adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

çOX AZ ŞEY

VƏSİLƏ USUBOVA
29240 | 2011-07-16 06:28
-Bilirsənmi, cavanlığımda mən çox az şeylə xoşbəxt ola bilirdim. Bir şirin söz, bir xoş baxış yetərdi ki, ayaqlarım yerdən üzülsün, vücudum qanadsız-filansız səmanın əngikliklərinə qalxsın. Tay-tuşlarım çox vaxt mənə qibtə edərdilər. Çox zaman da səmimiyyətimə inanmadıqlarını duyurdum. Deyirdilər, hər nə varsa, sənin öz canındadı, özün nikbin adamsan. Sənin gördüklərini biz də görürük, eşitdiklərini də eşidirik, deməli, eyni mühitdə yaşayırıq. Amma səni sevindirən, həyəcanlandıran şeylər bizi qətiyyən təsirləndirmir...
   
   Onlar haqlıydılar. Tələbəlik illərində çoxunun həyatı, qayğı və ehtiyacları, arzuları oxşar olur. Hamı bu günlə yaşamaqdan çox gələcəyə sonsuz ümidlərlə boylanır. Auditoriyalardan ayrılıb əsl həyatın qoynuna atılacağı günü səbirsizliklə gözləyir. Elə bilir ki, bu günəcən yaşadığı ehtiyaclar-pulsuzluq, paltarsızlıq, boyat, dadsız yeməklər birdəfəlik ömründən silinib gedəcək. Diplomunu alıb cibinə qoyan kimi xəyallarında bəslədikləri gerçəkləşib qabağında bitəcək. Heç kimin ağlına gəlmir ki, yaşadığı bu gün ən gözəl, qayğısız günləridi ömrünün. İndi ondan heç kəs heç nə ummur, gözləmir, tələb eləmir. Yaxın-uzaq, pis-yaxşı imkan qədər hamı ona kömək eləmək istəyir. Elə ki, ali məktəbi bitirib işə başlayırsan, qarşına çıxan ilk çətinlikdən o günlərdən ötrü burnunun ucu göynəyir. Hayıfg imtahan, zaçot qorxusundan o beş ildə Tanrı günü görmədik, deyirsən... Mənsə, təəssüflənə bilmərəm. Yaşadığım hər anın qədrini bilirdim. Tay-tuşlarım qibtə eləməkdə haqlıydılar. Bir gözəl qızın ani, xoş baxışı ən əzazil müəllimin qorxusunu belə canımdan çıxara bilirdi. Elə o gözlərin xəyalıynan da dərslərimi oxuyub yaxşı qiymətlər alırdım...
   
   Susub əlini tərləmiş alnına aparır, Bəlkə də yaşarmış mavi gözlərini məndən gizlətmək üçün belə eləyir. Az-maz bələdəm xasiyyətinə, istəklərinə, həsrətində olduğu şeylərə... Qulaq dincliyi, könül xoşluğu ilə yaşamağı sevən adamdı. Hərislik, tamahkarlıq ona yaddı. Bu səbəbdən də çoxları onu başa düşmür. Əslində başa düşürlər, amma özlərində olmayan bu müsbət keyfiyyətlərinə görə onu sıralarına qatmırlar. Cürbəcür ayamalar qoşub kənar gəzməyə çalışırlar. Axı, adamlar özlərinə oxşamayanı sevmirlər. Heç özlərinə oxşayanı da sevmirlər. Nəyi xoşladıqları təkcə özlərinə bəllidi...
   
   
   
   ***
   
   Rus dili müəllimidi. Həm tələbəlik illərində, həm də ailə qayğıları bənd-bərəni bağlayanacan çox gəzib-dolaşıb Rusiyanın şəhərlərini. Ömrünün ən bəxtəvər çağları sayır o dönəmləri...
   
   -Biz yaşamağı bacarmırıq. Çox zaman da günahı imkansızlığın üstünə yıxırıq. Qətiyyən belə deyil. Oynamaq bilmirik, deyirik, yerimiz dardı. Bir az tamahımızı aşağı eləsək, bu taxta-tuxtaya, qab-qazana az aludə olsaq, yaşamağa vaxtımız da qalar, imkanımız da. Küçə süpürənimiz də, peraşki satanımız da üçmərtəbəli evdə oturmaq istəyir. Varlanmaq ehtirası gözlərimizi o qədər tutub ki, ayın, ilin necə keçdiyindən də xəbərimiz olmur. Hamımızın həyatını bir el sözüynən ifadə eləmək olar: "səhər naxıra, axşam axura". Dedi-qodudan, qal-qeybətdən, bir-birimizin gəlir-çıxarını hesablamaqdan, xainliyini çəkməkdən o qədər yoruluruq ki, yorğan-döşəyə özümüzü güclə çatdırırıq. Elə yorğan-döşəkdə də gözümüzə yuxu gedənəcən özümüzü qoyub başqaları haqqında düşünürük. Kimin nəyi əyri, nəyi düz elədiyini götür-qoy edirik...
   
   Ancaq... onlar belə deyillər. Onlardan ötrü əsl həyat işdən sonra başlanır. Ayrıca bir gecə həyatı yaşayırlar. Ağlına başqa şeylər gəlməsin. ( Gör, nə qorxaqdı! Bu ürəklə, əlbəttə, istədiyin kimi yaşaya bilməzsən. Hələ başqalarında günah axtarır. Daha demir ki, özü qarşısındakının ani fikirlərindən belə qorxur. Yox, əzizim, başqalarını qınamaqda haqlı deyilsən. Axırını düşünən heç vaxt qəhrəman olmur. Sən isə qəhrəman nədi, heç öz ömrünün də yiyəsi ola bilməmisən!... Bayaqdan mübahisə eləməyə hazırlaşırdım. Bütün həvəsim öldü. Yaxşısı budu, susub qulaq asım!) Mən küçə əyləncələrini, rəqs meydançalarını, bağ, park gəzintilərini, restoranları, qəlyanaltıları nəzərdə tuturam. Oralarda heç nəyin dərdini çəkmirsən. Bu dünyanın faniliyi barədə fikirlər beynini gəmirmir. Ancaq yaşamaq, sənə bir dəfə verilmiş ömrün dadını çıxarmaq istəyirsən....
   
   Elə ki, Biləcəridən bəri keçirsən...
   
   Qaşlarını çatıb diqqətlə üzümə baxır. Həm də elə baxır ki, sanki bütün dediklərinin baiskarı mənəm...
   
   -Biz nə vaxtacan belə olacağıq?! Sən heç bu barədə düşünmüsən?! Rusların bir məsəli var. Deyirlər ki, xoşbəxtlikçin adama çox az şey lazımdı. Bir az ağlını işlətsən, görərsən ki, bu doğrudan da, belədi. Çox az şey... Lap az......
   
   Bəs, bizim gözümüz niyə doymur bu axmaq-axmaq işlərdən?! Elə qamarlayırıq, elə yığışdırırıq. Bir-birimizin cibinə giririk, tikəsini ağzından çıxarırıq. Kimin kimə dişi batırsa, gönünü qopardır. Bunu yaxşı bacaranlara zirək, bacarıqlı, pulqazanan deyirik. Bacarmayanlara, özünə yaraşdırmayanlara əfəl, maymaq... Belə də iş olar?!
   
   Bizdə də bir yaxşı deyim var: xoşbəxt o kəsdi ki, evdən çıxıb işə həvəslə gedir, işdən də çıxıb evə. Mən binəva uzun illərdi bunu edə bilmirəm...
   
   Üçüncü bir yer də tanımıram......
   
   Başını bulayıb əllərini yelləyir. Bir az da keçsə, deyəsən, göz yaşlarını saxlaya bilməyəcək. Dostum bu yerdə lap "Papaq" filmindəki parisli cananlardan ötrü göz yaşı axıdan şuşalı cavanları xatırladır...
   
   Dedim axı, mübahisə eləməyə həvəsim yoxdu. Mübahisə eləsəm də, təzə bir söz deyə bilməyəcəm. Hələ qorxuram axırda davalaşaq da...
   
    Mən susmağın xeyrini çoxdan sınaqdan çıxarmışam...
   
   Susmaq gözəl şeydi......
   
    Saata baxıram. İş vaxtının qurtarmasına on-on beş dəqiqə qalır. Evə getməyin zamanı yetişib....
   
   İstəsək də, istəməsək də ömrümüzdən bir gün də belə getdi. Budaqdan düşən yarpaq, təqvimdən qoparılan vərəq kimi yelə verildi...

TƏQVİM / ARXİV