adalet.az header logo
  • Bakı 20°C

"KAMAZ"IN KABiNƏSiNDƏ... REDAKSiYA

MƏZAHİR ƏHMƏDZADƏ
26372 | 2011-08-06 11:33
Mən bu maraqlı, əslində isə əcaib əhvalatı qələmə almazdan qabaq, icazə verin, əziz oxucular, sizə duyğusal bir söhbət açım. Məsələ belədir ki, Acalovlar nəslinin tanınmış nümayəndələrini mən ilk gənclik illərimdən, universitet tələbəsi olan vaxtlarımdan görüb izləmişəm. Az qala Azərbaycandan daha çox Ukraynada məşhur olan Abbas Acalov (Abbas Abdulla) mənə dərs deməsə də, onu həmişə özümə müəllim bilmişəm.
   
   Tələbəlik dostum, şərqşünas Arif Acalov, onların vasitəsilə tanış olduğum Sofiyevlər, Amaşovlar, Göyüşovlar... Sovet dövrü olmasına baxmayaraq, hər addımda millətçiliyə cəhd edən gürcülərin çevrəsində türkçülüyü qoruyub-saxlamağı bacaran necə gözəl, necə səmimi insanlar... Həm də zəhmətkeş, dürüst və bir də... çantalarında, əllərində daim kitab olan ziyalı insanlar.
   
   Sonralar mən Acalovların özümdən 5-6 yaş böyük başqa bir nümayəndəsi ilə tanış olarkən və bu tanışlığın ötüb-keçən 15-16 ilinin hər görüşündə, hər telefon əlaqəsində mütləq gürcüstanlı dostlarımla bağlı bir xatirə danışarkən "De qadan alım..." həvəsləndirməsini böyük istək və zövqlə yaşamışam. Məsələ burasındadır ki, Zaqatalada yaşayıb-çalışan həmin bu İsfəndiyar Acalov ixtisasca mühəndis-texnoloq olmasına baxmayaraq, yaradıcı zümrəyə həssaslıq göstərən insandır. Hər gün qəzet -jurnal, kitab oxumaq üçün vaxt axtaran, məlumatlarını zənginləşdirməyə çalışan, eyni zamanda partiya (YAP) fəallığı da göstərən bu istehsalat adamı müntəzəmliklə qəribə situasiyalarla da üzləşir. Qəzetimizin fəal oxucusu və təbliğatçısı olduğundan mən də onu həmişə dəstəkləyirəm. Yəni, iradlarını qəbul edir, mülahizələrini bölüşürəm.
   
   Bayaq dedim, İsfəndiyar Acalov səmimi və dürüst adamdır. Etiraf edib bildirir ki, rəhbərlik etdiyi Zaqatala qida məhsulları kombinatı (bəlkə də müəssisənin adını dəqiq yazmadım) son vaxtlar rentabelli işləyə bilmir, rəqabətlərə dözmür, bazarlardan, necə deyərlər, süni şəkildə sıxışdırılır. Bütün bunların obyektiv və ya subyektiv səbəbləri o qədərdir ki... Özü demiş, bu məsələnin şərhi çox uzundur, yorucudur və qəlizdir. Bizlərin buna qarışmasının da elə bir əhəmiyyəti olmadığını bildirən Acalov nə qədər qəribə və paradoksal görünsə də mətbuatımızın da bəzi məqamlar üzündən halına acımağını gizlədə bilmir. Çünki ərtaf mühit, gündəlik həyat özü yaradır, özü formalaşdırır belə məqamları...
   
   Acalov son vaxtlar müəssisənin dirçəlməsi, burada çalışanların çörək qazanması yollarını aramaqda, bəzi mətbuat işçilərinin, yəni vəsiqəli vətəndaşlarımızın (ifadə özümə məxsusdur-M.Ə.) isə onu əməlli-başlı təəccübləndirməkdə, hətta heyrətləndirməkdədir. Yaxın vaxtlarda, 8-10 gün arasında bir neçə qəribə əhvalatla rastlaşan Acalov Azərbaycan mətbuatına, gerçək jurnalistikaya təəssübkeşlik və dostyana ərklə bunları mənə də danışdı. Ancaq əvvəlcə həmişəki səmimi sualını yenə də təkrarladı: "İncimə, qadan alım, mətbuatdakı biabırçılıqlar sizi narahat etmir ki?..".
   
   Eh, gözəl insan, gözəl dost... Nə deyim axı?
   
   
   
   
   
   Birinci Əhvalat
   
   
   
   Bakıda yaşayan bir tanışından Acalovun mobil telefonuna zəng gəlir. Həmin şəxs rayonlardan köhnə çən və digər istehsalat avadanlıqları alıb-satan bir "Kamaz" sürücüsüymüş. Hal-əhvaldan sonra İsfəndiyar müəllimdən xahiş edir ki, onun yanına iki nəfər (bir kişi, bir qadın) göndərir, onları qarşılayıb yola salsın. Acalov da həmin tanışına başa salır ki, ona çən lazım deyil. Həmin o "Kamaz" sürücüsü də telefonun o başında uğunub gedir ki, nə çən, nə sex, nə maşın?.. Deyir indi mən qəzet redaktoruyam, işçilərimi də bir dost kimi ora göndərirəm... Vəssalam!
   
   
   
   
   
   İkinci Əhvalat
   
   
   
   İki nəfər qovluqlu adam bir neçə rəngə çalan köhnə "Jiquli"dən düşərək gözətçidən direktoru soruşurlar. Acalov da həmin gün Gürcüstana yas yerinə gedibmiş. Belədə onun sex rəisini soraqlayıb tapırlar. Və bildirirlər ki, "Hüquq" (?) qəzetindən gəliblər. Məqsədlərini çox aydınca bildirirlər. Deyirlər ki, Acalovu qəzetin redaksiya heyətinə üzv seçmişik, indən belə birgə çalışacağıq. Daha sonra mətbuatın cəmiyyətdəki rolundan-filandan söz salıb doyunca gopa basırlar. Sex rəisi də hövsələsiz adam, bilmir bu yeni yanaşmaya necə cavab versin. Qəzetçilər bunu duyub özləri istiqamətləndirirlər. Hələlik 100 manat istəyib Acalovun adına yazılmış vəsiqəni (redaksiya heyətinin üzvü cənab İsfəndiyar Acalov başlıqlı) sex müdirinə verirlər. Sex müdiri də nə vəsiqəni götürür, nə də tələb olunan 100 manatı verir. Əslində çox cəld tərpənərək "Redaksiya heyətinin üzvü" vəsiqəsini satanlara təəssüflə söyləyir ki, Acalov başqa bir qəzetinmi, jurnalınmı üzvüdür, onlar özləri buna görə müdirə pul verirlər.
   
   "Hüquq"çular vəziyyətlə barışmırlar, zəhmət çəkib gəldikləri üçün pul istəyirlər. Belədə sex rəisi cibindən 16 manat pul çıxarıb 1 manatını özünə saxlayır və and içir ki, olanım budur. "Hüquq"çular həmin pulu götürüb gedirlər.
   
   
   
   
   
   ÜÇüncü Əhvalat
   
   
   
   Bu maraqlı əhvalata yer qalmadı. Açığı həvəsim də yoxdu yazmağa. Ancaq sonluğunu bildirmək olar. Yenə də Acalovun özü olmayan bir vaxtda iki nəfər mətbuat işçisi kombinata gələrək ürək sözlərini bildiriblər. İstədikləri alınmayanda "Qəti söz"lərini ucadan söyləyərək müəssisəni tərk ediblər. Hara gediblər, hələ ki, məlum deyil.

TƏQVİM / ARXİV