YUMURTADAN TüK QIRXANLAR...

FAİQ QİSMƏTOĞLU
20400 | 2011-08-20 01:34
... Bu yumurta nə olan şeydirsə, bir də görürsən ki, gözünü açıb-yumdun onun qiyməti kəllə-çarxa çıxıb. Və adam da bu kəllə-çarxa qalxan qiyməti görəndə gözləri böyüyür. Adamın gözü o qədər böyüyür ki, bilmir canını hara qoysun. Elə bilməyin ki, təkcə bahalaşan və qiyməti artan yumurtadır. Bizim millət nə isə yumurtaya daha çox meyil göstərir. Eyni zamanda, belə baxanda heç ətin, yağın, şəkərin, çayın da qiyməti yerində qalmayıb. Yəni saydığımız bu ərzaq mallarının da qiyməti son vaxtlar əsaslı surətdə bahalaşıb...
   
   Hər şey bahalaşır, qiymətlər qalxır, insanların isə əmək haqqı və aldığı məvacib yerində sayır. Beş manat, on manat əmək haqqını qaldıranda hər hansı ərzaq və kənd təsərrüfatı məhsulunun qiyməti 5-10 dəfə ondan çox bahalaşır. Bahalaşma isə aztəminatlı və kasıb ailələrin belini qırır və bu kasıb adamlar bilmirlər ki, aldıqları cüzi maaşla qarınlarını doyursunlar, xeyir-şərə getsinlər, yoxsa kommunal xərcləri ödəsinlər. Amma bu qətiyyən inhisarçı qüvvələri maraqlandırmır.
   
   Görün iş nə yerə çatmışdır ki, mart ayının əvvəllərində ölkəmizdə yumurtanın qiyməti 30 qəpiyə qalxmışdı. Ölkə prezidentinin sərt xəbərdarlığından sonra qısa zaman kəsiyində onun qiyməti 8 qəpiyə endirildi. Prezident ayrı-ayrı nazirlərə və şirkət rəhbərlərinə barmaq sirkələdikdən sonra onlar bir balaca özlərini yığışdırmağa məcbur oldular. Fikirləşirdik ki, bu barmaq silkələməsinədən sonra yəqin kimlərsə ürək eləyib bir daha yumurtanın qiymətini qaldırmayacaq. Axı, zarafat deyil, ölkə prezidenti birmənalı şəkildə tapşırıq vermişdir ki, məmləkətin hər yerində yumurtanın qiymətini aşağı salsınlar, inhisarçılığın qarşısını alsınlar. Bir müddət həqiqətən də yumurtanın qiyməti 8-10 qəpikdən yuxarı qalxmadı.
   
   İndi bir neçə gündür ki, bazarlarda, mağazalarda, super marketlərdə yumurtanın qiyməti 12 qəpiyə və hətta bazarlarda 20 qəpiyə qalxıb. Təbii ki, camaat isə bu məsələyə və qiymət artımına biganə qalmaq istəmir. Daha doğrusu, camaat soruşur ki, ölkə prezidenti yumurtanın qiymətinin aşağı salınması barədə göstəriş verib, bəs hansı qurd ürəyi yemiş inhisarçılardır ki, prezidentin bu göstərişinin əleyhinə gedir və süni surətdə qiymət artımı yaradır?! Görünür, ölkədə elə gözəgörünməz qüvvələr var ki, onlar hər şeyi bir anın içərisində həm bahalaşdıra bilirlər, həm də ucuzlaşdırmağı bacarırlar. Bərəkallah, belə insanlara. Çünki onlar ən məşhur sehirbazın elmədiyi hoqqanı millətə göstərirlər. Bu hoqqa da ondan ibarətdir ki, yumurtanın qiyməti bir neçə gündür ki, kəllə-çarxa qalxıb.
   
   Yumurtanın qiymətinin qalxmasında heç də ticarət şəbəkələri günahkar hesab edilməməlidir. Çünki yumurtanı hər hansı ticarət şəbəkəsi, fabrikdən, ya da ayrı-ayrı iş adamlarından götürürlər. Yəni topdansatış mağazalarına yumurta baha qiymətə gəlirsə, aydındır ki, həmin mağaza da üstünə müyyən qədər qiymət qoymaqla yumurtanı satışa çıxarır. Bu prosesdə və əməliyyatda birmənalı şəkildə topdansatış mağazalarını yox, topdansatış mağazalarına yumurta verən istehsalçıları və mal paylayan ekspediterləri qınamaq lazımdır. Başqa sözlə demiş olsaq, qayimələrdə qiymətlər necə göstərilirsə və həmin qiymətlərə uyğun da mağazalarda satış təşkil olunur.
   
   Bir balaca kimlərinsə başı qarışıq olan kimi o dəqiqə ayrı-ayrı işbazlar hərəkətə gəlir, camaatın ağır vəziyyətindən istifadə edir və qiymətləri qaldırırlar. Sirr deyil ki, qiymətlər heç də özbaşına qaldırılmır. Hər hansı inhisarçı qüvvə bazara öz diqtəsini edir və qiymətlərin qalxması ilə bağlı qiymət qaldıranlara "qorxma" deyir. Bu qorxma sözündən sonra yumurtanın satışını təşkil edən və onu mağazalara paylayan işbazlar bir göz qırpımında qiymətləri bahalaşdırır və özləri bildiyi kimi hər şeyi idarə edirlər. Bu isə çox zərərli, həm də təhlükəli bir vərdişdir.
   
   Kimlərinsə pul qazanmaq xəstəliyinə tutulması, aztəminatlı və kasıb adamların hesabına varlanması o qədər də çox çəkə bilməz. Ən azından ona görə ki, bu gün ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır. Bəs onda ciddi mübarizə aparıldığı bir məqamda süni surətdə qiymətləri bahalaşdıranlar kimə və nəyə arxayındılar?! Əlbəttə, əgər onların yüksək səviyyələrdə havadarları olmasa, qətiyyən bu işbazlar indiki məqamda belə sərt addım ata bilməzlər. Bu addımı ona görə iri-iri atırlar ki, bayaq dediyimiz kimi onların arxasında çox güclü qüvvə var.
   
   Amma ölkədə prezident var və prezidentin bu xalqa böyük sevgisi var. Ölkə prezidenti millətə və xalqa həmişə böyük qayğı göstərir, onun probleminin çözülməsinə və insanların rifah halının yüksəlməsinə böyük önəm verir. Təəssüf ki, bəzi qüvvələr elə bir qəsdən ölkə prezidentini gözdən salmaq üçün min oyundan çıxır, inhisarçılıq fəaliyyəti göstərir və hər şeyin qiymətini bir göz qırpımında fantastik dərəcədə bahalaşdırırlar. Ancaq yumurtadan tük qırxanlar bu hoqqanı çox davam etdirə bilməyəcəklər. Yaxın zaman kəsiyində görəcəyik ki, nələr baş verir. Yəni süni qiymət artıranlar, inhisarçılığı davam etdirənlər gec-tez öz cəzalarına çatacaqlar. Bir az səbrinizi basın, görəcəksiniz ki, nələr baş verir...
   
   
   
   ***
   
   
   
   Hər bir yenilik insanların həyat tərzinin yaxşılaşmasına və eyni zamanda rifah halının yüksəlməsinə xidmət eləməlidir. Tay yenilik insanların cibinin soyulmasına və əsəblərinin gərilməsinə yönəlməməlidir. O yenilik ki, insanların əsəblərini pozur, hissiyyatına toxunur, onu hövsələdən çıxardır, vallah buna yenilikdən çox köhnəlik demək lazımdır. Çünki o köhnə yenilikdən daha sərfəli və daha yaxşı idi. İndi bizim məmləkətdə də son vaxtlar sayğac əməliyyatına başlanılıb.
   
   Bir də görürsən ki, dövlətin milyonlarla manat pulu xərclənir, sakinlərin mənzillərinə sayğaclar qoyulur, bir-iki ildən sonra həmin sayğacları çıxarıb başqa cür sayğaclar quraşdırırlar ki, bu ondan daha yaxşıdır. Görünür, sayğac əməliyyatından kimlərsə milyonlar qazandığına görə, tez-tez bu addımı atırlar. Yoxsa kimin nəyinə lazımdır ki, bir-iki ildən bir sayğacları dəyişdirə, əhalinin əsəbləri ilə oynaya və dövlətin büdcəsinə milyonlarla manat ziyan vura.
   
   Onsuz da çox şeydən və qaranlıq məsələlərdən baş açmaq olmur. İndi də xeyli vaxtdır ki, Bakıda və digər şəhərlərdə qaz sayğacları dəyişdirilməyə başlayıb. Əgər bu qaz sayğacları yaramırdısa, nə üçün bir-iki il bundan əvvəl miylonlarla pul xərclənib, həmin sayğacları yaşayış mənzillərində quraşdırıblar?! Artıq əhali də xeyli vaxtdır ki, işığın, qazın, suyun pulunu davamlı olaraq ödəyir. İndi quraşdırdıqları sayğac isə kart sistemi ilə işləyir. Yəni kartın varsa, almısansa qazın gələcək, kartın yoxsa avtomatik olaraq sənə gələn qaz kəsiləcək. Yaxşı, qoy olsun. Axı, bu sayğacı da quraşdıranda abonentlərin vəziyyətini nəzərə almaq lazımdır.
   
   Çox uzaga getməyək. Bir neçə gündür ki, Yeni Günəşli yaşayış sahəsindəki binalardakı mənzillərə qaz sayğacları quraşdırılır. Deyirlər ki, bu sayğaclar daha yaxşıdır və sərfəlidir. Bu həm abonentlər üçün, həm də qaz idarəsinin əməkdaşları üçün rahatlıq gətirəcək. Amma elə ilk gündən həmin qaz sayğaclarının quraşdırılması abonentlərin başına olmazın müsibətlərini açıb. Qaz sayğacını quraşdırırlar, sabahı günü isə qazı kəsirlər. Heç nə başa düşmək olmur. Dünyanın heç bir yerində görünməyən işlər, bizim məmləkətimizdə baş verir. Sanki camaatı incitmək, onlara zülm etmək və əzab-əziyyət vermək üçün plan cızılır. Bayaq dediyim kimi əgər sayğaclar quraşdırılırsa sakinlərə niyə artıq əziyyət verilməlidir. Elə quraşdırılan günü da həmin kart yerində sakinə satılmalı və problem bununla da çözülməlidir. Biz də əksinə baş verir. Sayğacı quraşdırırlar, sonra da abonentə deyirlər ki, kart almaq üçün qaz idarəsinə getməlisən. Qaz idarəsində də bir növbə olur ki, gəl görəsən. Nə üçün abonent vaxtını itirməli, qaz idarəsinə getməli və orda növbədə durub saatlarla gözləməlidir?!
   
   Bütün hallarda ayrı-ayrı dövlət müəssisələri abonentlərin hüquqlarını kobud surətdə pozurlar. Hər hansı bir işi görəndə əvvəlcədən aidiyyəti təşkilatlar elə addım atmalıdırlar ki, insanlar bundan əziyyət çəkməsin. Yəni bu qədər çətin işdir ki, kartların abonentlərə satışını təşkil etmək?! Bizcə burda heç bir çətinlik yoxdur. Sadəcə olaraq, qaz idarəsinin əməkdaşları öz mənafeylərini fikirləşirlər.
   
   Zəhmət çəkib sayğac quraşdırmısınız, həmin günü də kartları abonentlərə verin. Ya da onun satışını yaxınlıqdakı poçtlarda, mağazalarda təşkil edin. Yoxsa, abonent işdən evə qayıdıb görür ki, təzə sayğac quraşdırılıb və qazı da kəsiblər. Belə vəziyyətdə abonent əsəbləşməsin, özündən çıxmasın və stress keçirməsin, nə eləsin?! Adi bir rəhbər adamın savadsızlığı və təcrübəsizliyi üzündən yüz minlərlə insan əzab-əziyyətlə üzləşir. Axı, bir işi görəndə yaxşı-yaxşı fikirləşmək lazımdır.
   
   Cənablar, hörmətli rəhbərlər, qaz idarələrinin rəisləri və "Azəriqaz"ın məsul şəxsləri, bu işi görəndə və sayğac dəyişdiriləndə abonentlərin əsəbləri ilə oynamayın. Siz elə bilməyin ki, vəzifə və səlahiyyət sizin əlinizdədir, nə istəsəniz eləyə bilərsiniz. Xeyr, siz nə istəsəniz eləyə bilməzsiniz. İnsanların çoxunun hüquqi savadsızlığından yararlanıb bu cür addımlar atmağınız axırda bumeranq kimi özünüzə dəyə bilər. Ona görə də zəhmət çəkin, sayğacı dəyişdirdiyiniz kimi, kartların satışını da yerlərdə təşkil edin. Tay camaat gedib qaz idarələrinin qarşısında saatlarla növbə gözləməsin və əsəb sarsıntısı keçirməsin.
   
   Yenilik eləyəndə öz mənafeyinizlə yanaşı, abonentlərin də haqqına hörmətlə yanaşın. Bax onda yeniliyə insanlar normal yanaşar və ondan bəhrələnərlər. Yoxsa, vallah, bu cür yenilik və insanların əsəblərini pozan sayğac dəyişdirmə əməliyyatı heç də istədiyiniz nəticəni verməyəcək...

TƏQVİM / ARXİV