adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

QARIMIŞLAR

OQTAY SALAMOV
17748 | 2011-08-20 01:49
Bu sözü eşidəndə adətən yaşı keçmiş, evdə qalmış qızlar yada düşür. Bu sosial problemin araşdırılması ilə məncə kifayət qədər məşğul olmuruq. Əksinə, sanki alternativ kimi qızların kiçik yaşlarında ərə verilməsi problemini araşdırmaqdayıq. Bilirəm ki, bu problemlər sosioloqların, psixoloqların birbaşa işləridir. Amma adi bir vətəndaş, qələm əhli kimi bəzən münasibət bildirmək, ağrıyan yerləri göstərmək məcburiyyətində qalırıq. Bəzi müşahidələrimi sizinlə bölüşməyə çalışıram.
   
   Bu yaxınlarda rayonda qonaq idim. Bilirsiniz ki, əyalətdə həm qızlar, həm də oğlanların ailə qurmaları şəhərə nisbətən çox tez baş verir. Amma indi görürəm ki, oğlanların 30, bəzən isə 35 yaşında evlənməsi, qızların isə ya məktəb yaşında tələsik ərə verilməsi, ya da qarımış qız problemləri rayonlarda, kəndlərdə də yaşanmaqdadır. Onu deyirdim axı, rayonda bir qohumla söhbət edəndə oğlunun hələ də evlənmək istəmədiyini eşitdim. Oğlanın- bəzən adamın dili də gəlmir oğlan deməyə, yetkin bir kişidir- 34 yaşı var, hələ də subaydır. Ən maraqlısı isə budur ki, siqaret çəkmir, içkiyə aludə deyil, narkotiklərlə məşgul deyil, kənd yerinə baxanda pis də qazanmır. Ağlı da yerindədir, xasiyyəti də pis deyil, bir sözlə, arzulanan adamdır. Bəs...
   
   Qohumum "a bala, niyə evlənmirsən" sualını zarafata salmaq istədi. Amma mən əl çəkmədim. Son vaxtlar cavanların evlənməkdən çəkinmələri məni narahat edirdi. İstəyirdim ki, gec evlənmələrinin, bəzən də heç evlənməmələrinin səbəblərini onların özlərindən soruşam.
   
   Kənddə deyilən kimi, bir doqqaz söhbəti oldu aramızda. Qohumumun bu yaşda subaylıq səbəblərini onun öz dilindən eşitdim. Çalışıram ki, aramızdakı söhbəti bacardığım qədər dəqiq qələmə alım.
   
   -Evlənmək istəmirəm. Çünki həyatda yaxşı qızlara rast gəlmirəm, kimlə gəldi isə evlənmək istəmirəm.
   
   -Necə yəni yaxşı qızlar rast gəlmir, şəhər deyil ki, rast gəldiyinin əsl-nəsilini bilməyəsən, hamısının həm ailəsini tanıyırsan, həm ədəb-ərkanı, evdarlığını az-çox bilirsən, yəni bir layiqlisinə elçi düşə bilmirsən?
   
   -Bilirsiniz, indi qızları məktəb partasından gəlinlik gərdəyinə aparırlar. Çox vaxt məktəbi qurtarmasını da gözləmirlər. Elə bil adamlar öz övladlarından beziblər. Mənim kimilər isə artıq qarımış kişilər sayılır, qalan qızlar da ki, belə...
   
   -Bu nə deməkdir, "belə" nədi?
   
   -Belədi də, indiki zamanədə pozulmamış qız tapmaq çox çətindir!..
   
   Mənim etirazlarım, hamı haqda belə bədgüman olmamaq inandırmalarım, xalqın qızlarına qara yaxmamaq sözlərim və mənim bildiyim həqiqətlər öz yerində qalsın, mən qohumla söhbətin məğzini söyləyirəm, necə deyərlər, babalı da, günahı da onun boynuna.
   
   -İndi təmiz qız tapmaq ot tayasında iynə tapmaq qədər çətin işdir. Qızların demək olar ki, hamısı ciddi deyillər, şirin dilə və pula uyub pis yola düşənlərdir. Sizin kənd haqda düşüncələriniz keçmişdə qaldı, indi kişilər var ki, qızlarını əcnəbiyə satırlar, qıraqdan gəlmiş pullular açıq-açığına eyş-işrətlə məşğul olurlar. İnanırsınızmı ki, toy gecəsi güllə atılması bəzən köhnəlik kimi atılır, güllə atılanda da bəzilərinin gülüşünə səbəb olur...
   
   -Yox, razılaşa bilmirəm, bizim kəndimizdə o vaxt adı pisliyə çıxmış qızlar yox idi, bütün rayonda bir-iki nəfər olardı ki, onları da barmaqla göstərərdilər. Beləsini qınayırdılar, qəbul etmirdilər. Heç cür ola bilməz ki, indi çoxları belə olsun!
   
   - Mən demirəm ki, hamısı belədir, amma çoxları belədir. Buyurun, bu da sizin sualınıza cavab. Sizin vaxtınızda gəzənləri axtarmaq lazım idi, bizim vaxtımızda gəzməyənləri. Nə bilirsən bəxtinə kim çıxacaq?
   
   Həə, bu günü də gördük, bu zamanəni də yaşadıq. İndi görürəm ki, qızlarını kiçik yaşlarında ərə verənlər öz övladlarından bezməyiblər, öz adlarını, namuslarını, əsillərinin namını qorumaq istəyənlərdir. Deyəsən 21-ci əsrdə yaşamaq təkcə müasir olmaq, dünya ilə ayaqlaşmaq cəhdləri deyil, həm də arxaikləşmiş namus, qeyrət, ismət kimi anlayışların qorunması uğrunda ölüm-dirim vuruşmasıdır.
   
   Bu söhbətdən sonra uzun müddət özümə gələ bilmirəm. Bir az da dərinliklərə gedib gənclərin ya uşaq vaxtında evlənməkləri və həyatı anlamamaları ucbatından tez də boşanmaları, ya da qızların, oğlanların subay qalıb qarımalarının digər səbəbləri ilə maraqlandım. Heç cür barışmaq olmaz ki, cavan oğlan və qızlar ailə səadətinin nə olduğunu dadmadan səfil-sərgərdan dolanmalıdır. Gəlin heç nə olmamış kimi, olanlara göz yummayaq.
   
   Öz oğullarımın, onların dost-tanışlarının, ümumiyyətlə tanış olmayan adamların da bu məsələyə münasibətini öyrənməyə çalışdım,Küçədə, həyətdə cavanları müşahidə etməyə başladım, internet forumlara baş vurdum.
   
   Qəribədir ki, ruslar bu problemlərə bizdən daha diqqətli və sərt yanaşırlar. Onlar qızlarının Qafqaz millətlərinin aşnasına çevirilməsini ürək ağrısı ilə qeyd edir və bizlərə qarşı qızlarında nifrət hissləri yaratmaqla məşquldurlar. Onlar öz gənclərinin ailə qurma vaxtları problemlərini bir an da yaddan çıxarmırlar, ən azından müxtəlif müzakirələrdə, forumlarda, mübahisələrdə ortaya atırlar, yaranmış vəziyyətdən çıxış yolları axtarırlar. Bizdə isə...
   
   Buyurun, Azərbaycan dilli saytların arasında hansı tanınmışın neçə kişi ilə yatmasını, beş dəfə rəsmi, saysız-hesabsız qeyri-rəsmi "ərdə" olmuşların ailə sədaqəti, vəfa, sədaqət, ismət, abır-həya haqda moizələri, qadın hüquqlarının yeri gəldi-gəlmədi qabardılması, parnoqrafiya və başqa nələr saysız olsa da, danışdığım məsələ haqda heç bir sayta rast gəlmədim.
   
   Və müşahidələrim imkan verir ki, bir neçə faktları ümumiləşdirilmiş şəkildə nəzərinizə çatdırım.
   
   -Faktiki olaraq bizim kişilərin böyük əksəriyyətinin "levi" işləri var və aşnaları var.
   
   -Verilən elanlarda sözaltı olaraq seksual xidmətlər təklif olunur və bundan istifadə edilir.
   
   -Qızlarımızın xarici görkəmləri çox vaxt kişilərdə ehtiraslı hisslər yaradsa da, məhəbbət hissləri yaratmır.
   
   -Qızlarımızın çoxunun arzusu onu geyindirib-geçindirən, hədiyyələr alan, gecələr gecə klublarında əylənməyə icazə verən, dostlar arasında kişilərə yer verən "sponsor" tapmaqdır. Gənc qızların bir qismi işləmək, oxumaqdansa, bir (bəzən də bir neçə) pullu və yaşlı kişi tapıb günlərini istədikləri adamlarla eyş-işrət içərisində müəyyən vaxt yaşamaqdır. Bu "həyatı" yaşayanlar isə təxminən 23 yaşına qədər bir çox "yataqlar" görmüşlərdir.
   
   Digər faktlar da var:
   
   -Bir çox qızların intim həyatları çox gənc yaşında başlayır.
   
   - Qanunsuz nikahlardan uşaq doğanların sayı artmaqdadır.
   
   -Gənclər arasında ADİS və hepatit- S- yə yoluxanlar çoxalır.
   
   -Boşanmalar çoxalır.
   
   -Əcnəbilərdən doğulanların sayı artır...
   
   Bəs tanışlarınıza, qohumlarınıza "bala, niyə evlənmirsən?" sualı verəndə səbəbləri haqda düşünə bilirsinizmi?..

TƏQVİM / ARXİV