SiRLi ZƏNG

ƏBÜLFƏT MƏDƏTOĞLU
39217 | 2011-07-16 06:28
Son günlər özümə yer tapa bilmirəm. Bunu müxtəlif səmtlərə yozuram. Gah təbiətlə, hava dəyişikliklərilə, gah iqtisadiyyatla, gah içimdə özümlə danışıb, özümlə yatıb, özümlə duran, özümlə yol-yoldaşlığı edən ruhumla, duyğularımla bağlayıramg İnanın ki, bəzən özümü lap unuduram. Heç kimlə, heç kəslə hal-əhval tutmaq istəmirəm. Təkliyimə, tənhalığıma, hamının gözündən uzaq saxladığım, hamıdan qoruduğum və Allahdan sonra özümə lap yaxın bildiyim ruhumun sahibi ilə əlçatmaz, ünyetməz bir tənhalığa çəkilmək istəyirəm. Elə bir tənhalığa ki, qapısını nə külək döysün, nə gün işığı, pəncərəsini nə yağış yusun, nə də şimşək işıqlandırsın. O tənhalığın işığı da ruhum olsun, sahibi də...
   
   Bilirəm ki, bu mümkün deyil. Çünki elə bir zamanda, elə bir mühitdə yaşayırıq ki, hətta insanın qəbirdə necə yatdığını da kosmosdan müşahidə edib, xəbər verirlər, dənizdəki balıqları da sayırlar, neçə mininci kilometrdə əyləşib səsləri dinləyib, hərəkətləri izləyirlər. Bax, ona görə də təkliyim, tənhalığım da istədiyim kimi gerçəkləşmir. Onun da böyür-başında kimlərsə fırlanır. Hətta evdə də, işdə də bu tənhalığı hərə bir yerə yozur, hərə bir sual verir, cavab umur. Və mən də hər kəsə nə gəldisə cavab şəklində deyirəm. Özüm də bilirəm ki, dediklərim o sualların cavabları deyil. Ən azı hərəkətlərim bunu təsdiq etmir. Çünki mən özümdə olmuram... mən özümdən uzaqdayam... mən tənhalığımın yanındayam... kəsəsi, mən ruhum olan yerdəyəm...
   
   Tənhalığıma qapıldığım məqamda mobil telefonuma zəng gəldi. Baxdım, nömrəsi görünmürdü. Əvvəl açmaq istəmədim. Təkrar zəng gəldi. Yenə həmin nömrə, yenə rəqəmlər görünmür. Maraq xatirinə telefonun yaşıl düyməsini basıram. Çox şirin və son dərəcə dupduru bir səs otağıma, ruhuma hakim kəsilir. O qədər duru, o qədər həlimdi ki, sanki bu səs məni tənhalıqdan qurtarmaq üçün İlahi tərəfindən göndərilmiş bir mələkdi. Və mən o səsə qulaq asa-asa Tanrının böyüklüyünə durmadan şükür edirəm. Çünki ilin-günün bu vaxtında, sözün, kitabın hörmətdən düşdüyü indiki bir məqamda tanımadığım, bilmədiyim bir oxucunun zəng edib hansısa bir şeirə, hansısa bir kitaba, hansısa bir yazıya münasibət bildirməsi qələm adamı üçün son dərəcə böyük diqqət, son dərəcə böyük ehtiramdı.
   
   O danışır, mən isə dinləyirəm. Ürəyimdən keçir ki, adını bilmədiyim bu oxucunun telefonunun limiti bitməsin. Eləcə danışsın, fikirlərini bildirsin, mənə suallar ünvanlasın və mən də çaşıb-qaldığım bu təəccübün içərisində həm yaşayım, həm də yazdıqlarımı yenidən götür-qoy edim.
   
   Oxucunun bir sözü məni lap ruhlandırdı. Gözləmədiyim halda dedi ki, sizin şeirlər kitabınızı bir rəfiqəmdən aldım. Oxudum və kitabınızdan ayrıla bilmədim. Mənə elə gəlir ki, siz məni tanıyırsınız, məni izləyirsiniz, mənim düşüncələrimi, duyğularımı, bütövlükdə həyatımı məndən də yaxşı görüb bilirsiniz. Yoxsa mənim haqqımda bu qədər dəqiq və bu qədər mükəmməl şeirlər yazmaq mümkün deyil.
   
   Doğrusu, heyrət məni bürüyür. Elə o heyrətin içərisində də səsini ilk dəfə eşitdiyim oxucuma deyirəm:
   
   - Xanım, mən bütün şeirlərimdə ancaq özümü yazıram. Öz duyğularımı, öz istəklərimi, öz düşüncələrimi hopdurub şeirə çevirirəm. Ola bilsin ki, duyğu, istək, ruh yaxınlığı, oxşarlığı olsun. Amma inanın ki, mən sizi tanımıram. Sadəcə göstərdiyiniz diqqətə görə sizə təşəkkürümü bildirirəm.
   
   Naməlum oxucum bir anlıq susur. Sonra həmin o mələk səsi ilə deyir:
   
   - Bir xahişim var. Yanınıza qardaşımı göndərəcəm. Kitabınızın birini mənə hədiyyə edin.
   
   Təbii ki, yazar üçün bu istək əslində çox böyük qiymətdi. Ona görə də məmnuniyyətlə razılaşıram. Sağollaşıb telefonu söndürürəm. Əslində isə, mənim duyğularım elə bil ki, yuxudan oyanır və başlayıram düşünməyə. O səsi araşdırıram, eşitdiyim sözləri ələkdən keçirirəm. Lakin bunların arxasında doğmalıqdan, səmimiyyətdən başqa heç nə görmürəm. Və bir az da düşünürəm ki, yəqin müəyyən həyat problemləri, məhəbbət məcaraları bu oxucunu mənə səmtləndirib. Amma hər nədisə, doğrudan da yazar üçün, özü də indiki vaxtda bu səmimiyyət İlahi payıdı. O səs isə...
   
   
   
   mən bu səsin işığını görürəm
   
   bu səs mənə təbiəti göstərir
   
   kol dibinə sığınaraq gizlənən-
   
   bənövşəni,
   
   toxunmadan göz dərir...
   
   
   
   mən bu səsin
   
   gözlərini görürəm
   
   ovsunlayır qəmzəsiylə,
   
   nazıyla
   
   mən bu səsin
   
   izlərini görürəm-
   
   vəsf eləmək çətindi
   
   bir yazıyla...
   
   
   
   mən bu səsin əllərini görürəm
   
   qarışdırır, sığallayır saçımı
   
   mən bu səsi köynək kimi
   
   geyirəm-
   
   unutdurur kədərimi, acımı...
   
   
   
   mən bu səsin özü ilə üz-üzə
   
   danışıram, illər düşür yadıma
   
   toxunanda ürəyimə kim isə-
   
   simurq kimi gəlib çatır
   
   dadıma!..
   
   
   
   mən bu səsin əhatəsi içində
   
   yaşayıram,
   
   düşən gündən tilsimə
   
   gördüyümü
   
   yaşadığım üçün də-
   
   məni dəli saymağa
   
   sən tələsmə...
   
   
   
   ***
   
   Bəli, həyatın bax, bu indiki anında telefonuma gələn həmin zəngin davamı olacağına inanmadım. Mənə elə gəlirdi ki, artıq kitabımı əldə etmiş naməlum oxucu ya şeirləri oxuyub istədiyini yaddaşına köçürüb, ya da bir şıltaqlığını gerçəkləşdirdiyi üçün o kitabı da atıb bir kənara öz həyatını adi qaydada davam etdirir. Və yaxud da o, elə bu şıltaqlıqlarla həyatını mənalandırır.
   
   Doğrusu, bu cür xəyallara düşdüyümə görə sonralar özümü çox qınadım. Mənə bəlli oldu ki, əməlli-başlı günaha batmışam. Çünki bu zəng sahibinin növbəti zəngləri və söylədiyi fikirlər onun həm dünya görüşünün genişliyinə, həm düşüncələrinin sərbəstliyinə, ən əsası isə, sözlə yaşamaq, nəfəs almaq istedadına məni əməlli-başlı inandırdı. Tam əmin oldum ki, bu naməlum oxucu həm sözdən söz çıxara bilir, həm də sözün damarını tutur. Ona görə də mən bir müəllif olaraq onun iradlarını da, istəklərini də maraqla dinləməyə və özüm üçün müəyyən nəticələr çıxarmağa başladım. Hiss etdim ki, bu oxucu həm də yaxşı tənqidçidi, yaxşı nəzarətçidi, ən vacibi isə bu oxucu indi hər bir yazı adamının həsrətində olduğu qayğıkeş, səmimi ilhamverəndi. Elə bir ilham ki, o bulağın gözünü açır, ürəyin çırpıntılarını artırır, qələmi kağıza bir az da doğmalaşdırır.
   
   Həmin günlərdə bu sirri açdığım bəziləri mənə ayrı nəzərlərlə baxmağa başladılar. Kimi bu yazdıqlarımı uydurma saydı, kimi şair fantaziyası, hətta oxucudan min dəfə üzr istəyirəm, bunu sevgi məcarasına da bənzədənlər oldu. Nə demək olar, hər kəsin öz əxlaqı, öz mədəniyyəti, öz yanaşması var, mən heç kimi qınaya bilmərəm. Bir də ki, mənim yazdıqlarım əslində, bir az nağıla oxşayır, bir az rəvayətə, bir az da ssenariyə. Amma sonda gördüklərim bunun ruhla yazılan ssenariyə daha yaxın olduğunu təsdiqlədi. Lakin o təsdiqə qədər dünyaya yeni şeirlər qədəm qoydu. İlk addımlarını atan həmin şeirlərin birində mən son günlərdə yaşadığıma görə bir etirafda bulundum.
   
   
   
   məndən kimsə
   
   inciyib
   
   və yaxud da
   
   küsübsə-
   
   günahı məndə deyil...
   
   mən özünü
   
   unudub
   
   özgəsində yaşayan
   
   ruha
   
   cismi yük edib
   
   ağır-ağır
   
   daşıyan-
   
   bir bəndəyəm-
   
   ağ saçın
   
   günahı dəndə deyil...
   
   ay məndən
   
   nə üçünsə
   
   inciyən kəs
   
   küsən kəs
   
   o məqamı xatırla
   
   gətirib göz önünə
   
   məntiqli bir ağılla-
   
   araşdır...
   
   və bil ki,
   
   məhz
   
   incidiyin
   
   küsdüyün
   
   sevgisinin
   
   gücüylə
   
   özgədə olan bəndə
   
   nə yerdədi
   
   nə göydə
   
   nə də ki
   
   səndə deyil
   
   nə də ki
   
   məndə deyil...
   
   ***
   
   İş gününün sonunda bir az yorğun, bir az narahat şəkildə evə, yaşadığım ünvana üz tutmuşdum. Havaların isti keçməyi bir yandan, digər sıxıntılar da məni əldən salmışdı. Ona görə də az qala dünyadan bezmiş adam kimi tələsmədən ayaqlarımı ardımca sürüyə-sürüyə evə gedirdim. Yenə telefonuma zəng gəldi. Yenə həmin gizli nömrə, yenə həmin səs. Telefonu açdım:
   
   - Salam, mənim şairim! Necəsiniz?
   
   Təbii ki, təşəkkürümü bildirdim və bunun ardınca da növbəti sual gəldi:
   
   - Zəhmət olmasa deyin, indi hardasınız?
   
   Düzü, bu sual mənim üçün bir az gözlənilməz oldu. Bir az çaşqınlıqla yeni avtovağzalın yaxınlığında olduğumu söylədim. Sanki bu cavabı gözləyirdi. Qəti və israrlı bir səslə:
   
   - Orada gözləyin, indi sizə bir hədiyyə göndərəcəm. Bu mənim və sevdiyim insanın sizin üçün aldığımız hədiyyədi. Xoşunuza gəlib-gəlməyəcəyini deyə bilmərəm, amma bizim ürəyimizcədi. Xahiş edirik onu qəbul edəsiniz. Gözləyin ha, heç hara getməyin. Yarım saata sizin nömrəyə bir taksidən zəng olacaq...
   
   Bəli, tərəddüdlər içərisində dayanıb gözləyirdim. Ağlımdan da min cür fikirlər gəlib keçirdi. Naməlum oxucumun diqqəti, mənə, kitablarıma qəribə yanaşması günümüz üçün real görünmədiyindən özümü çox narahat hiss edirdim. Amma gözləyəcəyimi söz verdiyimdən heç hara da gedə bilmirdim. Sanki hansı hissləri keçirdiyimi onlar da duymuşdular. Yenə telefonuma zəng gəldi. Yenə həmin səs. Və bu dəfə öz həyat hekayəsini, öz düşüncələrini, öz duyğularını açıb, mənə danışmağa başladı. O danışır və mən də elə bilirdim ki, bu oxucu məni də izləyir. Əslində o mənim içimi görürdü, içimi danışırdı. Səmimi etiraf edim ki, bir anlıq qorxdum da. Ağlımdan gəlib keçdi ki, onun danışdıqları, yəni mənim şair həyatım nə qədər pak və orijinal olsa da, hamı tərəfindən qəbul edilən deyil. Nə isə...
   
   Deyilən vaxta qədər o fikirlərini mənimlə bölüşdü. Sonda anladım ki, məni tək, narahat qoymaq istəmir. Ona görə söhbətə tutur ki, həmin dediyi vaxt gəlib çatana kimi mən darıxmayım. İnsan nə qədər duyğusal, nə qədər səmimi olarmış! Mən bu yaşa qədər bu boyda, bu ölçüdə, bu çəkidə, nə bilim bu ruhda səmimiyyət nə görmüşəm, nə də eşitmişəm. Allah sanki bir möcüzə işlətdi, bir insanlıq, bir səmimiyyət möcüzəsi göstərdi mənə.
   
   Göndərilən hədiyyəni alıb bu dəfə evə tələsdim. Hədiyyənin nədən ibarət olduğunu bilmək mənim üçün çox maraqlı idi. Odur ki, həyət qapısından içəri girən kimi ailə üzvlərini çağırıb hədiyyəni onlara verib tez açmalarını istədim. Hədiyyə əzəmətli bir at heykəli və bir də maraqlı bir şam idi. Hər şeyi anladım. Axı mən sonuncu kitabımın üz qabığındakı şəklin mənasını ona izah edəndə görünür o məni duyubmuş. Mən demişdim ki, şam işıqdı, işıq isə ümid. Biz o işığın çevrəsində sevgimizi, həsrətimizi, duyğularımızı bölüşürük. Bəs at? Bu isə onun mənə verdiyi murad idi. İşığa doğru ağ atla gedərlər axı!!! Mən belə başa düşdüm və elə o düşüncələrimi də şeirə çevirdim.
   
   
   
   heç
   
   ağlıma da gəlməzdi,
   
   xəyalımdan da
   
   keçməzdi,
   
   kimsə də
   
   deyə bilməzdi -
   
   nə vaxtsa
   
   şam işığında
   
   şahə qalxan
   
   kişnərtisi
   
   şimşək tək
   
   çaxan
   
   bir at heykəli
   
   hədiyyə alacam...
   
   və
   
   özüm də bilmədən
   
   bir həyat
   
   hekayətinin
   
   sirləri ilə
   
   baş-başa
   
   qalacam...
   
   heç ağlıma da
   
   gəlməyən,
   
   xəyalımdan da
   
   keçməyən
   
   və
   
   heç kimsə də
   
   deməyən
   
   bir gerçəklik
   
   oyatdı ürəyimi...
   
   yuxudan yox,
   
   sevgimin
   
   xəyalından...
   
   oyadan kimi də
   
   oynatdı ürəyimi-
   
   yerindən...
   
   bu şam işığında
   
   kişnəyən atın
   
   süvarı muraddı
   
   o iki canın
   
   bir ürəyinin
   
   sığındığı
   
   qoşa qanaddı...
   
   yaxşı ki
   
   dəli sevgilərin
   
   bir damarı da
   
   dönməzlikdi,
   
   inaddı...
   
   o şam işığında
   
   o kişnərti altında
   
   bir daha
   
   anladım ki
   
   müəllimim-
   
   çox sirrlərini
   
   bilmədiyim
   
   sevgi dolu
   
   həyatdı!..
   
   
   
   Bəli, əziz oxucum. Mən bu günlərin bir gerçəkliyini kağıza köçürdüm. Özünü təqdim etməyən, adını hələlik gizli saxlayan bir ruh adamını, bir şeir dəlisini, bir sevgi pərvanəsini sənə təqdim etdim. Bilmirəm, buna ixtiyarım var, yoxsa yox. Amma doğrudan-doğruya bugünkü günümüzdə dəyərli bir oxucu, duyğusal bir insanla həmsöhbət olanda adama sanki qol-qanad verilir, sanki insan içindən tumurcuqlayır, puçurlayır, bir az da artıq yazmaq, bir az da artıq yaşamaq istəyir. Axı oxuyanı var. Heyif deyil, adamın duyanı, anlayanı, onunla bir ruhda, bir göyün altında, bir yerin üstündə səmimi tellərlə bağlanan həmsöhbəti, həmfikri, həmdərdi ola! İnanın ki, belə bir məqamda həmdərd sözünün dərd hissəsi öz-özünə əriyib gedəcək...

TƏQVİM / ARXİV