adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Dəyərmi?

İNTİQAM VALEHOĞLU
22690 | 2011-08-24 11:38
Hər dəfə ölkə mətbuatı haqda tənqidi fikirlər səslənəndə bir jurnalist kimi özümü çox pis hiss edirəm. Təəssüflənirəm ki, niyə jurnalistikamızın qızıl dövrü sayılan 70-80-ci illəri görməmişəm. Hərçənd ki, mən bu illəri heç də qızıl dövr hesab eləmirəm. Çünki sovet qanunlarının hər iki tərəfinin ülgüc kimi kəsdiyi dönəmdə peşakarlıqdan danışmaq yersizdir.
   
   Nəysə... məqsədim heç də nəsillərarası, yaxud da dövrlərarası müqayisə aparmaq yox, həmkarlarımızın qəzet səhifələrində, efirlərdə yer ayırdığı lazımsız mətləblərdən söz açmaqdır. Sual oluna bilər ki, əgər lazımsızdırsa, mən niyə bu haqda yazıram. Söhbət nədən gedir?
   
   Söhbət ondan gedir ki, bu gün jurnalistlərimiz üzdəniraq mövzulara, ərindən boşananlara, oriyentasiyası bilinməyənlərə daha çox yer və vaxt ayırır.
   
   Məsələn, bir şikayətçi əlində ərizə aylarla "X" qəzetinin redaksiyasında, "Y" televiziyasının qarşısında qaldığı halda bəzi dırnaqarası həmkarlarıımız gözlərini qırpmadan 68 yaşlı bir müğənninin sevgilisindən yazmağı lazım bilirlər. Hansı ki, indi bu adam həmin sevgilisindən və yaxın ətrafından başqa kiminçünsə maraqlı deyil. Sitat: "Bütün xanımlar hər yaşda sevir və sevilir. Mən də o cümlədən, sevirəm və sevilirəm. Bəli, sevdiyim var, lakin adını deməyəcəyəm!".
   
   Razıyam. Xanımlar hər yaşda gözəldirlər, sevilməyə layiqdirlər. Amma daha bu yaşda da arsız-arsız bunu reklam eləməyə nə hacət? Onsuz da hamı kimin kim olduğunu yaxşı bilir.
   
   Əlüstü digər bir yazıya baxıram. Xanım deputatlarımızdan biri saunada, yaxud da üzgüçülük hovuzunda gənc oğlanlarla çəkdirdiyi şəkili nümayiş elətdirir. Mənası varmı? Bilmirəm. Bəlkə də var. Amma mən anlamıram. Yazının köşə olduğunu nəzərə alıb, bir qədər yumoristik nota köklənə bilərdim. Amma hesab edirəm ki, belə ciddi məsələdə yumor artıqdır. Elə deputatın hamam xalatıyla mediaya çıxmasının özü bir yumordur da. Eləcə də 68 yaşlı Nənəman (kişi olsaydı qocaman deyərdim-İ.V) xalq artistini özündən gənc olan sevgilisindən, onun xaricdəki şirkətlərindən danışması...
   
   Başqa bir xəbərə baxıram-Azərbaycanlı modelin 3 toyu olacaq. Gözüm aydın! Onsuz da belələri üçün hər gün toydur da. Özü də deyəsən model xanım Türkiyənin tanınan aktyorlarından birinə ərə gedir və düz 3 gün 3 gecə toy olacaq. Üç günü başa düşdüm. Bəs 3 gecə?... Gecəsini özü bilər...
   
   Lütfən xəbərə baxın: Bir neçə ay öncə sevdiyi gənclə ailə qurub şou-biznesdən uzaqlaşan müğənni Bagira yenidən üzə çıxıb.
   
   Lent.az-a daxil olan məlumata görə, müğənni gözəllik salonlarının birində görünüb.
   
   Onun evliliyi cəmi iki ay davam edib. Yenidən öz çevrəsinə qayıdan Bagirada radikal dəyişiklik müşahidə olunub. Saçlarını belinə qədər uzadıb, xeyli arıqlayıb.
   
   Qeyd edək ki, ana olmağa hazırlaşdığı iddia olunan Bagira hamilə olduğu barədə xəbərləri də yalanlayıb.
   
   Məncə bu xəbərə şərh verməkdənsə susmaq daha məqsədəuyğundur. Nədən? Əgər xatırlayırsınızsa Bagira bir neçə il əvvəl mətbuata maraqlı bir açıqlama vermişdi. Daha doğrusu, guya ki, türklər bu xanımı aldatmışdılar. Məsələ necə olub? Xanıma zəng gəlir ki, sizi Türkiyədə pornofilmə dəvət edirik. Xanım da götür-qoy elədikdən sonra (özü belə deyir. Amma onun götür-qoya ehtiyacı varmı?-İ.V) razılıq verir və yollanır Türkiyəyə. Burda bir neçə gün pornofilmin məşqləri gedir. Hər halda pornofilmin məşqinin necə getdiyini izah eləməyə də ehtiyac yoxdur. Həmin bir neçə gündən sonra məlum olur ki. bu "rejissorlar" bir qrup türk gənciymiş. Sadəcə...
   
   Bax belə...

TƏQVİM / ARXİV