adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

HANI O QALiBiYYƏT?..

BABƏK YUSİFOĞLU
56225 | 2011-07-21 14:49
Bütün qonşuların ərazilərinə iddiası olan ermənilər məhz bu torpaq xəstəliklərinə görə regionda özünü qapalı bir vəziyyətə salıb. Bölgədə reallaşan bütün beynəlxalq səviyyəli iqtisadi layihələrdən kənarda qalıb. Yalnız İranla əla münasibətləri olması isə əslində o demək deyil ki, onların Cənub qonşuları ilə dostluq münasibətləri gerçəkdir. Xeyr. Sadəcə olaraq İranla sərhəd Ermənistanın həyat pəncərəsidir. Əminəm ki, onların Rusiya ilə quru sərhədləri olsaydı Yerevan İranın da bəzi torpaqlaını özününkü elan edəcəkdi. Buna heç kimin qəti şübhəsi olmasın. Məhz həmin "pəncərə" hələlik bu iddiaya maneçilik törədir. Amma İranın erməniləri bağrına basmasına məcbur qoyan bir sıra səbəbləri var. Əhalisinin yarıdan çoxu azərbaycanlılardan ibarət olan İran Azərbaycanın inkişafını, güclənməsini özünə bir təhlükə hesab edir. Çünki o tayda yaşayan azərbaycanlılar artıq nəyin nə olduğunu bilir və milli azadlıq ideyalarını daha ucadan səsləndirməyə başlayıb. Və bu da həmin "pəncərə"nin hər zaman qapana biləcəyi ehtimalını yaradır.
   
   Əlbəttə, bütün bunları hər kəs bilir. Elə eremənilərin özü də. Amma Ermənistanda siyasi hakimiyyət hansı kartlarla hakimiyyətə gəlibsə, heç cür ondan imtina edə bilmir. Hətta erməni xalqının acınacaqlı həyat tərzi də, üsyan təhlükəsi də hakimiyyəti bu yoldan döndərməyə yetərli deyil. Bu gün ermənilərin yaşadığı bütün çətinlikləri, krizisləri pərdələməyə çalışan, həqiqəti sadə xalqdan gizlədən politoloqlar da torpaq xəstəliyinin yaratdığı təhlükələri etiraf etmək məcburiyyətində qalıblar. Bu gün eks prezident Levon Ter-Petrosyanın da tez-tez səsləndirdiyi - Ermənistanın sürətlə boşalması təhlükəsi gündəmdədir. Bəli, ermənilər öz torpaqlarından qaçırlar. Çünki Ermənistan indi ermənilər üçün də dözülməz bir məmləkətə çevrilib.
   
   Artıq erməni yazıçıları da həyəcan təbili çalmaqdadırlar. Get-gedə təhlükəli bir mərhələyə çatan ölkədən axın prosesini durdurmaq məqsədi ilə bir sıra ictimai təşkilatlar, yazıçılar Ermənistan parlamentinin spikeri Ovik Abramyana və baş nazir Tiqran Sərkisyana müraciət ünvanlayıblar. Ermənistan yazıçılar İttifaqının sədri, publisist Levon Ananyan ölkənin ayrı-ayrı bölgələrini gəzərkən qarşılaşdığı səhnəni hakimiyyətdəkilərin qulağına çatdırmağa çalışıb. O, insanların durmadan xaricə axın etdiyini bildirir. "Çörək əldə etmək zərurəti insanları Rusiyaya, Avropa ölkələrinə, Amerikaya, hətta Türkiyəyə belə köçməyə məcbur edir". Levon Ananyan bildirir ki, ölkənin sərhəd rayonlarındakı vəziyyət daha acınacaqlıdır. Bu kəndlər artıq boşalıb. Yazıçı qorxu içərisində hakimiyyətə bildirir ki, gəncləri burada saxlamaq üçün heç bir imkan və şərait yoxdur. "Bu günlərdə kəndlərin birindən qazanc ardınca 100 sürücü və mexanizator gənc Sibirə getdi. Və yaxın vaxtlarda onların hər biri burada qalan ailə üzvlərini də arxalarınca oralara aparacaq. İnanmıram ki, orada özlərinə güzəran düzəldən bu adamlar nə vaxtsa yenidən geri dönsünlər".
   
   "Alternativ" araşdırmalar mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Tatul Manaseryan da sözügedən məsələ haqqında öz narahatlığını bildirib. Onun sözlərinə görə, Ermənistanı tərk edən ixtisasçı adamların yerini heç də asanlıqla doldurmaq mümkün olmayacaq. "Belə ixtisasçıların hər biri üçün - məktəbdən tutmuş hər hansı bir sahə üzrə ixtisaslaşanadək - 1 milyon ABŞ dolları sərf edildiyini düşünsək, ölkənin hansı itkilər yaşadığını asanca təsəvvür etmək mümkündü. Onlar xalqın sərvətidi". Mütəxəssisə görə, ölkəni bürüyən miqrasiya prosesi həm də respublika üçün demoqrafiq təhlükədir. Bu ən azı əhalinin qocalığına səbəb olacaq. Tatul Manaseryan qeyd edir ki, hökumət prosesin qarşısını almaq istəyirsə, mütləq iqtisadi inkişafı təmin etməli, iş yerləri yaratmalıdır.
   
   Get-gedə artan belə etirazlara, narazılıqlara hökumətin cavabı xeyli "maraqlı" olub. Baş nazir Tiqran Sərkisyanın "168 jam" qəzetinə verdiyi müsahibədə Ermənistan hakimiyyətinin iç üzünü ortaya qoyub, onların özlərinin hakimiyyətindən başqa heç nə düşünmədiklərini bir daha göstərib. Ölkəni tərk edənlərlə bağlı baş nazir deyib: "Nə etmək olar? Demək biz onların ölkədən çıxıb getməməsi üçün hər şeyi etməliyik ki, bu narazı kütlə ölkədə qalsın və inqilab baş versin? Necə edək adamlar Ermənistanda qalsınlar?.." Hökumət başçısının məsələyə bu cür yanaşması doğrudan da sübut edir ki, iqtidardakı qüvvələr hakimiyyətlərini itirməmək üçün hər şeyə, hətta ölkənin boşalmasına belə razıdırlar.
   
   Buradan çıxış edərək deyə bilərəm ki, Ermənistanda hakimiyyətdə olan bu cür insanlarla Dağlıq Qarabağ problemini çözmək üçün danışıqlar aparıb onlardan konstuktiv mövqe gözləməyə dəyərmi? Ermənistan iqtidarı ölkəni izolə etmək siyasətindən, əhalinin yalan vədlərlə aldatmaqdan vaz keçə bilərmi? Əlbəttə, xeyr. Bu mümkün deyil. Insanların düşüncəsi erməni siyasiləri tərəfindən elə bir hala gətirilib ki, onlar hakimiyyətdən soruşmurlar ki, 20 il bundan əvvəl bizə verdiyiniz vədlər hanı? Niyə dörd bir yanımızda olan ölkələr inkişaf etdi, Ermənistan xaosun içinə yuvarlandı? Niyə imkan tapan hər bir erməni ölkədən baş götürüb gedir? Onların iddia etdikləri kimi ermənilər qalib gəlibsə, hanı o qalibiyyət? "Böyük qadaşı"nın köməyi ilə döyüşü udmaq və havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərini işğalda saxlamaq və hər an qorxu işərisində yaşamaq hələ qalibiyyət deyil. Elə ermənilər yenidən müharibədən qorxaraq özgə yerlərə köç etmirmi? "Qalib" tərəfin vətəndaşları da acından köpük qusarmı? "Qaliblər" ölkəsini qoyub yad ellərdə yaşayarmı? Əslində, bunları soruşmaq üçün müxalifətçi olmaq gərək deyil. Ermənistanın regionda qonşularına qarşı militarist siyasət yeritdiyini sadəcə anlamaq lazımdır. Bundan ötrü yalnız obyektiv olmaq yetər. Çünki ermənilərin bütün bəlaları məhz Azərbaycana təcavüzdən sonra başladı...
   
   
   
   

TƏQVİM / ARXİV