SÖZüN GüNü

ƏBÜLFƏT MƏDƏTOĞLU
36723 | 2011-07-26 13:04
Bəli, illər bir-birinə calanır, aylar bir-birini əvəz edir. Necə deyərlər zaman-zamanlığında, tarix-tarixliyində, həyat da ki, özünün yolu ilə başıaşağı getməkdə. Ona görə başıaşağı gedir ki, nə zaman, nə tarix onunla hesablaşmır, sözləri düz gəlmir. Tərs keçilər kimi bir dar cığırda qarşılaşıb bir-birinə yol vermədən, eləcə dartışırlar. Biz də bu gerçəkliyin içərisində ömrümüzü, günümüzü əridirik. Köhnə sözü cilalayır, təzə söz yaratmaq üçün çabalayır və bütövlükdə sözdən-sözə, yazıdan-yazıya bir imza daşıyırıq. Elə bir imza ki, bizə üz ağlığı, baş ucalığı gətirsin. Amma...
   
   Bəli, əvvəldə dediyim kimi, bir-birinə calanan illər bizim təqvimlə gəlib oldu 136! Yəni, düz 136 ildi ki, bizim Söz qəzetdən-qəzetə, dərgidən-dərgiyə, ordan da efirə, ekrana doğru bir yol gəlir. Təbii ki, bu yolun ilk söz sahibi, ilk təəssübkeşi, ilk ağrı-acısını yaşayanı hamımızın ustadı türk qardaşlarımız demiş, hamımızın hocası Həsən bəy Zərdabidi. Ruhu şad olsun, torpağı sevinsin!
   
   Bu dua deyil. Bu sadəcə böyük hocaya, böyük ustada ehtiramdı, təşəkkürdü və bu ehtiramı, təşəkkürü də dilə gətirmək ən azı 136 il sözün içərisində yaşayan, sözlə nəfəs alan, sözə qaynayıb-qarışan, sözü çörəyə-suya çevirən hər bir söz adamının borcudu. Çünki məhz Həsən bəyin yazdığı ilk söz, yəni atdığı ilk addım bizi əkinçilikdən memarlığa doğru ucaldıb. Bir az da açıq desəm biz sözün əkincisi olmağa başladığımız gündən onun həkimi də, müəllimi də, şairi də, alimi də ən vacibi isə memarı da ola bildik. İndi bizim məhz bu Sözümüz memar əlində, memar nəfəsində cilalanmış, bəzənmiş, ucalmış bir saraydı, bir qeyri-adi varlıqdı. Özü də elə bir varlıq, elə bir saraydı ki, onun ucalığında Böyük Qələm adamları özlərinin Böyük Sözləri ilə yaşayır, nümunə göstərir və bundan sonra da yaşayıb, nümunə göstərəcəkdi.
   
   Hər dəfə Mətbuat Günü, yəni Sözün günü qapımızı döyəndə istər-istəməz bir anlıq keçmişə üz tuturam. Mətbuatla bağlı olan günlərimi, aylarımı, illərimi göz önünə gətirirəm.
   
   1980-ci ilin sentyabr ayının 10-dan o vaxtki Azərbaycan Dövlət Universitetinin (indi BDU-Ə.M) "Lenin tərbiyəsi uğrunda" qəzetində əmək fəaliyyətinə başladım. Necə deyərlər, bir tələbə olaraq tələbə qəzetində tələbə dostlarımın və öz tələbəliyimin müxtəlif məqamlarını sözə çevirib qəzet səhifəsində ona ömür bağışlamağa çalışdım. Sonra Böyük Sözün Böyük dünyasının qapıları açıldı üzümə. "Təşviqatçı" jurnalında, "Araz" qəzetində, "Qarabağ" qəzetində, "Azərbaycan ordusu" qəzetində və nəhayət "Ədalət" qəzetində sözlə yol yoldaşı olub, sözlə nəfəs-nəfəsə bir ömür yaşamağa başladım və bu gün də yaşayıram. Düşünürəm ki, hələ ki, nə sözü urvatdan salmışam, nə də söz məni kiminsə yanında urvatdan salıb. Çünki sözün böyüklüyünü anlamışam, sözün məsuliyyətini dərk etmişəm və həmişə çalışmışam ki, özüm də Sözün ucalığına qalxa bilim. Çünki Sözdən böyük elə bir də Sözün özüdü. O Sözlər usta əllərdə, usta dillərdə həmişə ən uca mərtəbədə qərar tutub və bəzən həmin sözlər ən müqəddəs kəlamlara, ən müqəddəs misralara, ən müqəddəs fikirlərə çevrilib. Söz təkcə fikiri, düşüncəni əks etdirməyib, Söz həm də ruhu oxucunun, dinləyicinin qarşısına çəkib gətirib, önünə çıxardıb. Bax buna görə də Söz mənim üçün hər şeydən dəyərli və uca olubdu. Özüm də Sözün içində olduğumdan içimdə bir rahatlıq, bir cənnətlik hiss etmişəm. Yaxşı bir Sözün, yaxşı bir yazının mənə bağışladığı sevinci də məhz o rahatlıqda, cənnətlikdə özümlə birlikdə görmüşəm...
   
   Bu gün Sözün bayramıdı. Yəni rəsmi olaraq Sözün günüdü. Mən Sözün günündə bir qədər təəssüf, narahatlıq hissi də yaşayıram. Əslində bu gün söz adamları, mətbuat işçiləri sevinməlidi, lakin Sözü urvatdan salanların, Sözü qara siyahıda yaşadanların və Sözə layiq olmayanların Söz adamları cərgəsində dayanmaları məni həqiqətən pərişan edir. Çünki ağı-qaradan seçmək həmişə hər yerdə mümkün olmur. Ona görə də adları çəkilməyə layiq olmayanların, əsl Söz adamları ilə bir sırada dayanması və oxucunun da onlara baxaraq digərlərinə də müəyyən mənada gileyli, küskün, biganə və bir az da qəzəb hissi ilə qiymət verməsi heç də baş ucalığı deyil. Bax, bu mənada bu gözəl gündə, bu gözəl günün camiəsində nöqsanları görəndə, nöqsan daşıyanları seyr edəndə həqiqətən də adam təəssüflənir. Neyləmək olar, bu da bir gerçəklikdi. Əslində bu həm də elə Sözün özünün göstəricisi, qiymətidir. Yəni hər kəs öz sözünə oxşadığı kimi, hər bir Söz də öz sahibinə oxşayır. Deməli...
   
   Bəli, bu gün Sözün, Söz adamlarının bayramıdı. Belə gündə çox Söz demək, çox Söz yazmaq olar. Amma böyük Nizami demişkən Sözün lətafətini, əhəmiyyətini, dəyərini saxlamaq üçün elə onu az demək və düz demək daha vacibdir, daha doğrudur. Mən də bu az Sözün içərisində əsl Söz adamlarını, Sözə ürək verib, Sözdən nəfəs alanları təbrik edir, Sözümüzün Günü Mübarək Olsun! - deyirəm.
   
   Və sonda Sözün yaşamasında xidməti olan, diqqət və qayğısını əsirgəməyən hər kəsə təşəkkür edirəm. Çünki bu diqqət, bu qayğı Azad və Böyük Sözün yaşaması üçün əsas stimuldur. Bunu unutmaq olmaz.
   
   
   
   
   
   P.S. Doğrudur, indi sözü çox çeynəyib İran saqqızı kimi başına min oyun açırlar. Necə deyərlər, söz əməlli-başlı ayaq altısına çevrilir. Amma bu gün Sözün bayramı olduğundan mənim Söz barəsində çox daışmağımı gərək üzrlü sayasınız. Axı bayramdı. İldə bir dəfə olar də...

TƏQVİM / ARXİV