Azərbaycan kosmik peykdən hərbi məqsədlər üçün istifadə edəcək
Azərbaycan kosmik peykdən müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadə edəcək.
Trend xəbər verir ki, bu gün "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində Fransanın "Airbus Defense & Space” şirkəti ilə birgə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykindən əldə olunan təsvirlərin müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib. Seminarın əsas məqsədi "Azersky" peykinin imkanlarını nümayiş etdirmək, qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq və istifadə yollarını müzakirə etmək olub.
Qeyd edək ki, 30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılmış və 2 dekabr 2014-cü il tarixindən etibarən "Azərkosmos”a təhvil verilmiş yüksək ayırdetməli (1.5m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri var.