adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2015 15:44
4262
SİYASƏT
A- A+

“Neft pullarından daha səmərəli istifadə etməyə məhkumuq“ - Müsahibə

Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov ANN.Az-a müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir

- Son illər neftin qiymətində əsaslı dəyişiklər baş verdi. 80-90 dollara olan neft təxminən 30-40 dollara qədər endi. İndi isə təqribən 60 dollar civarındadır. Neftin qiymətinin dəyişməsi ölkəmizə də təsir etdi. Çünki Azərbaycan neftdən asılı ölkədir. Bu asılılıqdan qorunmaq üçün hansı tədbirləri görülməlidir ki, ölkə daha böyük çətinliklərlə üzləşməsin?

- Artıq xeyli müddətdir Azərbaycanda iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq üçün çox işlər görülür. Gəlin, bu dediyimizi konkret rəqəmlərə söykənən faktlarla göstərək. Bu dövrün ümumi mənzərəsi belədir: Bu illər ərzində ölkənin qeyri-neft sektoru 2,5 dəfə artıb və bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı artıq 70 faizə yaxınlaşıb. "Azərbaycan 2020: Gələcəyə baxış” proqramında isə 2020-ci ildə ÜDM tərkibində qeyri-neft sektorunun payını 80 faizə çatdırılması nəzərdə tutulub və heç şübhə yoxdur ki, bu nəticə də əldə olunacaq. Regionların inkişafına dair iki dövlət proqramının uğurla yerinə yetirilməsi və artıq üçüncü proqramın icra olunması, Prezident sərancamı ilə ötən 2014-cü ilin sənaye ili, cari 2015-ci ilin isə kənd təsərrüfatı ili elan olunması məsələyə dövlət səviyyəsində hansı önəmin verilməsindən xəbər verir. Sizi inandırım ki, bu gün dünyada iqtisadiyyatı neftlə bağlı olan ölkələrin heç birində bu təbii ehtiyatdan asılılığını azaltmaq üçün bu qədər məqsədyönlü və səmərəli işlər görülmür. Yaxın illər ərzində bu sahədə əldə edəcəyimiz nəticələr qeyri-neft sektoru hesabına ixracatımızın kifayət qədər artmasına gətirib çıxaracaq və bununla da ölkə iqtisadiyyatının neftdən asılılığı tam normal sayıla biləcək bir həddə enəcək. Faktlara diqqət edin: Bu gün qeyri-neft sektorundan ixracın artım tempi bu sektorun özünün inkişaf sürətinə tam adekvatdır. Belə ki, son 5 ildə qeyri-neft sektorunda ixracın həcmi 65 faiz artıb. Bu, ildə 13 faiz artım deməkdir və çox yaxşı göstəricidir.

- Bildiyiniz kimi neft tükənən sərvətdir. 2030-cu ildə bir neçə ölkədəki iri neft quyularında hasilatın azalacağı gözlənilir. Dövlət büdcənin əsasını neftdən gələn gəlir təşkil edir. Neft hasilatının azalması fonunda büdcə gəlirləri nəyin hesabına təmin olunmalıdır? Siz həm iqtisadçı, həm də sabiq maliyyə naziri olaraq bu məsələni necə qiymətləndirirsiniz? İqtisadi çətinliyin, durğunluğun olma ethimalı varmı?

- Neft ehtiyatlarının nə vaxtsa tükənəcəyi labüddür. Elə bu səbəbdən də son illər dünyada alternativ enerji mənbələrinin aşkar edilməsi, inkişafı və genişləndirilməsi üzərində işlər daha ciddi xarakter alıb. Artıq bu sahədə hər kəsi heyrətləndirə biləcək kifayət qədər nəticələr var. Bu, başqa mövzudur.

Neft ehtiyatlarının tükənəcəyi mövzusuna gəlincə, elə bu səbəbdən bu gün neft pullarından daha səmərəli istifadə etməyə məhkumuq. Yəni bu pullar ilk növbədə neft ölkələrində qeyri-neft sahələrinin sürətli inkişafına zəmin yaratmaq məqsədilə infrastruktur layihələrinin maliyyələşdirilməsinə, kiçik və orta biznesin inkişafını dəstəkləməyə yönəldilməlidı. Bu pulları bəzilərinin düşündüyü kimi, əmək haqlarının, təqaüdlərin və dövlətin əhaliyə verdiyi yardımların on dəfələrlə artırılmasına xərcləmək səhv addım olardı. Burada düşünülmüş uzaqgörən bir iqtisadi siyasət həyata keçirilməli idi və bizdə də bu. belə oldu. Onsuz da parallel olaraq bu illər ərzində Azərbaycanda əmək haqlarının, təqaüdlərin və sosial yardımların kifayət qədər artımı baş verib. Yəni burada söhbət ondan gedir ki, neft pullarının böyük hissəsinin istehlaka yönəldilməsi ciddi yalnışlıq olardı. Biz insanların sosial rifahını yüksəltməyə imkan verən dayanıqlı sistem və möhkəm baza yaratmalıydıq ki, maaşlar, müavinətlər də məhz iqtisadi inkaşafın təbii təsirləri nəticəsində artsın. Ölkəmizdə qeyri-neft sektorunun bugünkü inkişaf sürəti və dövlət başçısının bu istiqamətdə atdığı qətiyyətli addımlar bizə deməyə əsas verir ki, Azərbaycan istənilən iqtisadi və maliyyə böhranından mümkün qədər az itkilərlə çıxmaq imkanına malik olan nadir ölkələrdəndir. Bütün dünyanı bürümüş son böhran zamanı da bu, belə oldu.

- Fevral ayında Azərbaycanda yaşanan kəskin devalvasiyadan sonra banklara dollarla kredit ödəyənlərin vəziyyəti daha da çətinləşdi. Bu problemli məsələnin - yəni banklarla kredit borcu olan vətəndaşlar arasında olan münasibətləri qaydaya salmaq üçün Konstitusiya Məhkəməsi may ayının 7-də iclas keçirdi və nəticə yenə də dəyişmədi. Yəni dollar krediti yeni məzənnə ilə ödəniləcək. Sizcə, Konstitusiya Məhkəməsi vətəndaşların xeyrinə qərar qəbul edə bilərdimi? O zaman bankları hansı aqibət gözləyərdi?

- Əslində belə qərarın qəbul edilməsi mənim üçün o qədər də real görünmürdü. Çünkü burada söhbət bankla müştəri arasında bağlanmış müqaviləyə əsaslanan və hüquqi müstəvidə olan bank – müştəri münasibətlərindən gedir. Sual olunur: Manatın kəskin devalvasiyası yox, revalvasiyası baş versəydi, onda nə olacaqdı? Onda dollarla kredit götürənlər uduşlu vəziyyətdə olacaq, bankalar isə manat hesabı ilə itkiyə məruz qalacaqdılar? Mən inanmıram ki, bu halda banklar buna qarşı çıxaydılar. Onlar bunu ən azı ona görə edə bilməzdilər ki, banklarla müştərilər arasında bağlanmış müqavilənin şərtləri buna imkan verməzdi. Əslində, dollarla kredit götürənlər 2005-ci ildən başlayaraq kəskin devalvasiya baş verənə qədərki dövrdə uduşlu vəziyyətdə olublar. Çünkü 2005-ci ildə 0,9459 qəpiyə olan dollar 2014-cü ilin fevral ayına qədər 0,7844 qəpiyə qədər ucuzlaşmışdı. Bəli, manatın kəskin devalvasiyasını heç kəs istəmirdi və heç kəs də bunu gözləmirdi. Mətbuatda biz də dəfələrlə bu barədə demişik. Manatın kəskin devalvasiyasının iqtisadi, maliyyə kökləri yox idi. Bu bir təxribat idi ki, Mərkəzi Bankı bu addımı atmağa məcbur etdi. Düşünürəm ki, yaranmış vəziyyətdən düzgün çıxış yolu banklar tərəfindən dollarla kredit götürən müştərilərlə fərdi qaydada iş aparılmasından keçir. Bunu banklar ən azı ona görə etməlidirlər ki, onlar kreditlərin geri qayıtmasında hamıdan çox maraqlıdırlar. Burada müştərinin real imkanları nəzərə alınmaqla kreditlərin vaxtının uzadılması və bankların maliyyə imkanları nəzərə alınmaqla kredit faizlərinin aşağı salınması məsələnin həllinin yeganə və hər iki tərəfə sərf edən yoludur.

- Bu ilin əvvəlində maliyyə naziri ölkədə infilyasiyanın misal üçün 4-5% olduğunu desə belə bəzi qurumlar bu rəqəmi kiçildərək 1-2% göstərdilər. Bunun səbəbi nədir? Ölkədə infilyasiya olacaqsa əgər, bu rəqəm daha dəqiq göstərilməlidir ki, ona uyğun tədbirlər görülsün. Bu rəqəmin yanlış deyilməsinin əsas məqsədi nədir?

- Cari ilin birinci rübündə manatın kəskin devalvasiyası ilə baş verən proseslər kontekstində infilyasiya ilə bağlı müxtəlif fikirlərin səslənməsinə təbii baxmaq lazımdır. Nəzərə alın ki, bu fikirlər hər hansı bir hesabat dövrü başa çatmadığı bir vaxtda da söylənə bilər. Reallıq isə belədir: Cari ilin yanvar-aprel aylarının yekunlarına görə ölkədə infilyasiya 3,1 faiz olub. Bu dövrdə 2014-cu ilin yanvar-aprel ayları ilə muqayisədə ümumi daxili məhsul istehsalı 5,5 faiz artaraq 16,6 milyard manat təskil edib. Əlavə dəyərin 36,2 faizi sənayedə, 13,5 faizi tikinti kompleksində, 13,5 faizi ticarət, turistlərin yerləsdirilməsi və ictimai iasə xidmətləri sahələrində, 6,0 faizi nəqliyyatda, 2,0 faizi rabitə müəssisələrində, 3,0 faizi kənd təsərrufatında, 15,2 faizi isə digər sahələrdə yaradılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda artım 7,0 faizə yaxın olub.

- Ölkəmizdə keçiriləcək geniş miqyaslı tədbirlər üçün xeyli maliyyə sərf olunur. I Avropa Oyunları zamanı xaricdən gələn qonaqların hesabını ölkəmiz özü ödəyəcək. Bu tədbirlərin keçirilməsi ölkə üçün hər hansı maliyyə problemləri yarada bilərmi?

- I Avropa Oyunları özünün xarakterinə və statusuna görə yay Olimpiya Oyunları səviyyəsindədir. Bu oyunlarda 2012-ci ilin London olimpiadasında iştirak etmiş atletlərin 2/3-i qədər idmançı iştirak edəcək. London Olimpiadasının keçirilməsinə İngiltərə hökuməti 18,2 milyard dollar vəsait xərcləmişdi. İngiltərənin Ticarət və İnvestisiyalar Nazirliyinin ekspertləri hesablayıblar ki, 2012-ci ilin yay Olimpiya Oyunları keçirildikdən bir il sonra Böyük Britaniya iqtisadiyyatı 15,0 milyard ABŞ dollarından artıq divident əldə edib. Bu, əsasən yeni kontraktların imzalanması, ölkəyə investisiya axını, ticarət dövriyyəsinin genişlənməsi, turist axınının artması hesabına baş verib.

Nazirliyin ekspertlərinin digər hesablamaları isə ortaya daha maraqlı faktları qoyub. Belə ki, bu hesablamalara görə, məhz Olimpiada nəticəsində cəlb olunmuş investisiyaların hesabına İngiltərə iqtisadiyyatı 2020-ci ilə qədər 60,0 milyard ABŞ dollarından artıq divident əldə edə biləcəkdir. İndi özünüz mülahizə edin, biz bu oyunların Azərbaycanda keçirilməsindən nə qədər divident götürə bilərik? Təbii ki, ölkəyə mərhələli şəkildə milyardlarla dollar axını baş verəcəkdir. Bu qəbildən olan oyunların iqtisadi səmərəsi də belə olur. Bu səbəbdəndir ki, bu oyunları öz ölkəsində keçirmək üçün bəzən hökumət və dövlət başçıları səviyyəsində mübarizə aparılır.

Bizdə bu oyunlara qarşı bəzi adamların apardığı kampaniyalar qərəzlidir, yaydıqları informasiyalar isə həqiqətə uyğun deyil. Əksinə, aparılan müqayisələr onu göstərir ki, bizdə bu oyunların təşkilinə çəkilən xərclər başqa ölkələrdə bu qəbildən olan yarışların keçirilməsinə çəkilən xərclərlə müqayisəyə gəlməyəcək səviyyədə azdır.

- Vətəndaşların ən çox şikayət etdikləri problemlərdən biri cərimələrin, cəzaların, vergilərin miqdarının artırılmasıdır. Bir problemi həll etmək üçün cərimələrin miqdarının artırlması düzgün addım hesab edilə bilərmi? Bir iqtisadçı kimi bu məsələni necə şərh edərdiniz?

- Maraqlı sualdır. Düşünürəm ki, bu məsələdə bir məntiqdən çıxış edilməlidi. Mövcud qaydaları, qanunları pozmağa heç kimin haqqı yoxdur. Biz hüquqi dövlətdə yaşayırıq və hər birimiz bunun belə olduğunu dərk etməyə borcluyuq. Sadə bir misal. Bakı şəhərində taksi sürücüsünün avtomobili birbaşa piyada keçidinin üzərində saxladığını az qala hər gün görürük. Bir vətəndaş kimi həmən sürücüyə irad bildirəndə ki, axı bura piyadalar üçün nəzərdə tutulub, burada maşın saxlamaq olmaz, ya cavab alırsan ki, Allah xatirinə qoyun işləyək, ya da təhqiramiz bir söz eşidirsən. Sizcə, bu vəziyyəti tənzimləməyin başqa yolu varmı? Sizi əmin edirəm ki, əgər belə sərt cəzalar tətbiq olunmasa, bəziləri öz avtomobillərini səki ilə də sürər. Piyada keçidinin üzərində maşın saxlamış sürücü bilsə ki, o buna görə bir aylıq qazancını cərimə şəkilində itirə bilər, bax, onda heç vaxt orada maşın saxlamayacaq. Hətta kimsə bunu ondan xahiş etsə belə. Küçəyə zibil atıldığına görə ABŞ-ın bəzi şəhərlərində 1000 dollara qədər cərimə var. Bəs bu bizdə neçədi? Cərimələr var, lakin onların təsir gücü bir çox hallarda çüzidir. Bu işdə ciddi dönüşə ehtiyac var. Məntiq çox sadədir: Cərimə ödəmək istəmirsənsə, qaydanı pozma.