adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 May 2015 01:15
5399
ƏDƏBİYYAT
A- A+

Ramil Mərzili

BİR AZ

Bu gecə səndən xəbərsiz,
Xəyalınla baş-başayam.
Ev qaranlıq, otaq soyuq,
Bağışla, bir az naşıyam.

Bu sevgimi? Yox, yox deyil,
Sevgi bundan kiçik qalar.
Ya dostluqmu? İnanmıram,
Dostluq bu qədər ucalar.

Soyuq gecədə gəlmisən,
Nə çayım var, nə çörəyim.
Keç əyləş, yer dar olsa da,
Yaman istidir ürəyim...

Nə dəlisən, nə ağıllı,
Sən ən ağıllı dəlisən.
Bir gün xəyalın gecikə,
Yerinə özün gələsən.

Kimlərinsə aldığını
Sən yerinə qoydun bir-bir.
Qorxuram sən alıb getsən,
Onu geri verə qəbir.

Dincliyimdən qorxuram mən,
Onu sən qaytardın mənə.
Əgər bir gün gedərsənsə,
İtirərəm onu yenə....

Pəncərədən baxışaraq,
Yola saldım son ulduzu.
Özünə rəqibmi sanar?!
Tanrı da sevməz yalqızı.

Varlığınla yoxluğuma,
Nələr qatdı sənin adın.
Təzadlarla dolu sevinc,
Bir az da zülüm ver, Qadın.

Bir az ümid, bir az kədər,
Bir az gülüş, bir az qəhər.
Bir az şərbət, bir az zəhər,
Bir az da ölüm ver, Qadın!!!
DÜŞDÜ...

Böldük ata malıtək bütün hisslərimizi,
Sevincləri sən aldın, kədər şənimə düşdü.
O qədər dağ çəkdin ki, həsrət qaldım dumana,
Dünyanın bütün "dağı" mənim çənimə düşdü.

Həsrətinə pay tutub iliyimdən, qanımdan,
Səni söküb atacam canı çıxan canımdan.
Bir sevgi mehi olub, tez ötüşdün yanımdan,
Ha baxdım görəmmədim, fərqli yönümə düşdü.

Azdım öz hisslərimin kəskin yol ayrıcında,
Mənim səadətim var o bükülən ovcunda.
Bələdçisiz çıxdığım yolun dolanbacında,
Günəş arxamda qaldı, kölgəm önümə düşdü.

Səni harda gəzdimsə, özümü orda gördüm,
Harda ləpirin varsa, izimi orda gördüm.
Sönmüş od-ocağımı, közümü orda gördüm.
Qəlbimin ağrı payı saçda dənimə düşdü...

KƏDƏRİ
GEYİNİB GƏLDİM

Atım yerlərə dizimi,
Toplayım ayaq izimi.
Yollardan yığım gözümü,
Baxışlarım tapdanmasın...

***

Qəm yükünü əyləyirəm,
Bilmirəmki, neyləyirəm.
Soyuq sözlər söyləyirəm,
Dilimdə kəlməm yanmasın...

***

Neqativdi bütün "testlər",
Qəlbim ancaq səni istər.
Mənə elə ürək göstər,
Qayğılardan usanmasın...

***

Bağrımın başını dəldim,
Ruhum öldü, mən dincəldim.
Kədəri geyinib gəldim,
Qəm özün "nəsə" sanmasın!!!
SƏNƏ
BƏNZƏYƏN AĞRILAR

Və sən getdin...
Geri qaldı sənə bənzəyən ağrılar,
O ağrının bətnindəki səhvlər, doğrular.

Talan olmuş ömrüm qaldı səndən geriyə,
Bir çömçəbel kürək lazım
İçimdəki qəm yükünü çölə kürüyə...

Gizlənmişdi səadətim dumanla çən arasında,
Mən özümü itirmişəm taleyimin harasında?!
Bir sozalmış ümid idi içimdəki həsrət yüküm,
Qəm hopdurdu varlığıma əlçim-əlçim, büküm-büküm.

Yatmış idi duyğularım, oyatdım sübh azanına,
Bir yuxuydu sənli günlər
Çin çıxmadı.....
Mən nə deyim bu yuxumu yozanına?
İçimdəki bu dünyanın mizanını pozanına.
Səni sevmək günahıyla atıldım qır qazanına.

Çatmadığım arzuların qismət qoydum adını mən,
Min ildir ki, unutmuşam səadətin dadını mən.
Öz içimdə qalayıram cəhənnəmin odunu mən,
Seçəmmirəm insanların doğmasını, yadını mən.

Get!!! Elə get, gedişinin daha olmasın dönüşü,
Mən səni zirvədə sevdim, sənə qıymaram enişi...


Ana

Dediyin hər kəlmə, dediyin hər söz
Qəlbimdə ləl-gövhər, incidir, ana!
Səni sağ tərəfdən vuran o iflic,
Məni sol tərəfdən incidir, ana...

Biz bütöv bir canıq, sən sağ, mən də sol,
Mən səninlə varam, getsəm hayana.
Səssizcə uzanmaq sənə yaraşmır,
Aç yorğun gözünü, məni duy, ana!

Bir ana sığalı çəkməyin üçün,
Bu başı çiynimdə daşıyıram mən.
Deməki balamın balaları var,
Hələ sənin üçün yaşayıram mən.

Sən də mənim üçün dur, qalx ayağa,
Qoymayaq sevinsin bu zalım iflic.
Yanağım arx açdı göz yaşlarıma,
Ana da balasın ağladarmı heç?!

Dur, qurbanın olum, qucaqla məni,
Sıx köksünə yenə ağsaç balanı.
Ömür karvanına il gərəkdirsə,
Fədadır ömrümün geri qalanı...