SEVGiSiZ iNSAN TACSIZ HÖKMDARDIR

ƏBÜLFƏT MƏDƏTOĞLU
37055 | 2011-08-20 10:34
Telefon susub - kirimir, səsi aləmi bürüyüb. Elə bil ki, istəyinə çatmaq üçün ağlayan uşaqdı, dincəlmək bilmir. Mən də telefonun səsinə qulaq asa-asa özümü unuduramg Yox, əksinə, özümü unutmuram, unutmaq istədiyim hər şeyin üstünə gedirəm. Amma bunu da bacarmıram. Çünki meydanda tək qalmışam. Bu təklik yalquzaq olmaq demək deyil. Bu təklik Bozqurdun üzünü göyə tutub ulaması kimi bir şeydi. Mən təkliyə, tənhalığa, Tanrının insana bəxş etdiyi hər şeyə qarşı dizimi yerə atıb, əlimi göyə açıb həmin o Bozqurdun son fəryadını ortaya qoymaq istəyirəm, baxsınlar, görsünlər, dinləsinlər...
   
   Öncədən üzümü dəyərli oxucularıma tuturam. Çox istəyirəm ki, məni bu yazıya qədər necə oxuyublar, necə anlayıblar, elə bu yazıda da o cür qəbul etsinlər. Çünki mən "Sirli zəng"dən bu yazıma qədər kifayət qədər bir zaman sahibi oldum. Həmin zamanda eşitdiyim telefon zəngləri, dinlədiyim fikirlər, oxuduğum mesajlar məni dəfələrlə özümlə üzbəüz qoydu. Elə bil ki, güzgünün qabağında dayanıb özümlə söhbət etdim. Hər söhbətin sonunda da qalib gələn SEVGİ oldu. O sevgi ki, o, bəşəridi. O nə bir insana aid deyil, nə dağa-daşa, nə ağaca, nə gülə, nə yarpağa. O sadəcə SEVGİDİ! Hər kəsin duyduğu, yaşadığı, dəyər verdiyi bir sevgi. Mən də o sevginin içində öz sevgimi arayıb - axatarıb tapdım və çalışdım ki, öz sevgimi hamının sevgisi kimi ortaya qoyum. İndi etiraf etməliyəm ki, mənim qəbul etdiyim, mənim anladığım, mənim duyduğum, mənim yaşadığım sevgi, sən demə hamının deyilmiş. Çünki mən dünyaya öz sevgimin gözü ilə, öz sevgimin mərtəbəsindən baxıram. Məsələn, mənim sevgim təkcə çiçəyin özü deyil, həm də onun ləçəkləridi, həm də onun üzərindəki şehdi, həm də onun üzərindəki arıdı, kəpənəkdi. Əgər onu insanlara şamil etsək, mənim sevgim təkcə hansısa bir qız, qadın deyil, həm də onun nəfəsidi, geyindiyi paltardı, sevdiyi rənglərdi, yerişidi, duruşudu, dilinə gətirdiyi sözlərdi, süfrədəki bəzəyidi, məclisdəki yeridi, toydakı oynamağıdı, yasdakı kədəridi. Bir sözlə, onun bütün varlığıdı.
   
   Bax, mənim bütün bu, hər şeyi özündə birləşdirən sevginin müqabilində oxuculardan aldığım ünvanlı-ünvansız mesajların ayrıca öz yeri var. Həmin o sirli zəngin sahibi mənə ünvanladığı məktubunda yazır:
   
    "Hər sözünüz, hər fikriniz mənə doğma və tanışdı. Elə bilirəm ki, özüm özümlə danışıram, özüm özüm haqqında hər şeyi açıb ortaya qoyuram. Və hətta bu qədər açıq-saçıq danışdığımdan sıxılıram da. Amma neyləyim ki, siz mənim ürəyimi də görürsünüz, həyatımı da, dediklərimi də, demək istədiklərimi də..."
   
   Bu günlərdə çox dəyərli bir yazarımızın "525-ci qəzet"də bir yazısı ilə rastlaşdım. Yazının sonunda həmin dəyərli müəllif, özü də sözü zərgər dəqiqliyi ilə sıralayan, yerində müəyyənləşdirən, yerində oturdan xanım yazıb: "Daha sevgilər də xəzinə sayılmır. Qadınlar da qədblərin sultanı deyil indi. Hər şey mənasını, məzmununu itirib. Mömin qibləsini itirdiyi kimi... Daha könüllərin səcdəsi, mehrabı başqa şeylərdi..."
   
   Oxudum, bir xeyli fikrə getdim və mənə elə gəldi ki, bu sözlərin müəllifi mənə qarşı qalxanını, qılıncını götürüb, hazır dayanıb. Və mən də tərəddüd etmədən həmin ünvan sahibinə telefon açdım. Təkcə yazdıqlarımı yox, həm də düşündüklərimi dedim. O da özünəməxsus bir şəkildə:
   
   - Siz sevgini özünüz bildiyiniz kimi, şair kimi yaşadırsınız. Sizin dediyiniz sevgi indi ya xəyallardadı, ya yuxularda, ya da kitablarda...
   
   Doğrusu, bu sözlər mənim bütün varlığımı alt-üst etdi. Füzulidən üzü bu günə gələn uca göylərin mehrabı olan sevginin cılızlaşması mənə yaman təsir etdi. Bir də mənə o təsir etdi ki, görünür mən çox geridə qalıram və yaxud da o qədər uzaqdayam ki, o uzaqlıq deyilən də elə geridə qalmaq kimi bir şeydi. Mən həmin anın burulğanında hər şeyi unudub, bu misraları pıçıldamağa başladım.
   
   
   
   istənilən anda
   
   tərəddüd etmədən
   
   ola bilərəm
   
   yanında
   
   əgər istəsən...
   
   istənilən anda
   
   nəyim varsa
   
   əlimdə
   
   ağlımda
   
   canımda
   
   verə bilərəm
   
   əgər istəsən...
   
   istənilən
   
   anda
   
   ola biməsən də
   
   yanımda
   
   qəm yemə
   
   dözəcəyəm
   
   birtəhər-
   
   axı sən
   
   həm canımdasan
   
   həm də qanımda!..
   
   
   
   ***
   
   
   
   Deməli, həmin o saf-çürük etdiyim, götür-qoy ilə başım qarışıq olduğu anda telefonuma bir zəng gəldi. Açıb oxudum və oxuduğum sözləri də olduğu kimi sizin üçün yazıram: "Heç belə sözlər barəsində düşünməmişdim. Belə sözlər ola bilməz. Lap elə bil adamı görür, hisslərini bilirsiniz. Oxuduqca təəssüfləndim. Ona görə ki, bu sözlərin sahibini yaxından tanımıram. Əgər tanısam, onun səmimiyyətinə özüm qədər inanaram. Buna baxmayaraq, mən sizin sevginizin şərikiyəm. Kaş hamı belə sevə biləydi!.."
   
   İnanın ki, burda heç nəyi əlavə etməmişəm. Heç ağlımın ucundan da keçirməmişəm ki, sevgiyə əlavə etmək lazım gələr. Sadəcə, oxucunun münasibəti mənə bir az da qol-qanad verib, məni bir az da həvəsləndirib ki, yaşadığım, içində olduğum və həyat məramıma çevrilən sevginin öz ömrümün sonuna çatacaq qədər nəyi varsa özümlə alıb aparım. Mən çox yaxşı bilirəm ki, sevgi bazara çıxarılmır, piştaxta arxasında olmur, tərəziyə qoyulmur. Amma onu da bilirəm ki, sevgi yandırıb kül də edə bilir, göyərdib gül də!!!
   
   O ki, qaldı telefonuma gələn mesaja, mən ünvan sahibinin adını çəkmədən bir şeyi demək istəyirəm. Xoşbəxt o şəxsdi ki, o sevməyi bacarır. Həm də kimi və nəyi sevdiyini heç kimdən soruşmur. Əgər soruşsa, onda məqsəd, məram ortaya çıxa bilər. Sevgi isə oddu, orda gözüyumulu yanmaq lazımdı. Yana-yana yol seçmək olar. Amma oda atılmamışdan öncə yol seçmək, məram müəyyənləşdirmək sevgini ayağa salar. Ayaqda olan sevgini başa qaldırmaq isə hər kişinin işi deyil. Çünki sevgi bütün ruhuna hopursa, ayaqla başın fərqi olmur, o bütün varlığındadı. Yox, məqsədli, məramlıdısa, onda vay o sevginin halına! Elə sevənin də, sevilənin də halına...
   
   Aldığım növbəti bir ismarıcda məni yaman qınayıblar, özü də ironik bir şəkildə. Yazıblar ki, "Müəllim, Füzulinin Məcnun dövrü çoxdan keçib, gözünü aç, dünyaya bax. İndi sevgi yox, məşuq lazımdı. Özü də bulvarda, saunada..." Oxudum bu məktubu da... Nə əsəbləşdim, nə də onu silib-atmağa çalışdım. Çünki mənim elə əvvəllər yazdığım, bulvarda hansısa kolun dibində bir-birinə sarmaşan, saunada vaxtı pula çevirən "sevgilər" yadıma düşdü. İçimdə oxucumdan razı qaldım. Əslində o, mənim əleyhinə olduğum, mənasız saydığım sevgiyə qarşı özü də bilmədən etiraz etmişdi. Ola bilsin ki, bu yazıdan sonra həmin oxucu fikrini dəyişsin. Amma fərq etmir. Mən onun dediyini bu cür qəbul etdim və ona da məni oxuduğuna görə, duyğularımı bölüşdüyünə görə təşəkkür edirəm. İstəyirəm bilsin ki, ən xırda yazıya oxucu münasibəti bildirmək sözə sevgi deməkdir. Hökm deyil ki, sən sevgini hansısa bir qadına elan edəsən. Axı bütün sevgilər bütün varlıqlara, canlı və cansız aləmə aiddi. Ota, daşa, ağaca, gülə, qadına, sənətə, Vətənə və nəhayət müqəddəslərə. Nə yaxşı ki, bizim hər birimizin içərisində nəyə isə sevgi var. Bunun özü artıq ən müsbət cəhətlərdən biridi...
   
   Deməli, Azərbaycan jurnalistikasında, mətbuat tarixində, bütövlükdə yaradıcılıqda özünəməxsus izi olan rəhmətlik Nurəddin Babayevin kitablarını yəqin ki, çoxlarımız oxumuşuq. Bax, elə bu yazını yazanda da mən müəllimimin üslubundan istifadə edirəm, aldığım məktubu, mesajları diqqətinizə çatdırıram. Oxucum yazır ki, "Salam, yazılarınızı oxuyuram. Şənbə yazılarınız məni duyğulandırır. Açığını deyim ki, hərdən sevgilinizin yerində olmaq istəyirəm. Çünki mən sevgimdə yanılmışam. Amma inana bilmirəm ki, doğrudanmı bu gün sizin yazdığınız sevgilər var?.."
   
   Bəli, bu oxucunun fikirləri mənim üçün çox doğmadır. Ona görə ki, o məni oxuyur, o mənim nə çəkdiyimi, nə düşündüyümü görür, anlayır. Amma onun mənim sevgim kimi sevgilərin dünyada olub-olmamasına şübhəsi əhvalımı pozur. İnana bilmirəm ki, bu qədər duyumlu olan oxucu sevginin varlığına şübhə edə bilsin. Axı, iynə ucu boyda sevməyi bacaran hər kəsin içində ilahi bir güc olur və o güc ona ən böyük, ən sirli qapıları belə açır, orada düşünməyə, tərəddüdə yer qalmır. Bax, elə həftənin ilk günlərində Bakıya yağan bir anlıq yağışda mənim misralara çevrilən misralarım kimi.
   
   
   
   gəl dayanaq bu yağışın altında
   
   çətirin olum, çətirin olum, çətirin.
   
   bu dünyanın istənilən qatında-
   
   yaxşı nə var, sənin üçün gətirim...
   
   
   
   dodaq olum busələri səpməyə
   
   gözəlliyi gözlərinə təpməyə
   
   çəmən olum-ayağını öpməyə-
   
   sən çiçək ol, inciməsin xətirin...
   
   
   
   yaranmışın öz ətri var, öz tamı
   
   ətri ilə tanınıbdı bil, hamı
   
   gör nə deyir Əbülfətin ilhamı-
   
   ətrin olum, ətrin olum, ətirin...
   
   
   
   ***
   
   
   
   Bütün düşüncələrə, müzakirələrə və ümumiyyətlə, deyilən hər sözə bir məqam ayırıb, bir fürsət verib sonda qərar verəndə elə bilirəm ki, bir yeni dünya qapısındayam. Üzümə açılacaq, səhər kimi o dünyanın mən də qonağı olacam. Amma neyləyim ki, mənim istəklərim, mənim düşüncələrim arzularımla heç vaxt uzlaşmayıb. Əksinə, gücüm istəyimə qarşı çıxıb, arzum gerçəkliyin düşməninə çevrilib. Bütün bunların içərisində qazandığım, inandığım və yaşatdığım bir həqiqət var. O da özümün özümə güvənməyim, özümün öz sevgimi baş tacı bilməyimdi. Mən özümü sevgisiz - tacsız hökmdar kimi görürəm. O hökmdarın da sözü heç harda keçmir.
   
   Deməli, harda olur olsun, mənim, sənin, o birsinin sevgisi olduğu kimi, olduğu geyimdə, olduğu durumda hər kəsin yanında olmalıdır. Özü də təkcə yanında yox, həm də canında, qanında, ruhunda, varlığında özünə yer tutmalıdı. Onu təkcə görmək yox, hiss etmək yox, həm də təmas qurmaq, özün hesab etmək imkanın olmalıdı. Bunsuz sevgi yarımçıq, şikəst ola bilər...
   
   Mən indi aldığım məktubları, ismarıcları gözümdən keçirə-keçirə bir məqama diqqət yetirmək istəyirəm. O da yaxından tanıyıb, özüm qədər bələd olduğum birisinin sevgiyə münasibətidi. Həmin xanım özünü anlamağa imkan tapmamış, kiminsə evinə düşmək məcburiyyətində qalıb. Özünün dediyi kimi, nə sevgini, nə də bu sözü ruhu, dili tanımağa başlamazdan öncə qadın olub. Ona görə də o, sevginin varlığına da, onun gücünə də şübhə edir. Amma uşaqlarını, doğmalarını dəli kimi sevir. Bax, elə mən də onun bu etirafından çıxış edərək demək istəyirəm:
   
   
   
   qoy bir az yaxınlaşım
   
   gəlib dürüm yanında...
   
   bir şair alaçığı -
   
   mən də qurum yanında...
   
   
   
   demə sevgi tən gələ
   
   həm qəmli, həm şən gələ
   
   ürəyimi çəngələ-
   
   kəsib, vurum yanında...
   
   
   
   ömrüm olsa da talan
   
   mənə sevgidi qalan...
   
   ruhuma laylay çalan-
   
   kövrək Şurum yanında...
   
   
   
   divarda bir şəkil var
   
   tək qaldıqca darıxar...
   
   gözümün şəklin çıxar-
   
   asım, durum yanında...
   
   
   
   Hə, indi yayın bu qorabişirənində mən də düşüncələrimlə, duyğularımla odun üstünə od qaladım, su səpmədim. İstədim ki, Tanrı bəndəsi kimi yanaq, Məcnun kimi alışaq... Bilmirəm, alındı, yoxsa yox. Amma bildiyim odur ki, mənim sevgim Haqqdan gəlir. Haqqdan da güclü bir kimsə yox!..

TƏQVİM / ARXİV