SEVGiDƏN BAŞQA HEç NƏ SiZiN DEYiL

ƏBÜLFƏT MƏDƏTOĞLU
27197 | 2011-07-26 13:12
(Duyğu anları)
   
   
   
   Dəyərli oxucularım yəqin ki, ötən şənbə sayında işıq üzü görmüş "Sirli zəng"i oxuyublar. Buna şübhə etmirəm. Çünki həmin yazı ilə bağlı bir xeyli zənglərin, iradların şahidi oldum. Necə deyərlər, qınayanlar da oldu, dəstək verənlər də, haqlı sayanlar da, elə-belə yazıya qiymət verənlər də. Mən də bütün bunları çox təbii qarşıladım. Çünki nə o yazı, nə də onun sirli qəhrəmanı mənim üçün uydurma, xəyal, fərziyə deyildi. İsmi punhan olan oxucuma mən duyğularımı, düşüncələrimi, yaşantılarımı, bir sözlə, bir qələm adamının, bir insan övladının iç dünyasını kağıza büküb göndərmişdimg Və bütün məktublar bütün göndərilən baratlar həmişə gözlənilən ovqatı, gözlənilən münasibəti yaratmır. Bu da öz növbəsində həyatın gerçək bir sifətidir. Elə yaxşı ki, gerçəklik acı da olsa, heç vaxt gizlənmir. Necə olur olsun, gülləyə atılan ilan kimi atılır üstünə, oturdur səni yerində...g
   
   Mən ötən həftənin həmin o ovqatını özüm üçün götür-qoy edərkən gözüm təqvimə sataşdı. Və birdən-birə yazının məndə yaratdığı o daxili rahatlıq buz kimi, şüşə kimi çilikləndi. Özüm də bilmədən mobil telefonumun düyməsini basdım, ekran açıldı. O ekrandan mənə doğma və kədərli insan baxır. Elə bir insan ki, o, həyatımın hər bir anının, hər bir məqamının az qala yüzə yüz şahidi, iştirakçısıdır. Mən onunla təkcə qohum, dost, tələbə yoldaşı olmamışam, həm də az qala bir ürəyin, bir həyatın daşıyıcısı, paylayıcısı olmuşam. Ona görə də iyul ayının 20-si tarixi mənə həmişə onu xatırladır. İlk öncə sağlığında həmin günü xüsusi bir sevgi ilə açır, səhərin dan yeri yenicə söküləndə ona zəng vurub doğum gününü təbrik edirdim. Yaşadığımız ərazilər yaxın olanda gedirdim, otururduq çay süfrəsi, sonra da digər nemətlər. Müqəddəs torpaqları ziyarət edəndən sonra özü süfrənin bir küncünə çəkilər və deyərdi ki, "şairin mey qəbul etməsinə mane olmayaq. İçsin ki, ilham pərilərini bir-birinə qarışdırıb, sonra düzünü kağıza köçürsün". Beləcə, məndən söz almaq istəyirdi, fikrimi dolaşdırmaq, ağlımı çaşdırmaq həvəsinə düşürdü. Amma istəyinə çata bilməyəndə yenə də özünəməxsus şəkildə "şair, yaman dizi bərksən, hag" deyirdi. İndi də mən gülümsəyirdim. Və beləcə, onun ad gününü hər dəfə fərqli-fərqli məqamlarla, söz-söhbətlərlə qeyd edir, ömrümüzə-günümüzə, yaddaşımıza yazırdıq. Ən böyük istəklərimizdən biri onun nə vaxtsa övlad atası olması idi. Gecə-gündüz bütün dualarımız yalnız onun üçün idi. Və bəzən mənə çox qəribə gəlirdi. İnana bilmirdim ki, Allah bu qədər xeyirxah, səmimi, vicdanlı, sözün bütün mənalarında təmiz ürək, təmiz əl sahibi olan bu insanı niyə göyərtmir, niyə övlad sahibi etmir? Nə qədər fikirləşirdimsə də cavabını tapa bilmirdim. Amma indi anlayıram, indi başa düşürəm ki, Allah bütün sevdikləri kimi mənim bu doğmamı da, yəni Ələsgər Rəşid oğlunu da digərlərindən fərqləndirmək, digərlərindən daha çox dəyərləndirmək üçün ona hər şeyi verib, bircə övladdan başqa. Və bu yolla da həm Ələsgəri sınayıb, həm də onun öz Tanrısına olan sevgisinin anbaan necə artdığını müşahidə edibdi. Allah görüb ki, onun bu bəndəsi heç nəyə naşükürlük etmir. Əksinə, hər şey üçün yalnız Ona, bir Ona duaçıdır. Bax, elə Allahla bəndənin arasındakı doğmalıq da məhz bu imiş. Mən də bu doğmalığı onu itirəndən sonra anladım...g
   
   Bu il 55 yaşı olacaqdı, hazırlaşırdı. Amma 55 yaşı oldu özünün iştirakı olmadan. Biz onun 55 yaşını Saray qəbiristanlığındakı məzarı önündə sükutla qeyd etdik. Əslində o sükut deyildi. O mənim Ələsgərlə əməlli-başlı dərdləşməyim, həmsöhbət olmağım idi. Mən soruşurdum, o cavab verirdi. O soruşurdu, mən şairliyimə salıb sözü fırladırdım. Sanki vaxtı uzatmaq, onunla daha çox təmasda olmaq istəyirdim. Bilmirəm alındı, yoxsa yox. Bilmirəm deyəndə ki, mənim üçün işıqlı adamlardan, sevgi dolu insanlardan doymaq mümkün deyil. O cümlədən Ələsgərdən də. Bax, doya bilmədiym bu doğmam 55 yaşını Tanrı dərgahında qarşılayır. Mən isə yanımda dayanmış din adamından bir surə Quran oxumasını xahiş edirəmgonun ruhu üçüng Və...g
   
   
   
   mən indi bildim ki,
   
   dünya nə imiş...
   
   gerçəklik bildiyim
   
   əsfanə imiş-
   
   duyanlar üçün...g
   
   
   
   mən indi bildim ki
   
   ağda qara var
   
   göydən o yanda da
   
   özgə hara var?! -
   
   duyanlar üçüng
   
   
   
   mən indi bildim ki
   
   ürək nə imiş
   
   Tanrı məktubu-
   
   göylərdən gəlmiş-
   
   duyanlar üçün...g
   
   mən indi bildim ki,
   
   kimsənmiş, gülüm
   
   və bir də
   
   bildim ki,
   
   gəlirmiş ölüm-
   
   Tanrıdan başqa
   
   hər şeydən
   
   doyanlar üçün...g
   
   
   
   ***
   
   Həyatın o qədər sualı var ki, onları sapa düzmək qeyri-mümkündür. Mən bunu getdikcə daha çox dərk edirəm. Çünki hər sualın özündən doğub-törəyən yeni suallar məni lap girinc edir. Cavabını verib rahatlanmamış başqa formada, başqa məzmunda elə sual çıxır qarşıma ki, öz-özümdən xoflanıram və bir az da ümidsizləşirəm. Elə bilirəm ki, bu son sual elə mənim sonumdu. Özümü toparlayıb necə deyərlər, dizimi yerə atıb nələrin hesabınasa həmin sualı da cavablandırıram. Amma yenə suallar gəlir, bir-birinin davamı, bir-birinin təsdiqi və inkarı suallar...g
   
   Mənə deyirlər ki, daha doğrusu, soruşurlar ki, bu şeirlər necə yaranır? Axı, duymadan, yaşamadan yazmaq mümkün deyil. Və mən də hər dəfə həmin sualların cavabında açıq şəkildə bəyan edirəm ki, yaşadıqlarımı, duyduqlarımı təkcə xəyallarımda, yuxularımda deyil, ruhumda da yaradıb, yaşadıb özümlə nəfəs-nəfəsə saxladığım, əl-ələ tutub gəzdirdiyim nə varsa, mən onları yazıram, mən onları kağıza köçürürəm. Əslində, mən burda daha çox mirzəlik edirəm. O Tanrı pıçıltılarını kağıza köçürürəm...g
   
   Bax, elə bu səbəbdəndir ki, paytaxtımızın gəzməli, görməli güşələrinə çox az-az, çox nadir hallarda üz tuturam. Bu da səbəbsiz deyil. Mən indiki gəncliyin, həmin o gəzməli-görməli yerlərdəki "sevgi səhnələrini" müşahidə edəndə və yaxud həmin o səhnələr diqqətimi çəkəndə özümü çox narahat, təhqir olunmuş, alçaldılmış hiss edirəm, anlaya bilmirəm onları. Ola bilsin ki, mən "nuhdan qalmış"am, lap minilliklərin adamıyam. Amma nə olur-olsun, mənim bir inamım, bir inancım var. O da sevginin Tanrı hədiyyəsi olmasıdır. Tanrı hədiyyəsini isə küçədə, bulvarda, parkda nümayiş etdirmirlər, gəzdirmirlər. O, titrəyən dodaqlarda, bir-biri üçün alışıb - yanan gözlərdə, döyüntüləri bir-birinin varlığına hakim kəsilmiş ürəklərdə, barmaqları bir-birinin içində isinən əllərdə, pıçıldayanda dolaşan dillərdə, od saçan nəfəsdə olur. Əgər bu yoxdusa, onda o səhnələrin heç biri tamaşadan başqa bir şey deyil. Özü də əvvəli komik, sonu dramatik olan tamaşadı. Oyunçular da aktyorlardan daha çox klounlar, yəni təlxəklərdi!..
   
   Bax, bu mənada mən daha çox özümə çəkilməyi, öz əhatəmdə, öz auramda olmağı xoşlayıram. İstəyirəm ki, yaşadıqlarım, duyduqlarım Tanrının lütvü kimi halalım olsun. Və mən də bu halal sevginin, bu halal haqqın daşıyıcısı, yaşadanı, qoruyanı olum. Amma nə yazıqlar ki, indi "halal" adı altında o qədər haramlıqlar mövcuddur ki, mən özümə ünvanlanan suallarda da bəzən o haramlığın müəyyən elementlərini, çalarını görürəm. Amma neyləmək olar, qoy bunlar da olsun. Bəlkə də elə bunların olması böyük sevgilərin əzəmətini, əlçatmazlığını, əbədiliyini yaşayıb-yaratdığını daha bariz şəkildə nümayiş etdirir. Yəni istənilən halda gerçəklik hər şeyə qalib gəlir. Necə ki, bütün dünyada ən böyük qalib Sevgi, ən böyük ağrı Sevgi, ən böyük ümid Sevgi, ən böyük kədər Sevgi, ən böyük nəğmə Sevgi, ən böyük itki də elə Sevgidi! Qoymayın, sevginizi itməyə! Dişinizlə, dırnağınızla, canınız, qanınız bahasına qoruyun sevginizi! Qoruyun ki, o da sizi qorusun, o da sizi yaşatsın. Yaman gözdən, namərd güllədən, əxlaqsız xəyanətdən, bir sözlə, hər şeydən qoruyun sevginizi. Yoxsa, sonra gec olar...g
   
   Doğrudu, ölənlə ölmək mümkün olmadığı kimi, sevgisiz də yaşamaq mümkündü. Amma mənə görə sevgisiz yaşamaq sadəcə mövcud olmaqdı. Necə deyərlər, insanların say göstəricisini bir nəfər də artıq təqdim etmək kimi bir şeydig
   
   
   
   lalə tək sozalıb al dodaqları
   
   quruyub gözündə yaş qalmayıbdı.
   
   elə doğranıb ki, qol-budaqları-
   
   nə quru, nə də ki, yaş qalmayıbdı.
   
   
   
   ümidi yuyulub sərilib günə
   
   başını qaldırıb baxmır heç kiməg
   
   sevgisi yolunda dönüb köçkünə-
   
   bu fağır görkəmdə baş qalmayıbdı.
   
   
   
   sovulmuş bostandı,
   
   sönmüş ocaqdı
   
   özü öz canından bezmiş qaçaqdı
   
   səhəri o necə bəs açacaqdı?-
   
   üst-üstə yığmağa daş qalmayıbdı.
   
   
   
   atılmış ox kimi geriyə dönmüş
   
   istəyi qılınc tək özünü bölmüş
   
   şirəsi çəkilmiş, sevgisi ölmüş-
   
   ürəyi - dərd evi - boş qalmayıbdıg
   
   ***
   
   İstənilən halda oxucu haqlı olur. Çünki o, oxuduğuna öz prizmasından, öz baxış bucağından diqqət yetirib, nəzər salıb saf-çürük edir. Və mən də bir oxucu kimi daha çox mütaliəyə üstünlük verirəm. Nə qədər çox oxuyuramsa, bir o qədər də çox saf-çürük edirəm. Öz yazılarımın təftişçisi, tənqidçisi oluram. Harda nəyi yanlış yazdığımı, səhvə yol verdiyimi görəndə oxucu qarşısında sözün bütün mənalarında bir utanc hissi yaşayıram. Amma şükürlər olsun ki, özümün yazdığımdan oxucu ilə mübahisə etmək imkanlarım, haqqım da var. Ona görə də bütün vəziyyətlərdən çıxmaq şansım hələ ki, bitib-tükənməyib...g
   
   Mən bitib-tükənməyən duyğularımın qoynunda özümü axtara-axtara, özümlə yol yoldaşı ola-ola elə özümdən özümə doğru gedirəm. Bəlkə də getmirəm, qayıdıb gəlirəm. Çünki bu yaşda getmək o qədər də gerçək görünmür. Gəlmək isə...g
   
   Hə, bu daha inandırıcıdı. Mən sizləri, yəni oxucularımı öz duyğularıma, öz yaşantılarıma inandırmaq üçün son günlərin bir şeirini də adınıza bağışlayıram, oxuyun. Necə yazdığımı, niyə yazdığımı özüm bilirəm. Amma siz də oxuyun və siz də necə yazdığımı, niyə yazdığımı götür-qoy edin. Ola bilsin ki, xoşunuza gəldi, ən azı sevdiklərinizə pıçıldamaq üçün. Pıçıldayanda da unutmayın ki, həyatın bütün mənaları o sevginin özündədi...g
   
   
   
   sən bir sifariş elə-
   
   tez gəlim, kəsə gəlim!
   
   atdığın addımlardan
   
   doğulan səsə gəlim!
   
   
   
   günü günlərə hörüm
   
   cəmi illərə bölüm!
   
   hər gün ilk dəfə görüm -
   
   hər gün həvəsə gəlim!
   
   
   
   mən dərdlə vuruşan şir
   
   sən and yeri, ocaq, pirg
   
   qoynun sığındığım yer-
   
   dönüb, qəfəsə gəlimg
   
   
   
   bu Kür kürrüyə qalxsın
   
   Araz üstümdən axsın
   
   gözümə gözün baxsın
   
   qalxıb, nəfəsə gəlim!..
   
   
   
   Hə, bu dünyayla vuruşan insanlarg bu dünyaya sahib olmaq istəyən insanlargbu dünyanı beşəlli tutmaq istəyən insanlar qulaq asın şair sözünə. Bilin və inanın ki, Sevgidən və Sevginizdən başqa heç nə sizin deyil, yalnız onu Tanrı sizə lütf edibdi. O sizlə gəlib, sizlə də gedəcək. Qalanlar isə dünyanındı...

TƏQVİM / ARXİV