adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

OLUM VƏ ÖLÜM ARASINDAKI HƏYAT...

BABƏK YUSİFOĞLU
45456 | 2015-05-26 08:03
Kimdənsə eşitmişdim ki, ümid inamın öləzimiş dövrüdü. Yəni, insanın inamı zəiflədikcə ümidə çevrilir. Və o da bitdikdən sonra hər şey, mövcudluq belə bitir. Lakin görünən budur ki, onların arasında heç bir çevrilmə yoxdur. Söhbət əsl inamdan gedirsə, o ya var, ya da yoxdur. Çevrilirsə demək o artıq inam yox, başqa bir şeydi. Ümid haqdasa bunları demək olmaz. O daha kövrəkdi və dəfələrlə yarana, dəfələrlə itə bilər.
Əlbəttə, ümidlərsiz və inamsız insan həyatının anlamı və mahiyyəti fərqli olardı. Əslində onları yasamın stimulu adlandıranlar da var. Və bu qənaəti rədd etmək doğru deyil, çünki həm tarixdə, həm günümüzdə deyilənlərin saysız-hesabsız, özü də çox ibrətamiz örnəkləri mövcuddur. Bəlkə də ilk baxışdan belə görünmür, amma insanların həyata bağlanması üçün ümidlərin və inamın həqiqətən də hava, su qədər əvəzsiz önəmi vardır. Şübhəsiz bu fikirlərin təsdiqini ətrafımıza, mövcud olduğunuz mühitə daha diqqətlə baxarkən tapmaq mümkündü. Ümid və inam zaman-zaman kimləri, nələri xilas etməyib ki?..
Hətta möcüzəyə bənzərlərini, mümkün görünməyənləri belə həyatda gerçəkləşdirə bilib. Əlbəttə, bu haqda çox danışmaq, müxtəlif təhlillər aparmaq mümkündü. Lakin təkcə məşhur alim, elmi fəaliyyətinə görə çoxlu sayda mükafatlar, ödüllər alan Stiven Vilyam Hokinqin həyatına nəzər salsaq çox mətləblərə şahid olarıq. O Stiven Hokinqin həyatına ki, hamı həmin insana böyük heyranlıqla baxır...



Müasir dünyanın elm və insanlıq möcüzəsi olan bir insan...
Bəzən adama elə gəlir ki, gördükləri, onun haqqında oxuduqları hansısa macəra romançının yazdığı əsərdən bədii parçalardı. İştirakçılar, mühit, ətrafdakı bütün insanlar, xüsusən də baş qəhrəman yazıçı təxəyyülünün məhsuludu. Amma faktlarla tanış olduqca inamın xilaskar rolunu görməyə bilmirsən. Dəfələrlə əmin olursan ki, İnsanın daxilindəki inam olmasa həkimlərin köməyi, müasir texnologiyalar, ən keyfiyyətli dərmanlar heç bir işə yaramır.
Yəqin ki, Tanrının möcüzələri sırasında belələri də vardır...

STİVEN

Əvvəlcə Londonda yaşayan Hokinqlər II Dünya Müharibəsi zamanı alman bombardımanından canlarını qorumaq üçün ölkənin bir qədər içərilərində yerləşməyə qərar verib Oksford şəhərinə gəldilər. 1942-ci ilin yanvar ayının 8-də isə gənc ailənin Stiven adlı oğlanları dünyaya göz açdı. Ata Frenk Hokinq Hampsteddə tibb mərkəzində işləyir, təcrübələr aparmaqla məşğul olurdu. Anası İzabel də orada çalışırdı, amma elm sahəsində deyil, katibə vəzifəsində.
Stivenin daha sonra iki bacısı da doğuldu: Filipa və Meri. Amma valideynləri öz övladlarından savayı daha bir uşağı - Edvard adlı bir oğlanı da himayələrinə götürmüşdülər. Belə demək mümkünsə, evdəki şərait və qaydalar uşaqların normal şəkildə böyüməsi, daha yaxşı oxuması üçün düzənlənmişdi.
Davranışları və xarakterinə görə digər həmyaşıdlarından seçilməyən Stivenin gözəçarpan yalnız kiçik fərqli cəhətləri vardı. Ulduzlar, göy qübbəsi, hüdudsuz fəza, planetlər... daimi olaraq onun düşüncələrinin məkanına çevrilmişdi. Bir də bu kiçik yaşlı arıq oğlan fikirlərini yükləyən nə vardısa hamısının cavabını bilmək, öyrənmək istəyirdi. Bəlkə də elə xarakterindəki bu məziyyətlər idi ki, Stiven daha çox dəqiq elmlərə maraq göstərir, fərqli şeylər öyrənməyə can atırdı. Orta təhsilini bitirən gənc Hokinq ali savad almaq üçün elə yaşadıqları şəhərdəki Oksford Universitetinə qəbul olundu.

GƏNC "EYNŞTEYN"...

Nəinki, ingilislərin, eləcə də bütün dünyanın böyük elmi mərkəzlərindən, məşhur təhsil ocaqlarından biri sayılan Oksford Universitetindəki yeni mühit, yeni bilgilər Stiveni elmə daha çox bağlayırdı. Hiss edirdi ki, həmişə öyrənməyə çalışdığı suallarınn açılışına yol var və o, həmin yolun maneələrini getdikcə daha asan şəkildə aradan qaldıra bilir. İş artıq o həddə qədər gəlib çatmışdı ki, kurs yoldaşları ona "Eynşteyn" ləğəbini də vermişdilər. Amma ən maraqlı cəhətlərdən biri də bu idi ki, Stiven Hokinq uzun saatları kitablar ardında keçirmirdi. Ona iki saata qədər bir müddət kifayət edirdi ki, qarşısında duran gündəlik məsələlərin, tapşırıqların öhdəsindən gəlsin.
Bəlkə də elmə olan tükənməz bu marağı üzündən idi ki, təhsilini davam etdirməyi düşünürdü. Belə ki, 1962-ci ildə baklavr dərəcəsiylə təhsilini başa vurduqdan sonra ikinci bir mötəbər universitetə üz tutdu: Kembricə. Stiven Hokinqin şöhrətli ikinci bir elm ocağında təhsilini davam etdirməsində məqsədi, həm də elmi dərəcə almaqdı. Bir müddət sonra o, nəzəri fizika sahəsi üzrə elmi araşdırmalara başladı.
Əslində Stiven üçün hər şey yaxşı gedirdi. Onun ətrafında olanlar, yaxından tanıyanlar inanırdılar ki, bu gəncin elm sahəsində irəliləməsi, müəyyən nəticələr əldə etməsi yalnız zaman məsələsidir. Yəni, tələbə Vilyam onlar üçün gələcəkdə ən azı potensial elm xadimiydi. Stivenə nahaqdan "Eynşteyn" demirdilər ki? Özü isə elmdə daha böyük işlərin öhdəsindən gəlməyi hədəfləmişdi. Amma...

QORXUNC XƏBƏR

Amma bu yolda həyat onun üçün inanılmaz, kimsənin düşünə bilməyəcəyi maneələr, daha doğrusu sınaqlar hazırlamışdı. Çıxılması çox zor olan sınaqlar...
O hələ Oksfordda oxuduğu bir dönəmdə bəzi vaxtlar özündə inanılmaz tənbəllik hiss edirdi. Əslində buna tənbəllik də demək olmazdı. Bu daha çox qısa çəkən hərəkətsizlik anlarına çevrilirdi. Amma Stiven heç vaxt buna fikir verməzdi. Və günlərin birində Stiven təsadüfən pilləkəndən düşərkən yıxılmışdı.
Bu kiçik insidentə də əhəmiyyət verməyən gənc sonda həkimə müraçiət etməyə qərar vermişdi. Müayiənədən keçdikdən sonra həkim Stivenə bəzi tövsiyələr, tapşırıqlar verməklə kifayətlənmiş, bir də pivə içməkdən uzaq durmasını istəmişdi. Bütün bunları da çox adi qarşılayan Stiven Vilyamm Hokinq əslində heç ağlına da gətirmirdi ki, qarşıda onu nələr gözləyə bilərmiş...
Lakin səhətindəki narahatlıqlar getdikcə özünü daha çox göstərməyə başladı. Artıq Kembric Universitetindəki tələbəlik dövründə sağlamlığı ilə bağlı problemlər o dərəcədə artdı ki, Stiven bəzi hallarda adi bir hərəkəti belə edə bilmirdi. Sanki əzələləri sözünə baxmırdı. İndi daha çox büdrəyir, daha tez-tez yöndəmsiz görünürdü. Düzdü, belə hallar çox qısa çəkirdi, amma gənc yenidən həkimə müraciət etmək məcburiyyətində qaldı. Xəstəxanada bu dəfə onu daha ətraflı müayinədən, yoxlamalardan keçirdilər və müəyyən qənatə gəlmək məqsədiylə ondan əzələ nümunəsi və digər analizlər də götürdülər. Bundan başqa, xüsusi tibbi qurğular vasitəsiylə müayinə testləri aparıldı.
Nə 21 yaşlı gənc Hokinq, nə də digərləri inanmazdı ki, ona nəsə ağır bir diaqnoz qoyulacaq. Amma oldu. Lap əvvəl əsasən dağınıq sklerozdan, huşsuzluqdan şübhələnən həkimlər sonradan daha ağır fəsadın təzahürlərini gördülər. Bu həmin xəstəliyin elə bir formasıydı ki, mütəxəssislər ona dəqiq diaqnoz da qoya bilmirdilər. Amma bu hələ hamısı deyildi. Gəlinən qənaət daha qorxuncdu: heç bir müalicəyə gəlməyən bu bəla getdikcə güclənəcək, bütün orqanları sıradan çıxararaq Stiven Hokinqi öldürəcəkdi. Verilən xəbərin daha dəhşətli məqamı da vardı. Həkimlərə görə, gəncliyinin lap başlanğıcında olan Stivenin ən çoxu iki illik ömrü qalmışdı. Belə çıxırdı ki, indidən Stiven Vilyam zamanın kandarındaca gözləyən ölümünə hazırlaşmalıydı...

ƏLİNİ DÜNYADAN
ÜZƏN ADAM...

Bütün bu amansız xəbərlərin bir gəncə hansı sarsıntılar yaşadacağnı təsvir etməyə lüzum yoxdur. Elə ölümün çox yaxında olmasıyla bağlı alınan xəbərlərdən sonra baş verən hadisələrin statistikası və təhlili göstərir ki, belə insanların çoxu ya intihara əl atır, ya psixoloji sarsıntı keçirir, ya da ən yaxşı halda tərkdünyalığa qapılır.
Özüylə bağlı gerçəkləri öyrəndikdən sonra ağır sarsıntıya məruz qalan Stiven Hokinq dərin pessimizmə qapılaraq təkliyə çəkildi, ən çox sevdiyi məşğuliyyətlərdən, elmdən, kitablardan uzaqlaşaraq yalnız Vaqnerin musiqisini dinləməyə başladı. Bu da onun səhhətinə daha mənfi təsir göstərirdi. Amma onu həkimlərin nəzarətindən də kənar saxlamadılar. Tibbin gücü nəyə yetirdisə Stivenə edilirdi. Həkimlərin müayinəsindən sonra ona verilən zamansa irəliləməkdə, günbəgün əriməkdəydi...

(Ardı qəzetin 02 iyun sayında)


TƏQVİM / ARXİV