adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ƏRƏB DüNYASI NiYƏ BELƏDi?

SEYFƏDDİN ALTAYLI
52749 | 2011-07-23 01:46
(Beşinci yazı İraq-I)
   
   
   
   Son illərdə ərəb dünyası deyiləndə insanın ağlına ilk öncə İraq gəlir. 20 Mart 2003-cü il tarixində ABŞ və müttəfiqlərinin hava hücumuyla başlayan işğal hələ də davam edir və indiyə kimi həlak olan iraqlı sayı bir milyonu çoxdan ötüb və hardasa iki milyona yaxınlaşıb. İşğalla birlikdə xüsusilə Amerikalı və ingilis hərbçilər tərəfindən həyata keçirilən, ancaq bəşər övladına yaraşmayan hərəkətlər, insanın ayaqlar altına salınaraq çığnanan ləyaqəti, qadın və qızların namusuna toxunmalar, qətliamlar elə bir əks-səda yaradıb ki, bütün dünyanın gözü istər-istəməz bu bölgəyə zillənib və İraqın daim gündəmdə qalmasına səbəb olub.
   
   İraq, Mesopotamiyada, yəni qədim şərq mədəniyyətlərinin mərkəzində yerləşməklə birlikdə bəşəriyyətin də ilkin məskunlaşdığı yerlərdən biridir. Burada ələ keçirilən arxeoloji tapıntılar tarix boyu bölgədə davam edən mədəniyyətlər haqda kifayətli məlumat təqdim edir.
   
   Tarix boyu əldən-ələ keçən bu torpaqlar 633-642-ci illər arasında İslam dövlətinin hakimiyyətinə daxil oldu, Bağdad bir mədəniyyət mərkəzi kimi tarixdəki mövqeyini heç vaxt itirmədi. Həzrət əlinin xəlifəliyi əsnasında İslam dünyasının mərkəzinə çevrildi. Əməvilər, abbasilər, ardınca da 1055 ilində başlayan Səlcuqlu hakimiyyəti 1258-ci ildə Monqol işğalı ilə axıra çatdı. Bu işğal, tarixdə tayı-bərabəri olmayan bir mədəniyyət soyqırımının şahidi oldu və Bağdad kitabxanasındakı minlərlə nadir əlyazma əsər kürünüb Dəclə çayına töküldü. Bu mədəniyyət soyqırımı İslam dünyasında elmin zəifləməsində bir döngə oldu, qərbin şərqə qarşı üstünlüyünün bünövrə daşına çevrildi. Bu hadisənin özü də o vaxtlar Bağdadın mədəni şöhrətinin nə boyda olduğunu sübut edən bir sənəd kimi tarixdəki yerini tutdu. 1444-cü ildə başlayan Ağqoyunlu hakimiyyətini on beşinci yüzilliyin ilk illərində başlayan və on ilə yaxın bir vaxt davam etdirən Səfəvi hakimiyyəti əvəz elədi. Qardaş qırğınına amil olub, potensiyal hərbi gücümüzü hardasa məhv edən Osmanlı-Səfəvi toqquşmaları İraq torpaqları üstündə də yeridildi və 1534-cü ildə başlayan Osmanlı hakimiyyəti 1917-ci ilə kimi davam etdi. Birinci Dünya Hərbində ingilislər tərəfindən al dil ilə ələ alınıb, Böyük Ərəb Dövləti xülyasıyla aldadılan və qızıl ilə satın alınan Məkkə şərifi Hüseyn və oğulları, Osmanlı dövlətinə qarşı üsyan etdilər.
   
   İngilislər, Şərif Hüseyn və oğullarına Böyük Ərəb Dövlətini yaradıb krallığını da onlara verəcəklərini vəd vermişdi; ancaq İngiltərə ilə Fransa arasında 1916-cı ildə imzalanan Sykəs-Picot sazişi ilə İordaniya və Fələstin İngiltərənin, Suriya və Lübnan da Fransanın payına düşdü. Şərif Hüseyn, oğulları və başda da Abdullah olmaqla hamısı ovuclarını yaladılar; çünki bu sazişdən illər sonra xəbərləri oldu, yəni gün günortanı ötəndən sonra. Əslində iki imperialist dövlətin nümayəndələri tərəfindən imzalanan bu saziş, Orta Şərqdəki bugünkü toqquşmaların, iğtişaşın və xaosun əsl səbəblərindən biridir. İngilis zabit Mark Sykəs ilə Fransız həmkarı François Gəorgəs-Picot qeyd edilən tarixdə Qahirədə tapışaraq Orta Şərqi dədələrinin malı kimi bölüşdülər. Onlar elə bir xəritə çəkib, eləsinə yeni dövlətlər yaratdılar ki, bugünkü xaosun tozu-dumanı hələ o vaxtlarda özünü hiss etdirirdi. Yəni bir sözlə, bu iki şəxs bugünkü xaosun bünövrəsini o gün bilərəkdən qoydular. İngilislər bu bölgələri öz nəzarətləri altında saxlayacaqlarını zənn etdilər; ancaq xüsusilə şiələrin daimi üsyanları onların geri oturmasına səbəb oldu. İngilislər, Osmanlı dövləti əleyhində qışqırdıb meydana saldıqları Şərif Hüseyn və oğullarının nailiyyət qazanmasını təmin etdilər və Hüseynin oğlu Faysalı İraq kralı elan etdilər, sonra da Faysalın fransızlar tərəfindən qovulması hadisəsində qulaqlarına pambıq təpdilər, gözlərini də bağladılar və hadisəni görmədilər; çünkü bölgəni Fransanın müstəmləkəçiliyinə təhvil vermişdilər. İordaniya kralı Abdullah, "Biz Osmanlıya Nədən Üsyan Etdik" adlı xatirələrində üstü örtülü olaraq qardaşı Faysalın İraq kralı olmasından duyduğu narahatçılığı dilə gətirir və onun ingilislər tərəfindən krallıq taxtına çıxardılacağını bilmədiyini eyhamla vurğulayaraq, qardaşları və ataları Şərif Hüseyn ilə oğulları arasında müxtəlif gizli oyunların həyata keçirildiyini üstü örtülü şəkildə dilə gətirir. Xəyanət edənlər, xəyanətə düçar olar, bu həyatın pozulmaz qaydasıdır və sosiolojinin bir qanunu vardır, sən özünü idarə edə bilməsən, özgələri səni idarə edərlər. Bir yerdən kömək alan, ordan əmir də alar.
   
   Faysalın kral olmasıyla birlikdə ərəb millətçiliyinin nəzəriyyəçisi olan Sati əl Xusri də İraqa aparıldı, ərəb birliyindən müdafiə edən bir təlim sistemi yaradıldı; ancaq bu, şiələrin reaksiyasına amil oldu. Faysal, güclü bir ordu yaratmağın zərurətini başa düşürdü, bunu həyata keçirmək üçün çox cəbəlləşdi; ancaq qarşısına şiələr və kürdlər çıxdı, əslində isə onlar gizli əllər tərəfindən Faysalın qarşısına çıxarıldılar, eynilə Səddamın qarşısına çıxardılan Bərzani və Talabani tayfaları kimi.
   
   İngiltərə ilə İraq arasında 1930-cu ildə İraqın müstəqilliyi barədə bir saziş bağlandı və İraq iki il sonra Millətlər Cəmiyyətində (Cəmiyyət-i əqvam) müstəqil dövlət sifətiylə iştirak etdi.
   
   Kral Faysalın 1933-cü ildə dünyasını dəyişməsiylə birlikdə bu dəfə özgə bir Avropalı imperialist qüvvə olan İtaliya siyasi səhnədə özünü göstərdi. İtaliya, Faysalın səhnədən çəkilməsindən iki il sonra Həbəşistanı (Efiopiya) işğal edərək Yəmənlə saziş bağladı və Qırmızı dənizin çıxışına nəzarət etməyə başladı. Bu da, İngiltərənin Hindistan ticarət yolunun təhlükə ilə üzləşməsi mənasına gəlirdi və İngiltərə kimi imperialist bir ölkə buna dözə bilməzdi. Bu hadisədən sonra Orta Şərq ölkələri arasında Sadabad Pakdı yaradıldı və 1936-cı ildə Hikmət Süleyman, hərbi bir çevrilişlə hakimiyyəti ələ keçirdi; ancaq qısa bir müddət sonra ordu içindəki özgə bir qrup Hikmət Süleymanı qətlə yetirərək ölkə idarəsini öz təsir dairəsinə saldı. Bununla da İraqda cəbhələşmə başladı. İkinci Dünya Müharibəsidən sonra kral Qazinin yol qəzası nəticəsində həlak olmasıyla birlikdə dörd yaşındakı oğlu II Faysal krallıq taxtına çıxarıldı. Ehey tarix, səndə nələr var..! Bu hadisənin özü də İraqda nə cür oyunların səhnəyə qoyulduğunu açıq-aydın göstərir. Əslində İkinci Dünya Müharibəsində dünyadakı hakim qüvvələr arasında İraq məsələsi daim gündəmin birinci pilləsində dayandı və bura necə deyərlər mübarizələr meydançasına çevrildi. Müstəmləkəçilik siyasətində mən də varam-deyən almanlar bir çevrilişlə özlərinə yaxın birini taxta çıxardılar, az bir müddət sonra ingilislər özlərini yetirərək ikinci bir çevrilişlə hakimiyyət cilovunu təkrar əllərinə keçirdilər.
   
   İngilislər, İkinci Dünya Müharibəsindən sonra İraq, Suriya, İordaniya və Lübnanı vahid bir ölkə halına gətirərək fransızları bölgədən uzaqlaşdırmaq və ipləri öz əllərinə almaq istəyirdi. İngilisin min oyunu bircə armudun başında idi, yəni Hindistan ticarət yolunun təhlükəsizliyini təmin etməkdi. Onların başlatdığı bu hərəkət, ərəb millətçiliyinin də zirvəyə qalxmasına amil oldu. Misir də ərəb dünyasında böyük dövlət statusunu əldən verər deyə bu hərəkətə müsbət baxmırdı. Suriyanı öz yanına çəkərək bu birliyin pozulmasına nail oldu.
   
   İsrailin yaranması, Orta Şərqdə yeni tarazlığın yaranacağından, ərəb dünyasında hər ağızdan bir avaz çıxacağından və kiçik qruplar halında imperializmin hakimiyyət cilovunu əlində saxlayan qüvvələr tərəfindən axırıncı damcısına qədər bu ölkələrin sərvətinin sümürüləcəyindən xəbər verirdi. İsrailin yaranması, ərəb dünyasında hövl yaratmışdı. ABŞ və İngiltərə yaranan gərgin atmosferi sakitləşdirmək məqsədiylə işə daxil olub Türkiyənin də iştirakıyla Bağdad Pakdının imzalanmasını təmin etdi.
   
   Rusların, xüsusilə və təkidlə "Böyük Vətən Müharibəsi (?)" deyə qeyri rus xalqları həriflədiyi İkinci Dünya Müharibəsi, imperializmin ipinin əl dəyişməsinə amil oldu. Almaniya qarşısında zəlil olan Fransa, İngiltərə və Rusiyanın imdadına ABŞ çatdı və onlara dayaq olaraq almanları birlikdə əzişdirdilər və beləliklə, dünyanın siyasi hakimiyyət cilovu ABŞ-ın əlinə keçmiş oldu. Amerika, əvvəlcə almanları qışqırdaraq sağa-sola hücum çəkdirdi və xüsusilə Orta Şərq bölgəsində qarşısına bir güc kimi çıxa biləcək İngiltərə və Fransanı almanlara əzişdirdi, daha sonra da xilasedici ədasıyla gəlib gücü hər tərəfə şaxələnərək parçalanmış almanları məğlub etdi və beləliklə, İngiltərə, Fransa, İtaliya və Almaniyanı səhnədən kənarlaşdırdı, onların yerinə özünə o qədər də maneəçilik törətməyəcək Sovetlər Birliyinin bir güc kimi araya çıxmasına mühit yaratdı. Vaxt gələcək onu da səhnədən Qorbaçov adlı maşalarının əlilə bir şilə çəkərək tarixdən siləcəkdi. İngiltərənin səhnədən çəkilməsiylə birlikdə Orta Şərqdə yaranan boşluğun əksəriyyətini ABŞ və Sovetlər Birliyi doldurdu.
   
   Allah sənə rəhmət eləsin ayn Neyzən Tevfik nə gözəl deyibsən.
   
   "Türkü yinə o türkü sazlar tel dəyişdi
   
   Yumruk yine o yumruk, bir varsa əl dəyişdi"
   
   Artıq dünya hakimiyyət meydançasında yaradılan qurğuda iki kəndirbaz bir başlarına qalmışdı. Bundan sonra Orta Şərqdə, ABŞ ilə SSRİ güclərini nümayiş etdirməyə başlayırdı, yəni iki kəndirbaz bir ipdə oynayacaqdı.

TƏQVİM / ARXİV