adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ARVADINI YARATDIğI OBRAZA QISQANAN AKTYOR...

BABƏK YUSİFOĞLU
56272 | 2011-07-19 09:58
(Əvvəli 12 iyul sayında)
   
   
   
   "MİSTER BİN" OĞULDU...
   
   
   
   1990-cı illərdə ekrana çıxan və insanların ürəyini fəth etməyi bacaran "Mister Bin" teleserialı Rouen Atkinsona dünya şöhrəti gətirdi. Əslində bu ideya "Bin"in və onun dostlarının ağlına lap çoxdan gəlmişdi. Hələ 1975-ci ildə keçmiş Oksfordlu tələbələr Riçard Kertis, Rouen Atkinson və Hovard Qudeli avtofurqonla Edinburqdakı teatr ferstivalına getmişdilər. Və məhz bu səyahət zamanı həmin komediya serialının ideyası doğulmuşdu. Kim deyərdi ki, üç gənc britaniyalının düşündüyü qısa qəhvəyi şalvarlı, nimdaş tvit pencəkli, qabarıq mimikalı obraz məhz Rouenin ifasında BBC-nin istehsalı olan məhsullar sırasında ən böyük, hələ də təkrarlanmayan bir rekorda imza atacaq. Mister Bin təkcə ingilislərin deyil dünya tamaşaçılarının sevə-sevə, gülə-gülə seyr etdiyi bir aktyor olacaq. Hətta bir zamanlar onu tənqid atəşinə məruz qoyanlar, hətta okeanın o tayındakı tənqidçilər belə beş il əvvəl yazdıqlarını dəyişməyə məcbur qaldılar. Artıq onu "Yeni Çaplin" adlandırırdılar. Tənqidçilər "tualet yumoru" dedikləri yumoru bu dəfə "fizioloji yomor" adalandırmalı oldular.
   
   İngilis seyrçiləri əslində özlərinin məişətinin və həyat tərzinin ənənəvi elementlərinin bir göstəricisi olan bu tamaşaları anlayışla qəbul edir, onun bu yumorundan, zarafatlarından ləzzət alırdılar. Hətta sonradan çəkildiyi "Agent - Conni İngilis" filmindəki elementlər, simvollar "Mister Bin"dəkindən daha qatı, daha rüsvayçı olsa da həmin film də tamaşaçıların rəğbətini qazandı. Qəribə idi, Mister Bin çox nadir hallarda danışsa da, tamaşaçı onu dəqiqliklə anlayır, qaranlıq heç nə qalmır. Rouen Atkinson həmişə deyir ki, qəhrəmanı "lal-kar" olsa da o, obrazın bütün daxili aləmini, düşüncələrini yalnız mimikaları, hərəkətləri, yaratdığı atmosferlə ortaya qoymağa çalışır. Həqiqətən də onun obrazları filmdə danışmasalar da, yaxud ara-sıra nəsə desələr də Rouen oynadığı tipin bütün daxili aləmini məharətlə ortaya qoymağı bacarıb. Məhz onun qeyri-adi istedadı sayəsində Mister Bin hər kəsin sevimli obrazına çevrilib.
   
   "Mister Bin"in inanılmaz populyarlığının səbəbləri haqqında təvazökarcasına danışan aktyor hər şeyi çox sadə izah etmişdi. Rouen demişdi: "Böyük Binin daxilində 9 yaşlı uşağ oturub. Buna görə də obraz belə cəzbedici təsir bağışlayır". Həqiqətən də Rouen Atkinsonun yaratdığı son dərəcə sadəlövh, sadəlövh göründüyü qədər də hiyləgər, eqoist, bir az qisasçıl, amma bütün bunlarla yanaşı məsuliyyət hissindən tam məhrum olan bu obraz inanılmaz dərəcədə sevilir.
   
   Atkinson Mister Bini elə sevdirə bilib ki, artıq onu ətrafda öz adı ilə belə çağırmırlar. Görüşlərdə ona müraciət edənlər, ondan avtoqraf alanlar belə gülə-gülə sevimli aktyorlarına Mister Bin deyirlər. Hətta aktyor özü də bir dəfə söhbətlərində belə söyləyib: "Mənə elə gəlir ki, biz ekizik və bizi 9 yaşıında olanda ayırıblar. Bu illər ərzində isə mən böyümüşəm, əkiz tayım isə eləcə 9 yaşında - böyük uşaq kimi qalıb. Nə vaxt ki, biz görüşürük, mən də onun kimi oluram". Maraqlı məqamlardan biri də budur ki, Rouen özünün ad gününü "Mister Bin"in rəsmən televiziyaya çıxdığı 1 yanvar hesab edir.
   
   Aktyor bir dəfə reklam çəkilişləri üçün Torontoda ticarət mərkəzində olarkən qısa zaman ərzində 4 mindən çox pərəstişkarı onun ətrafını elə bürümüşdü ki, Roueni qorumaq üçün polislər situasiyaya müdaxilə etməli olmuşdu. Amma kütlə sakitləşmək bilmir, hər kəs öz sevgisini, rəğbətini bildirmək üçün irəli can atırdı. Aktyora məsləhət görmüşdülər ki, insanları bir qədər sakitləşdirmək üçün Mister Binin "uniforması"nda deyil, ciddi bir kostyumda onların qarşısına çıxsın. Lakin Atkinson buna qəti etirazını bildirmişdi: "Onlara Rouen yox, məhz Mister Bin lazımdı". Minlərlə insanın qaşısına çıxan Atkinson demişdi: "İcazə verin, özümü təqdim edim, mənim adım Mister Bindir". Bundan sonra kütlənin sevuncini sakitləşdirmək heç mümkün olmamışdı. Polislər onu çox böyük çətinliklə oradan çıxara bilsələr də Binin məşhur pencəyi tamaşaçılar arasında kiçik parcalara bölünüb xatirə götürülmüşdü.
   
   Əslində aktyorluq sənətini heç vaxt, heç yerdə oxumayan, dərsini keçməyən Atkinsona bu, İlahi tərəfindən verilmiş bir töhfə idi. Üz ifadələri, mimikaları, özünəməxsus baxışları onun səhnə həyatındakı uğurlarının ilkin "vəsiqəsi" olmuşdu. Rouen Atkinson 2000-ci ildən başlayaraq müxtəlif filmlərdə də çəkilirdi. Tamaşaçılar onu "Hər şey ola bilər, bebi", "Siçovul qaçışı", "Skubi-Du", "Real məhəbbət", Milçəktutan-adam"... filmlərində də görmüşlər. Bundan başqa, o bəzi komediya-tamaşalarda da çıxış etməkdədir. Amma hansı obrazı, hansı səviyyədə yaratmasına baxmayaraq Rouen Atkinson dünyanı məhz Mister Binin qəribə məziyyətləri, infantilizmi ilə fəth etdi.
   
   
   
   ŞƏXSİ HƏYATI
   
   
   
   Rouenin qəribə xüsusiyyətlərindən biri də ailəsi ilə keçirdiyi həyat tərzi ilə bağlıdır. Onun şəxsi həyatı o biri üzü görünməyən pərdə ilə əhatələnib. Hətta uzun zamanlar, ümumiyyətlə Rouenin ailəsi olduğunu kimsə bilməmişdi. Amma onun ailəsi var və o bəyəndiyi bir qadınla həyatını birləşdirib. Və bu hadisənin çox sadə təfərrüatları var. Günlərin birində təsadüfən qrim üzrə rəssam olan Sunetra Sastri ilə kroket meydançasında tanış olmuşdu. Onda Atkinson meydanda Bin haqqında çəkilən filmin komik tryuklarından birini məşq edirdi. Gənclərin burada başlayan tanışlığı sonradan onların nigahı ilə nəticələnmişdi. Bu tanışlıq prosesində yalnız bir qəribə məqam olmuşdur ki, aktyor çəkindiyindən, rədd cavabı eşidəcəyindən qorxaraq xeyli müddət ürəyini xanım Sunetraya aça bilməmiş, nəhayətdə bunu çox çətinliklə edə bilmişdi. Hazırda cütlüyün iki övladı var - Bencaminlə Lili. Və onlar tənha yerdə, XVIII əsrə aid böyük, təmtəraqlı bir qəsrdə yaşayırlar.
   
   Yəqin çoxları belə inanmayacaq. "Mister Bin" həm də qısqanc bir həyat yoldaşı imiş. Evli olduğu on ildən çox bir müddətdə Atkinson arvadını cəmi 15-20 dəfə məclislərə çıxarıb. Sürdüyü bu cür həyat tərzi ilə bağlı ona sual verənlərə Rouen etiraf edir ki, həqiqətən arvadını "Mister Bin"ə qısqanır: "Mənə çox vaxt elə gəlir ki, arvadımla mən yox, o evlidir. Axı, Sunetra nədən mənə ərə gəlməliydi ki? Hər kəsə məlumdur ki, mən necə eybəcərəm. Qısası, arvadımı səhvən "miss Ben" adlandırılan yerlərdə görünmək istəmirəm". Daha maraqlısı isə budur ki, müasir dövrdə avropalı ailə üçün heç də xarakterik olmayan bu cür həyat tərzi üzündən ailənin hansısa skandal yaşadığını kimsə duymayıb. Madam Atkinsonun narazılığını görən olmayıb.
   
   Rouenin özü isə hazırda çox aktiv həyat tərzi keçirir. Maşınlara böyük marağı olan Atkinson tez-tez Britaniyada populyar olan "Car" avtomobil jurnalına məqalələr yazır, yeni komediyalar üçün ssenarilər üzərində işləyir, reklam roliklərində çəkilir, sevdiyi avtomobil markalarının kolleksiyasını yaradır...
   
    EPİLOQ ƏVƏZİ
   
   
   
   Yazının əvvəlində ermənilərin Rouen Atkinsonun erməni kökənli olduğu haqqında ermənilərin yalançı iddialarından bəhs etmişdim. İngilislər eremənilərin bu sərsəmləmələrini heç araşdırmaq da istəməyiblər. Görünür bunu çox lazımsız bir iş hesab ediblər. Mən də yalnız aydınlıq üçün qısa bir arayışla kifayətlənirəm. Belə ehtimal edirəm ki, heç bir fakta əsaslanmayan bu iddiaya yəqin aktyorun bütöv adında Sebastian adının sonluğu şərait yaradıb. Amma bu axmaq, absurd iddia doğru olsaydı onda Qərbdə populyar olan "Sebastian" adlı bütün insanlar gərək "erməni" olaydılar. Gerçəkdə Rouen Sebastian Atkinsonun adı və soyadı onun ingilis olduğunu söyləyir. Bəzi araşdırmaçılara görə, isə həmin adlarda qədim şotland, norveç izi də axtarmaq mümkündü.
   
   
   
   P.S. Yəqin Rouen Atkinsonun ermənilərin sərsəm iddialarından xəbəri yoxdu. Əgər olsaydı, bu təhqirə görə onları məhkəməyə verərdi...
   
   

TƏQVİM / ARXİV