adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

HƏR KƏS BELƏ SEVƏ BİLMƏZ

3720 | 2015-05-28 01:38
Dünyanın bənzərsiz sevgiləri var. O qədər bənzərsiz ki, kim oturub hekayətin danışsa fərqli bir məhəbbət tablosu qarşısında donub qalırıq. Gənc şairimiz Ələmdar Cabbarlının sevgi hekayələri kimi. Ona görə hekayələri dedim ki, onun fərqli dünyasında torpaq sevgisi, ana, ata, dost, təbiətg sanki bir əfsanədir. Hər misra ağlıma gəlməyən, insanı həmin an silkələyən, oyadan, ürəyini titrədən "əfsanə" dediyimiz həqiqət:

Gün qaralsın, düşsün kölgə
Mən gələcəm - sən də gəl.
Mən ölsəm gəlmədim bəlkə-
Amma sən ölsən də gəl!

Bu dəli həsrətin, bu dolu sevgi ehtirasının şahə qalxan dalğalarının üsyanını eşitdinizmi? "Ölsəm də gələcəyəm" yalanının yerinə "g ölsəm gəlmədim BƏLKƏ(!)" bir ümidin, bir saf eşqin məğrurcasına yalvarışıdır: "Amma sən ölsən də gəl"
Doğulduğu torpağa da sevgisi təkrarsızdır, tərtəmizdir:

Könlüm Kəlbəcərə köçüb yuxuda,
Özünə yurd-yuva seçib yuxuda.
Dağların suyundan içib yuxuda,
Səhər dururam ki, dişim göynəyirg

Belə yuxunu ancaq istedadlı, həsrətli şair görər. Yuxuda dağların suyundan içib, səhər dişi göynəyən şair. Qəribədir, bütün bu hisslər mənə tanış olsa da heç vaxt deyə bilməmişəm. Yalnız şair olmadığımdan deyil, həm də yavaş-yavaş o dağların havasını, suyunu, gülünü-çiçəyini, gecələr silinib-təmizlənmiş brilyant dənələrini xatırladan ulduzlarını (Bəli ulduzlarını. Kəlbəcərdə əl atsan sanki ulduzlara çatacaq kimi) yadırğadığımdandır bəlkə. Mən də o dağlarda doğulmuşam. O dağların uşaqlarının əksəriyyəti demək olar ki, eyni həyatı yaşayıblar - təmiz, yalansız, oyuncaqsız, yaraşıqlı geyim-geçimsiz, bəzən də dəftər-kitabsız. Bir dərs kitabı əldən-ələ gəzirdi. Həftədə bir dəfə filmə baxmağa icazəmiz vardı. Kəndlərdə "kino gəlib" deyəndə toy-bayram olurdu. Heç nəyimiz yox idi. Amma elə bir dünyamız, elə arzularımız, xəyallarımız vardı ki, indi dönüb geri boylananda heyrətlənirsən. Bütün bu hissləri, rəsmləri Ələmdarın şeirlərində gördükcə (məhz gördükcə, oxuduqca yox) istər-istəməz kövrəlirsən, həm də sevinirsən. Sevinirsən ki, o hisslər hələ ölməyib. Yaşadanlar var. Ələmdar sənin əlindən tutub o dağları gəzdirdikcə saz səsi, bulaq pıçıltısı, Tərtər harayı, yalçın çayların əks-sədası yaxandan tutub silkələyir. Gedən torpaqları sadalayıb, üsyan edir, intiqama qaldırır:

Bir gün olmadı deyən,
dərdin, həsrətin gedib,
Mənim Kəlbəcər boyda varım,
sərvətim gedib.
İrəvanım, Borçalım, Göyçəm,
Dərbəndim gedib
Bu yurda göz dikənin
gərək gözün dağlayam,
- Azərbaycan oğluyam.

Ələmdarın kitablarında bir uşaqlıq şəkli var. Oxucuları onu çox görüblər. Elə mən də həmişə o şəkilə həsrətlə baxıram. Bu, kəlbəcərli uşaqların simvolik bir görüntüsüdür. Bax, elə bu geyimdə dərsə də gedirdik, dirədöymə də oynayırdıq, aşıq-aşıq da, hələ bayramlarda yumurta da döyüşdürürdük.
Və bu dəfə fikirləşdim ki, nəyə görə Ələmdar bu şəkildən "əl çəkmir?". Yalnız xatirələr xatirinəmi? Məncə yox! O uşaq hələ də Ələmdarın hisslərində, duyğularında, qanında, sümüyündəg qələmində yaşayır - elə o yaşda. Əgər şairin, bəstəkarın, rəssamıng uşaqlığı onu tərk edərsə, o sənətkar bitər. Nə qələm götürə bilər, nə fırça, nə də barmaqların notları dolanar. Və əgər 60-70-90 yaşlı sənətkar hələ də içindəki o uşaqlığı yaşadırsa, o, elə o yaşdadır, uşaqdır. Hissləri, duyğuları təzədir. Ələmdarın bu şəkli mənə həmişə bu həqiqəti xatırladır.
Ələmdarın "sevgi intiharları" da çox qəribədir:

Fürsət verə sənə bir şeir
Yazım - özümü öldürüm.
Saçlarından bir tel göndər -
Asım özümü öldürüm.

Bax belə! Sevdiyin kəsin bircə telindən asılıb ölmək. Olar vallah! Bu hiss mənə də tanışdır. Xatırladım. Bir zamanlar mən də belə hisslər yaşamışdım. Amma bu qədər gözəl ölməyi ağılma gətirə bilməmişdim. Gətirsəydim dəg Yəqin qorxardım. Ya da "O" bircə telini göndərməzdi. Ya yazığı gələrdi, ya da uzun bir nakamlıq zülmü yaşadıb, həzz alardı. Elə belə də oldu. Və indi Ələmdarın şeirlərində sanki bir zaman gördüyün ağ-qara edilmələrə yenidən baxırsan:

Dedilər toyun olacaq
Deyib qırdılar dizimi.
Üzünə örpək bağlama
Günah örtəcək üzünü.

Sevmək və ölməkg Bu iki duyğu gənc şairin yaradıcılığı boyu ona yol yoldaşıdır. Bəzən özünü elə tərifləyir ki, adam az qalır Əzrayılın boyunu sevsin. Amma sonra anlayırsan ki, bu ölüm Əzrayillik deyil:

Dərdindən ölməyincə
Ölmərəm arxayın ol!

Sonra düşünürsən ki, ölümü ilk dəfə nə zaman görüb, hiss eləyib? Ölümün bu qədər qəfləti, amansız, gözlənilməz olduğunu harada anlayıb? Onun da cavabı var:

Bizə gələndə görmüşəm,
Üzə güləndə görmüşəm.
Atam öləndə görmüşəm -
Qardaş, ölüm nəmənədig

Bax, belə itgilər - ata, torpaq, yurd, qohum-qardaş, dostg itgiləri ona yalnız ölümü deyil, yaşamağı, həm də insan kimi, şair kimi, vətəndaş kimi yaşamağı öyrədib:

Hanı Qarabağda toy-büsat, babam,
Ay Bayandur babam, ay Basat babam.
Yatmış yaddaşlara bir daş at, babam
Birdən unudarıq Qarabağı dag

Necə ki, Zəngəzuru, Vedibasarı, Basarkeçərig az qala unutmuşuq. Necə ki, İrəvanı, o gözəl Azərbaycan şəhərini ilanlara yuvalanmağa vermişik. Bu işğalın, yağmanın sonu olmalıdır. Şairin üsyanı budur. Hər kəsin üsyanı budur. Və o gün gələcək. mütləq gələcək. Biz o torpaqlara qayıdacağıq. Başqa yerlərdə axtardığımız, gördüyümüz oxşarlıqları elə orada - Kəlbəcərdə yaşayacağıq.
Və mən bu yazını bəlkə də özümə həsr elədim. Ələmdar o hissləri yenidən oyatdı deyə. Məqsədim onun necə şair olduğunu xatırlatmaq deyil, tanıyanlar tanıyır, sevir. Məni ilk tanışlığımdan bəri heyran edən Kəlbəcər ədəbi mühitində böyüyən bir gəncin dünyaya fərqli bir yorumla söz deyə bilməsidir. Ənənə Kəlbəcər şeiriyyəti ənənəsidir, yorum başqadır, təqdimat, mənalandırma fərqi göz qabağındadır. Və o, mənə yalnız uşaqlıq, yeniyetməlik çağlarını deyil, başqa söz sahiblərini də xatırladır. Ələmdarın "Bu kənddən nə qəşəng kənd iyi gəlir" şeiri Ənvər Rzanı yadıma saldı.
Bəlkə də bunu çoxları bilmir. Ənvər müəllim adətən yay aylarında Kəlbəcərə gələrdi. Ona sonsuz qayğı göstərərdilər. Və şair onun üçün xüsusi ayrılmış otaqda yatmazdı:
- Otağa bir az çır-çırpı, bir az da kərmə qoyun. O zamankı kənd iyini yenə duymaq istəyirəm.
Doğma yurdun ətrini haradasa duyan Ələmdar mənə Ənvər müəllimin sözlərini xatırlatdı. O doğma qoxu, o əsrarəngiz Kəlbəcər ətri üçün yenə burnumun ucu göynədi...



TƏQVİM / ARXİV