adalet.az header logo
  • Bakı 13°C
26 May 2015 18:23
3121
MƏMLƏKƏT
A- A+

Yasamaldakı söküntü bumundan Reportaj

Məlumdur ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsindən sonra Şirvanda bəzi binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə start verilib. Artıq şəhərin əksər rayonlarında bu tipli materialdan üzlənən binalarda ciddi iş gedir. Yasamal rayonu Mətbuat prospekti, 529-cu məhəllədə söküntü işləri davam etdirilir.

Binalar " lütdənib”

"Azərbaycan” Nəşriyyatı ilə üzbəüz yerləşən hündürmərtəbəli və onun yanında olan beşmərtəbəli binaların fasadları demək olar ki, sökülüb. Beşmərtəbəli binalara artıq yeni üzlüklər vurulur. Ərazidə çoxlu sayda canlı qüvvə işləyir. Fəhlələrlə söhbət zamanı məlum oldu ki, işin mümkün qədər tez yekunlaşdırılması üçün onlara ciddi tapşırıq verilib.

Söküntü işinə SOCAR baxır?

Ərazidə iş aparan fəhlələrin üst geyimində SOCAR-ın loqosunu görən zaman bu işlərin sözügedən şirkətə həvalə olunması ilə bağlı sual yarandı. Ərazidə olan SOCAR əməkdaşları bununla bağlı bizimlə danışmasa da şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Quliyev məsələyə belə aydınlıq gətirdi: "Binəqədi rayonunda olan məlum yanğın hadisəsindən sonra yanğına meylli olan bina üzlüklərinin sökülməsi ilə bağlı hökumət tərəfindən ciddi tapşırıq verildi. Biz də SOCAR olaraq bu işə öz töhfəmizi vermək qərarına gəldik. Yasamal rayonunda işin gedişinə cəlb olunanlar SOCAR-ın Tikinti İdarəsinin əməkdaşlarıdır. Bununla yanaşı SOCAR-ın texnikaları da prosesə cəlb olunub”.

Yeni üzlüklər gəlir

Yuxarıda qeyd etdim ki, üzlükləri sökülən binalara yeni üzlüklər vurulur. Bu üzlüklər digərlərindən fərqli xüsusiyyətə malikdir. Eyni zamanda xarici görünüş baxımından heç də digər bina örtüklərindən geri qalmır. Sözügedən ərazidə olan səlahiyyətli nümayəndələrdən yeni bina üzlükləri ilə bağlı məlumat almaq istəsək də çox təəssüf ki, bu istəyimiz baş tutmadı.

Sonda onu da bildirək ki, söküntü gedən ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da iş başında idilər. Görünən odur ki, yeni üzlüklü binalar Avropa Oyunlarına qədər vurulub qurtaracaq və eyni zamanda bu üzlüklər insanların həyatı üçün heç bir təhlükə daşımır.

Ədil Ədilzadə