adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

DƏYiRMAN

VƏSİLƏ USUBOVA
30608 | 2011-08-06 02:51
Əvvəlcə istədim yazının adını "Köhnə dəyirman" qoyum, sonra fikirləşdim ki, köhnə nədi, indi heç təzə dəyirmanlar da yoxdu. Amma əvvəllər kəndlərin çoxunda dəyirman olurdu. El-obanın gözündə ən müqəddəs yer, ruzi-bərəkət ocağı sayılardı dəyirmanlar. Bu ocağa əliboş gedənlər də evlərinə əliboş dönməzdilər. Qohum-qonşu, camaat yol verməzdi buna...
   
   Uşaqlığımı xatırlayanda uzun qış gecələrində gözümə yuxu gedənəcən (yəqin ki, yuxu ağuşuna almasaydı sabahacan) qulağıma gələn gurultunu hələ də ayrı bir həsrətlə xatırlayıram. Bu, adi gurultu deyildi. O səsin çıxdığı məkana çiyinlərdə, arabalarda kisə-kisə, çuval-çuval arpa, buğda, qarğıdalı daşınar, kisə-kisə, çuval-çuval una, kəpəyə dönüb evlərə gətirilərdi. Kişilər dəyirmanda növbə tutardılar, "bu gecə filankəsin növbəsidi" deyərdilər. İkinci Dünya müharibəsinin qurtarmasından elə də çox zaman keçməmişdi. Kənddə dul arvadlar, atasız uşaqlar çox idi. Belələrinin də əvəzinə qohum-qonşunun kişiləri dəyirmanda gecələyərdilər. Evin kişisini soruşanda "bu gecə dəyirmanda olacaq" cavabını eşidərdin.
   
   Dəyirmanda olanın yolu səbirsizliklə gözlənilirdi. Boş un çuvalları kimin könlünü açar ki?!... Arvadlar təzə dəyirman unundan lavaş, təndir çörəyi bişirməyə tələsərdilər. Kisənin, çuvalın ağzını açıb baxan kimi bilirdilər ki, bu unun xəmirini sacda, yoxsa təndirdə bişirmək olar. Başlarını bulayıb deyərdilər: "Yox, bu un gödəkdi, təndirdə durmaz. Kündələrin hamısı kütə gedər. Bunu ancaq saçda bişirmək lazımdı"...
   
   Hərdənbir alınma unları ələyəndə fikirləşirəm, görəsən, bu unun niyə kəpəyi çıxmır?! O zaman dəyirmandan evə mütləq bir kisə, kisəyarım kəpək də gətirilərdi. Arvadlar bu kəpəyi xəmirdən bir az bərk yoğurub itə-pişiyə, körpə heyvanlara yem hazırlardılar. Balaq-buzova verilən yemə nuvala deyərdilər. Anam körpə heyvanları uşaq kimi əliynən yedizdirərdi. Bir dəfə balaq (camışın balası) dişləyib barmağındakı üzüyü də əzmişdi...
   
   Sarı buğdanın unundan bişirilən çörəyin ətri az qala kəndi başına götürürdü...
   
   
   
   ***
   
   
   
   Dəyirmanın səsi gələndə yaşlıların sifəti nurlanırdı. Dodaqlarının artında pıçıldayıb şükranlıq edərdilər. Amma bunlar bizlərdən-üstünə yağ-şor yaxılan çörəyi həyət-bacada atılıb düşə-düşə iştahla yeyən uşaqlardan ötrü hələ qaranlıq məsələlər idi. O çörəyi kimlərin, hansı zəhmət bahasına qazandıqları bizi maraqlandırmırdı. Yəqin, xoşbəxt, qayğısız uşaqlıq elə bu imiş...
   
   Dəyirmanın səsini eşidib çöhrəsi işıqlanan böyüklər bizi arxayınlıqla, qürurla süzüb tapmaca da deyirdilər:
   
   
   
   Dəyirmana dən gəldi,
   
   Qırmızı don tən gəldi.
   
   Toxunmamış çuvalda
   
   Üyünməmiş dən gəldi.
   
   
   
   Cavabı tapmaqdan ötrü özümüzü dağa-daşa vururduq. Daha ağlımıza gəlmirdi ki, bu toxunmamış çuvalda gələn üyünməmiş dən başqa şey yox, elə bağımızdan yığılıb dəstə-dəstə bağlanıb tavandan asılan, bağdatıda quru samanın arasında saxlanılan qıpqırmızı narlar imiş...
   
   
   
   ***
   
   
   
   Dəyirman deyilən yer qamış daxma idi. Ancaq bu adi daxmadan xeyli hündür idi. İki kəndin arasında- qəbiristanlığın ucunda yerləşirdi. Qonşu Talış kəndinə gedəndə həmişə onun yanından keçərdik. Gedəndə də, qayıdanda mütləq içəri girib baxırdıq. Qamışlar sökülüb dağılmışdı. İçəridə köhnə traktor vardı. Yəqin, mühərriki o işlədirmiş. Bura çox sərin olurdu. Həmişə kölgəsində qoyun-quzu, dana-buzov yatışırdı. Arvadlar təndir çatanda uşaqları yan-yörəsindən təzək yığmağa göndərirdilər...
   
   Sonralar bu köhnə dəyirman haqqında rəvayətlər də uydururdular. Guya, gecə vaxtı oradan keçəndə cürbəcür səslər eşidilir, qaraltılar görünür. Yalanmıydı, gerçəkmiydi, bilmirəm, ancaq əfsanəsiz, rəvayətsiz, qorxulu nağıllarsız uşaqlıq da bir uşaqlıq deyil...
   
   Dəyirmanla bağlı bayatılar, tapmacalar, mahnılar da saysız-hesabsız idi. Həm də bu dəyirmanda üyüdülən unun çörəyi kimi dadlı-tamlı, xoş qoxulu...
   
   Bizim nəsil bir kəndin köhnə dəyirmanında baş verən hadisələr haqqında bir gözəl roman da oxumuşdu. Və o romanın müəllifini az qala xalq düşməni eləmişdilər. (Görəsən, indi Mövlud müəllim nə yazır?! Uzun illərdi ondan yenə də qeyri-adi, bütün ədəbi aləmi qatıb-qarışdıracaq bir əsər gözləyirəm!!!)
   
   
   
   ***
   
   
   
   İzi-tozu da qalmayıb indi o dəyirmanın. Qəbiristanlıq böyüyüb-böyüyüb onun da yerini tutub. İndi o yerdə fələyin dəyirmanında üyüdülənlər uyuyurlar. Bir zamanlar dəyirmanda gecələyən, səhər açılanda gözlərindən yuxu tökülsə də, üzü, üst-başı unlu evə ruzi-bərəkət gətirən kişilər, o təzə undan dadlı-tamlı çörəklər, xörəklər bişirən, hər barmağında on mərifət olan xanım-xatınlar əbədi yuxudadılar...
   
   İndi kənd kişilərinin bazarlıq zənbilində mağaza çörəkləri də olur. Süfrə başında analarının, nənələrinin ətri kəndi bürüyən çörəklərini xatırlaya-xatırlaya ağızlarındakı tikəni dada gətirməyə çalışırlar... Alınmayanda bəhanə də tapırlar: "Əşi, dad o daddı ey, damaq o damaq deyil..."
   
   Yox, əzizlərim, əslində nə dad o daddı, nə də damaq o damaq.
   
   Dadı da, damağı da dəyişdirməyin vaxtıdı...
   
   Yoxsa... dad o yana dursun, tezliklə damaqsız qalacağıq...

TƏQVİM / ARXİV