adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 May 2015 17:32
6025
MƏMLƏKƏT
A- A+

Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcək

Avropa Oyunları ilə bağlı rəsmi akkreditasiyadan keçmiş bütün şəxslər Bakıdakı istənilən ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Bunu Trend-ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov deyib.

Onun sözlərinə görə, Avropa Oyunları ilə əlaqədar rəsmi akkreditasiyadan keçmiş bütün şəxslər Oyunlar zamanı akkreditasiya kartını göstərməklə gün ərzində marşrut avtobusları, eləcə də "ekpress” avtobusların xidmətindən pulsuz yararlana biləcəklər.

N.Həsənov bildirib ki, Avropa Oyunları yarışlarına biletləri olan tamaşaçılar üçün isə yalnız "ekspress” avtobuslarında gediş pulsuz olacaq. Bunun üçün onlar biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər.

Akkreditasiyası və bileti olanların metrodan pulsuz istifadə etməyinə gəlincə, hazırda bununla bağlı "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi ilə danışıqlar aparılır.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, BEGOC-da rəsmi akkreditasiyadan keçmiş və xüsusi vəsiqəsi olan şəxslər elə bu gün də metrodan pulsuz istifadə edə bilərlər: "Bu aksiya Avropa Oyunları tam bitənədək davam edəcək. Bunun üçün onların akkreditasiya kartını göstərmələri yetərlidir. Yarışlara bileti olan tamaşaçılara gəlincə isə, onların hələlik yalnız Oyunların açılış və bağlanış günləri metronun xidmətindən pulsuz istifadə etmələri nəzərdə tutulur. Bunun üçün onlar girişdə biletlə yanaşı, şəxsiyyəti təsdiq edən sənədi də təqdim etməlidirlər”.