Toyumuzun yası düzüb...

ETİBAR CƏBRAYILOĞLU
31980 | 2011-07-16 06:28
Deyirlər ki, toyla yas qardaşdı. Son zamanlar bu "qardaşlar" adama yaman "toy tutur". Yaxınlarımızdan biri dünyadan köçən zaman dəfn mərasiminə, açılacaq ehsan süfrəsinə xərclənən pulları fikirləşincə yüz dəfə ölüb-dirilirik. Bu dərd əzizimizin itkisinin yanında "toya getməli" olur.
   
   Hər gün "salam-kalamdan" öncə aldığımız toy dəvətnamələri qanımızı əməlli-başlı qaraltmırmı? İndi bahalı restoranlara getmək bir vaxtlar sürgünə göndərilmənin məşəqqətinə bərabər olub. Həmin restoranlardakı israfçılıq, şit hay-küy adamı xəstə edir.
   
   Maraqlıdır ki, camaat toyda da, yasda da elə bu məsələlərdən gileylənir. Bu narazılıq tez-tez televiziya ekranlarına, qəzet səhifələrinə çıxır, hətta dəyirmi masalar da keçirilir. Yığışıb danışırlar. Sonra da dağılışıb gedirlər. Ya hüzr məclisinə, ya da toya.
   
   Bu həftə Qafqaz Müsəlmanları İdarəsində də belə bir dəyirmi masa düzənlənmişdi. Toy və yas mərasimlərində israfçılıq halları müzakirəyə çıxarıldı. Din xadimləri, parlament üzvləri, elm adamları, tanınmış ziyalılar məsələyə münasibət bildirdilər. Bu tədbirin bəzi yığıncaqlardan üstün tərəfi onda oldu ki, həm də dəyərli təkliflər verildi, problemdən çıxış yolları göstərildi.
   
   
   
   Söz Şeyxülislamındı...
   
   
   
   Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə cəmiyyətin bütün təbəqələrini bu gün narahat edən məsələdən danışarkən yaxın keçmişə ekskurs etdi: "Sovet dövründə dinə qarşı qadağa var idi. İnsanlar gözləyirdi ki, yas düşsün, bunu bəhanə edib toplaşsınlar, dini söhbətlər etsinlər".
   
   Şeyxülislam həzrətləri İslam dininin elmi şəkildə təbliğ olunmasına böyük ehtiyac olunduğunu bildirdi: "Biz bu gün İslamın elmi tərəflərini təbliğ etməliyik. İnsanlar bilməlidir ki, din təkcə ölü dəfn etmək üçün deyil".
   
   Yas mərasimlərində, toy məclislərində son zamanlar müşahidə olunan israfçılığı pisləyən QMİ sədri dində belə halların haram buyurulduğunu xatırlatdı: "Müqəddəs kitabımızda, Peyğəmbərin (s) kəlamlarında israfçılıq haram buyurulub".
   
   Allahşükür Paşazadə mətbuatın da bu məsələyə ciddi yanaşmasını istədi: "Mətbuatın, televiziyanın köməyi olmadan biz bu məsələləri həll edə bilmərik. Şeyxülislam kimi jurnalistlərə tövsiyəm odur ki, əllərindəki qələmin müqəddəsliyinə xələl gətirməsinlər, həqiqəti yazsınlar".
   
   Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli dəyirmi masa iştirakçıları adından müraciəti oxudu. QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının hazırladığı müraciətdə toylarımızdakı israfçılığın cəmiyyətdə narazılıq və təbəqələşmə yaratdığı qeyd olunur, sosial bərabərsizliyi dərinləşdirdiyi vurğulanırdı. Müraciətdə Qurani-Kərimin Əraf surəsinin 31-ci ayəsindən sitat da gətirilirdi: "... Gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!"
   
   Müraciəti hazırlayanlar son vaxtlar yas mərasimlərindəki vəziyyəti də yaddan çıxarmamışdılar: "...Mərhumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Ehsan hərfi tərcümədə "yaxşılıq etmək, gözəl iş görməkdir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər".
   
   
   
   Söz qonaqlarındı...
   
   
   
   Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov çox aktual məsələ haqqında müzakirə təşkil etdiyi üçün QMİ rəhbərliyinə minnətdarlıq etdi və bildirdi ki, rəhbərlik etdiyi qurum hələ bir neçə ay əvvəl mərasimlərdəki israfçılıqla bağlı sənəd qəbul edib.
   
   Millət vəkili Fəttah Heydərov yas və toy mərasimlərində həddindən artıq ifratçılığa yol verilməsini pislədi, cəmiyyətin bütün təbəqələrini narahat edən məsələni təbliğat, ictimai müzakirələr yolu ilə həll etməyə çağırdı.
   
   Milli Elmlər Akademiyasının müxbir üzvü, deputat Yaqub Mahmudov, Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov, parlamentin daimi komitəsinin sədri, akademik Ziyad Səmədzadə fikirlərini bölüşdülər.
   
   Daim xalqın arasında olan xalq şairi Zəlimxan Yaqubun çıxışı təbii ki, maraqla qarşılandı: "Çox mühüm bir məsələni müzakirə etmək üçün bir aradayıq. Elə bir vəziyyət yaranıb ki, nə toyumuz toydu, nə yasımız yas. Elə yas mərasimlərinə gedirsən ki, bircə zurna-balabanı çatmır. Masanın üstünə araqdan başqa hər şey düzürlər. Elə bilirsən ki, toydu. Qəbiristanlığa gedirsən, bircə telefon çatışmır ki, ölü ilə danışasan. İslam dini israfçılığı haram buyurub, lakin biz hər gün israfçılığa yol veririk. Din xadimləri, ziyalılarımız ayağa qalxıb belə hallara qarşı münasibətlərini bildirməlidirlər".
   
   Zəlimxan Yaqub bir məsələyə də münasibət bildirdi: "Mən Şeyxülislam həzrətləri ilə xarici ölkələrdə olmuşam. Hər yerdə onu böyük hörmətlə və ehtiramla qarşılayıb yola salırlar. Bu mənzərəni görəndə fəxr edirəm ki, bütün Qafqazın Şeyxi mənim xalqımın övladıdır. Amma bəzən öz atasından-babasından xəbəri olmayan birisi qəzetdə Şeyxülislamın əleyhinə elə şeylər yazır ki, adam qəzetə baxanda xəcalət çəkir. Ömrünü-gününü xalqın, dövlətin yolunda fəda edən ziyalılarımız hər gün mətbuatda təhqir olunur. Mətbuatın saflaşmasına çalışmalıyıq".
   
   Millət vəkili Fazil Mustafa da dəyirmi masaya ürəyi dolu gəlmişdi: "Bəziləri deyir ki, mollalar dini düzgün təbliğ eləmir. Guya mollalar düzgün təbliğat aparsa belələri İslami qaydalara əməl edəcək. Və yaxud bəhanə gətirilər ki, Şeyx filan məsələ ilə bağlı niyə fətva vermir? Guya verilən fətvanın nöqtə-vergülünə də əməl edəcəklər... Belə bəhanələrin kəsilməsi üçün addımlar atmalıyıq. Dəyirmi masa bu baxımdan çox əhəmiyyətlidi. Daha sanballı və cəmiyyət üçün xeyirli sənəd qəbul etməliyik. İctimai Televiziyanın gücündən, auditoriyasından istifadə etmək də səmərəli olardı. Həmin kanalın rəhbəri İsmayıl Ömərov mütərəqqi ziyalıdı. Yəqin ki. belə məsələlər üçün efir vaxtı ayıra bilər.
   
   Bu gün Azərbaycan cəmiyyətində qonum-qonşu nə deyər anlayışı Allah nə deyər, vicdanın nə deyər, ürəyin nə deyər anlayışından önə çıxıb. Ona görə də toylarımız və yas mərasimlərimiz belə vəziyyətdədir. Bəylə gəlin toyda yığılan pulun 80 faizini şadlıq evinə verib çıxır. Belə anormallıq dünyanın heç bir yerində yoxdu. Belə ailə qurmaq olar? Ona görə də boşanmaların sayı artır. Şampan şərabı ilə nikah kəsmək bizim dinimizə uyğundurmu? Toyda müğənnilərin yarışını keçirməklə, borc-xərcə düşüb israfçılıq etməklə kimə özümüzü göstəririk? Cəmiyyətdə bəzi anlayışları dəyişdirmək üçün tanınmış insanlar şəxsi nümunə olmalıdırlar".
   
   Kinorejissor və aktyor Ramiz Əzizbəyli də aktual məsələlərə toxundu: "Bəzi telekanallar mənəviyyatımıza zərbə vurular. Efirdə qızları-oğlanları evləndirirlər. 14 yaşlı qızın qaşlarını aldırırlar ki, efirə belə çıxma, bizə Avropa baxır. Mənəviyyatımız maqqaş-maqqaş oğurlanır. Şadlıq evlərində toplanan pullar hara gedir? Bu gün hansısa toya 10 müğənni gəlməsə o toy sayılmır".
   
   Professor Qulu Məhərrəmli də telekanallın ünvanına kəskin iradlar səsləndirdi: "Çox mühüm məsələni müzakirə edirik. Təəssüf ki. ictimaiyyətin qınağı yoxdu. Məhz ictimai qınaq olmadığından problemlərin həlli uzanır. Televiziyalardan nə umuruq? Bizim telekanalların şadlıq evlərindən fərqi varmı? Telekanallar 24 saat işləyən şadlıq evidi. Efirdə yemək hazırlayır. Yeyib-içib oynayırlar".
   
   Politoloq Cümşüd Nuriyev, şərqşünas Seyid Camal Əzimbəyli müzakirə olunan məsələlər barədə düşüncələrini bölüşdülər.
   
   
   
   Söz ictimaiyyətindi...
   
   
   
   Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi dəyirmi masada ictimaiyyətə önəmli mesajlar verildi və belə müzakirələrin davamlı olacağı bildirildi.
   
   İndi söz ictimaiyyətindi. Toyumuzu toy, yasımızı yas kimi keçirmək istəyirikmi?
   
   
   
   

TƏQVİM / ARXİV