PARTLAYIŞ...

FAİQ QİSMƏTOĞLU
22935 | 2011-08-13 01:36
... Bizim kənddə çox baməzə, duzlu və şirin lətifələrlə insanların ürəyinə yol tapan bir xalaoğlu Tərxan vardı. O qədər şirin danışırdı ki, elə istəyirdin bütün günü onun söhbətinə qulaq asasan. Çoxlu lətifələr bilirdi, yumorlar danışırdı. Birdən elə bilərsiniz o Molla Nəsrəddinin, yaxud da Bəhlul Danəndənin lətifələrini danışırdı? Əsla, o həmişə özünün çox şirin və çox da ürəklərə yatan söhbətlərini eləyərdi...
   
   Bir dəfə rəhmətlik Əvəz müəllimgilin həyətində xalaoğlu Tərxan traktorun şumladığı yerin iri kəsəklərini bellə xırdalayırmış. Necə olursa, tanışlardan biri ilə başqa bir yerdə görüşür. Deyir ki, o gün getmişdim Əvəz müəllimgilə, həyətlərində şumlanmış kəsəkləri əzirdim. Bilirsən kəsəklər nə yekəlikdə idi? Bizim kəndin ortasından Bakı-İrəvan dəmiryolu xətti keçir. Elə bu vaxtı da qatar həmin yerdən keçirmiş. Söhbət elədiyi adam da soruşur ki, ay xalaoğlu, kəsəklər nə yekəlikdə idi?! Xalaoğlu Tərxan dillənir:
   
   - Bax, o teplovozu görürsən, kəsək o boyda idi!..
   
   Söhbət etdiyi kişi təəccüblənir:
   
   - Ay xalaoğlu Tərxan, tay bu boyda da yalan olmaz da. Bəlkə bir az balaca idi...
   
   Xalaoğlu Tərxan:
   
   - Nəyə desən and içərəm, ancaq kəsəyi balacalaşdıra bilmərəm. Elə teplovoz boyda idi, vəssəlam...
   
   Xalaoğlu Tərxan harda olurdusa, kiminlə söhbət edirdisə, o dəqiqə onun qəlbini ələ alırdı. Düzdü, xalaoğlu Tərxan o qədər də savadlı, oxumuş adam deyildi. Amma məktəbdə qarovulçu işlədiyinə görə, çox adamlar görmüşdü, çox insanlarla ünsiyyət yaratmışdı, çox direktorları yola vermişdi...
   
   Biz orta məktəbdə oxuyanda yenə xalaoğlu Tərxan məktəbdə qarovulçu işləyirdi. Hər səhər dərsə gələndə xalaoğlu Tərxan valı qoyub Qədir Rüstəmovun "Sona bülbüllər"inə qulaq asardı. Əvvəl elə bilirdim ki, xalaoğlu Tərxan adi musiqi kimi, "Sona bülbüllər"ə də bir dəfə qulaq asmaqla qurtaracaq. Sabahı gün dərsə gələndə isə hər şeyin əksini görürdüm. Görürdüm ki, xalaoğlu Tərxan yenə Qədir Rüstəmova qulaq asır. Özü də oturub val fırlanan qəbuledicinin yanında, hər iki əlini çənəsinə dirəyib və gözlərini də dikib həmin vala.
   
   "Sona bülbüllər"ə qulaq asanda xalaoğlu Tərxan özündə olmurdu. Bir onu bilirdim ki, bu dəqiqə xalaoğlu Tərxanın fikri tamamilə başqa yerdədi. Daha doğrusu, xalaoğlu Tərxanı "Sona bülbüllər" götürüb aparıb düz göyün yeddinci qatına. O göyün yeddinci qatında xalaoğlu Tərxan dupduru olub, tərtəmiz olub və özünü daha rahat, daha sakit və daha xoşbəxt hiss edir. Elə ki, "Sona bülbüllər" sona çatırdı, xalaoğlu Tərxan dərindən bir nəfəs alırdı. Sanki göyün yeddinci qatından təzəcə yerə düşürdü. Həmin mahnı xalaoğlu Tərxanda elə bir ovqat yaradırdı ki, müəllimlər, şagirdlər gələnə qədər onun ovqatı dupduru olurdu. Özünü o qədər sakit və rahat hiss edirdi ki, həmin anda xalaoğlu Tərxandan nə istəsəydin sənə verərdi. Amma elə ki, müəllimlər gəlirdi, şagirdlər gəlirdi və məktəbi səs-küy götürürdü, onda xalaoğlu Tərxanın qaşqabağı yığılır, kefi pozulurdu. Bir şagird də dəcəllik eləyəndə, sobaya əski basanda və sinfi tüstü ilə dolduranda, yaxud da pəncərənin şüşəsini vurub sındıranda, onda məktəbin direktoru Əvəz müəllim xalaoğlu Tərxanı bərk danlayardı. Xalaoğlu Tərxan da heç bizim xətrimizə dəyməzdi. Deyərdi ki, futbol oynayanda, daş atanda adam kimi hərəkət edin ki, sonra Əvəz müəllim mənə dişinin dibindən çıxan sözləri deməsin. Biz isə xalaoğlu Tərxana Əvəz müəllimin nə deyəcəyinə məhəl qoymayaraq gah məktəbdəki ərik ağaclarının başına çıxıb ərikləri dərəndə budağı sındırır, gah da futbol oynayanda topu elə vururduq ki, gedib pəncərənin şüşəsini qırırdı. Bax, onda xalaoğlu Tərxan ağacı götürüb dalımıza düşürdü və deyirdi:
   
   - A köpək uşağı, sizə deməmişəm ki, oynayanda adam kimi oynayın?! Əriyin budağını sındırdınız, pəncərənin şüşəsini qırdınız. İndi mən köpəkoğlu Əvəz müəllimə nə cavab verəcəyəm?!..
   
   ...Səhər açılırdı, yenə "Sona bülbüllər"in səsi ətrafa yayılırdı. Elə bil ki, bu mahnıya qulaq asan xalaoğlu Tərxan dünən bizi söyüb dalımıza düşən adam deyildi. Yenə iki əlini çənəsinə dirəyib gözünü bir nöqtəyə zilləmişdi. Çöhrəsinə, üzünə nur gəlmişdi. Kişi elə gözəlləşmişdi ki, heç elə bil dünən qaşqabağı yer süpürən və sifətindən zəhrimar yağan insana oxşamırdı. İndi xalaoğlu Tərxan nurani, işıqlı və bir az da səbirli bir kişiyə bənzəyirdi...
   
   Biz "sabahınız xeyir" deyib keçəndə xalaoğlu Tərxan başını tərpədərdi. Nə yaxşı ki, hər səhər salamımızı alırdı. Biz də sevinirdik ki, xalaoğlu Tərxan bizi söyməyəcək. Topu götürüb düşürdük meydançanın canına, vur ki, vurasan. Xalaoğlu Tərxan isə altdan-altdan bizə baxar, sonra da üzünü çevirib çıxıb gedərdi.
   
   Təbii ki, bizə bir söz deməzdi. Biz də bilirdik ki, məktəbin həyətində futbol oynamaq Əvəz müəllim gələnə qədərdi. Elə ki, uşaqlar deyirdi Əvəz müəllim gəldi, hərəmiz bir yana qaçar, topu ortalıqdan götürməyə belə qorxardıq. Çünki Əvəz müəllim bir neçə dəfə topu ortalıqdan götürən uşaqlardan birini müəllimlər otağına gətirtmiş və orda bəsdi deyincə döymüşdü. Futbol oynadığına görə yox, pəncərəni sındırdığına görə. Xalaoğlu Tərxan da müəllimlər otağına gedib həmin uşağı Əvəz müəllimin əlindən almışdı. Demişdi ki, mən onların dərsini verərəm. Amma xalaoğlu Tərxan bizə dərs verirdi: "Sona bülbüllər"i oxuda-oxuda. "Sona bülbüllər"ə qulaq asandan sonra biz də yumuşalar, xalaoğlu Tərxanın qəlbini incitməz və yavaşca çəkilib gedərdik sinif otaqlarına. Sonradan müəllimlər gələrdi və dərs başlayardı...
   
   Bir dəfə yaxın dostlarımdan biri olan seyid Əbdürrəhimlə söhbətimdə xalaoğlu Tərxanı yada saldıq. Seyid dedi ki, onun nə qədər lətifələri, gülməcələri, yumorları vardı. Amma onun heç birini nə sən, nə Vaqif Bəhmənli, nə də başqa yazarlar yığıb bir yerə toplamadınız. Elə xalaoğlunun dediklərini yazsaydınız, Molla Nəsrəddinin lətifəsi qədər lətifə olardı. Bilmirəm, niyə tənbəllik elədiniz, toplamadınız və ərsəyə gətirmədiniz. Onsuz da bu gün Bəhmənli camaatı xalaoğlu Tərxanı tez-tez yada salır. Bir gülməli əhvalat da danışanda arada bir də deyirlər ki, xalaoğlu Tərxanın sözü olmasın.
   
   İnsan var ki, uzun müddət yaşayır, var-dövlət sahibi olur, çoxlu evlər tikir, amma rəhmətə gedəndən sonra yaddan çıxır. Xalaoğlu Tərxan nə Bəhmənlidə var-dövlət sahibi olub, nə də yekə, yaraşıqlı ev-eşik sahibi olub. Sadəcə olaraq, xalaoğlu Tərxan özünün şirin yumorları, lətifələri və duzlu söhbətləri ilə insanların ürəyində böyük bir yuva qurub. Bu yuva, bu yurd bu gün də işıq saçır, nur ələyir. Daxilən zəngin olan və heç kimin toyuğuna kiş deməyən belə insanlar həmişə el-obanın yaddaşında əbədi iz qoyur və tez-tez yada düşür...
   
   
   
   
   
   ***
   
   
   
   Adam hər gün sağ qaldığına şükür eləyir. Şükür eləyir ki, nə yaxşı bu gün səhərim xeyrə açılıb, bəd xəbər eşitməmişəm, əlim-ayağım, gözüm hamısı yerindədi. Bundan böyük xoşbəxtlik ola bilməz. Ona görə də səhərlər insanlar bir-biri ilə rastlaşanda "sabahın xeyir" deyir, günorta üzləşəndə "günortan xeyir" deyir, axşam da görüşəndə "axşamınız xeyir" deyir. İnsanın hər günü xeyirə calananda o bir az da rahat yaşayır və bir az da rahat nəfəs alır. İnsan ən azından Allaha gündə üç dəfə dua eləməli, alqış söyləməlidi. Ona görə ki, sağ-salamatdı, bəd xəbər eşitməyib və bir tikə ruzisi var...
   
   Amma həyatımızın hər anı qorxu, həyəcan, stress və təhlükə ilə doludur. Bu təhlükəni bizə yaradan heç də başqaları deyil, elə özümüzük. Məsələn, Hacıqabulda maye qazdan baş verən partlayış zamanı avtobusda olan sərnişinlərin yanması və bəzilərinin ölməsi birmənalı şəkildə demək olar ki, sürücünün səhlənkarlığı ilə bağlıdır. "Yol hərəkəti haqqında" qanunda birmənalı yazılır ki, sürücü sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil ola bilməz. Bəs bizim sürücülər nə edir? Onlar isə sağa-sola baxır, görürlər ki, yol polisləri yoxdur fürsətdən istifadə edib avtobusu yanacaqdoldurma məntəqəsinə sürürlər. Bir-iki nəfər də sərnişinlərdən etiraz edəndə sürücü əsib-coşur və deyir ki, mənim əsəblərimlə oynamayın, maşını mən idarə edirəm, mən də bilirəm onu necə sürərlər. Əgər məndən narazısınızsa, gedin əlinizdən gələni beş qaba çəkin...
   
   Sərnişinlər də əlindən gələni beş qaba çəkmirlər, elə sakitcə səslərini içlərinə çəkib susurlar. O vaxta qədər susurlar ki, hər hansı bir hadisə baş verir, partlayış olur. Bax, onda avtobusdakıların səsləri bir-birinə qarışır və göyün yeddinci qatına qalxır. Göyün yeddinci qatına qalxan səsi isə aşağıdakılar eşitmirlər. Çünki onların qulaqları kar, gözləri kor, dilləri laldır. Belə olanda da yenə zərbə kasıb və imkansız adamlara dəyir...
   
   Avtobusdan və metro qatarlarından ən çox istifadə edənlər kasıb təbəqəyə məxsus insanlardılar. Yəni o insanlar ki, onların şəxsi avtomobilləri yoxdu və məcbur olub ictimai nəqliyyatdan istifadə eləyirlər. Amma bu o demək deyil ki, ictimai nəqliyyatdan istifadə edən insanların başında hansısa məsuliyyətsiz sürücüyə görə çanaq çatlamalıdı. Axı bu insanlar evlərindən çıxanda heç ağıllarına belə gətirmirlər ki, hansısa avtobusda, metro qatarında faciəli bir hadisənin qurbanına çevriləcəklər. Bu insanları o düşündürür ki, onlar harasa gedəcəklər və sonra da evlərinə, ailəsinin, balalarının yanına dönəcəklər...
   
   Hacıqabulda yanacaqdoldurma məntəqəsinin yanında partlayışdan sonra elə fikirləşdim ki, Bakıda və eləcə də məmləkətimizin digər şəhərlərində avtobus sürücülərinə qarşı daha sərt tədbirlər görüləcək. Elə həmin partlayışın səhəri günü Bakıdakı bir neçə sərnişin avtobusunun yanacaqdoldurma məntəqəsinə girdiyini gördük. Birdən elə bilərsiniz avtobusda sərnişin yox idi?! Oturacaqlar da dolmuşdu, hətta çoxlu ayaqüstə duran adamlar da vardı. Elə bizi də təəccübləndirən o idi ki, yol polisi və eləcə də Nəqliyyat Nazirliyinin əməkdaşları bu cür sürücülərə qarşı sərt tədbirlər görmürlər. Bir də hər şey tədbir görülməklə həll edilmir. Ataların bir məsəli var: "Quyuya su tökməklə sulu olmaz, gərək su quyunun özündən çıxsın". İndi sürücüləri də cəzalandırmaqla məsələ həll olunan deyil. Sürücü məsuliyyət hiss eləməlidi və dərindən düşünməlidi ki, sərnişindolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olmasın.
   
   Eyni zamanda, avtobusdakı sərnişinlər sürücülər yanacaqdoldurma məntəqəsinə daxil olarkən öz iradlarını bildirməlidilər. Bizi özümüzdən başqa heç kim qoruya bilməz. Sadəcə olaraq, bu çətin zəmanədə bir qədər də diqqətli olmalı, bizi gözləyən təhlükədən, qəzadan, stressdən və faciədən çıxmağı bacarmalıyıq. Yoxsa, günümüz çox ağır olar...

TƏQVİM / ARXİV