adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

OKEANIN O TAYINDAKI PREZİDENTLƏR

BABƏK YUSİFOĞLU
62075 | 2015-05-28 01:49
Yəqin hiss etmisiniz, ABŞ-ın aktyor prezidenti Ronald Reyqandan başlayaraq həmin kresloda kim oturursa dünya ondan daha çox danışmağa başlayır. Oxuduqlarımdan və müşahidlərimdən sonra belə qərara gəldim ki, bu populyarlığın nə ilə bağlı olduğunu öyrənim.
Öyrəndim və gördüm ki, əşi, bunda elə də dəhşətli sirr-filan yoxmuş. Sadəcə olaraq əvvəlki dövrlərdə Amerikanın prezidenti işləyənlər pensiyaya çıxandan sonra gedib orda-burda çalıb-oynamırmışlar, səhər müsəlmanların başına bomba yağdırıb axşamlar rəqs eləmirmişlər, saksafon çalmırmışlar. Yaxud, yaxınlarını başlarına cəm eləyib zəngulə vurmurlarmış.
Özü də gərək haqqına danışasan, əvvəlkilər o qədər də tərəfkeşlik eləməyiblər. Yəni, bu müsəlmandısa mütləq onların üzərində silahımı sınaqdan çıxarmalıyam söhbəti yoxmuş. Yapon-mapon, koreyalı-vyetnamlı - kim gəldi, ayrı-seçkilik eləməyiblər. Asıb-kəsiblər. Təki xristian olmasın, vəssəlam. Pensiyaya çıxandan sonra da gedib düzünəqulu ya bir işin qulpundan yapışıblar, ya da oturblar öz xarabalarında özləri üçün bala-bala yaşayıblar.
Amma indikilər şeytanı çaya susuz aparıb, susuz gətirirlər. Özü də heç nədən də utanıb çəkinmirlər. Mənim yadımdadı, oğul Corc Buş prezident olanda bambılılıq eləmədiyi bir yer qoymamışdı. Hər yerdə bir hoqqa çıxarırdı. Elə Tiflisdə bir tədbirdə iştirak elədiyi vaxt mahnı çalınıb, o da eləməyib tənbəllik dəvətsiz-zadsız qol götürüb düşüb ortalığa, o ki var oynayıb. Deməyib ki, böyük var-kiçik var, ayıbdı. İndi deyirsiz camaat bunları danışmasın?..
İşdən çıxandan sonra da yekə-yekə demişdi ki, özümə bir iş tapıb hələ işləməyi planlaşdırıram. Sonra şəhər də bir restoranın musiqiçi axtardığı haqda elanını oxuyub gedib ki, yaxşı şeypur çala bilirəm. Restoranda da deyiblər ki, bura pioner lageri-zadı deyil, xoş getdin.
Bill Klinton da saksafonıyla saksafon çalanları bezdirmişdi. Çoxları onun əlindən musiqini atıb getdi. Deyilənə görə, lotu toylara da gedirmiş.
İndiki prezident Barak Obama da yerə-göyə sığmır. O qədər düşük hərəkətlər eləyir ki, arvadı belə ondan boşanmaq üçün məhkəməyə ərizə verməyə hazırlaşır. Tədbirlərin birində gözləri önündə vızıltıyla uçan milçəyi "rezki" hərəkətlə tutub "cəzalandıran" Obamanı heyvansevərlər ictimai təşkilatların biri məhkəməyə vermək istəyirdi. Sonra necə oldusa bu işin üstünü ört-basdır elədilər. Amma Amerikanın insan sevərlərindən biri də İraqdakı uşaqları, gəncləri, heç bir günahı olmayan insanları kütləvi şəkildə qırdığına görə, Obamaya güldən ağır söz də demədi. Ondan heç soruşan da olmadı ki, sən Səddam Hüseyni tutub asmaq istəyirsənsə öldürdüyün bir milyon iraqlının nə günahı var? Amma bu dövran belə getməzg
Barakın da dövranının sonu çatmaq üzrədir. Eşitdiyimə görə, o, işdən çıxan Buşun aqibətini yaşamamaq üçün indidən tədbirlər aramaqdadır. Reyqan kimi aktyorluğu, Bill Klinton kimi saksafon, Buş Kimi şeypur çalmağı bacarmadığı üçün Obama deyəsən fərqli bir sahəni hədəfləyir. Xəbər saytlarında bildirirlər ki, həmyerlilərindən Feliks Kiprono adlı bir gənc onun böyük qızı Maliya ilə evlənmək istəyir. Valideynlərinə xəbər də göndərib ki, onların qızını sevir və başlıq parası kimi Baraka 50 baş inək, 70 baş qoyun və 30 baş keçi verməyə hazırdı.
Hələlik bu təklifə Obama heç bir reaksiya verməsə də eşitmişəm ki, o bu barədə müsbət cavab verməyi fikirləşir. Düşünür ki, o biri prezidentlər kimi işdən ötrü qapı-qapı gəzməmək üçün təklifi qəbul eləsin, verilən mal-qaranı bəsləməklə məşğul olsun. Yəni, babat bir fermer təsərrüfatı yaradıb pul qazansın. Amma burada əsas problem Maliyanın buna razı olub-olmamasıdı. Əgər qız tərslik eləyib yox deyərək dirənərsə onda Barak başqa variantlar üzərində fikirləşməli olacaq. Əsl mərəkə də onda başlayacaq. bu da müsəlman ölkələrinə ölüm silahları göndərmək kimi asan deyil kig
İndi aydın oldu ki, bu adamlar haqqında niyə daha çox danışırlar? Nə üçün onlar daha populyardılar?..


TƏQVİM / ARXİV