GÖZü YAŞLI YORğUN EŞŞƏK...

FAİQ QİSMƏTOĞLU
37280 | 2011-07-08 23:01

   
   ... Yazıq eşşəyin bu dəfə də bəxti gətirmədi. Nə var, nə var, Şamaxıda ona bir heykəl qoymuşdular. O qədər heyvanlara heykəl qoyublar ki?! Elə Bakıda nə qədər desən, heykəllər var: keçi heykəli, qartal heykəli, şir heykəli, buğa heykəli... Amma bu heykəllərə heç kim bir qəmbərqulu qoymadı. Ən azından ona görə ki, dedilər heykəldi də, qoyublar...
   
   Ancaq Şamaxıda eşşəyin heykəlini qoyan kimi ölkədə bir çaxnaşma yarandı ki, gəl görəsən. Sanki bu millətin, bu xalqın, bu dövlətin heç bir problemi, çətinliyi və ağrısı-acısı yoxmuş. Elə dərdi bircə eşşək heykəli imiş. Elə bir qəzet, elə bir tanınmış yazar olmadı ki, bu heykələ münasibət bildirməsin. Biri yazdı ki, tezliklə eşşəyin heykəlini sökmək lazımdır, biri də yazdı ki, bizi kimlərsə eşşək yerinə qoyub...
   
   Bir sözlə, ailəm bir-birinə dəymişdi. Hamı oturub eşşəyin heykəli haqqında götür-qoy eləyirdi. Düzdür, bəzi yazarlar, məsələn, mənim yaxın dostum və istedadlı qələm sahibi Məzahir Əhmədoğlu bu işə haqq qazandırmışdır. Hətta rayon icra hakimiyyəti başçısının Balakən rayonunda da gördüyü quruculuq işlərini yada salmışdı. Yada salmışdı ki, rayon icra hakimiyyətinin başçısı millətini, xalqını, mədəniyyətimizi, tarixmizi sevən bir insandı. O, harda olubsa yeni iş metodu, yaradıcılığı və həyata orijinal baxışı ilə seçilib. Amma bir neçə gün keçmədi heykəlin dağıdılması xəbərini eşitdik və bundan sonra çoxlarımız dilxor oldu...
   
   Necə olur ki, yabaya oxşayan atın heykəlini dağıtmırlar, şirin, öküzün, keçinin, qartalın heykəlinə bəh-bəhlə baxırlar, amma eşşəyin heykəli çoxlarının gözünə cin-şəyətin kimi görünür?! Belə baxanda, heykəllərin qoyulmasında heç bir qəbahət yoxdur. Ola bilər ki, hansısa heykəltaraşın yaratdığı abidə çox möhtəşəm olsun. Amma ola da bilər ki, bir heykəltaraşın araya-ərsəyə gətirdiyi at, öküz heykəli çox primitiv görünsün. Tay buna görə gedib o heykəli dağıtmağa, yerlə-yeksan eləməyə ehtiyac varmı?!
   
   Eşşək dünyanın elə yazıq heyvanıdır ki, onun gözünə baxanda adamın ürəyi para-para olur. Bilmirəm, siz eşşəyi necə tanıyırsınız, tanımırsınız? Amma mən kənd uşağı olduğuma görə eşşəyin nə qədər üzüyola, zəhmətkeş və insana sadiq olduğunu çox yaxşı bilirəm. Eşşək qədər zəhmətkeş, əzabkeş və çəkdiyi əməyin qiymətini ala bilməyən ikinci bir canlı yoxdur. Bu heyvan səhərdən axşama qədər qan-tərin içinə batır, gecə-gündüz işləyir, amma gətirdiyi otdan, samandan, yemdən sahibi ona bir çəngə vermir. Eşşək yenə buna dözür və susur...
   
   Yadıma böyük şair Ramiz Rövşənin "Gözü yaşlı yorğun eşşək" şeiri düşür. Həmin şeiri bir daha oxucularımıza təqdim eləyirik:
   
   
   
   Gözü yaşlı yorğun eşşək,
   
   Kirimişcə yükünü çək.
   
   Bu yol gec-tez bitəcək,
   
   Yorulmaq sənə qalacaq.
   
   
   
   Sən belə fağır olanda,
   
   Yükün lap ağır olanda.
   
   Kürəyin yağır olanda,
   
   Ümid palana qalacaq.
   
   
   
   Bu palan zalımdı-zalım!..
   
   Səni hər gün zora salır,
   
   Axır bir gün yola salıb,
   
   Səndən balana qalacaq...
   
   
   
   Görürsünüz, böyük şair eşşəyin gözəlliyini, zəhmətkeşliyini necə obrazlı bir dildə təsvir edib. Səhərdən axşama qədər və axşamdan səhərə qədər qan-tərə bata-bata işləyən zəhmətkeş eşşəyin sonu da yaxşı olmur. Bir gün ölür və öləndən sonra onun palanı balasına qalır...
   
   İstər Həmədan eşşəyi olsun, istərsə də Şəki eşşəyi. Heç bir fərqi yoxdu. Hər ikisi yazıq, hər ikisi fağır, hər ikisi küskün... Çünki səhərdən axşama qədər onların belində o qədər yük daşıyırlar ki, belinin ağrısından o yazıq eşşəklər özünə gələ bilmirlər. Qabar olmuş belə sağalmamış sabah bir də ağır yük yığırlar və bu ağır yükü yazıq eşşək canı çıxa-çıxa çəkməyə başlayır...
   
   Bəlkə də dünyada insana ən sədaqətli heyvanlardan biri də eşşəkdir. Düzdür, deyirlər ki, insana ən sədaqətli heyvan at və itdir. Amma bəzən görürsən ki, at bir göz qırpımında şahə qalxdı və belində olan sahibini yerə çırpdı, it də həmçinin. İt də günlərin birində əsəbləşib sahibini tutur. Çox uzağa getməyək. Uşaq vaxtı hər gün yal verdiyim və qabağına sür-sümük atdığım itimiz məni tutdu. Heç onda mənə quduzluğa qarşı iynə də vurlmadı. Çünki o vaxtın itləri indiki itlər kimi süləngi deyildilər. Yaram da bir müddətdən sonra sağaldı. Sözümün canı o deyil ki, itimiz məni tutmuşdu.
   
   Ümumiyyətlə, çox adam tanıyıram ki, saxladığı it ya onu, ya da evdəkilərdən kimisə tutub. Amma kim deyə bilər ki, hansısa adamın eşşəyi onu minəndə yerə çırpıb, yaxud da çətin gündə eşşək aradan çıxıb?! Heç kim deyə bilməz. Əgər bir adam varsa, gəlib desin, mən də əlimin arxasını yerə qoyum...
   
   Eşşəyin heykəlini ona görə uçurdular ki, o yazıq heyvanın heç vaxt arxası olmayıb. Elə hamı onu söyüb, döyüb, minib və yaman günə qoyub. Hətta insanlar bir-birini təhqir etmək üçün eşşək adından istifadə edirlər. Məsələn, deyirlər ki, filankəs çox eşşək adamdı. Ola bilər o adam mərifətsiz, qanacaqsız və tərbiyəsiz olsun. Ancaq eşşək çox heyvanlardan qanacaqlı, hərəkətini bilən və sahibinə sadiq olan heyvandır. Bəs belə isə nə üçün onu çoxları təhqir eləməkdən belə çəkinmirlər. Eşşəyin arxası, müdafiə eləyəni yoxdur deyin, onu beləcə ayaq altına atacaqlar?
   
   Yadımdadır, biz uşaq olanda nə qədər kəndimizdə eşşəklər var idi. Amma mən atama nə qədər yalvarsam da, mənə bir eşşək almadı. Çünki sözün açığı bu eşşəklə yarpaq daşımaq olardı, ot daşımaq olardı, bütün yükü gətirmək mümkün idi. Eşşəyimiz olmadığına görə, mən də onu belimdə daşıyırdım. Yük də ağır olanda belimiz qabar olurdu, amma eşşəyi olanlar bu yükü onun belində daşıyırdı. Yüsür əmimin bir eşşəyi vardı, onu da məhləmizdə hamı minirdi. Kim eşşəyi birinci tuturdu o da eşşəyi arabaya qoşub, ya ot daşımağa, ya su gətirməyə, ya da Quruçaydan daş daşımağa gedərdi. Elə eşşəyi kimsə arabadan açıb buraxan kimi bir başqası tez onu tutar və yenidən arabaya qoşardı. Bir məhlənin otunu, suyunu, daşını, kəsəyini və bütün yükünü yazıq o boz eşşək daşıyardı.
   
   Heç kimin də insafı olmazdır ki, heç olmasa gündə 2-3 dəfə onu arabaya qoşmasın. Sanki elə hamı çalışırdı ki, o boz eşşəyin axırına çıxsın. Və günlərin birində eşitdik ki, Yüsür əmimin boz eşşəyi elə arabada yük apararkən ölub. Sonradan boz eşşəyin bir balası vardı, ona xotuq deyirdilər. Xotuq da böyüdü və eşşək oldu, elə həmin o xotuq da üzüyola, yazıq və fağır olduğuna görə, yenidən arabaya qoşuldu. Yenidən məhləmizin otunu, suyunu, daşını, kəsəyini onun qoşulduğu arabada çoxları gətirirdi...
   
   ... Axırda eşşəyin yiyəsi rəhmətlik Yüsür əmim dedi ki, sizin insafınız yoxdur. Bu eşşəyin dili, ağzı olmadığı üçün bu qədər də onunla yük daşıyarlarmı?! Anasını yük daşıya-daşıya axırına çıxdınız, amma imkan verməyəcəm ki, onun balasının da axırına çıxasınız. Qonşunun arabasından eşşəyi açıb Yüsür əmim öz həyətinə apardı. Tay həmin gündən sonra bir də eşşəyi arabaya qoşub, yük daşıyan görmədik...
   
   Qara eşşək var, boz eşşək var, ağ eşşək var və bir də rəngi dəqiq məlum olmayan eşşək var. Onların hamısı eynidirlər: fağır, yazıq, zəhmətkeş... Amma bu fağır, bu zəhmətkeş, bu yazıq eşşəyi kimsə tutanda, yaxud da qapıya gətirəndə o qədər yük vururlar ki, altından çıxa bilmir. Yükün altından çıxa bilməyən yazıq eşşəksə susur, baxışları ilə imdad diləyir, kömək istəyir...
   
   Ancaq bu yükü heç vaxt ata, dəvəyə vurmaq olmaz. Düzdür, onlar da həddindən artıq yük götürürlər. Norma pozulanda isə at da, dəvə də lap arabaya qoşulmuş öküz də bir də görürsən ki, yerimir. Ya fınxırır, ya da qəribə səslər çıxarır. Amma bu səsin heç biri eşşəkdə olmur. Yazıq eşşək, yük daşımaqdan, arabaya qoşulmaqdan beli qabar olub. Nə olsun?! Ona bir heykəl qoydular, o heykəli də çox gördülər. Görəsən, eşşəyə heykəl qoymaq düzdürmü?! Yaxud da qoyulmuş heykəli dağıtmaq, yerlə-yeksan eləmək nə deməkdir?! Hər halda, heç nə başa düşmək olmur. Hər halda bir həqiqət var ki, eşşək ən yazıq, ən fağır və ən zəhmətkeş heyvandır...

TƏQVİM / ARXİV