adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

QARI DüŞMƏN SEViLƏRMi?

BABƏK YUSİFOĞLU
35846 | 2011-07-27 12:02
Türkiyə Ermənistanla sərhədlərini açmaq üçün yürütdüyü siyasət nəticəsində Sürix protokolları imzalandı. Və Ankara ümid etdi ki, bundan sonra ermənilər onlara qarşı apardıqları düşmənçilik siyasətini, torpaq tələblərini, ən nəhayət də qondarma "soyqırım" iddialarını yumşaldacaqlar. Amma nəhayətdə məlum oldu ki, Ankara bütün bu gözləntilərdə çox böyük bir səhvə yol verib. Çünki qardaş, iki millət bir dövlət sayılan Azərbaycanın strateji maraqlarının birbaşa əleyhinə olan bu anlaşmadan sonra Yerevan nəinki öz düşmənçiliyindən bir addım geri çəkilmədi, əksinə bu istiqamətdə daha fəal hərəkətə keçib.
   
   Çox qəribədir, iqtisadiyyatı xaotik vəziyyətdə olan, yoxsulluq həddində çabalayan, əhalisi ölkədən köç edən... bir cırtdan ölkə 75 milyonluq, nəhəng hərbi qüdrətə sahib böyük bir dövlətlə təhdidlə, hədəylə, min cür şərtlə danışır. Lakin bundan da qəribəsi var ki, bu da qüdrətli Türkiyənin, məhz təsvir etdiyimiz acınacaqlı Ermənistanın çaldıqları ilə oynamasıdır. Axı, nələr baş verdi ki, Kəlbəcərin işğalından sonra Azərbaycanla həmrəyliyini bildirmək naminə Ermənistanla diplomatik münasibətlərini kəsən, sərhədlərini qapayan Ankara indi canı-dildən bu addımından geri çəkilməyi düşünür? (Düşünməsəydi zatən Sürix protokollarını imzalamazdı) Görəsən niyə, əcaba?!
   
   Əlbəttə, bu son dərəcə haqlı sualın cavabı heç də mürəkkəb deyil. Qardaş türk xalqı bütün məsələlərdə Azərbaycan xalqının yanında olsa da sonradan hakimiyyətə gələn siyasi liderlər fərqli siyasi xətt götürdülər. Ermənilərə güzəştə gedə-gedə həm özlərini, həm də Azərbaycanı çətin vəziyyətə saldılar. Düzdür, o biabırçı protokol məsələsindən bir qədər sonra həm türk xalqının, həm Bakının narazılıqları Ankaranı tərəddüd içərisində qoydu və situasiyada sakitlik yarandı...
   
   Amma nə yazıq ki, prosesi başda Birləşmiş Ştatlar olmaqla Qərb yenidən gündəmə gətirib. Hər bir mətləb açıq-aşkar söylənməsə də artıq hiss edilir ki, sərhəd məsələsi təzədən aktuallaşıb. Və Ankara müəyyən addımlar planlaşdırır. Türkiyənin prezidentindən, baş nazirindən tutmuş digər aşağı ranqlı rəsmlərədək - Azərbaycan torpaqları işğaldan azad edilməyənədək sərhəd açılmayacaq - bəyanatlarına baxmayaraq prosesdə ciddi dəyişikliklərin olduğu bildirilir. Hətta bu günlərdə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun Türkiyəyə səfərindəki məqsədlərdən biri də Ermənistanla sərhəddin açılması probleminin cözümi idi. Çünki səfər zamanı Hillari Klinton Ankaradan Sürix protokollarının tezliklə təsdiqini istəyib. Müxalifətin prosesə əngəl yaratmaması üçün onlara da öz sifarişini verib. Milliyyətçi Hərəkat Partiyasının lideri Devlət Baxçalı xanım Klintonun bu dəvətini geri çevirsə də ana müxalifət partiyası CHP-nin başçısı Kamal Kılıcdaroğlu dəvəti müsbət dəyərləndirmişdi.
   
   Əlbəttə, hər bir dövlət müstəqil siyasət yürütməkdə özgürdür. Kimsə kimsəyə göstəriş verə bilməz. Və biz də heç vaxt Ankaraya nəyisə sifariş vermək istəyindən çox uzağıq. Buna səlahiyyətimiz də çatmır. Amma insanın qanını donduran bir sual adamı rahat buraxmır. Türklərin babalarının yalandan da olsa ermənilərin qatili olduğunu "sübut"a çalışan, Türkiyənin böyük bir ərazisini dövlət və xalq səviyyəsində özününkü elan edən, körpələrini belə türkə qarşı düşmən ruhunda böyüdüb tərbiyə verən ermənilərə belə tükənməyən, aşırı sevgi, məhəbbət Türkiyədə haradandır?!
   
   Qarsda Ermənistanla dostluq rəmzi olan əcaib heykəlin uçurulmasına etiraz aksiyaları keçirənlərdə, İstanbulda oturub qəzetində türkə qarşı aramsız təbliğat aparan Hrant Dinkin öldürülməsinin il dönümlərində göz yaşı tökənlərdə, erməni "açılımı"nın qəbulunu bayram edənlərdə, ermənilərin yalançı haqları üçün yaxalarını cıranlarda... yəni heç türk təəssübkeşliyi yoxdurmu?! Ermənilərin gündöyməzini öpməyə hazır olan bu adamların adi insani mənliyi də yoxdurmu?! Heç kim məni qınamasın, bunlar normal insan qafasına sığmayacaq bir şeylərdi.
   
   İndiyədək xalq qarşısında keçirdiyi bütün mitinqlərində hakimiyyətə gəldikləri zaman Türkiyənin müstəqil siyasət yeridəcəyinə, okeanın o tayından gələn sifarişlərə son verəcəklərinə kişi kimi söz verən ana müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu hakimiyyətə gəlməmişdən tüpürdüyünü yaladı. Hillari Klintonun Sürix protokolları ilə əlaqədar tələblərinə olumlu cavab verdi. Və sübut etdi ki, onun insanlar qarşısında verdiyi sözlərin hamısı boş və mənasızdı. Əsas okeanın o tayından gələn sifarişlərdi. Əslində Kamal bəyin Klintona müsbət cavabı Vaşinqtona mesajdı ki, narahat olmayın, mənim meydanlarda verdiyim vədləri ciddiyə almayın, mən də sizin dediyinizlə hərəkət edəcəyəm.
   
   Amma mən istəyirəm ki, sifarişlərə, xüsusən də erməniyə məhəbbət bəsləyənlərə, ermənini bağrına basmağa hazır olanlara, sərhəddin açılması üçün boğazını yırtanlara, ermənilərin dostluğuna ümid bəsləyənlərə köhnə faktları deyil, ən yeni bir faktla cavab verim. Özü də erməni liderinin bu günlərdə verdiyi bəyanatla. Ensonhaber.com saytının verdiyi məlumata görə, Serj Sərkisyan srağagün Ermənistanda təşkil olunan erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin ona ünvanladığı - "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?" - sualına belə cavab verib: "Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri almaq sizdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, Qarabağı düşməndən aldıq. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizlə bağlıdır..."
   
   Buyurun, cavab istəyənlər cavabını alsınlar, ermənilərin iç üzünü bir daha görsünlər. Görmək istəməyənlər isə özləri bilər. Mən əminəm ki, türk xalqı, bizim sevdiyimiz qardaşlarımız onsuz da ermənilərin xəyanətindən yaxşı xəbərdardırlar. Türk xalqı gerçək Xocalı soyqırımını törədənləri, torpaq iddialarında olanları, türkə qarşı kin və nifrəti əlində bayraq edənləri yaxşı tanıyır. Tanımayanlara isə zaman və böyük türk milləti layiqli cavabı və qiyməti verəcək.
   
   
   
   

TƏQVİM / ARXİV