifa etmiş, eyni zamanda Melburn şəhərində yaşayan Azərbaycan diasporasının aktiv üzvü Eldar Rubinovun şəxsi kolleksiyasına aid azərbaycanlı rəssamların rəsm əsərləri qonaqlara nümayiş etdirilmişdir. Ziyafət zamanı ilk Avsropa oyunlarının video təqdimatı olmuş, daha sonra Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını, mədəniyyətini özündə əks etdirən müxtəlif video çarxlar nümayiş etdirilmişdir. Bundan başqa tədbirə qatılmış qonaqlara "İRS-Heritage”, "Vision of Azerbaijan”, Avropa oyunlarına həsr olunmuş açıqcalar, həmçinin 28 may günü "Baku to host inaugural European Games” adlı məqalənin dərc olunduğu "Canberra Times” qəzeti paylanılmışdır.