Əliqismət Lalayev: "Mən iz axtarmıram, iz özü məni tapır"

ETİBAR CƏBRAYILOĞLU
40333 | 2011-07-08 23:01
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev özünü Allahın xoşbəxt bəndələrindən sayır. Salyanın sayılıb-seçilən ziyalısı Hümmət kişinin ocağında dünyaya gəlib. Tələbəlik və gənclik illərindən ölkədə istedadlı rejissor, aktyor kimi tanınmağa başlayıb. O zamankı Mədəniyyət Nazirliyində uzun illər baş idarə rəisi vəzifəsində çalışarkən təşkilatçılıq bacarığını ortaya qoya bilib. Özünün dediyi kimi, indi də sevdiyi işlə məşğuldu. 100 ildən çox yaşı, zəngin ənənələri olan bir yaradıcılıq müəssisəsinə - Musiqili Komediya Teatrına rəhbərlik edir. Yaxşı ailə başçısı, Nurlananın, Əzizənin atasıdı. Nəvələrin necə şirin bir nemət olduğunu gənc yaşlarından bilir.
   
   Bu günlərdə Əliqismət Lalayevin 55 yaşı tamam oldu. Keçilən yola nəzər salmaq, uğurlara sevinmək, itkiləri yad etmək üçün bu qoşa rəqəmlər də bir fürsətdi.
   
   - Əliqismət müəllim, o gün mobil telefonunuza zəng edəndə Salyanda olduğunuzu bildirdiniz. Belə başa düşdüm ki, doğmalar qarşısında 55 ilin hesabatını verirsiniz...
   
   - Bu, yubiley yox, mənim üçün növbəti bir ad günü idi. Amma hər halda bu il "5"lər qoşalaşdı. Tanrımdan razıyam və xoşbəxtəm ki, bunu görmək qismətim oldu. Bəzilərinə heç bu da nəsib olmur...
   
   Doğum günlərimi ailə çərçivəsində keçirməyi xoşlayıram. Ona görə 55 əvvəl doğulduğum evə getdim. Doğulduğum 11 nömrəli evin yerləşdiyi küçə indi atam Hümmət Lalayevin adını daşıyır. O evə tez-tez gedirəm, hər dəfə də elə bil uşaqlıq illərinə qayıdıram. Bu dəfə də ailə üzvlərimiz bizə doğma olan həmin evdə toplaşdı, bir masa ətrafında ad günümü qeyd etdik. Düzdü, zəng edən, məclis qurmaq istəyən dost-tanışlar çox idi. Onların hamısına təşəkkür edirəm. Belə gündə adi telefon zəngi mənim üçün qiymətli bir hədiyyədi.
   
   - Yəqin ki, 30-40 əvvəl gələcəklə bağlı müəyyən planlarınız olub. 55 yaşın tamamında geri boylanarkən nələri görürsüz, planın yerinə yetməyən hissələri çoxdu?
   
   - Heç vaxt filan ildə bu işi görəcəyəm deyə bir planım olmayıb. Çünki həyatımı planlar üzərində qurmamışam. Musiqili Komediya Teatrına direktor təyin olunarkən nazirliyin incəsənət şöbəsində uzun illər birgə çalışan iş yoldaşlarım mənim üçün hədiyyə olaraq kiçik bir klip hazırlamışdılar. Klipə maraqlı bir ad da fikirləşmişdilər - "Mən iş axtarmıram, iş özü məni tapır". Bu, həqiqətən də həyatımı əhatə edən devizdi. Məni həmişə işə dəvət ediblər. Öz növbəmdə mən də çalışmışam ki, bacarığımı ortaya qoymaqla göstərilən etimadı doğruldum. Hər halda elə bilirəm ki, buna nail olmuşam. Düzdü, özümdən tam razı deyiləm, narazı qaldığım çox şeylər var. Amma ötən 55 ildə böyük sapıntılara yol verməmişəm. Taleyə, alın yazısına inanan insanlardanam. Sevinirəm ki, Tanrı mənim üçün məhz belə bir ömür yolu yazıb. Bu gün də sevdiyim bir işlə məşğulam-teatr sevdiyim və seçdiyim sahədi. Teatr həyatda mənə çox şey bəxş edib. Ona görə də əldə etdiklərimə görə həmişə teatra minnətdaram.
   
   - Həyat yoldaşı, ata və baba Əliqismət Lalayevin qazandıqları sizi yaxından tanıyanlara məlumdu. Dost kimi nə qazana bildiniz, illər ötdükcə dostlarınızın sayı artır, yoxa azalır?
   
   - Ətrafımda həmişə çox adam olmasına baxmayaraq dostlarımın sayı barmaqla sayılacaq qədər azdı. İnsan ən ağır sarsıntını bəlkə də dostdan zərbə alanda keçirir. Mən də vaxtilə dost dediyim adamdan belə bir zərbə almışam. Müdrik bir kəlam var- Allahım, Sən məni dostlarımdan qoru, düşmənlərimlə özüm də bacararam. Cavanlıqda bu kəlama adi baxırsan, hətta zarafat kimi qəbul edirsən. Lakin illər ötdükcə başa düşürsən ki, bu müdrik kəlamın arxasında nə boyda bir həqiqət var imiş...
   
   Sıradan yox, sınaqdan çıxmayan dostlarım oldu. Amma elə dostlarım da var ki, bu illər ərzində başım ağrıyanda belə həmişə yanımdadılar. Belə dostların sayı isə ya üç, ya da dörd nəfər olar...
   
   - Ad gününüz növbəti teatr mövsümünün bağlanışı ilə təxminən eyni vaxta təsadüf edir. Bəlkə bir az da rəhbərlik etdiyiniz teatrın başa çatan mövsümdəki fəaliyyətindən danışaq...
   
   - Mövsüm Musiqili Komediya Teatrı üçün uğurlu oldu. Baxmayaraq ki, ötən ilin noyabrından teatrımızın binası təmirə dayanıb. Təmir-yenidənqurma işləri ölkə başçısı İlham Əliyev cənablarının tapşırığı və qayğısı ilə həyata keçirilir. Demək olar ki, bina yenidən qurulur. İşlərin gedişi ilə maraqlanmaq üçün hər gün ora baş çəkəndə ürəyim dağa dönür. Hər bir mərtəbə nəhəng tikinti meydançasını xatırladır. Teatrın yenidən qurulan binası tamaşaçılarımıza dövlətimizin gözəl bir hədiyyəsi olacaq.
   
   Binanın təmirə bağlanmasına baxmayaraq kollektivimiz yaradıcılıq işlərini davam etdirir. Tamaşalar oynayır, yeni əsərlər hazırlayırıq. Bu işdə bizə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, şəxsən hörmətli nazirimiz Əbülfəs Qarayev yardımçı olur. Rus Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının səhnəsində, Dənizçilər Evində tamaşalarımızı oynamaq üçün bizə hər cür şərait yaradılır. Yola saldığımız mövsümdə Qoqolun "Evlənmə" əsəri teatrımızda əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyuldu. Akademik Milli Dram Teatrının aktrisaları xalq artistləri Şükufə Yusupova və Məleykə Əsədova, Gənc Tamaşaçılar Teatrının aktyoru Qurban İsmayılov bizim teatrın aparıcı aktyorları ilə birgə bu tamaşada oynadılar. Biz eyni zamanda beynəlxalq bir layihəni reallaşdırdıq. Gürcüstanın tanınmış rejissoru Qoçi Qopanadze Saqarelinin "Xanuma" əsərinə quruluş verdi. Tamaşanın təkcə quruluşçu rejissorunu yox, rəssamını Gürcüstandan dəvət etdik, hətta səhnə dekorları da qonşu ölkədə hazırlanmışdı. Balaca tamaşaçılarımızı da unutmadıq. Teatrımızdakı uşaq studiyası məşhur "Buratino"nu səhnəyə gətirdi. Əsərdəki qəhrəmanlar məhz bu studiyadakı balaca aktyorların sayəsində ilk dəfə Azərbaycan dilində danışdılar.
   
   Bayaq dediyim kimi, bina təmirə dayansa da biz yaradıcılıq işlərini davam etdiririk. Yeni repertuar üzərində çalışırıq. Çünki təmirdən sonra teatrımızın qapıları tamaşaçıların üzünə açılanda onları yeni əsərlərlə sevindirmək istəyindəyik. Həm çalışmağa, həm də düşünməyə zamanımız var. Bu zamandan səmərəli istifadə etmək fikrindəyik.
   
   - Bir ara Musiqili Komediya Teatrının səhnəsinə yeni əsərin gəlişi az qala möcüzə kimi görünürdü. Amma son illər fərqli mənzərə müşahidə olunur. Premyeraların sayı artıb, yeni müəlliflər görünməyə başlayıb. Buna necə nail oldunuz?
   
   - Musiqili Komediya Teatrı həmişə tamaşaçıların sevimli yeri olub. Burada görkəmli səhnə ustaları, teatr fədailəri çalışıblar, bu gün də çalışırlar. Biz onların gücünü bir yerə toplaya bildik. Bizim kollektiv istedadlı, çalışqan, səhnəyə sayğı göstərən insanlardan formalaşıb. Teatrın direktoru kimi kollektivin ürəyincə olan, yaradıcı heyəti bir addım da irəli apara bilən əsərlərin repertuara qəbul edilməsində maraqlıyam. Mən də, kollektivin hər bir üzvü də çalışırıq ki, hər bir tamaşamız ondan əvvəlki tamaşadan baxımlı alınsın. Tamaşaçılarımızın bizdən həmişə maraqlı əsərlər gözlədiyini yaxşı bilirik. Bir neçə gün əvvəl Lənkəranda keçirilən "Yeni Teatr" II Respublika Festivalında "Evlənmə" tamaşası ilə iştirak etdik. Bölgədə yayımlanan "Cənub" televiziyası tamaşanın anonsunu bir neçə gün əvvəldən efirə verdiyindən Astarada, Lerikdə, Masallıda yaşayan teatrsevərlər "Evlənmə"yə baxmağa gəlmişdilər. Zalda oturmağa yer tapa bilməyənlər mənə yaxınlaşıb deyirdilər ki, Musiqili Komediya Teatrının Lənkəranda olduğunu eşidib ətraf rayonlardan gəlmişik. Belə mənzərəni görmək hər bir teatr rəhbəri üçün sevindiricidi. Mən festivalın fəxri qonaqlarından biri kimi digər teatrlarımızın da tamaşalarına baxdım. Tam məsuliyyətlə deyə bilərəm ki, Musiqili Komediya Teatrının təqdim etdiyi "Evlənmə" festivalın ən maraqlı tamaşası idi.
   
   - Tədris Teatrında, Naxçıvan Musiqili Dram Teatrında quruluşçu rejissor kimi hazırladığınız tamaşalar aradan uzun illər keçməsinə baxmayaraq hələ də xatırlanır. Rejissor kimi premyeradan sonra səhnəyə çıxıb təbrikləri qəbul etmək üçün darıxmamısız?
   
   - Desəm ki, darıxmıram, bu qeyri-səmimi olar. Təbii ki, yenidən hansısa bir tamaşaya quruluş vermək ürəyimdən keçir. Amma teatrın direktoru olmaq məndən çoxlu enerji və zaman alır. Həm də içimdə bir qorxu var. Zəif tamaşa rejissor kimi əvvəlki uğurlarıma kölgə sala bilər. Quruluş verəcəyim tamaşa əvvəlkilərdən qat-qat güclü olmalıdı. Hələ ki, özümü buna hazır bilmirəm. Bəlkə nə vaxtsa bu məsələyə bir də qayıtmaq mümkün olacaq...
   
   - Arxada qalan 55 il həm də qarşıdakı 60-a doğru yolun başlanğıcıdı. Bu mərhələni necə görmək istəyirsiz?
   
   - Sözsüz ki, arzular, istəklər var. Musiqili Komediya Teatrını yeni bir modeldə, yeni bir formada təqdim olunmasını istəyirəm. Bu barədə təkliflərimi Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Teatrımızın binası Şərdə tikilən ilk teatr binasıdı. Çox istərdim ki, Musiqili Komediya Teatrı yaradıcılıq baxımından da Şərqə öncül yerlərdən birini tutsun. 60 illik yubileyimdə bu uğurumuz barədə hesabat verə bilsəm, özümü xoşbəxt sayaram.
   
   
   
   Dostumuzun şərəfinə!
   
   
   
   Cənnət Səlimova (xalq artisti, rejissor): "Əliqismət Lalayev insanlarda özünə qarşı inam yarada bilir. Məşğul olduğu teatr sahəsinin mahir bilicisidir, yüksək təşkilatçılıq bacarığı var. İşində çox məsuliyyətlidir. Ona həvalə olunan işdən nigaran qalmamaq olar. Əliqismət müəllim hamıya yardım etməyə çalışır. Yardım edə bilmədiyi adamlara isə heç olmasa düzgün yol göstərir. Bu onun insanlara sevgisindən irəli gəlir".
   
   Bəhram Osmanov (əməkdar incəsənət xadimi, rejissor): "O, kiməsə atadır, kiməsə həyat yoldaşı, kiməsə baba, kiməsə dost... Amma ölkə üçün o, böyük hərflərlə yazılacaq bir VƏTƏNDAŞDIR".
   
   Əlisəmid Kür (şair): "Əliqismət Lalayev O, harda olur-olsun, hansı vəzifədə olur-olsun, hansı məmur postunda oturur-otursun o postu dirildəcək, o yeri ali mərtəbəyə mindirəcək. Çünki təpədən-dırnağa qədər səmimiyyətlə yoğrulmuş bu savadlı, sanballı, istedadlı rejissor həm də bir həyat rejissorudu. Uşaqlıq-tələbəlik illərimin əvəzedilməz dostlarından biri olan Əliqismət Lalayev Azərbaycanı Türk dünyasında, post-sovet məkanında, bir çox xarici dövlətlərdə ləyaqətlə təmsil edən bir övladımızdır".
   
   

TƏQVİM / ARXİV