adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ARVADINI YARATDIğI OBRAZA QISQANAN AKTYOR...

BABƏK YUSİFOĞLU
45900 | 2011-07-12 16:59
Adını unutduğum bir müdrikin nə vaxtsa belə bir fikrini oxumuşdum: acgözlük insanda xarakter deyil, xüsusi psixoloji xəstəlikdir. Və onun müalicəsi hələ ki, yoxdur. Əslində bu fikrin doğruluğunu sübut etmək, buna əmin olmaq üçün böyük təcrübələrə, xüsusi laboratoriyalara ehtiyac yoxdur. Elə ətrafdakı nümunələri müşahidə etmək yetərlidir. Hətta bunun ən dolğun nümunəsini görmək üçün acgözlüyün kütləvi təzahürünə nəzər salmaq lazımdır. Məsələn, bədxah qonşularımızda olduğu kimi.
   
   Ermənilər özlərinin olmayan hər şeyə iddia edərək bildirirlər ki, bizimdir. Digərlərinin tarixi abidələri, mahnıları, mətbəxi, tarixi... xoşlarına gəlirsə, hər şeyin onlara məxsus olduğunu iddia edirlər. Hətta bu acgözlük xəstəliyi onlarda elə bir fazaya çatıb ki, qonşuların əzəli torpaqlarını da özlərinə tələb edirlər. Və bu heç də elə anlaşılmasın ki, ermənilər yalnız bizimlə qarı düşmən olduqları üçün biz bu iddiadayıq. Xeyr. Onlar bütün qonşularının, hətta din qardaşları olan gürcülərin də ərazilərinin onlara məxsus olduğunu söyləyirlər. Bəzi psixoloqlar bunun faşist ideologiyasının oxşarı olduğunu bildirirlər. Amma nə yazıq ki, ermənilərə xas kütləvi acgözlük sindromu faşizmdən kəskin fərqlidir. Alman faşizminin ideoloji və siyasi xəttində millətçilik ən əsas prinsip kimi qəbul edilirdisə, təmiz alman olmayanlar aşağı irq sayılırdısa, ermənilər üçün bütün bunların heç bir fərqi yoxdur.
   
   Ermənilər digər millətlərin məşhurlarının da utanmadan, çəkinmədən erməni olduğunu iddia edə bilirlər. Onlara görə, insanlıq ermənilərdən törəyib. Dünyanın elə adamlarının erməni olduğunu iddia edirlər ki, insan bu həyasızlığa cavab olaraq söz belə tapa bilmir. Məsələn, məşhur komediya aktyoru "Mister Bin"in də erməni olduğunu söyləyirlər. Erməniləri yaxşı tanıyanlar bu faktlara təəccüblənməyəcəklər. Çünki Azərbaycan torpaqlarında bir dövlət qurmuş bir millət bununla kifayətlənməyib Azərbaycanın digər ərazilərinin də onların olduğunu tələb edirsə, Rouen Atkinsonun erməni olduğu iddiası çox kiçik məsələdir.
   
   ROUEN
   
   
   
   Çoxları ortaboylu, zahirən yöndəmsiz, qəribə baxışlı, özəl maneralara malik bu adamı yaxşı tanısa da onun öz adını deyil, yaratdığı məşhur obrazın adı ilə - "Mister Bin" çağırırlar. Əsl adı Rouen Sebestian Atkinson olan aktyor 1955-ci il yanvarın 6-da Böyük Britaniyada (İngiltərədə), Darem qraflığının Konsett şəhərində imkanlı bir ailədə anadan olub. Onun atası Erik Atkinsonun öz fermer təssərrüfatı vardı. Rouenin özündən böyük daha iki qadaşı var idi - Rupert və Rodni. Atkinsonlar, xüsusilə də anası Ella Mey Atkinson övladlarını tipik ingilis tərbiyəsi ilə böyüdürdülər. Onlar ingilis kilsəsi qaydalarını da öyrənir, onlara riayət edirdilər.
   
   Uşaqlıqda həddən artıq çəkingən, sadəlövh, nisbətən özünəqapalı, bir az da maymaq təsiri bağışlayan Rouenin bir zamanlar şöhrətli bir aktyor olacağını heç kim təsəvvürünə də gətirə bilməzdi. Amma hər kəs etiraf edirdi ki, Rouenin qəribə mimikaları, digərlərinin diqqətini çəkməyən, amma spesifik məşğuliyyətləri, nələrsə törədib valideynlərinin danlağına tuş gəlməsi... onu digərlərdən fərqləndirirdi.
   
   Qeyd etdiyim kimi atasının öz təsərrüfatı olsa da Rouen həyatını şəhərdə davam etdirməyə qərar verdi. Təhsil aldığı özəl məktəbi bitirəndən sonra o, Nyukasldakı universitetə qəbul olundu, amma orada uzun müddət oxumadı. Rouen Atkinson eloktrotexnika fakültəsində təhsilini davam etdirdi.
   
   O, məşhur Oksford Universitetinin də məzunu olmasını özü üçün böyük xoşbəxtlik sayır. Çünki burada belə demək mümkünsə, onun həyatını köklü surətdə dəyişəcək bir təsadüflə qarşılaşmışdı.
   
   UĞUR GƏTİRƏN TANIŞLIQ VƏ...
   
   
   
   Atkinsonun ssenarist Riçard Kertislə tanışlığı tezliklə onların arasında dostluğa çevrildi, Rouenin yaradıcılıq qabiliyyətinin, bədii fantaziyalarının üzə çıxmasına səbəb oldu. Rouen Riçardla birlikdə komedik bir ssenari yazdılar, əvvəlcə Playhouz, sonra isə Frinqe teatrlarında onu səhnəyə qoydular. Və ilk parlaq uğur qazanıldı. Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan bu tamaşalardan sonra Rouenə iki serialda oynamaq təklifləri gəldi. Amma Rouen Atkinsonun ürəyinə daha çox BBC kanalındakı populyar "Not The Nine O""Clock Nevs" şousu yatdığı üçün məhz burada çıxış etməyə qərar verdi. Və çox çəkmədi ki, proqram daha da məşhurlaşdı. Qeyd edim ki, bu gənc istedadın Londondakı "Qlobus" komediya tamaşasına satılan biletlərinin biri də boşda qalmamışdı. Və tamaşa doğrudan da böyük əks-səda yaratdı.
   
   Məlum teleşoudakı müvəffəqiyyətdən sonra Rouen Atkinsonun adı tanınmağa başlandı ki, bu da gənc aktyora yeni təkliflərin gəlməsinə səbəb oldu. İşlər gözlənildiyindən də yaxşı gedirdi. Atkinson dostu Riçard Kertislə birgə orta əsrlərdən bəhs edən "Qara gürzə" komediyasının ssenarisini yazdı. Maliyyə çətinlikləri ucbatından əsərin ikinci seriyası yalnız üç ildən sonra - 1986-cı ildə "Qara gürzə-2" adı ilə çəkildi. Bu dəfə ssenarini Kertislə Ben Elton yazmışdı. Böyük uğurlara imza atan bu əsərin sonrakı iki seriyası da çəkildi ki, bunlar BBC-nin tarixində ən müvəffəqiyyətli layihələrdən hesab edildi.
   
   Amma getdikcə daha çox tanınmasına baxmayaraq, Rouenin aktyorluq karyerası heç də hamar yolla irəliləmirdi. O hər bir yaradıcı adamı sarsıda biləcək maneələrlə, təzyiqlərlə qarşılaşmalı olurdu. 1980-cı ildə o bunlardan ən kəskininə məruz qaldı. Həmin ildəki tamaşalarından sonra tənqidçilər sözləşiblərmiş kimi onun üzərinə yeridilər. Hətta okeanın o tayından belə tənqid əks-sədaları eşidilməyə başladı. ABŞ-ın ən nüfuzlu qəzeti sayılan "Nyu York Times" qəzeti də çox təhqiramiz tərzdə Atkinsondan yazılar dərc etdi. Qəzet Rouenin komediyasını "tualet yumoru"... və s. adlandırırdı. Zahirən çox sadəlövh, sakit, maymaq təsiri bağışlayan Atkinson bu cür hücumlara təslim olmadı və aktyorluğunu davam etdirməyə ara vermədi. Əksinə daha ciddi yaradıcılıq axtarışlarına girişdi.
   
   "MİSTER BİN" DOĞULDU...
   
   
   
   1990-cı illərdə ekrana çıxan və insanların ürəyini fəth etməyi bacaran "Mister Bin" teleserialı Rouen Atkinsona dünya şöhrəti gətirdi. Əslində bu ideya "Bin"in və onun dostlarının ağlına lap çoxdan gəlmişdi. Hələ 1975-ci ildə keçmiş Oksfordlu tələbələr Riçard Kertis, Rouen Atkinson və Hovard Qudeli avtofurqonla Edinburqdakı teatr ferstivalına getmişdilər. Və məhz bu səyahət zamanı həmin komediya serialının ideyası doğulmuşdu. Kim deyərdi ki, üç gənc britaniyalının düşündüyü qısa qəhvəyi şalvarlı, nimdaş tvit pencəkli, qabarıq mimikalı obraz məhz Rouenin ifasında BBC-nin istehsalı olan məhsullar sırasında ən böyük, hələ də təkrarlanmayan bir rekorda imza atacaq. Mister Bin təkcə ingilislərin deyil, dünya tamaşaçılarının sevə-sevə, gülə-gülə seyr etdiyi bir aktyor olacaq. Hətta bir zamanlar onu tənqid atəşinə məruz qoyanlar, hətta okeanın o tayındakı tənqidçilər belə beş il əvvəl yazdıqlarını dəyişməyə məcbur qaldılar. Artıq onu "Yeni Çaplin" adlandırırdılar. Tənqidçilər "tualet yumoru" dedikləri yumoru bu dəfə "fizioloji yumor" adalandırmalı oldular.
   
   
   
   (ardı 19 iyul sayımızda)
   
   
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV