adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

iki Kozevoy

MƏZAHİR ƏHMƏDZADƏ
35541 | 2011-08-13 01:36
Anar-Şamo Arif və ya Şamo Arif-Anar qarşıdurmasının (bütün hallarda yerdəyişmələrin və ya ədəbi nüfuz çəkisinin uyarsızlığı şərhsiz görünür) boş-boşuna davam etdiyi bu günlərdə qəfildən yadıma Oleq Koşevoy düşdü. Başladım bu haqda düşünməyə, yaddaşımı işıqlandırmağa...
   
   Görüm qəbul edə bilmədiyim, ədəbiyyatımıza və mətbuatımıza yaraşdırmadığım bu "qladiator" döyüşünün təsirindən necə uzaqlaşa bilərəm.
   
   Tərs kimi oxumaya da bilmirəm, məlumatları bir tərəfə tullayıb laqeyd qala da bilmirəm. Yazar olduğuma görə deyil, oxucu olduğuma görə. Oleq Koşevoyunsa gerçəkdən bu məsələyə dəxli yoxdur. Sadəcə bir nüans işarır çox-çox uzaqlarda... bəzən yaddaş şifratorunun özünün də tam dərk olunmayan əlamətləri bir-birinə qarışıb labirint yaradır.
   
   Məsələ burasındadır ki, Koşevoy soyadlı iki məşhur insan yaşayıb XX əsrdə. Oleq Vasilyeviç Koşevoyu indinin özündə də ən azı Böyük Vətən müharibəsi, partizan hərəkatı, Krasnodon döyüşləri xatırlanarkən yada salırsan. Təbii ki, daha çox yaşı 45-50-dən yuxarı olanlar. Çerniqov vilayətinin Priluki şəhərində anadan olmuş Oleqin tərcümeyi-halı elə ömrü kimi çox qısadır. O, 1940-cı ildən Krasnodon şəhərində yaşamış, orta məktəbdə oxumuş, şəhər alman-faşist qoşunları tərəfindən işğal edildikdən sonra (1942-ci ilin iyul ayı) məşhur "Gənc Qvardiya"nın yaradılmasında iştirak etmişdir. 17 yaşlı komsomolçu Koşevoy "Gənc Qvardiya" nın qərargah üzvü və komissarı olmuşdur.
   
   1943-cü ilin yanvar ayında faşistlər təşkilatın izinə düşür. Koşevoy cəbhə xəttini keçmək istəyirkən düşmənlər onu tuta bilir. Ona olmazın işgəncələr verirlər. Almanlar Oleq Koşevoyu fevral ayının 9-da güllələyirlər. Bu igid Sovet gəncinə, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir. Sonralar vətəni Prilukidə Koşevoyun muzeyi açılır, ona abidə ucaldılır. Sovet dövründə bir çox şaxtalar, zavodlar, məktəblər, pioner drujinaları Oleq Koşevoyun adını daşıyır...
   
   İndi isə ikinci Koşevoy haqqında. Pyotr Krilloviç Koşevoy hazırda bilmirəm nə cür adlanır, Kirovoqrad vilayəti vardı, həmin vilayətin Aleksandriya şəhərində 1904-cü ildə anadan olub. Hərbiçi idi. Fikir verin, görün bu Koşevoy hansı zirvələrə yüksəlib, adamın başı gicəllənir. 19 yaşından kommunist partiyasının üzvü olan P.K. Koşevoy 16 yaşından ömrünün sonunadək sovet ordusunda xidmət etmişdir. O, S.M. Budyonnı adına Süvari Məktəbini, M.V.Frunze adına Hərbi Akademiyanı, Baş Qərargah Akademiyası yanında Ali akademik kursları bitirmiş, Böyük Vətən müharibəsində diviziya və korpus komandiri olmuşdur. Müharibədən sonra ordu komandanı, Almaniyada Sovet Qoşunları qrupu baş komandanının müavini, baş komandanı, Sibir, sonralar Kiyev hərbi dairələri qoşunlarının komandanı... Adamın nəfəsi kəsilir... Sov.İKP MK üzvlüyünə namizəd, SSRİ Ali Sovetinin (6-7-ci çağırış) deputatı seçilmişdi. 5 dəfə (!!!) Lenin ordeni, 3 Qırmızı Bayraq ordeni, Suvorov, Kutuzov ordenləri, saysız-hesabsız medal və xarici ordenlərlə təltif olunmuşdur. Ən əsası Sovet İttifaqı Marşalı kimi ən yüksək hərbi rütbəyə çatan P.K. Koşevoy iki dəfə (1944,1945-ci illərdə) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
   
   1976-cı ildə Moskvada vəfat edən bu super titullu qəhrəman hərbiçinin indi çoxmu adam xatırlayır? Yeni nəsil nəzərdə tutularsa heç Rusiyanın özündə də ciddi fakt sayılmaz. Oleq Koşevoyu isə ən azından orta məktəb illəri SSRİ dövrünə düşənlərin çoxu unutmuş olmamalı. Çünki əldə həm də "Gənc Qvardiya" romanı vardır. Ədəbiyyat isə öz qəhrəmanlarını daha çox ucaldır və yaddaşlarda saxlayır.
   
   Əgər o gerçək ədəbiyyatdırsa...

TƏQVİM / ARXİV