adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 May 2015 21:22
2352
GÜNDƏM
A- A+

Vyetnamda Azərbaycanın Respublika Günu qeyd olunub

Mayın 27-də Hanoy şəhərindəki "Melia” otelində Azərbaycanın Milli Bayramı – Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Azərbaycanın Vyetnamdakı səfirliyindən verilən xəbərə görə, tədbirdə Vyetnam prezidenti ofisinin, Nazirlər kabinetinin, parlamentinin, Kommunist partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın ali təhsil ocaqlarının  vyetnamlı məzunlar, Vyetnamda KİV-lərinin nümayəndələri iştirak edib.
 
Tədbir Azərbaycan və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra səfir A. İmanov çıxış edərək Azərbaycan Demokratik Respublikasının qurulmasından, ADR-in dövlətçilik ənənələrindən söhbət açıb. Səfir ölkəmizin siyasi və iqtisadi sahədə qazandığın nailiyyətlər, ölkəmizin iştirakı ilə həyata keçirilən böyük enerji və infrastruktur layihələri, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
 
Səfir çıxışı zamanı həmçinin Azərbaycan-Vyetnam münasibətləri barədə söhbət açıb, ölkələrimiz arasında son illərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edib. Səfir son bir ildə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfər mübadiləsinin iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb.
 
Tədbirdə Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini Nguyen Quoc Cuong Azərbaycanın ölkə rəhbərliyini və xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edib. O tədbirə gəlməmişdən öncə Vyetnam prezidenti ilə görüşdüyünü və onun iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu ifadə etdiyini bildirib və prezidentin şəxsi təbriklərini çatdırıb. Nguyen Quoc Cuong Azərbaycanla Vyetnam arasında tarixən dostluq münasibətlərinin mövcud olduğunu və son illər ölkələrimiz arasında siyasi, iqtisadi və ticari münasibətlərin inkişaf etdiyini bildirib. O, son bir ildə hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinin bütün sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yeni mərhələnin əsasını qoyduğunu vurğulayıb.
 
Çıxışlardan sonra tədbir iştirakçılarına cari ilin iyun ayında ölkəmizin birinci Avropa oyunlarına ev sahibliyi edəcəyi haqqında məlumat verilib və Avropa oyunları barədə video nümayiş etdirilib. Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin gündəlik həyatını, müstəqilliyin bərpasından sonra əldə edilmiş uğurları əks etdirən film və milli musiqimizin müşayiəti ilə davam edib və qonaqlara Azərbaycan milli mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.