HƏYATI AĞRIYAN ƏNVƏR MƏMMƏDXANLI

VAQİF YUSİFLİ
46067 | 2015-05-27 09:32
"Həyatım ağrıyır..." Ənvər Məmmədxanlının ifadəsidir.
Uşaqlıq illərindən xatırlayıram, bəzən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birə öz iç dünyasına qapılar, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub sənə, nə var?" dalğın-dalğın cavab verərdi: "Həyatım ağrıyır".
Görkəmli yazıçı-dramaturq Ənvər Məmmədxanlıya (1913-1990) həsr olunan, onun haqqında xatirələr, esselər, məqalələr cəm olan bu kitab (toplayıb tərtib edəni və redaktoru Sona Xəyal, ön sözün müəllifi Anar) doğrudan da "Həyatım ağrıyır" adlanır. Və bu kitab vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının nadir istedadlılarından biri-Ənvər Məmmədxanlının parlaq obrazı; onun bir insan kimi bənzərsiz şəxsiyyəti, əlli ildən artıq keçdiyi yaradıcılıq yolu, sənət uğurları, həmçinin həyatının ağrılı-acılı günləri öz əksini tapır.
Ənvər Məmmədxanlı unudulan sənətkar deyil və onun ədəbiyyat tariximizdə özünəməxsus yeri var. Keçmiş günlərin oxucuları onun əsərlərini sevə-sevə oxuyurdular və indiki nəsil də öz bədii-estetik zövqünü formalaşdırmaq üçün ata-babalarından nümunə götürməlidirlər. Təbii ki, bu sözüm heç də bütün oxuculara aid deyil, indiki nəsillər arasında da Ənvər Məmmədxanlı irsinə müraciət edənlər az deyil.
Ənvər Məmmədxanlı XX əsr Azərbaycan ədəbiyyatında lirik-psixoloji nəsr ustası kimi tanınır və onun "Bakı gecələri", "Buz heykəl", "Karvan dayandı", "Boyunbağı", "Əfsanəli dağlar", "Qaralmış günəş" hekayə və novellaları o dövrdə ən çox oxunan hekayə və novellalar idi. Təsadüfi deyil ki, onu "nəsrimizin şairi" adlandırırdılar. Ənvər müəllim Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində tez-tez publisistik yazılarını çap etdirirdi. "Qərbə atəş", "And", "Atalar və oğullar" kitablarında toplanan yazılarında Azərbaycan döyüşçülərinin Böyük Vətən müharibəsindəki igidliklərini qələmə almışdı. Onun publisistikası da o illərdə seçilirdi, sərt və eyni zamanda, emosional üslubuyla fərqlənirdi, Vətənə məhəbbət və düşmənə nifrət ruhu üstündə köklənmişdi. Ənvər Məmmədxanlının "Şərqin səhəri", "Od içində", Şirvan gözəli" pyesləri Azərbaycan teatrlarının repertuarından əskik olmurdu. "Şirvan gözəli" pyesi Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdü. "Şərqin səhəri" pyesi SSRİ Dövlət mükafatına təqdim edildi, bir sıra aktyorlar, rejissor bu mükafatı aldılar, nə səbəbdənsə, bircə Ənvər Məmmədxanlı mükafat alanların cərgəsində görünmədi. Bu, ona qarşı bir haqsızlıq idi. Ənvər Məmmədxanlı həm də mahir kinossenarist idi. O, Mehdi Hüseynlə şərikli "Fətəli" xan bədii filminin ssenarisini yazmışdı, bu film indi də sevilə-sevilə baxılır. "Babək" filmi isə Azərbaycan kinosunun ən uğurlu hadisələrindən biri kimi milyonlarla tamaşaçıların yaddaşına həkk olundu, hər il televiziya kanalları Azərbaycanın qəhrəman oğlu Babəkin qəhrəmanlığını əks etdirən bu filmə tamaşa etməkdən böyük zövq alırlar. Ənvər Məmmədxanlı sovet dövründə iki dəfə "Şərəf nişanı" və bir dəfə "Qırmızı əmək bayrağı" ordenlərinə layiq görülmüşdü. Amma o, azad ruhlu bir insan idi, cəmiyyətdə baş verən haqsızlıqlara qarşı dözümsüz idi və mən yaxşı xatırlayıram ki, 1981-ci ildə "Qatəvan" klubunda yazıçı Mövlud Süleymanlının "Dəyirman" povestinin müzakirəsi zamanı əksəriyyətinin bu əsəri haqsız tənqidlərə düçar etdiyi zaman o, povestin və Mövlud Süleymanlının müdafiəsinə qalxdı. Ənvər Məmmədxanlı "Babək" romanını qələmə almışdı, amma romanı sonadək tamamlaya bilməmişdi, yalnız ölümündən sonra Xalq yazıçısı Anar həmin romanı və "Babək" kinossenarisini birləşdirib "Azərbaycan" jurnalında çar etdirdi.
Elə "Həyatım ağrıyır" toplusu da Anar müəllimin eyni adlı xatirə-povesti ilə açılır və bu əsərdə Ənvər Məmmədxanlının bizə az məlum olan həyatı, şəxsiyyəti və bir sənətkar kimi özünəməxsusluğu barədə maraqlı məlumatlar, informasiyalar təqdim edir. Anar müəllmin yazısından bəzi məqamlara müraciət edək. Məlum olur ki, Ənvər Məmmədxanlı 1913-cü il fevralın 29-da anadan olub və bu fevralın 29-u ancaq dörd ildən bir olur. Bir də o məlum olur ki, Anarın atası-böyük şairimiz Rəsul Rza ilə Ənvər Məmmədxanlı əmioğlu, həm də xalaoğlu olmuşlar. Onların ataları İbrahim (R.Rzanın atası) və Qafar (Ə.Məmmədxanlının atası) qardaş idilər, anaları Məryəm (R.Rzanın anası) və Ümmübanu (Ə.Məmmədxanlının anası) bacı idilər. "Amma bu qan qohumluğundan başqa, onları birləşdirən mənəvi varlıqları idi və heç bir doğma qardaş bir-biriylə bu qədər yaxın ola bilməzdi: eyni peşə sahibləriydilər, eyni məslək və əqidə sahibləriydilər, ömürləri bir yerdə keçmişdi, ömrün çox çətinliklərinə sinə gərmişdilər".
Ənvər Məmmədxanlı bir şəxsiyyət kimi heç kimə bənzəmirdi və Anar həmin yazıda qeyd edir ki, o, hər hansı şöhrət, məşhurluq iddialarından çox uzaq adam idi, müsahibələr verməyi, çıxışlar etməyi, televiziya ekranında görünməyi sevməzdi. Bunun ümumən, onun xasiyyətinə və təbiətinə uyğun çox nəcib cəhət olmasıyla bərabər, mənfi tərəfləri də var, çünki onun özü haqqında da, dövrü haqqında da, ədəbiyyat haqqında da deməyə sözü vardı və nə yazıq ki, bunların yüzdə birini də demədi.
Anarın yazısında bir cəhət də xüsusi vurğulanır: Ənvər Məmmədxanlı tənhalığı sevirdi. "Rəsul Rzayla Nigar Rəfibəylinin ölümləri Ənvərin tənhalıq çənbərini daha da daraltdı. Əsərlərinin birində elə bil özü özü haqqında demişdi: "Sən o qədər təksən ki, heç vaxt təklik nə olduğunu bilməyəcəksən".
Bəli, böyük tənhalıq ömrü boyu Ənvər Məmmədxanlını tərk etmədi. Doğrudur, onun özünə görə dostları da vardı, amma tənhalıq insanın ətraf mühitlə münasibətlərində deyil, öz içində başlanır.
Ömrünün son otuz ilində Ənvər Məmmədxanlı çox seyrək halda yazıb-yaradırdı. Sanki ədəbiyyatdan küsmüşdü. Amma belə deyildi. O, geniş mütaliə dairəsinə malik bir yazıçıydı, Qərb ədəbiyyatı çox gözəl bilirdi. Şərq ədəbiyyatına bələd idi. Ramiz Rövşən yazır: "Ənvər müəllim ümumiyyətlə, sözə xəsis idi. Kağız qaralamağı o qədər də sevmirdi. Amma cild-cild kitab yazanlardan daha artıq sevilirdi, əsl yazıçı sayılırdı. Əslinə qalsa, əsl yazıçı olmaq üçün adama çox şey lazım deyil, istedad lazımdır, bir də vicdan. Ənvər müəllimin vicdanı ilə istedadı həmahəng idi, amma bərabərhüquqlu deyildi. Onun istedadı vicdanının qulu idi".
Kitabda Ənvər Məmmədxanlı ilə bağlı Elçinin, Hüseyn Abbaszadənin, Qabilin, Nahid Hacızadənin, Ələkbər Salahzadənin də xatirələri də təqdim edilir və bu xatirələrdə də yazıçının həyatı və şəxsiyyəti haqqında maraqlı fikirlərlə qarşılaşırıq. Məsələn, Elçin atası İlyas Əfəndiyevlə Ənvər Məmmədxanlının ruhən yaxınlığından söz açır. Hüseyn Abbaszadə onun necə ciddi bir insan olduğunu, çap olunmuş əsərlərinə məsuliyyətlə yanaşdığından misallar gətirir.
Ənvər Məmmədxanlı ədəbi tənqidin həmişə diqqət mərkəzində olub. Onun əsərlərini tənqid də ediblər, tərifləyiblər də. Yazıçı var ki, tənqidçilərdən həmişə tərif gözləyir, tənqid olunanda isə haray-həşir qoparır, hətta onu tənqid edənə sərt şəkildə cavab da yazır. Ancaq Ənvər Məmmədxanlı ədəbi tənqidə qarşı heç bir reaksiya bildirmədi, əslində, əsl yazıçı belə bir münasibəti gizli saxlamalıdır. Böyük şairimiz Səməd Vurğun 1938-ci ildə yazdığı bir məqaləsində Ə.Məmmədxanlının "Ayrıldılar" adlı hekayəsini tənqid etmişdi. Bu yazıda haqlı məqamlar da var idi, haqsız da. Amma sonralar Səməd Vurğun Ə.Məmmədxanlının "Şərqin səhəri" pyesi haqqında gözəl bir məqalə yazdı. Yazıçının qələm dostlarından İlyas Əfəndiyevin, Mehdi Hüseynin, Sabit Rəhmanın, Əzizə Cəfərzadənin, Osman Sarıvəllinin, Qılman İlkinin, Mikayıl Rzaquluzadənin, Yusif Əzimzadənin də onun ayrı-ayrı əsərləri haqqında məqalələri ilə rastlaşırıq. Tənqidçi və ədəbiyyatşünaslardan Məmməd Arif, Abbas Zamanov, Bəkir Nəbiyev, Mehdi Məmmədov, Cəfər Cəfərov, Məsud Əlioğlu, Cəlal Məmmədov, Arif Səfiyev, Yaqub İsmayılov, Nizami Cəfərov, Kamil Vəliyev və bu sətirlərin müəllifi onun yaradıcılığını təhlil etmişlər. Mikayıl Rzaquluzadənin "Məmmədxanlı Ənvərin yaradıcılıq yolu" məqaləsinə müraciət edək: "Məmmədxanlı Ənvər yaradıcılığında ən çox seçilən xüsusiyyət onun lirik bir nasir olmasıdır. Böyük düşməzsə demək olar ki, o bizdə lirik-psixoloji emosional nəsrin banisi sayıla bilər. ...Məmmədxanlı Ənvər verdiyi bu daxili aləm təsvirində insan psixologiyasının bir cəhətinə-hissiyyatın, emosiyaların təsvirinə çox əhəmiyyət verir. Onun əsərlərində soyuq mühakimələrə, dərin təfəkkürə və bunların ifadəsi olan ritorikaya, didaktik nəticələrə az təsadüf edilir. Onun qəhrəmanları düşünməkdən artıq duyur, mühakimədən artıq hiss edirlər". Yazıçını "nəsrimizin şairi" adlandıran Abbas Zamanov isə yazır: "Ənvər Məmmədxanlının yaradıcılığından söz açanda, əlbəttə, söhbəti onun hekayələrindən başlamaq lazımdır. Çünki Ənvər ədəbiyyatımızın tarixinə, hər şeydən əvvəl, klassik hekayə ustası kimi daxil olmuşdur. Neçə illərdir ki, biz Ənvərin lirik, psixoloji-fəlsəfi hekayələrindən ayrıla bilmirik". Bunlar tamamilə doğru, dürüst mülahizələrdir.
Kitabda Ənvər Məmmədxanlı ilə aparılan müsahibələr də xüsusi maraq doğurur. Bu mənada Kamal Abdulla ilə yazıçının söhbəti son dərəcə səmimidir və o müsahibə Ənvər Məmmədxanlını bir yazıçı və şəxsiyyət kimi bizlərə sevdirir. Kitab haqqında söhbəti məhz həmin müsahibənin finalında Ənvər Məmmədxanlının bu fikirləri ilə tamamlamaq istəyirik:
"Dostayevskinin iki dahiyanı düsturu həmişə hər bir yazıçı üçün müqəddəs olmalıdır. Birinci odur ki, dünyanı gözəllik xilas edəcək. Dünyaya gözəllik nicat verəcək... Bütün bəşəriyyətin başına, bütün xalqların başına gələn bəlalardan sonra - hamısı, həyat dəyişir, eləyir-yenə də insanda qalan nəcib hisslər var, bax, möcüzə odur ki, nə cür olursa qalır. Bu cəhənnəmdən ki, keçmişik, tarix boyu-2000 ilin də cəhənnəmindən keçib gələndən sonra yenə də biz bilməliyik ki, bu nəcib hisslər, bu ülvi hisslər insanda qalıb. Möcüzə də budur!
Digər tərəfdən də bununla yanaşı, siz bunu bilirsiniz, Dostayevskinin ən məşhur sözlərindən biridir ki, nə qədər böyük, dahiyanə, nəhəng konsepsiyalar, həyatı, dünyanı dəyişmək üçün konsepsiyalar varsa, o, bir körpənin bir göz yaşına dəyməz!"

TƏQVİM / ARXİV