adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

HƏFTƏNiN SORğUSU

BABƏK YUSİFOĞLU
56396 | 2011-07-29 10:53
İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
   
   Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...
   
   
   
   VERDİYİMİZ SUALLAR:
   
   
   
   - 1-ci sual: Bir müddət əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirildi ki, telefon danışıqlarında aylıq vaxt limiti tətbiq ediləcək. Limit bitdikdən sonra telefon rabitəsi pullu olacaq. Bu sizin ailə büdcənizə ziyan verəcəkmi?
   
   - 2-ci sual: Hər il olduğu kimi bu dəfə də informasiya mənbələri əhaliyə xəbərdarlıq edir ki, qarpız, yemiş alarkən ehtiyatlı olun. Deyildiyinə görə, bu bostan məhsullarından zəhərlənmə halları artıb. Siz qarpız, yemiş alarkən narahatçılığınız olurmu?
   
   - 3-cü sual: Siz ölkəmizin bayrağının rənglərini bilirsinizmi?
   
   
   
   1. - Sabir: (qatarda bələdçi) Düzü, mən bu haqda eşitməmişəm. Amma mənə elə gəlir ki, belə bir şey eləməzlər. Çünki camaatın imkanları siz deyən, yaxşı döyül. İndi adamlar heç ciblərinə qoyduqları mobil telefona düz-əməlli kontur alıb yükləyə bilmir. Ev telefonunun danışıq pulunu necə eləyəcək? Əlbəttə, ziyan vuracaq.
   
   2. - Mən bu il siz dediyiniz kimi zəhərlənmə-filan görməmişəm. Özü də qarpız lap təzə çıxan vaxtlardan biz alıb istifadə edirdik. Heç bir narahatçılığımız da olmayıb. İnşallah bundan sonra da olmaz. Amma o da düzdü ki, qarpız-yemişi tez bazara çıxarıb satmaq üçün ona dərman vururlar.
   
   3. - Əlbəttə. Onu kim bilmir ki? Yaşıl, qırmızı, göy...
   
   1. - Süleyman: (taxta sexinin işçisi) Mən bilmirəm. Amma bahalaşacağını deyiblərsə, demək bunu eləyəcəklər. Həzrət Abbas haqqı, bir gün gələcək aldığımız nəfəsi də pullu edəcəklər... Qoy limitdi-nədi onu da tətbiq eləsinlər, kasıb-kusubu ev telefonlarından da məhrum qoysunlar. Çamaatın cibinə əlbəttə ki, ziyan vuracaq.
   
   2. - Bu haqda mən də eşitmişəm, amma yalançı olaram desəm ki, zəhərlənmənin-zadın şahidi olmuşam. Belə şey görməmişəm.
   
   3. - (fikrə gedir) Üş rəngdədi... qırmızı, göy, sarı... Yox, yox... Sarı yox, yaşıl...
   
   
   
   1. - Bəyim: (iş yerini söyləmədi) O haqda eşitmişdim. İş yerində qızlar danışırdılar. Məncə belə bir limit qoysalar camaatın işi lap çətinləşəcək. Mobil telefonların konturu bahadı. Adam doğmasına-zadın zəng vurub dərdi-dil eləyə bilmir. Onda əlac qalır ev telefonuna. Onu da bu cür pulluya çevirəndə daha nə qalır ki?
   
   2. - Biz də elə o qorxudan qarpız-yemişi təzəlikcə alıb yeməyə başlamışıq. Onsuz da yediyimiz, içdiyimiz zəhərdi. Bunları əkib- becərənlərin heç insafı-zadı yoxdu bəyəm? Demirlər ki, camaat yazıqdı? Çox şükür ki, zəhərlənmə-zad görməmişik.
   
   3. - (fikirləşir) Üç rənglidi də bizim bayrağımız... Qırmızıdı, göydü, yaşıldı. Düz demədim?..
   
   
   
   1. - Əsgər: (turizm şirkətinin işçisi) Bu barədə söhbətlər var. Məncə belə bir limitin bizdə tətbiq edilməsinə ehtiyac yoxdur. Belə olsa mütləq camaatın əksəriyyətinə ziyan eləyəcək. Narazılıq yaradacaq. Onsuz da bizdə hər şey bahadı.
   
   2. - Vallah, hamı deyir, amma düzü mən kiminsə zəhərləndiyini görməmişəm. (gülür) Bəlkə bizim camaat o qədər zəhərli qidalar qəbul etdiyindən daha heç kim zəhərlənmir. Hamı zəhərə öyrəşib.
   
   3. - Bizim bayrağımızın rəngi aşağıda yaşıl, ortada qırmızı, yuxarıda göydü. Məncə bunu hər kəs əzbər bilməlidir. Açığını deyim ki, bəzən bilməməzlikdən götürüb bayrağı tərsinə qoyurlar. Ayıbdı. Vallah ayıbdı. Mən hər yerdə deyirəm, belə şəxslər cərimə olunmalıdır. Çünki bu dövlətin rəmzinə hörmətsizlikdi.
   
   1. - Mətanət: (ATS işçisi) Yəqin bir səbəbi var ki, nazirlik belə limit qoymaq istəyir. Özü də limitə qoyulan vaxt az olmayacaq. Buyur, yenə əvvəlki kimi danış, amma telefonu boşuna "zanit" eləmə.
   
   2. - Düzü, biz elə o zəhərlənmə qorxusundan təzəlikcə evə qarpız almağa başlamışıq.
   
   3. - Bildiyim şeyi niyə soruşursuz ki?..
   
   1. - Mustafa: (iş yerini söyləmədi) Ə kişi, bir dəfə görmədik ki, bu hökumət elan eləsin ki, filan şeyin qiymətini aşağı salmışam, ay camaat gedin kef eləyin. Elə nə vaxt ağzını araladı, eşitdik ki, nəyinsə qiymətini qaldırıb. İndi telefondakı bu limit-zad məsələsinin də söhbəti çıxıbsa, demək onun da fatihəsi verilib. Bizlik nə var ki?..
   
   2. - Bizim camaatın canı zəhərə öyrəncəlidi. Onlardan narahat olmayın...
   
   3. - Bilməyinə bilirəm ey, bundan nə xeyir? Camaatın o qədər dərdi-səri var ki, adı da yadından çıxıb, rəhmətliyin oğlu...

TƏQVİM / ARXİV