adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

DOST HARADA TANINIR?

OQTAY SALAMOV
14430 | 2011-07-16 06:28
Sizə dostluqdan danışmaq istəyirəm. Çoxlarınız bu sözü kinayə ilə qarşılayacaqsınız. Qınamıram. Dost vəfasızlığını da görmüsünüz, hətta xəyanətinin də şahidi olmusunuz. Bir dostluq tarixcəsi danışmaq nə qədər çətindirsə, o qədər də dost vəfasızlığından, xayanətindən misal çəkmək asandır. Deyir, "ilan vuran ala çatıdan da qorxar". Belələrini görəndə, eşidəndə hamıya inamınız itir, qıraqdan gələn adam həmişəlik doğma ola bilməz postulatı düşüncənizə hakim kəsilir. Sizə bir söz deyim, gülməli gəlməsin; bu internet çıxandan çoxları özlərinə virtual dostlar tapıblar. İstəyirsən "çat"laş, istəyirsən hətta "Skype" (danışıqda "skayp" deyirlər) ilə canlı bağlantı yarat, nə istəyirsən danış, nə istəyirsən vəd elə, sənə vəd eləsinlər. Yüzündən, minindən biri həqiqi çıxacaq, ya heç çıxmayacaq. Bəs onda həyatında olanların arasından bir-ikisini tapa bilirsən ki, həqiqi dost ola biləsən? Dost nəyə lazımdır? Ona qalarsa soruşa bilərsiniz ki, oksigen nəyə lazımdır, çörəksiz yaşamaq olarmı, ana-ata işlərini görüb sənə həyat veriblər, indi onlara ehtiyac varmı?.. Mənə qalarsa, dostun yoxdursa, elə özün də yox kimi bir şeysən...
   
   Dostluğa inanmayan, dost vəfasına şübhə edən, səninlə dostluqdan təmənna umanın olacağından şəklənən adam, hələ bir özünə kənardan baxmısanmı, ozün dostluq eləməyə layiqsənmi, dostluğun sərt qaydalarına əməl etməyi bacaracaqsanmı, özünü dost yolunda fəda etməyə hazırsanmı?.. Özü də bilə-bilə ki, bu adam sənin qan qohumun deyil, heç kəndindən, obandan da deyil...
   
   "Dost bəd gündə sınanar" ... Bu yaxınlara qədər mən də belə düşünürdüm. Məsəllər, mahnılar, kinolar,nağıllar... deyir ki, dostunun həqiqi dost olmasını dar məqamda, çətin günündə sına. Yəni yaxşı günün dostu da çox olar, "gərək dostu yox, ürək dostu axtar" öyüdünü verənin ozünün belə dostu olduğuna əminsənmi? Yuxarıda sadaladıqlarımın hamısını görən, öz canında çəkən birisiyəm. Vəfasızlıq da, xəyanət də, yaxşı günümdə başıma yığışanların bəd gündə uzaqlaşdığını də görmüşəm, əsl dostum da olub, yenə də var! Sən demə, hər bir işə, hərəkətə, əmələ müxtəlif cür yanaşdıqda müxtəlif də nəticələr çıxarmaq olur. Və bir dəfə belə bir nəticəyə gəlirsən ki, hər şeydən əvvəl sən özünü tanımalısan, dost dediyin adamın həyatında necə rol oynamağa hazırsan- şad günündə də, bəd günündə də.
   
   36 illik dostluq tariximiz olan əziz adamım var. Bizi tanıyanlar inanırlar ki, təmənnasız dostluğumuz olub və olacaq da. Söhbət düşəndə adam arasında bəhanə tapıb barmaqlarımızı şaqqıldadırıq ki, gözə gələməyək... Dostluğumuz başlayandan bir müddət sonra Salehi institut həmkarlar şurasına sədr qoydular. Dostuma dedim ki, institutu bitirənə qədər bir az aralı duracam ki, vəzifəsinə dost olmağım fikri yaranardı. Maksimalist idim, başqaları belə tanışlığa can atdığı zaman, mən halalca dostumdan kənar gəzirdim. Çoxları məni əfəl saydı, amma indi bu dostluğun möhkəm olması bəlkə də onda təmənnam olmamasının nəticəsi oldu. Bəzən düşünürəm ki, əksinə, elə təmənna da lazımlı şeymiş, heç dostluğu da pozmazdı. Amma belə oldu və sevinirəm ki, belə də oldu...
   
   İndi düşünürəm ki, sən demə dost şad günündə də tanınırmış. Başa düşdüm ki, dostumun uğurları sənin necə adam olmağını sınamaq üçün bəd günündən daha böyük fürsət yaradırmış. Qəm, bədbəxtlik vaxtı kömək, arxa olmaq daha asan imiş. Sən kömək edirsən və özünü müsbət qəhrəman kimi hiss edirsən, yəni gör necə yaxşı adamam, mənim köməyimlə insan rahat oldu, mənə minnətdardılar, məni tərifləyirlər. Boyunumuza alaq ki, əgər kiməsə əl tutmuşuqsa, ən azından özümüzü rahat hiss eləmişik, bir tanış demişkən, yalanı yoxdur ki! Hətta ürəkdən, cani-dildən kömək edirsənsə də, özünü sevmək faktı danılmır. Amma tutaq ki, dostun vəzifəyə getdi, nə isə uddu, ad aldı, nəyəsə sahib oldu - bax, onda əsl dost kimi sevinmək, onun uğuruna şad olmağı bacarmaq daha mürəkkəb və çətindir. Hamı üçün demirəm, bilirəm ki, dostun uğruna sevinənlərin sayı sevinməyənlərdən dəfələrlə çoxdur. Amma inanın ki, belələri də var ki, bəd, çətin ayaqda dostuna dayaq olmaq onun üçün daha asandır, nəinki dostun şad gününə onun qədər şad ola bilmək.
   
   Hamı kimi, mən də söz düşəndə filankəs haqda deyirəm ki, mənim dostumdur. Amma həqiqi, həyatında əvəzsiz yeri olan, valideyn, həyat yoldaşı, övlad qədər sevgin olan dostun doğrudan da ya bir olar, ya da iki. Bir də, virtual tanış olduğum, tanışlığımızın tarixi çox da olmayan bir əziz adam var ki, onun dostluğunu etiraf etməliyəm. Bununla da indiki gənclərin virtual dostluqlarının bəzən həqiqi dostluğa çevrildiyini təsdiq etmiş oluram.
   
   Mənim həftə sonu üçün yazılarım adətən daha həcmli, ətraflı olur. Bu gün isə elə mövzu seçmişəm ki, orada artıq söz, həqiqətən artıq olar. Çünki, çoxlarının inana bilmədiyi, özü də haqlı olaraq inana bilmədiyi dostluq haqda təmtaraqlı sözlər yazmağın heç yeri yoxdur. Bircə onu deyim ki, həqiqi dost olmaq böyük xoşbəxtlikdir. Və inanın ki, dostluqda onun sevincini özününkü kimi yaşaya bilirsinizsə, siz ikiqat xoşbəxtsiniz. Həsəd - çox dəhşətli bir hissdir. Həsəd onunla xəstələnmiş adamı pas kimi içəridən yeyir. Özü də belə adama bu sadə faktı başa salmaq olmur ki, olmur...

TƏQVİM / ARXİV