adalet.az header logo
  • Bakı 20°C

Kamilla Kladuel: Mən həyatı, eşqi və ümidi sevirdim Mükafatsız olsalar belə...

SAMİRƏ ƏŞRƏF
25493 | 2015-05-28 01:58
Kamilla Kladuel 8 dekabr 1864-cü ildə Fransada bank işçisi Lui Prosper və dindar Luisa Atanisinin ailəsində doğulmuşdur. Ailənin ikinci övladı olan Kamilla hələ işaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da düzəltdiyi fiqurları günün altında qurudub evə gətirdiyi zaman anasının ciddi tənqidi ilə üzləşirdi.
Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltəraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi. Lakin hələ on üç yaşı olanda Kamilla Bismarkın, I Napoleonun heykəllərini düzəltməyi bacarırdı. Qızının bu qabiliyyətini qəbul etməyən ana tezliklə təbil zəngi çalıb Kamillanı arzuladığı işdən uzaqlaşdırmağa cəhd edir.
Kamillanın özündən böyük bir qardaşı və özündən kiçik balaca bacısı da vardı. Onlarla müqayisədə ana Kamillanın hərəkətlərini və qəribəliklərini qəbul edə bilmir. Onun fikrinə görə qızı ətrafdakı ailələrin gənc qızlarından xeyli fərqlənir və bu hal onun üçün xoşagəlməzdir. Bütün bu səbələrdən ana ilə qızın arasında daima gərgin və emossional münasibət olurdu. Anadan fərqli olaraq ailədə avtoritet fiqur olan ata qızının gilə və daşlara olan marağını yüksək qiymətləndirir və hər zaman qızına dəstək olur. Hətta bu sahədə Kamillanın daha yaxşı təhsil ala bilməsi üçün ailəsini Parisə köçürtməyə qəti qərar verir.

Rodenlə tanışlıq və
məhvedici məhəbbət...

1881-ci ildə Kamilla Parisdə qız tələbələrin təhsil almasına o qədər də üstünlük verilməyən Kolarossi akademiyasına yazılır. Üç dostu ilə birlikdə kiçik bir emalatxana kirayələyən Kamilla bir müddət sonra dövrün ən məşhur heykəltəraşlarından biri olan Roden Oqyustun tələbəsinə çevrilir. Bu tanışlıq Kamillanın həyatındakı dönüş nöqtəsi olur. Çünki bir müddət sonra Roden Kamillanın sevgilisi, sonda isə rəqibi olur.
Roden Kamillanın gözqamaşdırıcı istedadından çox təsirlənir. Və birlikdə bir çox işlərə imza ata biləcəklərini düşünür. Həmin ərəfədə Roden "Cəhənnəm qapıları" adlı unudulmaz əsərini yaradır. Lakin Rodenin bu əsərinin daha çox hissəsini Kamilla ilə birlikdə hazırladığı üçün ona aid olan uğurun tən yarısının Kamillaya aid olduğu dildən-dilə dolaşır. Dövrün bir çox tənqidçiləri hətta Rodenin ən yaxşı və unudulmaz əsərlərinin məhz Kamilla ilə birlikdə olduğu müddətdə yarandığını dilə gətirməkdən də çəkinmirlər.

Axtardığı qızıl
öz içərisindəydi...

1890-cı illərdə Kamilla artıq öz əsərləri ilə məşhurluq qazanmış və ətrafındakı insanlardan hörmət görən sənətkar idi. O, öz məşhurluğunun və içindəki potensialın fərqinə varırdı.
Lakin Rodenlə birlikdə yaşamasını ailəsi ona bağışlamır. İlk öncə anası daha sonra digər ailə üzvləri ondan üz çevirir. Ailəsinin dəstəyini itirən Kamilla daha bir itki ilə üz-üzə qalır. O, Rodendən hamilə qalsa da, bilinməyən qəzada bətnindəki uşağını itirir. Bu itkinin ardından o, çoxlu uşaq heykəlləri və fiqurları düzəldir.
Bir müddət keçir. Kamilla artıq yaradıcılığına Rodenin qanadları altında davam etmək istəmir. Azad ruhlu, heç kimdən asılı olmağı sevməyən Kamilla ilə Roden arasında məhəbbət ucbatından çıxan qısqanclıq davalarını da səbəb kimi görərək Kamilla 1898-ci ildə Rodendən ayrılıb gələcəyə təkbaşına davam etmək qərarına gəlir. Roden də öz növbəsində Kamilladan ayrılmaq istəyir. Və ilk addımı da o, atır. Kamillanı tərk edib başqa qadınla evlənir.
Ayrılıq isə Kamilla üçün o qədər asan olmur. Rodenlə birlikdə olduğu müddətdə "Vals", "Ölüm vaxtı", "İtmiş tanrı", "Zəvzək qadınlar", "Sakuntala" kimi ən yaxşı əsərlərini yaratsa da, ayrılıqdan sonra onun heykəlləri gözəl və canlı görsənsələr belə o qədər də heyranlıq doğurmur.
Hətta deyilənlərə görə həmin illərdə heç bir heykəltəraş heykəllərə Kamilla qədər can verməyi, daşı onun qədər hiss edərək yonmağı bacarmayıb.
Sonralar Roden Kamilla haqqında deyirdi: "Ona qızılı harda tapa biləcəyini söylədim. Amma tapdığı qızıl onun öz içərisindəydi".

Öz əsərlərinə
düşməncəsinə münasibət

Kamilla ailəsindəki kişilərdən nə qədər dəstək görürdüsə, qadınlardan da bir o qədər pis, alçaldıcı münasibət görür. Anası və bacısı bacardıqları qədər ondan uzaq durmağa çalışırlar. Lakin atası və qardaşı Pol yaşadıqları müddətdə onun sənətin hörmət edib sahib çıxırlar. Kamillanın atası çox uzunömürlü olmur. O, həyatdan köçdükdən sonra Pol da diplomatik işləri ilə əlaqədar Şərqə işləməyə gedir.
O, 1898-ci ildən sonrakı zamanlarda həm qadın sənətçi kimi yaşadığı sıxınılar, həm də şəxsi həyatındakı fırtınalı hadisələr ucbatından ruh düşkünlüyünə yuvarlanır. Maddi sıxıntılar içərisində çapalayan Kamillanın ruh sağlamlığında problemlər baş qaldırır. Onda paronoik hallar yaranır. 1906-cı ildə isə onda şiddətli krizlər başlayır. Bir gün isə o, gecəylə öz əsərlərinin bir çoxunu sındırıb məhv edir. Digər qismini isə çaya atır. Onun vəziyyətinin pisləşdiyini görən anası və bacısı Rodenin köməkliyi ilə Kamillanı ruhi xəstəxanaya yatırdırlar.

Bu qədər tənha
olduğum üçün nə etdim?

Bir sənət adamına ediləcək ən böyük pislik məhz Kamillaya edilir. Xəstəxanada olduğu müddətdə dəfələrlə həkimlərdən palçıq və gil istəsə də onun bu arzusu qətiyyətlə rədd edilir. Onun tək istəyi evlərinə qayıdıb heykəl hazırlamaq olur. Kamillanın bu istəyini həkimi dəfələrlə onun anasına və bacısına yazıb bildirsə də, onlar tərəfindən məktublara heç bir əhəmiyyət verilmir. Beş ildən bir onu ziyarətə gələn qardaşı Pola yazdığı məktubda Kamilla çəkdiyi əzabları dilə gətirir: "Ruhi xəstəxanadayam. Evim deyə biləcəyim bir məkana belə sahib olmaq haqqım yoxdur. Bu bir qadının zülmə məruz qalması, sənətkarın isə əzilməsidi. Bilərəkdən məni qaçırdıb xəstəxanaya saldılar. Onlar mənim yaradıcılığımın sərhədlərinə yaxşı bələd idilər.
Qurdların gəmirdiyi kələm kimiyəm... Bitən hər yarpağımı qoparıb çeynəyirlər...
Bura atıldığım neçə il oldu? Bilmirəm... Ancaq bütün həyatım boyu yaratdığım əsərlərə sahib çıxdıqdan sonra özlərinin yaşamalı olduqları həbsxana həyatını mənə yaşadırlar.
Bütün bunlar Roden deyilən o şeytanın işləridi. Onun beynində bircə qorxulu fikir vardı. Mənim ondan üstün olmağım. O bunu bilirdi. Bunu üçün də məni hər zaman sənətdən uzaq və bədbəxt edib bura saldırdı. Bu barədə də müvəffəqiyyətə tam nail oldu.
Bu qədər yalnız qalmaq üçün mən nə etdim? Bu əsarətdən çox sıxılıram... Evə heç bir zaman dönməyəcəmmi Pol? Mən həyatı, eşqi və ümidi sevirdim. Mükafatsız olsalar belə..."
Həyatının ən məhsuldar illərində ruhi xəstəxanaya salınması və otuz ilini orda keçirməsi Kamilla üçün dəhşətli idi. Ən pisi isə sevdiyi sənətdən, gildən, daşlardan və heykəldən uzaq olması idi.
Kamilla Kladuel 1943-ci il 19 oktyabrda otuz ildən çox qaldığı ruhi xəstəxanada həyata gözlərini həmişəlik yumur. O, Monfavet məzarlığında dəfn olunur.
Henrix İbsen onun həyatından bəhs edən "Biz ölülər oyanarkən" adlı kitab yazmışdır. Kamilla Klodelin həyatından bəhs edən ilk film 1988-ci ildə rejissor Bryuno Nyuitten tərəfindən ekranlaşdırılıb. İkinci bir film isə 2014-cü ildə Bryuno Dyumon tərəfindən çəkilib. Həmin filmdə Kamilla obrazını aktrisa Jülyet Binoş ifa edir.

TƏQVİM / ARXİV