adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 May 2015 13:23
1639
SİYASƏT
A- A+

“Kredit öhdəliyi olanlar müxalifətin əli ilə hakimiyyəti şantaj edir”

Milli Şura 30 may tarixində mitinq keçirməyi qərara alıb. Bakı Şəhər İcra Hakimiyyətinin razılığını aldıqdan sonra qurumun üzvü olan AXCP-nin funksionerləri artıq mitinq üçün xalqa müraciət etməyə başlayıb.

AXCP sədri Əli Kərimli sosial şəbəkə vasitəsilə xalqa müraciət edərək bildirib ki, bu mitinqin əsas şüarları yanan bina, bank kreditləri və manatın devalivasiyası ilə əlaqədar olacaq. AXCP sədri hesab edir ki, bu dəfə meydanı insan kütləsi ilə doldurmağı bacaracaqlar.

Əli Kərimlinin bu fikirlərinə isə "Hafta.az-ın debatı” rubrikasında millət vəkili Zahid Oruc cavab verib. O bildirib ki, Milli Şura faciədən siyasi məqsədlər üçün istifadə etmək istəyir. Lakin bu alınmayacaq:"Milli Şuraya daxil olan azsaylı təşkilat və şəxslərin ictimai ruha söykənərək, hərəkət etməsi dünyada tanınmış siyasi haqlardandır. Hər hansı bir cəmiyyət hadisəsi siyasətdə istifadə oluna bilər. Buna görə də hesab edirlər ki, Binəqədidə baş verən hadisə, insan itkiləri, eyni zamanda, Bakı şəhərində yaşanan digər hallar müxalifətin gücünü artıracaq. Bu faciəli hal siyasi prosesləri yönləndirə və müəyyən aktivlik yarada bilər. Bəlkə də hesablayırlar ki, hər hansı səbəbdən iqtidardan üz döndərən insanlar, müxalifətə keçid edə bilərlər. Başqa bir mühüm məqam isə varlılara, xüsusilə də kredit milyonçularına uzadılan əllərdir ki, bu da müxalif partiyaları məlum maddi üzüntülərdən xilas edə bilər. Düşünürəm ki, 30 may mitinqinin başlıca hədəfi tikinti sektoruna yönəlmiş pulların səmərəsiz istifadəsini qabartmaq və bu fonda hakimiyyətin bir az da üzərinə gəlməkdir. İkincisi isə kredit öhdəliyi qarşısında olanların, bu və ya digər formada müxalifətə kiçik miqdarda vəsait ayırmaqla, onların əli ilə hakimiyyəti şantaj etmək istəkləridir. Nəzərə almalıyıq ki, bütün hallarda hakimiyyət müxalif qüvvələrin imkanlarını onlardan dörd qat yaxşı hesablayır. Ümumi müşahidələr də onu göstərir ki, müxalifət qüvvələri, hətta belə bir vəziyyətdə hər hansı bir narazı insanları da təşkilatlandırmaq gücündə deyillər. Ona görə ki, faktiki olaraq onların yanaşması bolşevik üsul idarələrinə aparıb çıxaran platformadan heç nəyi ilə fərqlənmir”.